Cəbhə yoldaşları - - Emin Piri, Elvin İntiqamoğlu, Kərəm Aydın, Oğuz Alparslan, Nicat Fərman və Şəhriyar Heydər Həsən Kür haqqında

Xatirələrdə yaşayan İşıq - Həsən Kür

 

Elə itkilər olur ki, onun fiziki və cismani yoxluğu həmin zaman üçün itkidir. Xeyr, mən unudulmaqdan bəhs etmirəm. Zaman keçdikcə biz mənəvi itkinin daha böyük təsirindən danışmalı oluruq. Bu gün çox adamı üzən də onun bizi özünə aid dünya boyda yoxluğa məruz qoymasıdır.

Bəlkə də indiki durumda hissiyyatla bağlı cümlələr kimi düşünülə bilər. Həsən kimi insanlar eldən gedən itkidir. Öz şeirləri, yaradıcılığı ilə bundan sonra uzun illər ədəbiyyatımıza qazandıracaq, "nə yaxşı var", deyəcəyimiz imzalardan idi. Şeirlərində pafosdan uzaq, təbii, həssaslıqla sadə dildə yazaraq ruha enən poeziya nümunələri ilə özünü sevdirə bilmişdi. Təəssüf ki, bizi gələcəkdə bundan məhrum etdi.

Öz şeirində qızına müraciətlə dediyi kimi, bir gün olmadığımız yerlərə səbəb, bəlkə də ölümümüz deyil, xəstələnməyimizdi. Bu ölümlü dünyada ümid edək ki, ölüm xəstəliyin bir növüdü, hamımız bu xəstəliyə yoluxub sağaldıqdan sonra bir arada olacağıq.

 

Emin PİRİ

 

 

Gənclik üçbucağı

 

Mən Həsən Kürü 2017-ci ildən tanımışam. Tərtibçisi və redaktoru olduğum "Xəzinə" poeziya antologiyasının I cildində onun da bir neçə şeirlərini çap etmişdik. Həsən elə o vaxtlarda da özünəməxsus istedadı ilə seçilirdi. Ancaq bununla kifayətlənmədi, zaman-zaman özünü inkişaf etdirdi, aktiv ədəbi prosesə qoşularaq çoxsaylı poeziyasevərlərin gənc şairinə çevrilməyi bacardı.

Sonralar da bir-birimizlə vaxtaşırı əlaqə saxlayır, fürsət düşdükcə görüşüb hal-əhval tuturduq.

2021-ci ildən etibarən Həsənlə görüşlərimizin sayı çoxalmağa başladı, çünki artıq hər ikimiz müharibə veteranı kimi ictimai-mədəni tədbirlərə, gənc şair kimi ədəbi tədbirlərə dəvət alırdıq. Və bu tədbirlər bir-birimizi daha yaxından tanımağa vəsilə oldu.

"Kulis"in əməkdaşı şair Eminquey Akif Qənimətlər Parkında "Zəfər günü" münasibətilə Həsən Kür, Emin Piri və mənim iştirakımla müsahibə tipli reportaj hazırlayırdı. Hardan biləydim ki, bu mənim Həsən Kürlə son görüşümdür?! Bilsəydim, inanın ki, həmin gün Həsəni tez zamanda heç yerə buraxmazdım, gün boyunca söhbətləşərdik. Həsənlə fikirlərimiz, demək olar ki, üst-üstə düşürdü.

Həsən Kür 2024-cü ildə ailə qurmuşdu. Qənimətlər Parkında qısa söhbətimiz zamanı mənə ata olacağını demişdi. Çox sevinmişdim. Həsənin bu xəbəri həmin an üçün gənclik üçbucağını tamamlamışdı: gənc şair, gənc ailə və gənc ata. Ancaq "Sən saydığını say, gör fələk nə sayır". Dünyanın ədalətsizliyi yenə özünü göstərdi: Həsən gənc yaşda dünyasını dəyişməklə yanaşı, doğulmağına sayılı günlər qalan qızının üzünü görmək şansından da məhrum oldu. Çox heyif! Təəssüflər olsun ki, "gənclik üçbucağı"nda "gənc ata" söz birləşməsini "gəncin ölümü" əvəzlədi. Allah rəhmət eləsin!

 

Elvin İNTİQAMOĞLU

 

***

Biz Həsənlə vaxtaşırı görüşüb söhbət etsək də, mütəmadi danışsaq da, heç vaxt yol yoldaşı olmamışdıq. Bir neçə il öncə Şuşada Vaqif poeziya günlərində iştirak etmək qismət oldu. 3 gün gecə-gündüz Şuşanın hər küçəsini, hər məhəlləsini gəzdik Həsənlə. Bu adamla yoldaşlıq etdikcə öz-özümə düşünürdüm ki, İlahi, bu oğlana necə bir istiqanlılıq, necə bir suyuşirinlik vermisən ki, adam elə ilk görüşdən doğmalaşmaq, bağrına basıb qucaqlamaq istəyir?! Həsən çox mehriban, ünsiyyətcil, hər kəsin dilini bilən, lazım gələndə ciddi əlaqələr yaratmağı bacaran, lazım gələndə uşaq kimi şıltaqlıq edən biri idi. Şuşada olanda dedim ki, Həsən, mən bura qədər gəlib İsa bulağına getməsəm, heç elə bilərəm Şuşada olmadım. Ancaq o vaxt Sülhməramlı qüvvələrin nəzarətində idi ora gedən yol, gərək xüsusi icazəsi olan bir adam maşınıyla apara bilsin bizi. 1 gün sonra gəldi dedi ki, sənə şad xəbərim var, hazırlaş, gedirik. Getdim, gördüm ora yenicə məskunlaşan, əsl şuşalı bir yaşlı dayını razı salıb, maşın da, icazə də hazırdır, bizi gözləyir. Deyirdim, ay Həsən, sənin bu şirin dilinin aça bilmədiyi qapı yoxdur da. Həsən qəlbindəkiləri dilinə gətirməyə çəkinməyən, başqasının sevincinə öz sevincini qata bilən bir adam idi. Allah rəhmət eləsin, ruhun şad olsun, mənim baxışlarından nisgil əskik olmayan dostum. Əlvida!

