Aqibətnamə - Fərid HÜSEYN

Fərid HÜSEYN

 

Müqəddimə

 

Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsəri sanki "Xəmsə"nin dibaçəsi və ya müqəddiməsidir. Bu əsəri "Xəmsə"dən çıxarsaq, yerdə yenə də beş əsər qalır: "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "Şərəfnamə", "İqbalnamə". "İskəndərnamə" isə sanki "Xəmsə"nin beşmərtəbəli evinin altıncı mərtəbəsidir, yəni hamıya məlum olmayan, kənardan beşmərtəbəli görünən, içinə girib yuxarı qalxdıqca - alilik pilləkənindən ucaldıqca mərtəbələrin sayının beş yox, altı olduğunu anladığımız əsər. Nizami məhz belə bir "Xəmsə" imarəti ucaldıb.

Nə üçün belə bir qənaətə gəlmişəm, bu yəqinim nəyə əsaslanır ki, "Xəmsə"nin müqəddiməsi, girişi, açar mətni məhz "Sirlər xəzinəsi"dir? Nizami Gəncəvinin yaradıcılığının əsas qayəsi insan fəlsəfəsinin, yəni Adəm övladının adi insandan peyğəmbərliyə gedən mənəvi yolunun, sadə eşqdən İlahi eşqə uzanan möhtəşəm əqidə yolunun fundamental əsaslarına ümumi halda "Sirlər xəzinəsi"ndəki məqalətlərdə, xəlvətlərlə bağlı hissələrdə və dürlü-dürlü hekayələrdə bu və ya digər şəkildə rast gəlinir. Bu əsərdəki ümumiləşdirmələr Nizaminin digər əsərlərindəki vahid süjetlər şəklində (müxtəlif obrazlar vasitəsilə) nəzərə çarpır. Bu haqda söhbət başqa bir kitabın mövzusu olduğundan yaxın gələcəkdə bu xüsusda ayrıca bir elmi əsər qələmə almağı düşünürəm. Ona görə də yuxarıda dediyim fikri müxtəlif istiqamətlərdə deyil, sadəcə, bir yöndə - "Xəmsə"dəki ölüm hadisələri və vəfatlarla əlaqələndirməklə hələlik bu barədə fikirlərimi yekunlaşdırıram.

Nizami Gəncəvinin əsərlərindəki ölüm səhnələri, qəhrəmanların dünyayla vidalaşmaqla bağlı münasibətləri, cahandan köçünü çəkib getməyin insan həyatındakı anlamı və bu kimi məsələlər "Sirlər xəzinəsi"ndə ümumi fəlsəfi nəzəriyyə şəklində verilir. Təsadüfi deyildir ki, Nizami öz əsərinin uca məqamını göstərərək yazırdı: "Dahiliyin mayası ondadır, İlahi sirlərin xəzinəsi ondadır. Yəni cismani və ruhani aləmin nə sirləri varsa, mənim bu əsərimdədir. İlk başlanğıc yaranışdan axirətə kimi bütün sirlər bu əsərdə toplanıb". "Sirlər xəzinəsi"ndə Nizami Gəncəvinin nəzəri görüşlərinə əsasən məxluqatın ən şərəflisi olaraq yaradılmış insanı - olum (yaranış), həyat - yaşam tərzi, əməllər və ölüm (aqibət) mərhələlərindən keçir. İnsanın həyatı və əməllərinin nəticəsi onun aqibətidir. Sonra digər əsərlərdə biz həmin aqibətlərin mahiyyətini anlayanda onun yaradıcılığının əsas mayasının "Sirlər xəzinəsi"ndən qidalandığını başa düşürük. Nizami bu poemanın adını "Sirlər xəzinəsi" qoymaqla, məncə, həm də digər əsərlərindəki sirlərə işarə edir. Yəni "Xəmsə"nin əsas sirləri "Sirlər xəzinəsi"ndə gizlənir. Sanki bu əsər vasitəsilə Nizami əvvəlcə yaradıcılığındakı sirlərin açarlarını təqdim edib, sonra sirlərin çözümləri barədə digər məsnəvilərindəki süjetləri qurub. Yəni müəllif əvvəlcə əsərlərinin mənası gizlənən ümumi məzmunlu bir əsəri yazıb, sonra digərlərini onun konsepsiyasına uyğun şəkildə yaradıb. Ona görə də "Xəmsə"yə aid digər əsərləri ("Sirlər xəzinəsi"ndən başqa) oxuduqca oradakı mənaları anlamaq üçün "Sirlər xəzinəsi"nə dönə-dönə geri qayıtmaq lazımdır. "Xəmsə"ni başqa metodla oxuyanlar üçün bu Beşlik ümumi məzmunlu süjetlər toplusundan başqa mahiyyət kəsb etməyəcək. Ona görə də "Xəmsə" ilə bağlı sirləri sonda yox, əvvəldə - ilk əsərdə - "Sirlər xəzinəsi"ndə çözmək lazımdır. Sonra isə batinini bildiyin sirrin özünü "Sirlər xəzinəsi"ndə tapmalısan. Bu tərsinə macəra Nizaminin nə qədər qeyri-adi, unikal təfəkkürə malik bir söz sənətkarı olduğunun bir başqa sübutudur.

