Ən irihəcmli nəsr əsəri janrı olan romanı müasir dövrdə teatr səhnəsinə adaptasiya edib tamaşaya qoymaq rejissorun özünə inamından xəbər verir. Xüsusilə, əgər həmin rejissorla əsərin müəllifi arasında bir neçə ildən bəri davam edən yaradıcı əməkdaşlıq və ən əsası, anlaşma formalaşıbsa, bu özgüvən hissi daha da möhkəmlənir. Və məsələ bu əməkdaşlığın təzahürlərinin sayında deyil, bir-birini tamamlama keyfiyyətindədir; Elçin-Mehriban Ələkbərzadə tandemi kimi.
Akademik Milli Dram Teatrının baş rejissoru, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə bu dəfə Xalq yazıçısı Elçinin "Baş" tarixi romanına səhnə həyatı verib. İyunun 24-də ictimai baxış tamaşası baş tutan səhnə əsərinin ən parlaq təəssüratını elə Bakı xanı Hüseynqulu xanın (Xalq artisti Kazım Abdullayev) qardaşı oğlu (Elnar Qarayev) tərəfindən qətlə yetiriləndən sonra xanın məşvərətçilərinin tövsiyəsi ilə başı bədənindən ayrılıb (1754-1806) tərəfdaş qazanmaq və ya sədaqətini (Fətəli şah: "Məgər Hüseynqulu xan bilmir ki, siyasətdə sədaqətin bir qara qəpiklik qiyməti yoxdur...") isbat etmək məqsədilə İran hökmdarı Fətəli şaha göndərilməkdən ötrü "səyahətə çıxan" başın sahibinin obrazının canlandırılması yaratdı - Əməkdar artist Füzuli Hüseynovun Gürcüstan zadəganlarının nökərindən Rusiya zadəganlığının knyazına və generalına, Qafqaz qoşunlarının baş hakimi rütbə və mövqelərinə kimi yüksəlmiş (və ya alçalmış) Pavel Dmitriyeviç Sisianovu (1754-1806) və ya gürcü əsilli Sisianişvilisi səhnədə göründüyü, dilləndiyi ilk dəqiqədən ən son anına kimi tamaşaçı diqqətinin cazibəsini saxladı. Aktyorun oyununda Sisianovun şəxsiyyətinin bütün cəhətləri - sadə gürcü keçmişi, nüfuzlu ruspərəst indisi, Rusiya imperiyasına sevgisi və inamı, "vəhşi" hesab etdiyi Qafqaz xalqlarına təkəbbürü o qədər təbii, inandırıcı, üzvi ştrixlərlə canlandırıldı ki, onun qətlə yetirilməsilə bu obrazın səhnə xronometrajının sona çatması təəssüf doğurdu. Füzuli Hüseynov Sisianovun replikalarını deklamasiya etmir, o Qafqazı Rusiya imperiyasının bir hissəsi etmək yolunda hər cür vəhşiliyi məqbul sayaraq, yerli əhalini "vəhşi" adlandıran Sisianova çevrilərək dediyi sözlərin səmimiliyinə inanıb-inandırmağı bacarır. Və təkcə elə bu təəssürat "Baş" tamaşasının uğurlu tamaşalar sırasında yerini təmin edir.
Xalçaçı Hacı Muxtar bəylə (Kazım Həsənquliyev) Sisianovun dialoqu olan səhnə yaddaqalan effekti ilə seçildi. Muxtar bəy Sisianovun ayaqları altına şöhrəti dünyaya yayılmış Şirvan xalçasının mükəmməl nümunələrindən birini atıb, ona özünü Qafqazda ölümcül bəladan gözləməli olduğunu deyir. Sisianov isə gözəl xalçanın bir küncünü o tərəf-bu tərəfə çevirərək ayaqqabılarının tozunu nəfis naxışlara silə-silə bir tək onun həlak olması, yaxud qətlə yetirilməsi ilə Rusiya imperiyasına xidmət edənlərin tükənməyəcəyini söyləyir.
Tamaşanın finalında Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağabəyim Ağanın (Günəş Təkin) Rusiya imperiyasına ünvanlanmış bəddua monoloqu da təsirli səhnələrdən biridir.
Uzaq və ya yaxın dövrə aidliyindən asılı olmayaraq tarixi mövzunun səhnəyə gətirilməsi cəmiyyətin güzgüsü olan teatr sənətinin köməyilə, vasitəsilə çağdaş zamanı, müasir dövrü, indiki insanları anlamaq ehtiyacından doğur. Elçinin "Baş" romanının Mehriban Ələkbərzadənin quruluşundakı eyniadlı səhnə versiyası, tamaşası da güzgü, ayna olaraq tamamilə aydın cizgiləri bizə göstərdi. Əlbəttə, yaxşı olardı ki, tamaşanın dinamikliyi rəvanlıq tələblərini unutmadan daha artıq olsun, personajların sözlərini daha ifadəli aktyorluq oyunu vasitələri müşayiət etsin, deklamasiya effekti ümumiyyətlə olmasın. Lakin bununla belə Akademik Milli Dram Teatrının "Baş" tamaşası müəllif-rejissor anlaşmasının yeni gözəl təzahürlərindən biri kimi özünü təsdiq edir. Səhnə əsərində tarixi hadisələrin və şəxsiyyətlərin timsalında xalqın millət olmaq yolundakı gerçəklərdən doğan qənaətləri səhnə həllini tapıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!