Vaqif Aslan çağdaş Azərbaycan ədəbiyyatında fəlsəfi-estetik, ədəbi-bədii, elmi-nəzəri və milli düşüncənin formalaşmasında önəmli xidmətləri olan istedadlı qələm adamı və görkəmli söz ustadıdır. Poetik düşüncəsi, zəngin erudisiyası, özünəməxsus dünyabaxışı, istedadının orijinallığı, fərqli yazı manerası, əsərlərində insan həyatının, məişətinin, düşüncəsinin köklü problemlərinə müraciət etməsi, yaradıcılığına məxsus humanizm, fəlsəfilik, psixoloji dərinlik Vaqif Aslan imzasını geniş oxucu auditoriyasına sevdirmiş, xalq ədəbiyyatından rişələnən bu böyük yaradıcılıq ədəbi-elmi ictimaiyyətin daim diqqət mərkəzində olmuşdur. Vaqif Aslanın həm bədii, həm elmi yaradıcılığı çoxjanrlı və çoxşaxəlidir. O şair, alim, publisist və dramaturq kimi geniş oxucu kütləsinin gerçək sevgisini qazanmış bir sənətkardır.
Vaqif Aslan poeziyası çağdaş türk şeirinin ədəbi hadisələrindən sayılır. XX əsrin 70-ci illərindən bu günədək böyük bir təkamül yolu keçmiş Vaqif Aslan poeziyası özünəməxsus xüsusiyyətləri ilə milli poeziyamıza yeni nəfəs və yeni ruh gətirmişdir. Vaqif Aslan stixiyası Azərbaycan şeirini dəbdəbədən, şüarçılıqdan, ritorikadan, pafosdan, təsvir və tərənnümün kütləviliyindən uzaqlaşdırmağa və oxucunun qəlbinə, şüuruna və ruhuna nüfuz edə bilən yumşaq bir yol tapmağa nail olmuşdur. Vaqif Aslan sadəliyin böyüklüyünü, adiliyin qeyri-adiliyini yazan, hər kəsin gördüyü, ancaq heç kəsin duymadığını duyan şairdir. Şairin poetik dünyası bütövlükdə zəngin daxili aləmin, sistemli təfəkkürün, dünyagörüşün güzgüsüdür və Azərbaycan poeziyasında ayrıca bir mərhələ kimi səciyyələnməkdədir. Bu baxımdan Vaqif Aslan yaradıcılığı klassik şeirlə çağdaş poeziya arasında etibarlı körpü rolunu oynayır.
Sözün dərgahı Haqqın dərgahı qədər müqəddəsdir. Bu dərgahda bərqərar olmaq hər şairə nəsib olmur. Vaqif Aslan alnı Haqqın dərgahında olan, Sözü Tanrının əmanəti və Ruhun tərcümanı kimi qoruyan,ucaldan və müqəddəsləşdirən bir şairdir.
Vaqif Aslan sadəcə şair deyil - “şair” sözü onun ruhani gücünü, əzəmətini tam ifadə eləmir. Ona filoloq, filosof, ədəbiyyatşünas alim, lap elə mütəfəkkir də desək, yenə nəsə çatışmayacaq. O, bütün dəyərləri öz şəxsində birləşdirməklə yanaşı onların fövqündə duran, ali amal və məramlarla yaşayan müdrik bir bəşər övladıdır.
Vaqif Aslan Azərbaycan ədəbiyyatında ilk addımlarından, ilk yazılarından öz yerini tapmış istedadlı bir şəxsiyyətdir. Çingiz Aytmatov haqqında məşhur bir fikir var: “O, heç vaxt “yeni başlayan” olmayıb, elə başlayandan klassik səviyyədə əsərlər yazıb”. Qeyd-şərtsiz bu fikri Vaqif Aslan yaradıcılığına da aid etmək olar.