 

Kərəm AYDIN

 

***

Hər bir xalqın tarixində elə insanlar olur ki, onların həyatı təkcə yaşamaqdan ibarət deyil - onlar həm döyüşür, həm yazır, həm də ömürlərini Vətənin yaddaşına çevirirlər. Həsən Kür də məhz belə insanlardan biri idi. O, Qarabağ savaşının odu-alovu içindən keçib gəlmiş, Vətən torpağı uğrunda silah da tutmuşdu, söz də yazmışdı. O, döyüş meydanında cəsarət, şeiriyyətdə isə mərdlik və ruh qələmi ilə Vətənin tərcümeyi-halına çevrilmişdi.

Onun şeirləri Qarabağın ağrılarını, şəhidlərin səssiz fəryadını, yurd həsrətini və millətin ləyaqətini daşıyırdı. Həsən Kür yazırdı, çünki danışmaq bəzən kifayət etmirdi. Onun misralarında torpağın səsi, anaların göz yaşları, igidlərin qeyrəti vardı. O, özü də bir misra kimi idi - qısa, kəsərli, dərin və unudulmaz.

Mən onu həm mərdliyi, həm də təvazökarlığı, həm də səmimiyyəti ilə xatırlayacam. Əminəm ki, onu sevən dostları üçün ağır itki oldu Həsən Kürün vəfatı. Onu təkcə dostları, ailəsi, qohumları yox, şeirlərinin hesabına onu tanımayanlar belə, onu sevirdi. O, Qarabağın dağlarında döyüşdü, Ədəbiyyatın köksündə ürək kimi çırpındı.Topxana meşəsi şeiri ilə unudulmaz birinə çevrildi.

İndi aramızda yoxdur, amma ruhu hələ də və hər zaman aramızda olacaq.

Həsən Kür aramızda olmasa da, onun sözü yaşayacaq.

Onun misraları daim dillərdə yaşayacaq və yaşadacaq Həsəni.

Vətən uğrunda can qoymuş bir şair olaraq anılacaq hər zaman.

 

Oğuz Alparslan

 

***

Bu gün ədəbiyyat və dostluq dünyası Həsən Kür adlı dəyərli bir insanı itirdi. O, yalnız bir şair deyildi - o, ürəyi ilə yazan, iç dünyasını sözlərlə bölüşən, həyatı poeziya ilə dərk edən yalnız qələmi ilə yox, Vətənin ağır zamanlarında səssiz, təvazökar duruşu ilə də xidmət edən bir insan idi.

Həsən Kür şeirlərində sadəliyi, təbiiliyi və insanlığın dərin qatlarını ifadə edirdi. Onun yaradıcılığı oxucuda təkcə duyğular oyatmır, həm də düşünməyə vadar edirdi. Gənc yaşına baxmayaraq, şeirlərində böyük bir həyat təcrübəsi, daxili zənginlik hiss olunurdu.

Həsən Kür mənim təkcə qələm yoldaşım deyil, həm də döyüş yoldaşım idi.

O, öz yaradıcılığında xalqın dərdini, əsgərin taleyini, şəhidin qanını, sevənin göz yaşını ifadə etməyi bacarırdı.

O, vətəni sevən, torpağının hər daşına hörmətlə yanaşan bir insan idi. Bu sevgi onun sözlərinə, münasibətinə, insanlarla davranışına hopmuşdu.

Həsənlə tanış olan hər kəs bilir ki, o, səssiz, təvazökar, amma dərin biri idi. Biz bir dostumuzu, söz adamını və böyük ürək sahibini itirdik. Amma onun misraları, izi və xatirəsi həmişə bizimlə yaşayacaq.

 

Allah üstümüzdən çəkməsə əlin,

Birgə yandırarıq zəfər məşəlin.

Hamının qorxduğu zalım əcəlin

Boyu boyumuzdan bəstədir, qızım.

 

Nur içində yat, Həsən. Sözlərin sağ qaldı.

 

Nicat FƏRMAN

 

***

Dərdlərin əlindən qalxdı yuxarı,

Özünü Allahdan atdı Həsən Kür.

O üz, bu üz keçdi Kürü, batmadı,

Qupquru torpaqda batdı Həsən Kür.

 

Bu yer sənin idi gəzə bilərdin,

Lap elə quş olub süzə bilərdin.

Sən dərd içində də üzə bilərdin,

Kimsə ayağından dartdı, Həsən Kür.

 

Guya yaşayırdıq şən, torpaq üstdə

Bir az da sən səpdin qəm, torpaq üstə.

Ölmək istəyirdin sən torpaq üstdə,

Öldün, ürəyinə yatdı Həsən Kür?

 

Şəhriyar HEYDƏR

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!