Rəfail Tağızadə - ruhuyla yaşayan, ruhuyla yazan şair - Günel NATİQ

 

 

Zamanın dönməsi varmış,

günlərin çönməsi varmış,

həsrətin sönməsi varmış,

Vətən, külün qırmızı...

 

Bu misralar şair-publisist Rəfail Tağızadənin bir şeirindəndir. O Rəfail Tağızadə ki, Ağdamdan didərgin düşəndən sonra bu yurdun xiffətini təkcə yaddaşında yox, sözündə, şeirində yaşadıb. Və söz elə bir sığınacaq olub ki, Ağdam azad olunandan sonra da onun ruhunun ən yaxın sirdaşı olub.

Rəfail Tağızadə üçün Ağdama səfər - o yurdun torpağını yenidən duymaq - böyük bir xoşbəxtlik idi. Axı doğmalarına qovuşmaqdan gözəl nə var ki?! O bu qayıdışı "Yoxluqda var olan şəhərim" adıyla yazıya çevirdi...

O, Ağdamda gördüklərini belə təsvir edir: "Sanki başqa bir dünyadasan. Öz evinə baxırsan, daşların içində tanış bir barmaq izi axtarırsan. Tanıyırsan da - o uşaqlıq dostunun, o ağsaqqal qonşunun izidir..."

28 il bu həsrəti çəkib Rəfail Tağızadə. O, təkcə torpağı deyil, o torpaqda ilk addımlarını, uşaqlığını, gəncliyini də itirib. O yerlərin üstünü ot basıb, cığırlar itib. Sevincin də yolu itib. Yazmaq istəyəndə dərd bir əlini kürəyinə qoyur, "mən buradayam" deyib.

Hər dəfə Ağdamın Dördyoluna çatanda üzünü başqa tərəfə çevirirdi; Ağdam tərəfə baxa bilmirdi. Havanın, kolun-kosun, uzaqda qalan, sanki xiffətdən kiçilmiş dağların ona dikilən, baxan, "sən də günahkarsan", - deyən acı baxışlarından utanırdı. O baxışlar güllədən, bıçaqdan da kəsərli idi. O baxışlar birdəfəlik öldürmür, daima izləyirdi.

İtirməməli olduğun bir şeyi itirmək çox ağır olur. O, bu ağırlığı qəbul etməyib. Gözünü qayıdışa dikib, 28 il səbirlə o günü gözləyib. Və nəhayət, o gün gəlib...

"Ağdamın "Şur" ansamblının bədii rəhbəri olmuş Fərhad Paşayev dağıntılara baxanda baxışlarının dibi görünmür. Nə ev qalıb, nə məktəb, nə mədəniyyət evi. Gözlər uçuq divarlarda ilişib qalıb..."

Adil Mirseyid bir dəfə demişdi: "Bu şeirlər qanla yazılıb".  Rəfail Tağızadə isə belə yazırdı: "Bu qanlı şeirləri yozmaq mənlik deyil. Mən o qanla qarışıq böyük dərddən, böyük ümiddən danışmaq istəyirəm. Cıdır düzünün ilk bahar axşamlarından, Qarqar çayının musiqi kimi könlümüzə axan səsindən, Qədir Rüstəmovun yanıqlı səsindən, Xarı bülbüldən, Aşıq Qurbaninin bənövşəsindən...

Amma yazmağa başlayanda göz yaşım gözümə sığmır, içim dolur, sözüm donur".

Əslində, Rəfail Tağızadə azadlıqdan, sevgidən, gözəllikdən yazmaq istəyirdi. Amma taleyinə Qarabağın qara qışı, qara yazısı, qara dərdi düşdü...

Rəfail Tağızadənin "Xocalı" poemasını "oratoriya" adlandırırlar. Onun şeirlərində sadəcə ağrı yox, içdən gələn bir hayqırtı var.

Rəfail Tağızadənin Xocalı haraylı şeirlərində xeyirlə şərin daimi savaşı gedir. Şər ordu kimi yeriyir bu sətirlərdə, Xocalıdan qan qoxusu gəlir. 

 

Bu gecə dünyanın son qəm gecəsi,

Bu gecə dərdlərın ilk cəm gecəsi,

Bəşərin sonuncu matəm gecəsi,

Bizi qan içində batırıb gedir,

Gör neçə illərdi donub Xocalı.

 

Donmuş vaxt 28 ildən sonra hərəkətə gəldi. Və qazi şair Ağdama qayıtdı: "Sanki başqa bir aləmdəyəm. Bu bizim evdimi?" Gömülmüş daşların içində axtarırdı tanış əllərin izlərini.

"Şəhərlər viran olub, yolların izi itib. Qarabağın kosmosdan çəkilmiş xəritəsindəki konturları, bir də şəhidini ağlamaqdan səsi batmış anaların üz cizgiləri qalıb..."

"Əzanı eşidilməyən, duaya durulmayan, divarlarında Quran kəlmələrinin əvəzinə yad yazılar yazılmış məscidlər... Allahın evi darmadağın..."

"Bütün bu allahsızlığa bir peyk baxır, bir də Allah... Biri sadəcə görür, biri isə həm görür, həm də dözür..."