Hegel yazırdı ki, dünyanı dərk etməyin üç yolu var: dini, fəlsəfi və poetik. Bu iki dərketmə yolu özünün ən yüksək nöqtəsində poetik həddə çatır. Fəlsəfə poeziyadan aşağıdır, o mənada ki, fəlsəfə dediyi şeyi əsaslandırmalıdır. Poetik sözü əsaslandırmaq isə çox çətindir və ya ona heç zaman ehtiyac yaranmır. Poeziya sözün ən ələ gəlməyən formasıdır, hər şeyin fövqündədir. Belə bir deyim var: Poeziya tarixdən daha tarixi, fəlsəfədən daha fəlsəfidir. Vaqif Aslan çağdaş Azərbaycan fəlsəfi-intellektual poeziya təmayülünün istedadlı nümayəndəsi olaraq ədəbiyyata gəldiyi illər üçün xas olan poetik ənənələri öz qələmiylə XXI əsrə keçirən mənəvi varisdir. Onun poeziyasının fəlsəfi özəlliyi ondadır ki, Vaqif Aslan insan ruhuna, mənəviyyatına kəpənək çiçək ləçəyinə qonduğu kimi qonur və insanın varlığını bədii sözə çevirir. Onun fəlsəfəsinin baş qəhrəmanı İnsandır. O insan ki, çox zaman onun qədrini bilmirik. Hürufilər deyirdi, insan Həqdən qopmuş nur parçasıdır. Bu mənada, Vaqif Aslan poeziyası Həqdən qopmuş nur parçasının poetik ifadəsidir. Vaqif Aslan içində bulunduğu elmi-ədəbi mühitin və bəlkə də hətta müasir ədəbi proseslərin hüdudlarına sığmayan bir şairdir. O klassik Azərbaycan poetik ənənələrini, xüsusilə, Nəsimi modelini müasir, qloballaşan dünyadakı insan təfəkkürü və təxəyyülü ilə uğurla birləşdirən şairdir.
Şairin izaha, təhlilə çətinliklə yatan poeziyasına şərh vermək üçün kosmosqoniyanı, ilahi pıçıltıların gizlinlərini, qeybdən gələn vəhyin sirlərini, ürəyin və şüurun alt qatında gedən prosesləri dərindən bilmək və dərk etmək gərəkdir. Onun poeziyasında insan qəlbinin dörd fəslinin ilıq nəfəsi, qızmarı, soyuğu və sazağı duyulmaqdadır. Bu şeirlərdə hər bir oxucu özünün yaş səviyyəsinə, gündən-günə neçə dəfə dəyişən ovqatının ab-havasına uyğun notlar və motivlər tapa bilir.
Vaqif Aslan sadəcə dilimizin gözəlliyini, zənginliyini öz poeziyasında təcəssüm etdirən, xalq ruhuna yaxın, İnsana, Tanrıya məhəbbətlə yoğrulmuş və ümumbəşəri ideyalara söykənən şeirlərin müəllifi deyil. O həm də dünyaya özünəməxsus baxış sistemi olan yaradıcı bir şəxsiyyətdir. Mən Vaqif Aslan fenomeninə şeirin, nəsrin, bütövlükdə ədəbiyyatın bir hadisəsi kimi baxmıram - Vaqif Aslan miqyaslı adamlar üçün belə bir təsnifat darısqal görünür. O, Ruhun bütün bəşəriyyət üçün ümumi olan mənəviyyat tarixinin bir hadisəsidir.
Tanrının seçdiyi bəndə - Seçilmiş olmaq... Sənətkar taleyi yaşamaq... bütün bunlar hətta əzabları ilə gözəldir, ağrıları ilə doğmadır. Bu ömrün ağrısını, əzabını, sevincini, sevgisini qələmə almaq, bu taleyi sözə çevirmək də bir ayrı gözəllikdir. Məşhur Çex yazıçısı, şair, dramaturq və filosof Milan Kundera yazırdı ki, hər bir sənətkar özünə avtobioqrafiya yazmalıdı. Yazmalıdı ki, onun örnək olası həyat yolunu adi insanlar oxuya və öyrənə bilsinlər. Bu baxımdan Vaqif Aslan ömrü bizdən sonrakı nəsillərin də həyatında və dünyagörüşündə, poetik zövqün və milli dəyərlərin formalaşmasında əhəmiyyətli rol oynayacaq əvəzsiz bir örnəkdir.