Nizami Gəncəvinin "Xəmsə"sində ölüm hadisələri baş verir, bu ölümlərin hər biri bir personajın aqibətidir, amma o aqibətlərin hamısının ümumi məzmunu "Sirlər xəzinəsi"ndəki ölüm hadisələrinə münasibətdə (müxtəlif şəkildə) aydın görünür. "Sirlər xəzinəsi"ndə isə ölümlə bağlı beş hissə yer alıb. Həmin beş hissədən dördü konkret əsərlərə ("Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İskəndərnamə") aiddir, on dördüncü məqalət ("Axirəti qarşılamaq haqqında") isə bütün "Xəmsə"dəki ümumi vəfatlara. İndi isə "Sirlər xəzinəsi"ndəki ölümlə bağlı hissələrlə dediklərimi əsaslandırmağın vaxtıdır.

 

Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsərində ölüm məqamları

 

Onuncu məqalət - "Dünyanın axırı haqqında"

 

Birinci "Adəm haqqındakı" məqalətdən başlayaraq Nizami insanı öz axır aqibəti haqqında düşünməyə vadar edir. Şair aqibəti həm real ölüm hadisəsi kimi, həm də dini-simvolik anlamda qəbul edir. "Sən torpaqdan yarandın, torpağa da gedəcəksən - sonun torpaqdır. Su xasiyyətli ol, vəzndə yüngül, qiymətdə baha. Çevik ol, incə ol, Qaf dağı kimi ağırcanlı olma! Zülm etmə, sən fələyin hökmündəsən, onunla oynama! Aqibətini düşün". İlk məqalətə aid "Ümidsiz padşahın bağışlanması" adlı hekayədən başlayaraq Nizami həyatın sonundan, qiyamət qovğasından, aqibətdən, sirr yükünü daşımaqdan, peşmanlıqdan, yaxud yaxşı əməllə xoş aqibət ələ gətirməyin üstünlüyündən bəhs edir: Dünyanın axırında Yer Göyə qalxacaq, Göy Yerə enəcək, Göy ilə Yer kürəsi bir-biri ilə yerlərini dəyişəcəklər. Dünya, sadəcə, insanın bezməsinə, azmasına görə dağılmır, cahanın məhvinə səbəb odur ki, bu fani mülkün özü daha bəşər övladından usanıb. Həm Yerin başı insanların dərdindən, həm də çərxin - Göy üzünün yolu adamların tozundan təmizlənmək istəyir. Torpağın ciyəri insanların tökdüyü qanlardan doyub, Yer üzü qəm küpünün içindədir, ulduzlar xəcalət çəkir ki, axı nə qədər bu torpaqdan yaradılmışa, amma bu torpağı qana bələyənə pərəstiş, səcdə ediləcək?!

Ey yer üzünün bütün canlılarının şahı olan insan! Ey bütün dünyanın gövhəri! Bu torpaq mülkünü sən abad elə. Bu dolanan dairədə nə varsa, hamısı sənə xidmət üçün yaradılıb. Bu göylərin beşiyi ki yırğalanır, sənin şirin yuxun üçün gah gecə, gah gündüz olur. Gül üzünü görmək üçün Günəş çıxır. Ay zülfüntək incəlib özünü sənə bənzədir.

Xeyir işdən, xoş əməldən özünə bir azuqə yığ! Zəifləri incitmə, yetim malına qıyma. Bil ki, sonda aqibət var.

