Keşişin missiyası - Ceyhun MİRZƏLİ

 

İtaliya neorealizmindən bəhs edərkən, ağla gələn birinci sənət nümunəsi "Roma - Açıq şəhər" filmidir. Roberto Rossellini tərəfindən ekranlaşdırılan bu film neorealizmin İkinci Dünya savaşından bəhrələnməsini sübut edir.

Rejissor savaş bitməmiş bu filmin çəkilişlərinə başlamışdır. R.Rossellini üçün filmi çəkmək çox ağrılı olmuşdur. İşğaldan yeni qurtulan Romada filmə maliyyə ayrılmasının özü çətin idi. Yun taciri Aldo Venturi filmə maliyyə ayırmışdı. Filmin çəkilişlərinə başlayandan bir neçə gün sonra o, pulu dayandırmışdı. Buna baxmayaraq, R.Rosselleni onu prodüser olaraq inandırmışdı; filmin davamının çəkilməsinə nail olmuşdu. Nəticənin müsbət olması R.Rossellinin rejissor fəaliyyətinə parlaq təsir göstərmişdir. Bunun nəticəsində "Roma - Açıq şəhər", "Payıza", "Almaniya sıfır ili" filmlərindən ibarət trilogiya meydana çıxmışdı.

Haqqında bəhs etdiyimiz "Roma - Açıq şəhər" filmi sənədli film estetikasında çəkilsə də, özünün bədii tutumu və fikir yönü ilə seçilir. Film başlanğıcda tamaşaçılara hadisələrin real həyatla əlaqəli, personajların isə təsadüfi olması mesajını çatdırır. R.Rossellini bununla neorealist kinonun kredolarından birini tamaşaçılara təqdim edir.

Tarixin müxtəlif dövrlərində insanlar qurtarıcıya ehtiyac duyublar. Bu, özünü dini cəhətdən Dəccal-Mehdi qarşıdurması şəklində ifadə edib. İnsanlar, xüsusən, qiyamət öncəsi xilas üçün bu inanca sarılıblar. Lakin 19-cu əsrdə bu axtarışa etiraz edən kitab yazıldı. Bu, Fridrix Nitsşenin "Dəccal"ı idi. Almaniyada 1933-cü ildə hakimiyyətə gələn nasional-sosialistlər bu əsəri özlərinin əsas fikri dayağı kimi gördülər. "Roma - Açıq şəhər" nasionalistlərin Dəccal idealına münasibət bildirən ekran işidir.

Nasizmin dəccallığı filmdə özünü qaranlıq şəhər fonunda göstərir. Qaranlıq Romada nasistlər partizanları həbs eləməklə azadlıq işığını söndürməkdə israrlıdırlar. Qaranlığın təmsilçisi Gestapo şefi Mayor Bergmann əsas müqavimətçinin kim olduğunu yaxşı bilir. O, Corcio Manfredidir. Corcio həyatını müvəqqəti xilas etsə də, təhlükə onu izləyir. Buna səbəb tək nasistlər deyil, zamanında sevdiyi Marinadır. Aktrisa olan Marinanın narkotikə qurşanması onun iradəsini öz ixtiyarından alır. O artıq Gestaponun qadın işçisi Rosvita Şimitin toruna düşür. Lakin bununla yanaşı, Corcionun həyatını xilas edən insanlar da var. Onlar kifayət qədər çətin vəziyyətdə olsalar da, müqavimətçilərə yardım göstərirlər. Pina (Anna Maniani) onlardan biridir. Aclıq səbəbindən çörək zavodunu soyan amerikalıların qurtarıcı kimi gələcəyinə ümid edən Pina savaşın əsl qurbanlarından biridir. Qeyd edək ki, Anna Manianinin realist oyun tərzi filmə xüsusi rəng qatır. Ümumən filmdə az sayda peşəkar aktyorlar çəkilib.

Corcio kommunist olsa da, onun Sen Kelement kilsəsinin keşişi Don Pietroya (Aldo Fabrizi) ehtiyacı var. Bu, müxtəlif dünyagörüşlü insanların faşistlərə qarşı blok yaratmalarıyla bağlıdır. Filmdəki bu məqam gerçək tarixi hadisələrlə üst-üstə düşür. Corcio Don Pietroya güvəniləcək, qurtarıcı şəxs kimi ehtiram bəsləyir. Pina oğlu Marçellonu keşişin yanına göndərir. Don Pietro Marçelloya kilsəyə gəlməməsinə iradını bildirir. Marçello buna cavab olaraq müqavimətçilərin fikrini çatdırır. Marçello: "Kilsəyə tez-tez gəlmək vaxt itkisidir, əsas iş indi düşmənə zərbə vurmaqdır", - deyərək, nasizmə qarşı savaşın ibadət qədər önəmli olmasını diqqətə çatdırır. Demək, Don Pietro filmdə tək xilaskar deyil, ona da təsir edən insanlar var. Balaca Marçello da özlüyündə bu missiyanın daşıyıcısıdır.