Həqiqətən də, sənətkarın yetişdiyi mühiti öyrənmək, müşahidə etmək, onun hansı şəraitdə yaşadığı, nələrin uğrunda nələrdən keçdiyini bilmək, bütövlükdə adi bir insanı əvəzsiz bir şəxsiyyət kimi yetişdirən bir ortamı dərk və təhlil etmək olduqca mühümdür. Əgər oxucu sənətkarın avtobioqrafiyası ilə tanışdırsa, onun bir çox əsərlərində bu avtobiqrafiyadan irəli gələn məqamların bu və ya digər formada açıldığını və bədii həllini tapdığını görmüş olacaq.
Sergey Yesenin yazırdı: “Tərcümeyi-hal yazmağa ehtiyac hiss etmirəm, çünki ömür yolum şeirlərimdir”... Sergey Yesenin dediyi kimi, əgər Vaqif Aslan bircə sətir də özünə tərcümeyi-hal yazmasaydı belə, onun şeir yaradıcılığı müəllif haqqında tərcümeyi-halda yazılanlardan daha çox şeyi demək gücündədir...
Dərdlərimin dərmanıdır yaylağın,
Kolun-kosun, daşın-qumun, çaylağın.
Mən ölmərəm, sinəm üstə torpağın
Gül açacaq zaman-zaman,bu – haqqdır!
Səndə şair olmamaq da günahdır...
Və yaxud:
Salam, böyük bayraqlı öndərlər, bəylər, xanlar!
Damarında imisti oğuz qanı axanlar.
Salam, Salur Qazanlar – Tanrıya düz baxanlar!
Elalmış, Tərsuzamış – şimşək kimi çaxanlar.
Dağlara çən gələndə yerindən dik qalxanlar.
Söz açıb Qaragünə, Düyər, Dəli Dondazdan
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan!
Bədii əsərin dili sənətkarın həyatı duymaq qabiliyyətidir, onun istedadıdır. “Oğuz elini salam”layan, “Ruhlarla söhbət” edən, “Hüseyn xan Müştaq”ı tarixdən sətirlərin yaddaşına köçürən, “Aydın” düşüncəli ədibin əsərləri həm də dilinin gözəlliyi və canlılığı ilə seçilir. Dilin sərrastlığı sənətkarın həyatı düzgün dərk etməsi deməkdir. Dilin gözəlliyi duyğuların gözəlliyi, həyatın poeziyası və harmoniyası deməkdir. Ədəbi dil xalq dilinə nə qədər yaxın olarsa, əsərin poetik təsiri, ifadə tərzi də bir o qədər güclü olar. Bizim ana dilimiz ən dərin, ən fəlsəfi fikirləri belə dəqiq və dürüst ifadə etmək üçün hədsiz imkanlara malikdir. Bu mənada, Vaqif Aslanın dili şirəliliyi, son dərəcə axıcılığı, ifadəliliyi, rəngarəngliyi, yumşaqlığı, şirinliyi, rəvanlığı və ələlxüsus xəlqiliyi ilə diqqəti çəkməkdədir.
Əgər bədii əsəri oxuyan adam həm müəlliflə, həm də bu əsəri oxuyan başqa adamlarla eyni hisləri keçirib ruhən bir-birinə qaynayıb qarışırsa, deməli, bu əsl sənət əsəridir. Belə əsəri oxuyan adama elə gəlir ki, burda yazılanların hamısı onun çoxdan demək istədikləridir. Əsl sənət əsəri həm oxucuyla müəllifin, həm də oxucuyla başqa oxucuların arasından bütün sədləri götürür. Əsl sənət əsərinin gücü məhz burda - insanı tənhalığından xilas edib başqalarına doğmalaşdırmağındadır. Vaqif Aslanın Bütün türk coğrafiyasındakı çoxsaylı oxucularını və pərəstişkarlarını bir-birinə yaxınlaşdıran və vahid türkçülük məfkurəsi ətrafında ruhən birləşdirən amil də məhz Vaqif Aslan sənətinin qüdrətindən irəli gəlir.
