Filosof Rəhman Bədəlovu itirdik... - Firuz Mustafa, Etibar Əliyev və Zümrüd Dadaşzadə Rəhman Bədəlov haqqında

 

Filosof həmkarım Rəhman Bədəlov rəhmətə gedib. Dövrümüzün müdrik adamlarından biri idi. Uzun illər eyni elmi qurumda, müxtəlif şöbələrdə çalışmışıq. Yaxın dost olmamışıq, amma daim xoş ünsiyyətimiz olub.

Rəhman bəyin ilkin ixtisası, səhv etmirəmsə, memarlıq olub. Onun "memar" olduğu elə yaradıcılığından da görünür. O, hər bir yazısının "ornament" və "tağlarını" əsl memar ustalığı ilə bir aqraf (buna açar da demək olar) vasitəsi ilə bağlayırdı.

O, Fəlsəfə İnstitutunun "Diamat" şöbəsində çalışırdı. Nə yazıqlar ki, indi Rəhman bəy ilə çalışan filosofların bir çoxu - Həsən və Zəfər Quliyevlər, onların məslək dostu Gündüz Sarıyev və Niyazi Mehdiyev əbədi dünyasındadır. Amma nə yaxşı ki, onun bir çox dostları (Əli Abbasov, Əbülhəsən Abbasov) öz fəaliyyətlərini yenə davam etdirirlər.

Rəhman bəy klassik filosoflar kimi universal erudisiyaya malik idi. O, maarifçi, kinoşünas, nəzəriyyəçi, tarixçi, publisist və təbii ki, ən ümdəsi filosof idi.

Təhsilini rusca alsa da, təpədən-dırnağacan milli aydın idi.

O, 88 il yaşadı. Amma uşaq kimi sadə və sadəlövh idi. Zahirən çəlimsiz olsa da, daxilən əzəmətli idi.

Yadımdadır, ötən əsrin sonlarında sevimli həyat yoldaşını, bir neçə il əvvəlsə nəvəsini itirmişdi. Amma o, əsl filosof kimi həyatın və ölümün dialektikasını zahirən sakitcə, səbirlə, təmkinlə, daxilənsə ağrılarla qarşılamışdı.

Əslində, Rəhman Bədəlovun həyatını qeyb etməsi bizim üçün milli itkidir. Amma nə edəsən ki, bu gün filosofun, fikir adamının ölümünün cəmiyyətdə doğurduğu məyusluq və ələm, meşədəki hansısa bir ağacın kəsilməsindən narahatlıq hissi keçirən meşəbəyinin "daşıdığı" kədərdən o yana getmir.

Ruhun şad olsun, Rəhman bəy.

 

Firuz Mustafa,

Əməkdar İncəsənət xadimi

 

 

Professor Rəhman Bədəlov bizi tərk etdi.

Mütəfəkkir. Filosof. Zahid. Maarifçi.

Bütün yazıları, kitabları və çıxışları göstərir ki, Rəhman Bədəlov üçün fikir - yaşamaq üçün nəfəsdir. Bəli o, XX və XXI əsrin nəhəng fikir adamlarından biridir. Antik fəlsəfənin ən mükəmməl bilicilərindən biri idi. Onu Həsən bəy Zərdabi şəxsiyyəti dərindən düşündürürdü. Və Azərbaycanın maarifçi oğlu Zərdabinin tədqiqatçısı idi. Yazdığı "Çelovek iz Zardoba" kitabı Həsən bəyin mükəmməl bioqrafiyasıdır.

Üçcildlik fundamental "Qadın və kişi" fəlsəfi traktatından sonra yazdığı maraqlı kitablardan biri "Mənim paydeyam" adlanır. Yunan sözü olan "paydeya" da ("pais" - uşaq) "dəyişdirmə" mənasını bildirir. Əsər klassik təhsil-tərbiyə mövzusunun fəlsəfəsidir.

Fəlsəfə İnstitutunda işlədiyimiz dövrlərdə onun söhbətləri heç vaxt yaddan çıxmaz.

Sokrat ölümqabağı demişdi: "Ölümdən qorxmaq lazım deyil. Ölüm, ya yuxu görmədən yuxudur, ya da başqa dünyadakı bir həyatdır. Orada mən Orfey, Muza, Hessoid və Homerlə maneəsiz söhbət edəcəyəm. Bir şeyi dəqiq bilirəm ki, orada insanları sual verdiyinə görə öldürməyəcəklər".

Professor Rəhman Bədəlov ən yüksək dəyər verdiyi Həsən bəy Zərdabi ilə görüşə getdi...

Allah Rəhmət eləsin...

 

Etibar Əliyev,

fəlsəfə doktoru

 

 

Rəhman əmi... Rəhman müəllim... Rəhman baba... "Əlvida" demək çox çətin... 5-6 gün öncə dəydik ona... əvvəl-əvvəl o qədər də yaxşı deyildi sanki... amma sonra nitqi də bərpa olundu. Danışırdı o İnsanlardan - mənəvi qohumlarından - ruh doğmalarından - Zərdabidən, Mirzə Cəlildən, Həmidə xanımdan... foto çəkdirməyi özümə rəva bilmədim... amma monitorda bir görüntü var idi - onu çəkdim. Rəhman müəllim doğmaları Mirzə Cəlil və Həmidə xanımla... birgə şəklimiz isə köhnədir - 22-ci ilin... belə də yadda saxlamaq istərdim - gözündə məxsusi iti gülüşlə...

P.S. Çox kədərlidir. Miqyaslı bi İnsan idi. Nəhəng biliklər sahibi. Nadir analitik təfəkkürə malik. Hadisələrə fərqli baxmağı bacaran. Hər şeyi "stereofonik" görə bilən. Hamlet və Laertin fərqini izah edən Zərdabi, Mirzə Cəlili, Həmidə xanımı insan kimi duymağı bizə təlqin edən; vətənimizin layiqli - kölgədə qalan adamlarını yaddaşımıza həkk edən... musiqini - bədəninin hər bir hüceyrəsinəcən sevən... Nəhəng, dərin, polifonik təfəkkürlü adamı itirdik... olduqca kədərlidir, olduqca...

 

Zümrüd Dadaşzadə,

professor

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!