"Qəbulə xanım və I Pyotr" kitabının təqdimatından reportaj
İyunun 25-də ədəbiyyatşünas alim, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turanın bu günlərdə çapdan çıxmış "Qəbulə xanım və I Pyotr" kitabının və Xalq rəssamı Sakit Məmmədovun "Qəbulə xanımın portreti" əsərinin təqdimatı keçirildi.
Sakit Məmmədovun emalatxanasında keçirilən təqdimat ruhsal, səmimi, hüzurlu ovqatla aşılanmış atmosferdə reallaşdı, ədəbi-ictimai fikir həyatımızın dəyərli nümayəndələri əsərlə bağlı qənaətlərini bölüşdülər.
Tədbirin moderatoru, həmçinin kitabın elmi redaktoru və Ön sözünün müəllifi millət vəkili, filologiya elmləri doktoru Elnarə Akimova qonaqları salamlayaraq bildirdi ki, "Azər Turanın "Qəbulə xanım və I Pyotr" kitabı XVIII əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin psixoloji durumunu, xalqımızın yaşadığı məşəqqətli tale yolu və travma tarixini öyrənmək baxımından nadir nümunələrdən biridir. Bu kiçik tədqiqata XVIII əsr, hətta ondan əvvəlki və sonrakı dövrlərin tarix diskursunun bir faktı kimi baxmaq lazımdır. Burada eşidilən, güman, fərz olunan deyil, ancaq yazılan, şahid olunan, gerçək məxəzlərin məntiqi ilə tarixləşən faktlar tədqiqat predmetinə çevrilir. Əlbəttə ki, Qəbulə xanım Azərbaycan tarixinin və mənəviyyatının sirli obrazlarından biridir. Amma bu kitabda o, metafizik obraz deyil, real, canlı ştrixləri, əməli mündəricəsi ilə dolğun qəhrəmandır. Və nə yaxşı ki, belə bir obraz Xalq rəssamı Sakit Məmmədovun yaradıcı dühasında həyat vəsiqəsi qazanıb. Azər Turan bu qəhrəman qadının tarixi haqqını özünə qaytarıbsa, Sakit Məmmədov onun metafizik obrazını yaratmaqla milli simvola çevirib. Bu kitab və onun əsasında ərsəyə gələn Qəbulə xanımın portreti milli yaddaşa, tariximizə, mədəniyyət və ədəbiyyatımıza xidmət işidir".
Sonra söz Xalq yazıçısı Anara verildi. Anar müəllim kitabın məziyyətlərindən danışdı, onu ciddi bir araşdırmanın nəticəsi olaraq dəyərləndirdi. Nə vaxtsa bu mövzuda bədii bir əsərin - romanın yazılacağına da inandığını ifadə etdi.
Akademik, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov kitabın meydana gəlməsini təqdir etdi: "Azər Turanın "Qəbulə xanım və I Pyotr" kitabını mən çox maraqla və diqqətlə oxudum. Ümumiyyətlə, Azər Turanın qələmindən nə çıxırsa, mən çalışıram ki, onu dərk edə-edə həm hissi mənada, həm əqli mənada oxuyum. Və bu kitabı da onun illər boyu mən, hətta deyim, on illər boyu yazdığı və qədim Türk dünyasının tarixi taleyindən başlamış orta əsrlərə qədər, Alp Ər Tonqaya qədər, ondan sonrakı dövrlərə qədər o düşünərək və məsələnin mahiyyətinə vararaq yazdığı əsərlər silsiləsinə daxildir. Amma bu əsərin başqa bir üstünlüyü də odur ki, bu, Salyana, bizim Azərin doğma vətəninə həsr etdiyi bir tədqiqatıdır. Bizim tarixi və həddindən artıq, belə deyim, Azərbaycan ruhunun formalaşmasında əhəmiyyətli rol oynamış bir coğrafiyaya aiddir. Özü də o coğrafiyaya ki, onun haqqında az yazılıb. Halbuki, o coğrafiya Əli bəy Hüseynzadəni verib. İndiyə qədər Azər Əli bəy Hüseynzadə haqqında çox yazıb. Onun Əli bəy Hüseynzadə haqqında yazdıqları, təbii ki, Salyan miqyasından çox-çox kənara çıxır. İndi birbaşa Salyan miqyası ilə bağlı olan Qəbulə xanımın rəhbərliyi, başçılığı, ruhi enerjisi ilə işğalçılara qarşı qaldırılmış qiyam, bu da əslində, Salyan miqyasından kənara çıxır. Amma bu hadisəni Salyan miqyasından kənarda heç kim bilmirdi. Və