“Səndə şair olmamaq da günahdır”,- dediyi doğma Şəkidən ana Təbrizə, Xudafərinə üz tutmaq təkcə yaradıcılıq və istedad yox, həm də milli məfkurə və cəsarət məsələsidir. “Günəşi bayraqtək göylərə sancan”, “Doğudan Batıdan yollar açan” Türk gəncliyinə səsləniş tarixi yaddaşa, soy-kökə ehtiramdan doğan milli qürurun harayıdır.
Dərin humanizm, fəlsəfi-psixoloji təhlil genişliyi Vaqif Aslan yaradıcılığının orjinallığını, fərdi yazı manerasını, əlvan obrazlar qalereyasını şərti-metaforik ifadə özünəməxsusluğunu şərtləndirməkdədir. Ana dilimizin gözəlliyi və zənginliyindən bacarıqla istifadə edən sənətkarın milli və ümumbəşəri ideyalara söykənən əsərləri ciddi yazıçı mövqeyi, həssas müşahidəsi və bədii həqiqətin yeni düşüncə hüdudlarında ifadəsi ilə seçilir. Vaqif Aslan yaradıcılığında yüksək bədii məharətlə öz təsvirini tapan mürəkkəb insan xarakterləri, cəmiyyət və insanın təzadlı aləmi oxucuları psixoloji-fəlsəfi özünüdərkə çatdırmaqla özünə cəlb edir. Vaqif Aslanın əsərlərinin psixologizmi doğma ana dili, adət-ənənə və sosial gerçəkliyin öz təbiəti ilə çulğaşır. Sənətkarın psixologizmini güclü milli şüur yanğısı, tarix, mənəvi yaddaş və heysiyyat izləyir.
Vaqif Aslan mənsub olduğu xalqın, dövlətin əxlaq və mənəviyyatını həmişə sağlam ruhlu, köklü-rişəli görmək istəyir. Bu baxımdan ədibin bədii yaradıcılığının mənəvi-əxlaqi, sosial-siyasi və tərbiyəvi əhəmiyyəti çox güclüdür.
Vaqif Aslanın ədəbi-bədii dili olduqca axıcı, yazıçı təxəyyülü çox zəngin və həssas, tənqidi realizmi dərin və əhatəli, üslub vasitələri isə kifayət qədər əlvan və yetərlidir. Sənətkarın bədii əsərləri hazırda ən çox oxunan əsərlər sırasında yer alır. Ədəbi-ictimai fikir onun həm şeir yaradıcılığında, həm də dramaturgiyasında estetik reallığı tapır.
Qarşımızdakı bu kitabdan da aydın görünür ki, Vaqif Aslan qələmiylə yaradıcılığının ilk dönəmlərindən ədəbi tənqidin diqqətini güclü şəkildə özünə cəlb etmişdir. Yazıçının yaradıcılığı əsasında çoxsaylı qiymətli məqalələr yazılmış, onun ədəbi irsinə ciddi elmi-nəzəri və estetik münasibət formalaşmışdır.
Vaqif Aslan yaradıcılığı milli-tarixi və çağdaş şüur problemləri ilə bağlı olan, bu bədii keyfiyyətin fərd, ailə, cəmiyyət və dünya–insan–zaman boyunca yayımlandığı və ədəbi prosesə təsir göstərdiyi orijinal yaradıcılıqdır. Və bu yaradıcılıq ağuşuna aldığı insanı ruhən saflaşdırıb, arındıraraq ali Həqiqətə doğru yol göstərir.
Sözün və söz adamının missiyası insanın daxili aləmini müsbətə doğru dəyişdirmək, onu daha kamil, daha üstün mərtəbəyə qaldırmaqdır. Vaqif Aslan öz sələflərinin başladığı bu müqəddəs işin öhdəsindən sözün həqiqi mənasında şərəflə gəlməkdədir.