Rəfail Tağızadə hər il yaşını Qarabağ dərdinə bağışlayır. "Dərdimin kəsəri mübarək" deyir... Öz ömrünü yox, dərdin ömrünü uzadır. Qarabağa qayıtdıqdan sonra isə zaman bir başqa axır. Dərd az da olsa, səngiyir. Çünki bu ömrün 30 ili Qarabağ dərdiylə qol-boyun keçib...

 

Doğma torpaqlara sürtüb üzümü

təsəlli tapıram varlıq adında,

bu yerdə, bu yurdda qalmaq adında.

Bizə qalanlarsa xatirələrdi

olanla yoxluğun aralığında.

Yarı uşaq kimi, yarı gənc kimi,

yaşadım dediyim, yaşam dediyim

Sığınıb qalıram xatirələrə.

Sən ey uçuq şəhər, dağılan kəndim!!!

 

Müharibə ona çox şey öyrədib. Ən əsas dərsi isə budur: insan ölümdən qorxmadan da yaşaya bilər, amma yaşamaq üçün ruhunun ayaqda qalması lazımdı. "Mən qaranlıqda daha yaxşı görürəm", - deyir. Bu onun poeziyasında da var.

Rəfail Tağızadə bir çox janrlarda yazır, müxtəlif mövzularda qələmə alır. Yazdıqları həm müasir dövrə, həm də klassik dəyərlərə söykənir. Onun şeirlərində insanın ruh dünyası, hissləri, həyatdan aldığı kiçik, amma dərin təəssüratlar çox aydın görünür. Sadə sözlərlə çox zəngin bir mənzərə yaradır, oxucunu öz duyğularına çəkir.

Adi bir kəlməni elə yerində işlədir ki, o söz içindən min mənaya açılır. İnsanlar arasında münasibətlər, təbiətə bağlılıq, həyatın öz axarı - hər şey şeirlərində dolğun görünür. Dili sadədi, amma hər sözün alt qatında böyük anlam yatır.

 

Gecənin sədası, səsi budursa,

yuxusu, xəbəri, sözü budursa,

gecənin mənası, özü budursa,

daha darıxmağa dəyməz bu gecə.

Onun şeirlərində payız tez-tez gəlir qapını döyməyə. Tənha dəniz sahilləri, içində ağlayan bir səs, ya da bağlanmış bir qapı... Payız onun üçün həm hüzn, həm də yeni başlanğıcdı. Dəniz isə suallarla dolu, amma cavab verməyən, sükutu ilə təsəlli verən bir sirdaşdır. Əgər bir gün dənizlə danışsaydı, ona "susqunluğun üçün sağ ol" deyərdi.

 

Üzünü ağaca söykəmə elə...

Qurumuş ağac da unudar özün.

O yerdən bir pöhrə pərvaz eyləyər,

içindən alışıb yanan o ağac

baxıb ağaclara, min naz eyləyər...

 

Rəfail Tağızadənin əcnəbi şairlərdən tərcümələri də çox maraqlıdır. Polyak şairlərini Azərbaycan dilinə çevirib, xalqlar arasında mədəni körpü qurub. Onun "Şairlər eyni dildə danışırlar" adlı antologiyası bir çox dillərdə yazan şairləri bir araya gətirib. O, sübut edib ki, şeir - dil fərqi tanımır.

2010-cu ildə böyük polyak bəstəkarı Şopenin yubileyi ilə bağlı yazdığı "Şopenin ürəyi" poemasına görə Polşanın Mədəniyyət Nazirliyindən diplom alıb. 2011-ci ildə isə Nobel mükafatı laureatı Çeslov Miloşun yubileyində Azərbaycanı təmsil edib. Şeirləri ingilis, alman, italyan, rus, polyak, ukrayna, özbək dillərinə tərcümə olunub.

Məsələn, məşhur polyak şairi Adam Zaqayevskinin bir şeiri Rəfail Tağızadənin tərcüməsində belə səslənir:

Həddindən çoxdu ölümlər,

kölgələr haqqında.

Həyat haqqında,

adi günlər haqqında,

harmoniyanın təşnəsi haqqında yaz...

 

...Həddindən çoxdu ölüm,

həddindən çox qara ilham...

Ağıl - həddindən az...

Dostluq körpülərinin

ümidsizlikdən ümidli olan

dəqiqələri haqqında yaz...

 

Rəfail Tağızadənin poetik tərcümələri, sözün əsl mənasında, uğurlu ədəbi nümunələrdi. Adətən tərcümə şeirlər dilimizdə "çəkingən" səslənir, amma onun çevirdikləri doğma dilimizdə doğulmuş kimidi.

Rəfail Tağızadə oxucusunu düşündürən, ürəyinə toxunan və həyatın dərinliyinə aparan şairdi. Onun şeirlərindəki səmimi insan sevgisi, vaxt keçsə də, dəyərindən heç nə itirmir. Əgər bir cümlə ilə özünü ifadə etməli olsa, yəqin ki, belə deyərdi:

"Ruhumla yaşadım, ruhumla yazdım".

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!