İnsanların əksəri gecə-gündüz bilmədən dünyanı ona görə dağıdır ki, o, çox nəsnələrdə eyib tapıb onları düzəltmək istəyir, cahanı olduğu kimi qəbul edənlərsə, özlərini islah etməyə çalışırlar. Həyatı öz görmək istədikləri kimi dəyişənlərin çoxluq təşkil etdiyi dünyanın dağılması qaçınılmazdır. Qiyamətdə qiyama qalxan elə dünyanın özüdür. Dünya daha bu cür insanlığın aynası olmaqdan usanıb.

Tük hər vəchlə hər yerdə üzə çıxır, gizli qalmır, ancaq özünü ələ verən tükü görənlər ondan o saatca iyrənirlər, ancaq tük də zəhər kimi hər töküldüyünə qarışsaydı, onda zəhəri tapmaq üçün əlləşib-vuruşanlar, yüz yol axtaran insanlar tükü də axtarmalı olardılar. Ona görə də özünü büruzə verənlərdən yox, gizlədənlərdən saqınmaq lazımdır. Dünyada hər şeyin öz məntiqi var. Bu məntiq, bu nizam pozulanda qiyamət qaçılmaz olur. Nizami bu məqalətdə əsasən bunları deyərək dünyanın aqibəti barədə düşüncələrini yekunlaşdırır.

Bu məqalət Xosrovun aqibəti ilə paraleldir. Xosrov dünyanı dəyişmək fikrinə düşür, ancaq özünü islah etmək istəmir. Dünyanın axırı eşqin sonudur. Dünyanın sonu eşqin qiyamətidir. Xosrovun ölümü Şirinin ölümünə, Şirinin ölümü onların birgəliyinin sonuna səbəb olur. Sevənlər ölür, eşqsə yaşayır. Hər zaman mənzərələr gedir, müstəvilər qalır. Xosrov öz əməlləri ilə mənzərəni yaradır, müstəvini yox. Bu mənada Xosrov təkcə eşqinin yox, həm də özünün qurbanı olur. Hər günahkar bir günahsızı qurban edir. Şirinin ölümü də beləcə bir qurbangetmədir.

Xosrov ən uzaqdakı rəqibini - Fərhadı dəf edib ən yaxındakı rəqibi olan və Şirini sevən oğlu Şiruyənin varlığını unudur. Təhlükəsiz düşmənlərin qərargahı uzaqda, amantanımaz düşmənlərin qərargahı isə nəfəs qədər yaxın olur. Ən ağıllı adamlar çox zaman nadanlığın qurbanı olurlar. İnsan təhlükəsiz düşmənləri uzaqlaşdıraraq zalımlara öz ayaqları ilə yaxınlaşır. Dünyanın axırı və eşqin sonu - Nizami Gəncəvi bunların hər ikisini paralel dünyalar kimi əks etdirir. "Xosrov və Şirin"dəki digər ölümlər: Məhinbanunun, Bəhram Çubinin, Məryəmin ölümü də bu "Sirlər xəzinəsi"ndəki "Dünyanın axırı haqqında" məqalətə uyğun gəlir. Onlar da dünyanın aynasında yer etdiklərini düşünürlər, ancaq ölüm öz həyati fəlsəfəsi ilə göstərir ki, daha cahan onlar üçün ayna olmaqdan yorulub. İnsan çox şeyin sona çatmasını düşünür, ancaq öz həyatının axırını isə yox. Ölümü düşüncəmizdən kənar saxlayaraq ondan uzaqlaşdığımızı zənn edirik. Nizami bu düşüncələri daha canlı əks etdirmək üçün hər üç qəhrəmanı ölümün haqladığını xüsusi olaraq qabardır. Öləcəyini hər kəs bilir. Bunu bilmək müdriklik deyil, aqil insan ölümü əlacsızlıqdan yox, qədər kimi qəbul edəndir. Məhinbanu, Bəhram Çubin, Məryəm öləcəklərini anlayırlar, Fərhad, Xosrov və Şirin üçün bu aqibət qəfil baş verir. Nizami sanki ölümü öz aqibətini duyan və öz aqibətindən xəbərsiz insanların timsalında güzgüləndirir. Lakin güzgü fərqləri göstərmir... Axı güzgünün bir üzü var!