Partizanlara çatacaq bir milyon liret pul Don Pietroya əmanət olunur. Bu pullar kitabların içindəki vərəqdə gizlədilir. Din, kitab, pul yanlış yerə istifadə olunarsa, savaşlar üçün bəhanə yaranır. Don Pietro isə şüurlu formada xeyirin yanında yer alaraq əmanəti sahiblərinə çatdırmaqla bu iblisanə detallara qarşı çıxır.

Din bir çox hallarda ölümün təmsilçisi kimi insanların şüurunda yer alır. Filmdə bu məqama etiraz tragikomik şəkildə təqdim olunur. Belə ki, nasist əsgərləri binanı mühasirəyə alanda Don Pietro xəstə qocaya kömək edir. İxtiyar insan birinci onu görəndə qorxur, elə bilir ki, öləcək. Daha sonra o, Don Pietronun şəxsini xilas etmək istədiyini biləndə sakit olur. Bu epizodda nasizmin xəstələri zəifləri məhv etmək düşüncəsinə də bir etiraz var. İxtiyar insanın həyatı xilas olsa da, Pina ölümün ağuşundan qurtula bilmir. Çox sevdiyi Franseskonun nasistlər tərəfindən həbsinə üsyan edən qadın qətlə yetirilir. Lakin Fransesko müqavimətçilər tərəfindən xilas edilir.

Corcio Marinayla son görüşündə onun bütün daxili dünyasından xəbərdar olur. Marina kasıb qalmaq qorxusuyla başqa kişilərlə münasibətdə olduğunu, bu səbəbə görə maddi cəhətdən təmin olunduğunu etiraf edir. Corcio üçün Marina artıq bununla bitmiş olur. Bu söhbətlərin Məryəm-İsa tablosu fonunda getməsi keçmiş sevgililərin dəyərlər üzərindən ayrılmalarına işarə verir. Corcio təmizliyin, ilahiliyin, Marina isə çirkinliyin, şeytaniliyin cinahında yer alır. Hər iki seçimin şüurlu olması gün kimi ortadadır. Bundan sonra Marina Corcionu narkotik qarşılığında Gestapoya satır. Bundan mənəvi əzab çəkən Marinaya Rosvita Şimit yalançı təsəlli verərək onun Corcionu sevdiyini deyir. Marinanın cavabı isə sərrast olur: "Mən heç kimi sevmirəm." Sevgisizlik bütün bəlaların, haqsız savaşların əsl səbəbi kimi göz önündə dayanır.

Mayor Berqmann Corcioya işgəncə verdirərkən, o biri otaqda klassik musiqilər fonunda ziyafət düzəltdirir. Şər sistemin iyrəncliyi bu epizodda aydın görünür. O, özlüyündə ali irqin nümayəndəsi kimi, italiyalı Corcionu işgəncələrə təslim edib ram edəcəyini güman edir. Lakin Berqmanna qarşı Don Pietro da var. Mayor Berqmann Corcionun kommunist olduğunu keşişə xatırladır, onu ələ verməyə dəvət edir. Don Pietro bu zaman Gestapo şefinə fəlsəfi cavab verir: "Allahın yolu özü qədər böyükdür. Corcio da onun yolundadır". Don Pietro bu məqamda katolik keşişi yox, filosofa çevrilir. Onun üçün artıq heç bir dini-ideoloji sədd, hüdud yoxdur. Filmin ideyasının böyüklüyü burada təcəlli edir. Verilən əzablar Corcionu yolundan döndərmir. Bu prosesləri dərindən duyan, Birinci Cahan savaşında iştirak edən digər alman zabiti isə: "Biz ali irqin nümayəndəsi deyilik", - deyə proseslərə dəqiq qiymət verir. Ali irq sevdası sadə insani rəftarın qarşısında məğlub olur. Mayor Berqmann keşişin iradəsi qarşısında təslim olmağa vadar olaraq, "Bu adam bütün planlarımı pozdu", - deyir. Corcionun və Don Pietronun fiziki şəkildə ölümü onların mənəvi qələbə qazanmasına səbəb olur.

Don Pietro edam olunanda artıq səhər açılır. Burada da bir simvolika var. Demək, dəccalların gecəsi artıq bitmək üzrədir. O, edam ərəfəsində "Çətin olan yaşamaqdır", - deyir. Lakin Don Pietro sadəcə bir ömür sürmür, özündən sonra tələbələr yetişdirir. Onlar səhəri açılmış Romanın fonunda həyatlarına davam edirlər. Demək, insanlara ümid verən gənc fidanlar Don Pietronun varisi kimi mövcuddurlar. Şər üzərində qələbə də ancaq bununla reallaşa bilər. Film bu nəcib mesajla tamamlanır.

"Roma - Açıq şəhər" 1946-cı ildə keçirilən Kann kinofestivalında "Ən yaxşı rejissor işi" nominasiyasına layiq görülüb.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!