(hekayə)
İntendant idarəsinin keçmiş məmuru, istefaya çıxmış kollec katibi Laxmatov stol arxasında oturmuşdu. O, on altıncı qədəhi içə-içə qardaşlıq, bərabərlik və azadlıq barədə düşünürdü.
Birdən, lampanın arxasından bir şeytan boylandı. Amma qorxma, hörmətli oxucu! Siz şeytanın nə olduğunu bilirsinizmi? O, xoş görkəmli bir gəncdir: sifəti çəkmə kimi qapqara, gözləri isə parlaq qırmızıdır. “Evli olmasa da”, başında buynuzları var. Saç düzümü “à la Kapul” sayağıdır. Bədəni yaşıl tüklə örtülüb və it iyi verir. Belinin aşağısından ox şəklində uclu quyruğu sallanır. Barmaqları yerinə caynaqları, ayaqları yerinə isə at dırnaqları var.
Laxmatov şeytanı görəndə bir qədər çaşqınlıq keçirdi, amma sonra yadına saldı ki, yaşıl şeytanların sərxoş adamlara görünmək adəti var və dərhal sakitləşdi.
— Kiminlə şərəflənirəm? – deyə gözlənilməz qonağa müraciət etdi.
Şeytan pərt halda gözlərini yerə dikdi.
— Çəkinməyin, — Laxmatov davam etdi. — Yaxın gəlin. Mən qərəzsiz adamam, siz mənimlə açıq və ürəkdən danışa bilərsiniz... Kimsiniz?
Şeytan tərəddüdlə yaxınlaşıb, quyruğunu altına yığıb nəzakətlə baş əydi:
— Mən şeytanam, ya da iblis... Cənab İblisin cəhənnəm idarəsinin başçısının yanında xüsusi tapşırıqlar üzrə məmur vəzifəsində çalışıram.
— Eşitmişəm... Çox xoşdur. Oturun! Araq istəməzsiniz? Şad oldum. Bəs, nə ilə məşğulsunuz?
Şeytan bir qədər də pərt oldu...
— Əslində, sabit bir fəaliyyət sahəmiz qalmayıb. — O, utanaraq öskürüb “Rebus” qəzetinə burnunu silə-silə davam etdi. — Əvvəllər doğrudan da məşğuliyyətimiz var idi... İnsanları yoldan çıxarır, onları xeyir yolundan azdırıb şərə yönəldirdik... İndi isə bu iş, antro-nu-suadi – tüpürməyə dəyməz... Xeyir yolu, demək olar ki, itib. Azdırmağa heç kəs qalmayıb. Üstəlik, insanlar artıq bizdən də hiyləgərdirlər... Bu işdə universitet bitirən, oddan, sudan, iynənin dəliyindən keçən bir insanı necə azdırasan axı? Siz minlərcə pul qamarladığınız halda sizə bir rubl oğurlamağı necə öyrədək ?
— Düz deyirsiniz... Amma, görünür, yenə də nə işləsə məşğulsunuz?
— Hə... Keçmiş vəzifəmizi ancaq xatırlamaq qalır. Amma yenə də bir işimiz var... Sinif rəhbərlərini yoldan çıxarırıq, cavanlara şeir yazdırırıq, sərxoş tacirləri güzgü sındırmağa sövq edirik... Siyasətə, ədəbiyyata, elmə isə artıq qarışmırıq... Bu sahələr bizlik deyil... Çoxlarımız “Rebus” qəzetində yazılar yazırıq, elələri də var ki, cəhənnəmi tərk edib insanlar arasında yaşayır... Bəzi keçmiş şeytanlar varlı tacir qadınlarla evləniblər, indi çox rahat, firavan yaşayırlar. Bəziləri vəkil işləyir, bəziləri qəzet buraxır. Ümumiyyətlə, çox hörmətli və bacarıqlı insanlardır!
— Bağışlayın, bəlkə bir az kobud sualdır: siz maaş alırsınızmı?
— Əvvəlki kimiyik. Ştat eynidir... Mənzil, işıq, istilik dövlət hesabınadır... Amma maaş verilmir, çünki biz ştatdankənar sayılırıq. Üstəlik, “şeytan” fəxri bir vəzifədir... Açığı desəm, çox çətin dolanırıq, az qala dilənçiyə dönmüşük... İnsanlara minnətdarıq ki, bizə rüşvət alıb dolanmağı öyrətdilər, yoxsa çoxdan tələf olmuşduq... Təkcə bu gəlirlər hesabına yaşayırıq... Günahkarlara ərzaq ötürürük, bir azını da özümüz götürürük... İblis artıq qocalıb, indi ancaq “Tsukki”yə tamaşa etməyə gedir, hesabatla maraqlanmır...
Laxmatov ona bir qədəh araq süzdü. Şeytan içdi və dilə gəldi. Cəhənnəmin bütün sirlərini danışdı.
İçini boşaltdı, ağladı və Laxmatovun xoşuna o qədər gəldi ki, o, onu gecələməyə saxladı. Şeytan sobada yatdı və bütün gecəni sayıqladı. Səhərə yaxın yoxa çıxdı.
- Buynuzlanmış - rus deyiminə görə xəyanətə uğramış ər.
- İntendant - hərbi, inzibati və ya təsərrüfat işlərinə cavabdeh olan şəxsə deyilir. Tarix boyunca bu söz müxtəlif məna daşıyıb
- "à laCapoul" ifadəsi - Capoulsayağı saç düzümü mənasında işlənir.
- "entre nous soitdit" (fran.) – aramızda qalsın
- Tsukki - sirkdə çıxış edən ekzotik bir obraz (real və ya uydurma)
Tərcümə: Züleyxa NaEl
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!