 

On birinci məqalət - "Dünyanın vəfasızlığı"

 

İnsanların böyük qismi ona görə gecə-gündüz bilmədən mal-mülk əldə etmək, sərvət toplamaq üçün çalışırlar ki, bu yolla dünya ilə ortaqlaşsınlar, dünyanın varının müəyyən hissəsi onların olsun. Ancaq dünya ilə ortaqlaşmaq heç vəchlə mümkün deyil. İki ortaqdan hansının malı daha azdırsa, sonda malı çox olan ortağının əlindəki-ovcundakını da alıb özününkünə qatır. Dünya ilə insanın şərikliyi də belədir: insan öz ömrü müddətində durmadan nələrsə qazanır, amma Adəm oğlunun hünəri və sərvətinin miqdarı çatmır ki, dünya ilə şərik ola. Sonda dünya müvəqqəti varlanan şərikinin bütün malına sahiblənir.

Karvanlar gəlib-gedir, ancaq zınqırovları meydanlarda qalır. Biz bu kontekstdə dəvələrin zınqırovuna "tarix" deyirik.

İnsanın ömrü fikir fitnəsi ilə yuxu qovğası arasında keçir.

Dünya sərvət verdiyi insanı arzusuna çatmış qoca timsalında görür. Dünya bilir ki, onsuz da, həmin qoca əldə etdiklərinin hər birini əcəl günü yetişəndə itirəcək. İnsanın bu dünyada rahatlıq tapmamasının səbəbi ona yaxın olandan uzaq, ona uzaq olana yaxınlığıdır. Hər kəs özünə nəyin mahiyyətcə yaxın olduğunu bilsə, onda həyatın anlamını dərk edər.

Biz insanların dünyaya bağlanmağımız o zaman məntiqi olardı ki, sonda torpağın altından üstünə ucalardıq, amma əksinə olur, axırda torpağın üstündən altına gedirik. Xilas yeraltı dünyadan yerüstü dünyaya doğrudur, bizsə əksini edirik - ölüm insanı yerüstü dünyanın məşəqqətlərindən azad edir.

"Sirlər xəzinəsi"ndəki on birinci - "Dünyanın vəfasızlığı" hissəsinə uyğun gələn, "Leyli və Məcnun" əsərindəki ölüm hadisələri, xüsusən, "Leyli və Məcnun"un ümumi məntiqi bunu göstərir.

Belə ki, insan əbədiyyəti eşq vasitəsilə qazana bilər, eşq bizi dünya qovğasından uzaq salır, nəfsimizdən azad edir. İndi isə gəlin, "Leyli və Məcnun"dakı ölüm hadisələrinin məntiqinə baxaq. İbn Səlam öz dövrünün ən şöhrətli, gözəlliyi ilə ad qazanmış xanımını (Leylini) sevir, ancaq bu istək onu sonda ölümə aparır - fələk onu əlacı olmayan dərdə mübtəla edir. Məhəbbət yalnız qarşılıqlı olanda nəfsdən azad ola bilər.

Leylinin anası və atasının ölümü də nəfslə bağlıdır. Onların övlad sevgisinin mahiyyətində nəfs var. Çünki onların nəzərindəki ideal övlad tipi cəmiyyət tərəfindən qəbul olunan, ailəsinə karlı olan biridir. Bu arzularına çatmamaq onları dərdə salır, çürüdür, axırlarına çıxır.

Nizaminin "Sirlər xəzinə"sində söylədiyi kimi, Məcnun ayağını ox kimi iti tikanın üzərinə qoydu, özünü, ata-anasını məhv etdi. Bu dünya fanidir, insan burada əbədi məskən tuta bilməz. Özünü payız küləyindən qoruya bilməyən baharından solur. Məcnunun atası çox çarə axtardı, çarə tapmadı. Bəxti oğul dərdindən döndü, qocaldı, zəif düşdü. Bir-iki nəfəri özü ilə götürüb Məcnunun aqibət diyarını axtarmağa üz qoydu. Aqibət məzarı olan səhra sanki qəbir kimidir. Yazıq qoca ata ora çatmaq üçün bütün günü yüyürdü. Ora çatanda bədənsiz bir ruh gördü. Məcnun artıq ruha çevrilmişdi, əzab və məşəqqət içində idi. Bu səhnələr, eləcə də atasının ölümündən sonra anasının Məcnunu görməyə gəlməsi süjetində simvolik elementlər, məcazlar da yer alır. Burada əslindən qopub ayrı düşmüş insanın bu fani dünyadakı əzabına işarə də var. Artıq Nizami Məcnunu eşq yolunda kamilləşərək əslinə, ilahi eşqə qovuşmağa hazır olduğunu göstərir.