ya az-az mənbələrdə ötəri məlumat var idi. Bax, bu, Azər Turanın qüdrətidi. Bir intellektual kimi, ziyalı kimi qarşısına qoyduğu missiyadı ki, Qəbulə xanım haqqında belə bir risalə yazdı və bu risalə də, elə bilirəm ki, Salyanı bir daha yüksəltdi. Yəni öz doğulduğun, boya-başa çatdığın regionu sən yüksəltməlisən. Bu, həmin yüksəlişə layiqdirsə və sən onu yüksəltmirsənsə, bu artıq sənin günahın ola bilər. Bu barədə Azər Turan həqiqətən, üzərinə götürdüyü Turan təxəllüsünü, o Turan miqyaslı düşüncəsini öz doğma Vətəninin o qədər də böyük olmayan miqyasında da tətbiq eləyir, daha doğrusu, görür və sonra onu bizim üçün də açır, təsdiq eləyir. Başqa bir üstün cəhət də odur ki, Azər Turan bu əsəri yazandan sonra, hətta həmin bu əsərin qəhrəmanı, Azərbaycanın ən gözəl və ən döyüşkən qadınlar silsiləsini davam elətdirən Qəbulə xanım haqqında bizim çox görkəmli rəssamımız Sakit Məmmədov da düşünüb, onu yuxuda görüb və onun gözəl bir portretini yaradıb. İndi əlbəttə, burda mən onu demək istəmirəm ki, bu ilk xidmət kimindir, amma xidmətin ilki, sonu olmur. Xidmət elə xidmətdi və biz Sakit Məmmədovun çəkdiyi portreti gördük və çox məmnun olduq ki, bu portret bizim Azər müəllimin yazdığı əsərə layiqdi və Azər müəllimin də yazdığı əsər bu portretə layiqdi.
Xalq rəssamı, akademik Ömər Eldarov belə bir sənət tədbirindən məmnun qaldığını bildirdi.
Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev bildirdi ki, "bu kitabın belə bir məkanda təqdim olunması təqdirəlayiqdir. "Qəbulə xanım və I Pyotr" kitabına görə Azəri, "Qəbulə xanımın portreti" əsərinə görə dahi rəssam Sakit Məmmədovu təbrik edirəm", - dedi.
Milli Məclisin deputatları - Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Mehriban Vəliyeva, Aydın Hüseynov, Hikmət Babaoğlu, Aqil Abbas tariximizin unudulmuş bir qəhrəmanının yenidən həyata qaytarılmasını fikir həyatımız üçün tarixi bir təşəbbüs kimi qiymətləndirdilər.
Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid çıxışında bildirdi ki, bu maraqlı və mühüm mövzunun gələcəkdə üzə çıxarılmış yeni faktlarla zənginləşdiriləcəyinə inanıram.
Yazıçılar Birliyinin katibi İlqar Fəhmi mövzunun metafizik qatlarını şərh etdi.
Orxan Aras çıxışında bildirdi ki, "Azərbaycanda üslubunu ən sevdiyim yazarlardan biri də Azər Turandır. Onun araşdırmaçı ruhu və çalışqanlığı təqdirəlayiqdır. Azərbaycanın dünyaca ünlü rəssamı Sakit Məmmədovun bir-birindən gözəl tabloları və özəlliklə bu gün təqdim olunan "Qəbulə xanımın portreti" məni sehrlədi".
Uşaq yazıçısı, professor Solmaz Amanova "Qəbulə xanımın portreti" əsəri, ümumiyyətlə, Sakit Məmmədovun yaradıcılığı barədə fikirlərini söylədi. Bu mövzuda bədii əsər yazacağına söz verdi.
Hüquqşünas Aslan İsmayılov həm kitabın, həm də portretin Azərbaycan mədəni həyatında mühüm hadisə olduğunu söylədi.
Təqdimat mərasimində Salyan əsilli görkəmli xadimlər - general-polkovnik Vaqif Axundov və müstəqil Azərbaycanın ilk səhiyyə naziri, professor Rahim Hüseynov da iştirak edirdilər. Rahim Hüseynov bildirdi ki, ""Qəbulə xanım və I Pyotr" kitabı hər zaman bizim stolüstü kitabımız olacaq. Çünki o bizim qürur tariximizdir. Salyan Əli bəy Hüseynzadənin vətənidir. Qəbulə xanımın Azərbaycan ictimai fikrinə bu şəkildə qayıtması ürəyimizdən tikan çıxardı. Mən həm Sakit Məmmədova çəkdiyi bu portretə görə, həm də Azər Turana dərin təşəkkürlərimi bildirirəm".
Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli bildirdi ki, tarixi şəxsiyyətlərimiz haqqında daha çox yazılmalıdır. Tariximizin bilinməyən hadisələrini daha çox gün işığına çıxarmalıyıq. O ki qaldı Qəbulə xanım mövzusuna, etiraf etməliyik ki, burda rəssamla yazıçının tandemi xeyli uğurlu alınıb.
Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu təəssüratını belə bildirdi: "Mən, ilk növbədə, Azər Turanı, eyni zamanda Xalq rəssamımız Sakiti təbrik edirəm.
Azər Turanın bütün yaradıcılığı Vətən sevgisindən, Türk, Turan sevdasından, Vətən, Türk, Turan sevdası böyük olan unudulmaz insanlarımıza sevgidən doğub. Həmişə elmin və poeziyanın sərhədində olan hərarətli dil və üslubla yazıb, eynən indi olduğu kimi. "Qəbulə xanım və I Pyotr" kitabı Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinə, ümumiyyətlə tariximizə bu şücaətli və qeyrətli xanımı "qazandırdı" ki, çağdaş tariximizin indiki anında, elə indi bu çox vacibdir. Azər Turan bunu istedadlı sözlə, Xalq rəssamı Sakit isə bunu istedadlı fırça ilə etdi. Sağ olsunlar. Qəbulə xanımın ruhu şad olsun.
Bəstəkar Aydın Əzimi, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi bildirdilər ki, Qəbulə xanım haqqında Azər Turanın kitabı tarix elmimizdə yeni səhifədir. Rəssam Sakit Məmmədov qəhrəman Qəbulə xanımın fantastik portretini yaradıb.
Sonda söz Sakit Məmmədova və Azər Turana verildi.
Sakit Məmmədov çıxışına bu sözlərlə başladı: "Dostum Azər Turan Qəbulə xanım haqqında bir yazı yazmışdı. Mən həmin yazını oxudum. Yazını oxuyandan sonra yatıb bu qadını yuxuda gördüm. Qəbulə yuxuma bu şəkildə gəldi. Bu portretin yaranmasına səbəb Azərin həmin yazısı oldu".
Azər Turan da çıxışını elə həmin nöqtədən başladı: "Əvvəlcə 2012-ci ildə "Darülmöminin" kitabımda, sonra "Ədəbiyyat qəzeti"nin 31 yanvar 2025-ci il tarixli sayında Qəbulə barədə yazmışdım. Məqaləm dərc olunandan sonra, ertəsi gün, günorta saatlarında Xalq rəssamı Sakit Məmmədov mənə eskiz halında bir qadın portreti göndərib, "Bu qadın kimdir?" deyə soruşdu. "Qəbulədir - dedim, Qəbulənin metafizik bir aləmdən baxan obrazıdır. Qəbulə 300 ildən sonra, bəlkə də ilk dəfə kiminsə yuxusuna gəlmişdi. Yaxşı ki, yuxusuna gəldiyi adam rəssam idi. Özü də yaxşı ki, o rəssam Qəbulənin eloğlusu idi. Həm də yaratdığı gözəl qadın obrazları ilə dünyada məşhur olan bir rəssam". Tədbir iştirakçılarına təşəkkürünü bildirən müəllif əlavə etdi ki, bu, Qəbulə barədə 300 ildən sonra yaranmış ilk əsərdir. 300 il əvvəl Azərbaycanda rus işğalına qarşı ilk siyasi etiraz aksiyası barədə ilk araşdırmadır.
***
Azər Turanın "Qəbulə xanım və I Pyotr" kitabı üç əsr öncə baş verənləri son iki yüz illik tarixi proseslərin fonunda dəyərləndirməyə geniş imkan açan mətndir və əlbəttə ki, zaman ötdükcə milli tariximizin, yaddaş salnaməmizin ən dəyərli məxəzi olaraq bütün yönləri ilə görünəcək, gələcək nəsillər tərəfindən qürur və qədirbilənliklə anılacaqdır.
Azər Turanın və Sakit Məmmədovun bu duyğusal iş birliyi, heç şübhəsiz ki, Azərbaycan təsviri sənətinə və ictimai fikir tariximizə iki möhtəşəm əsər qazandırdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!