Vaqif Aslan poeziyası bizim ədəbiyyatımızda ilahi bütövləşmə və ruhani tamlıq, vəhdət, qovuşma mətnlərini xatırladan və hüceyrələrimizə qədər o tamlığı hiss etdirən bədii yaddaşdır...
Şairin ictimai həyatımızdakı rolu, Nazim Hikmətin təbiriylə desək, havanın qurşun kimi ağır olduğu vaxtlarda həmişə haqqın və ədalətin yanında dayanması Vaqif Aslanın xarakterini tamamlayan və az-az rast gəlinən kamil və müdrik bir insan obrazıdır. Vaqif müəllim həyatı ilə şeirləri, düşüncəsi ilə əməlləri arasında düz mütənasibliyi qoruyan saf ürəkli bir şəxsiyyətdir. O, insanların hürr yaşamaq haqqını yalnız kitablarında deyil, gerçək həyatda da daim müdafiə etmişdir. Onun şair qəlbi həmişə ədalətsizliyə qarşı barışmazlığı və mübariz ruhu ilə seçilir.
Özünü dərk edəndən Ruhunu Tanrı əmanəti kimi qorumağa çalışıb Vaqif Aslan... Bütün dəyərləri dəyişən dünyanın tən ortasında dəyişməyib, əzəmət qalasından bircə kərpic də xırdalanmayıb, xırdalanaraq böyüməyi, yaşamağı qəbul etməyib və bir aydın məfkurəli Müəllim kimi ətrafındakı gəncliyə də daim düzlük əqidəsinə və haqq yoluna sadiq qalmağı həmişə tövsiyə edib.
Heç zaman böyük iddialarda olmayıb Vaqif müəllim... Söz ürəyinə yük olanda yazmaqla mənəvi hüzur tapıb. Tanrıdan Ruhuna hopan səsi sözə çevirməklə ilahi bir rahatlığa qovuşub. Sanki sözə, sənətə sığınaraq dünyanın boş hay-küyündən xilas olmağa çalışıb...
Şairlik sözə münasibətdən başlayır. Vaqif Aslan poeziyasının böyüklüyü ondadır ki, o, hər dəfə Sözə dua edirmiş, ayin oxuyurmuş kimi yanaşır:
Siz ey ruhu səmalara uçanlar!
Yer üzünü "Anam!" deyib qucanlar!
Ey Doğudan Batıya yol açanlar
Elxanım hey, xaqanım hey, xanım hey!
Poetik sözün dəyəri onun ifadə elədiyi həqiqətin fövqündədi. Fikrimcə, Vaqif Aslan poeziyası həm ifadə elədiyi həqiqətlərə, həm adi bir fikrin qeyri-adi ifadə tərzinə görə, bütünlükdə poetik-fəlsəfi tutumuna görə çağdaş türk şeirinin ən gözəl və seşkin örnəklərindəndir. Vaqif Aslan sözü şeir rənglərinin içində ayrıca bir çalardı, ayrıca bir rəngdi: özünəməxsus Vaqif Aslan rəngi. Təbiətin rəngləri sonsuzdur. Onlar ayrı-ayrı fəsillərdə gah canlanır, gah soluxur. Onlar bəzən öz təravətini itirə də bilir. Ancaq Vaqif Aslan sözünün rəngi-boyası əbədidir, Vaqif Aslan sözü həmişəyaşardır... Ona görə də Vaqif Aslanı oxuyanda insanın ruhu təmizlənir, təzələnir, daxili dünyası büllurlaşır, saflaşır və üzü kamilliyə yol alır. Bu fenomen insan-təbiət dialektikasının əbədi qanunauyğunluğudur. Ona görə də poeziyamızın Vaqif Aslan rəngi heç vaxt solmayacaq. Milli poeziyamızın davam edən tarixi Vaqif Aslan nəfəsinin təravətini qoruyub saxlayacaq və bizdən sonrakı yüzillərə, minillərə qədər daşıyacaq: Tanrı duası kimi, Dədə Qorqud sözü kimi...
Vaqif Aslan şəxsiyyətinə böyük ehtiram və sevgilərlə,
Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!