Hətta Leylinin də ölümündə nəfs var. Çünki İbn Səlamın ölümündən sonra Leyli yaranmış şəraitdən istifadə edərək Məcnunun yanına gəlir. Şair eşqə qapı açmamalıdır, vüsal Allahın izni ilə baş tutmalıdır. Məcnun ən sonda ölür - onun eşqinin üzərindəki bütün nəfslər arınandan sonra.

Leyli və Məcnunun bir-birinə qovuşması sırf sufi anlamında can pərdəsini qaldırıb Ona - İlahi eşqə qovuşma anı kimi təsvir edilib. Burada "mənlik" və "sənlik" yoxdur. Eşq mərtəbəsində ikilik yoxdur, bir - vəhdət var. "Mən yoxam, sən varsan", "hər ikimiz bir vücuduq". Məcnun özündən keçib yox oldu və Leylidə əriyib yox oldu, Sufi anlamında Nizami bu iki sevəni eşq nurunda əridib bir-birinə qovuşdurur. Əslində isə, kamil insan arzularının öz dövrünə sığmayacağını bilir, ona görə də önündəki zamana, yaxud gələcəyə müvafiq yaşayır.

 

On ikinci məqalət - "Bu torpaq mənzillə vidalaşmaq barədə"

 

Əgər hansısa tacirə desələr ki, qarşıdakı dayanacaqda sənin üstündəki qızılı, pulu soyacaqlar, olanını ehtiyacı olanlara ver, yüz tacirdən biri buna əməl edər, doxsan doqquzu isə deyilənin həqiqi olub-olmadığını bilmək üçün yolkəsənlərin mənzilinə qədər gedib çıxar. Ölüm də yolkəsəndir, hər kəs son mənzildə bu yağmaçının onun hər şeyini əlindən alacağını bilir, amma onun mənzilinə qədər olanını, sərvətini kiməsə qıymır, yaxud mümkün qədər əl qısır. Bu dünyada ibrət olmayan ölüm yoxdur, hər ölümdə başqalarına bir dərs var. Ölümlər unudulur deyə, ibrətlər də yaddan çıxır, ona görə də daş atana gül atan tapılmır, kəsək atana daş tolazlayanlarsa hər zaman var. İnsan üçün ən böyük qəflət öz aqibətidir.

Bu qəflət məsələsi - "Sirlər xəzinəsi"nin on ikinci məqalətinin əsas mövzusudur. Həmin məqalətdə - "Bu torpaq mənzillə vidalaşmaq barədə" hissədə deyilənlər "Yeddi gözəl" əsərindəki ölüm hadisələrinin mahiyyətinə uyğundur, xüsusən isə, məsnəvinin baş qəhrəmanı Bəhramın, Rast Rövşənin, Yəzdigirdin halına çox uyğundur. Bəhram qəflət içərisindədir, yeddi hekayətdən dünyanın yeddi rənginin mahiyyətini - halını anlayır və dünyadan əl üzüb qeybə çəkilir. Rast Rövşən qəflət içərisindədir, naqis əməlləri onu həqiqətdən uzaqlaşdırır, ona elə gəlir ki, şah daim onun dediklərinə inanacaq, həqiqətlərə yox. Şah isə bircə həqiqəti - Rast Rövşənin dövlətə xəyanətlərini bilən kimi onu öldürtdürür. Yəzdigird də qəflət içərisindədir: o, başqalarının, yadların güclənəcəyindən qorxmaq əvəzinə, oğlunun şöhrətlənəcəyindən narahat olur, onu qoruya biləcək adamı özündən uzaqlaşdırır, ətrafına xəyanətkarları yığır. Sonda bu qəflət ona canı bahasına başa gəlir.

 

On dördüncü məqalət - "Qəflətin məzəmməti barədə"

 

İnsan daim yanılğı içərisindədir, elə bilir ki, şərab dərdi aparır, əslində isə, şərab ağlı oğurlayır. Ağılsız adamın nə qəmi?! Ölümə doğru hər şey mahiyyətini dəyişir. Qiyamət günü insanların başqalarına gizlin etdiyini ona aşkar şəkildə edəcəklər. Əlbəttə, bundan xəbərsiz olmaq ən böyük qəflət nişanıdır.

