Odlar yurdu Azərbaycanımın sinəsində alovlanan odun, atəşin həm maddi, həm də mənəvi gücü əsrlər boyu bu bölgədə yurd salmış hər kəsin dilində - ata sözü və deyimlərdə özünü doğrultmuşdur. Uzaq Tibet dağlarında isinməkçün yoqa müdriklərinin o soyuqlarda atəşi insanın öz içində yandırabilmə texnikasını icad etdiklərində, Uca Yaradan bu neməti dədə-babalarımız üçün hazır torpağın üstündən çıxardıb bizlərə bəxş etmişdir. Hər Yanar dağa və ya Atəşgah muzeyinə getdiyimdə Prometeyi yada salıram. Bəlkə elə bu Prometey məşaləsinin atəşindəndir ki, məmləkətimin insanları da dünyanın ən istiqanlı, Prometey kimi yeri gəlsə, Yer üzünü işıqlandıra biləcək fədakar insanlarıdır.
Ailəmizin ağsaqqalı, keçmiş "Taxıl Məhsulları Nazirliyi"nin nazir müavini Rahib Osmanovun bağ evində qonaq idim. Yoqa ilə maraqlandığımı bilən kimi: "Ay qızım, sən heç bizim yoqları tanıyırsanmı?" - deyə soruşdu. Bir az duruxdum. Dünyaca məşhur yoqları tanısam da, Azərbaycanda bu sahədə mütəxəssis olduğunu təsəvvür etmirdim. Təəccübdən bərəlmiş gözlərimi görən kimi yaşına uyğun olmayan çevikliklə otağından gətirdiyi kitabı mənə sarı uzatdı. Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzovun "Yoqa və sağlamlıq" adlı kitabını tuturdu əlində. "Papaq altında yoqlarımız var, tanımalısan", - deyə gülümsəyərək üzümə baxdı.
Əslində təəccüblənməyə haqqım yox idi. Ölkəmiz ipək yolunun üzərində olduğuna görə Hindistanla nəinki ticarət, həm də mədəni əlaqələrin tarixi keçmişi olduğunu unutmamalıydım. Atəşgah muzeyi bariz nümunədir. Bu yaddaş hər zaman diriləcək, üzərindən min illər keçsə də, maneələrə baxmayaraq, yoqa elə bu torpağın sərvəti kimi insanlara təqdim olunacaq. Yaxşı, bəs necə təqdim olunacaq? Din kimi, idman kimi, yoxsa həyatımızın bütün aspektlərini qucaqlaya biləcək bir elm kimi?!
Hörmətli ziyalımız Vahid Novruzov belə yazır: "Yoqa" sözünün bir çox məna çaları vardır. Bu terminin izahlarından biri "əvvəllər əlçatmaza nail olmaq"dır. Bu ideya ona əsaslanır ki, hazırda bizim imkanlarımızın hüdudlarından kənarda yerləşən nəsə mövcuddur və bizim bu hüdudlardan kənara çıxmağımıza imkan verən hər hansı hərəkəti etməyimiz yoqanın sayəsində mümkün olur". Bir neçə ildir ki, yoqa təcrübəmdən irəli gələrək bunun bir həqiqət olduğunu təsdiqləyə bilərəm. Vahid müəllimin izahı isə indiyədək tərcümələrdən oxuduğum yoqa haqqında təsnifatın ən mükəmməlidir.
Təəssüflə deyə bilərəm ki, bəzən yoqa adı altında dini "təriqətlər" qurulur və bu, bilincsiz, amma qulaqdan eşitmə məlumatlarla dolu insanları səhv yola sürükləyir. Elə Hindistanın özündə yoqa bir həyat fəlsəfəsi kimi deyil, bir-birinə düşmən kəsilən dini təriqətlərin sui-istifadəsinə çevrilib dalğalanaraq dünyaya yayılır. Vahid Novruzov kimi əsl yoqlar isə bacardığı qədər bu səhv axının qarşısını alır, dupduru axan çayın içinə dolmuş çör-çöpü təmizləyərək insanlara təmiz şəkildə xidmətə açırlar.
Yoqa haqqında bir məqalədə fikir ifadə etmək yetərsiz olar. Yoqa - haqqında danışılıcaq bir nəsnə deyil, yoqanı bir həyat tərzinə çevirmək və yaşamaq lazımdır. Məşhur yoqlardan olan Tara Freyzerin deyiminə görə isə, yoqa bədən üzərində işləyərək qəlb üçün qazandığımız təcrübədir.
"Yoqa mövcudluğumuzun bütün aspektlərini - fiziki, mental, emosional və mənəvi aspektləri ahəngdar şəklə salaraq, bizim genlərimizdə olan ən yaxşı keyfiyyətləri daha dolğun reallaşdırmağa kömək edir. O, bizə sağlam həyat tərzi bəxş edir ki, bu da insanı əhatə edən hər kəsə və hər şeyə hörmətlə yanaşmaqda yardım edir.
Minilliklərin sınağından çıxmış yoqa bütövlükdə insan şüurunun təkamülü, onun ruhi və cismani sağlamlığı haqqında təlimdən ibarətdir. Qədim hind fiziki təmrinlər sistemi olmaq etibarilə yoqa sağlamlığı qoruyub saxlamağın səmərəli vasitəsidir", - yazır Vahid Novruzov. Vahid müəllim Azərbaycanda rəhbər vəzifədə olsa da, yoqa bilicisi kimi həm də bu sahənin mütəxəssisidir. Yoqanın kitabını yazaraq xalqımızı maariflənməyə çağırır.
Bu məqaləni yazmaqda məqsədim Vahid Novruzovu bir yoq kimi xalqımıza tanıtmaq və kitabını təbliğ etməkdir. Sərhədlərimiz dünyaya açıldığı üçün ölkəmizə "yoqa" adı altında dini təriqətlərin gəlməsi də təəssüf ki, qarşısıalınmaz bir prosesdir. Doğru məlumatları isə doğru insanlardan almaq üçün onları axtarmalı və tanımalıyıq.
"Yoqa fərdi "mən" ilə kainat "mən"inin birləşməsidir. Yoqa əmin-amanlıq, rahatlıq və nəşə qapısının qızıl açarıdır. Yoqa bədəni və hissləri təkmilləşdirən, ağılı sakitləşdirən, düşüncəni tərbiyə edən bir yoldur ki, varlığımızın mahiyyəti olan qəlb rahatlığına gətirib çıxarır".
Vahid müəllim kitabında həm yoqanın nəzəri, həm də praktikası haqqında dəyərli fikirlər ifadə edib. Rəngli illüstrasiyaları ilə canlandırılmış "asana" - yoqa hərəkətləri yeni başlanğıc üçün gözəl ilham verir. Sevərək vərəqlədim, oxudum. Yaşından asılı olmayaraq vətənimdə hər kəsə tövsiyə ediləcək kitabların sırasına daxil edilərsə, çox şad olaram. Kitab özü-özlüyündə maariflənmənin simvoludur. Belə kitabları yazıb təqdim etməksə, Prometey kimi əlində atəşi tutmaqdır. Bu atəşi, bu ocağı qoruyub saxlayaraq mədəniyyətimizə, prometeylərimizə sahib çıxaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!