Bu hissə bütövlükdə "İskəndərnamə"yə uyğun gəlir. İskəndər çoxsaylı səfərlərə çıxır, zəka yarışlarında hər kəsə qalib gəlir, amma ölümə məhkum olmaq həqiqətini anlaya bilmir. Dünyanı öz iradəsinə tabe etmək istəyərkən özü dünyanın iradəsinə tabe olmalı olur. İskəndər Günəşin nurunu yox, ona tabe olmuş Günəşin işığını istəyir, Ayın işığını yox, Ayın nurunun ona tabe olmasını istəyir, bu, mümkünsüzdür. Əgər insandan daha qədim, daha qüdrətli yaradılışlar dünyaya gəlib-getməyə boyun əyirsə, insan da bu cızıqdan kənara çıxmaq fikrinə düşməməlidir. "İskəndərnamə"də İskəndər öləndən sonra filosoflar ölür, onlar şahdan fərqli olaraq, ölümə qalib gəlmək istəyərək yox, əcəllə barışaraq dünyadan köçürlər. Məlum olur ki, İskəndərin ölümü filosofları qəflətdən ayıldır, nəinki oxuduqları və yazdıqları kitablar.

 

On doqquzuncu məqalət - "Axirəti qarşılamaq haqqında"

 

"Axirət rüsvayçılığı" deyilən bir məsələ var. Yəni bu dünyada gizlin saxladığımız pis əməllərimiz qiyamət günü üzə çıxacaq. Bu dünyada on insandan həya edib açmadığımız günahı o dünyada bütün bəşəriyyət biləcək. Nizami oxucularına belə bir məsləhət verir: "Bu dünyada gizlədiklərini o dünyada səndən gizləməyəcəklər. Balacaları görməyən özü balaca qalacaq, əqrəbin düşmənliyi gizlidir, ilanınkı aşkar, ona görə də ilandan qorunmaq olur, əqrəbdən yox".

Mal-mülk, ilk növbədə, insanın azadlıqla baş-başa qalmaq imkanını məhdudlaşdırır. Ən böyük güc hər şeyi olarkən hər şeydən uzaq olmaqdır. İnsan yuxu kimi gizlənməlidir, yəni hamının olsun, amma heç kəs ona sahib ola bilməsin, su kimi axmalıdır ki, heç kəs onu qovmasın. Su daim axır, hamıya pay verir, amma ümumilikdə heç kəsin deyil, bu xüsusiyyət Allaha da aiddir. Bu dünyanın mahiyyəti səfər etməkdədir, elə olmasaydı, Günəş hər gecə gedib, Ay gəlməzdi, Ay hər gecənin sonunda Günəşlə əvəzlənməzdi. İnsan bu dünyada, onsuz da, nəfəs alır, yaxşı olar ki, o nəfəsi kiminsə eşqi üçün alsın. İnsanın içində saflıq olsa da, əməli pisdirsə, o, naqis adını da dünyadan aparacaq. İnsanın suyu yoxdur, amma əzəməti dəryalara bərabərdir, bir açarı olmasa da, Allah onu xəzinətək yaradıb.

"Sirlər xəzinəsi"ndəki bu hissə ümumilikdə Nizaminin bütün dünyadan köçən qəhrəmanlarına aid düşüncələrin əks olunduğu məqamdır. Həyatın mənasını insanlar öz ölümləri ilə açırlar. Ölüm həyatın üstündən çox müşkülləri götürdüyü üçün öləndən sonra insanların günahlarını bağışlamaq daha asan olur, yaxud ölən pis bir adama da hər kəsin rəhmi gəlir. Çünki ölüm hər kəsin ürəyini soyudan bir həqiqət gücü daşıyır. Bu dünyada hər kəs öz qonağıdır, hər kəs özünü bu dünyadan o dünyaya əməllərinin müşayiəti ilə yola salır. Bu dünyada gözəl əməllərimiz bizi o dünyada gözəl qarşılanmağımıza, pis əməllərimizsə əzab-əziyyətə mübtəla olmağımıza səbəb olacaq. İnsanın ən böyük aynası öz vicdanıdır. Bu dünyada vicdanımız pak olsa, o biri dünyada üzümüz ağ olar.

 

(Ardı var)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!