Düz 1974-cü il idi. Bir neçə ay əvvəl, 1973-cü ilin son aylarında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına Ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə bir yer uğrunda on bir nəfərin mübarizə apardığı qəbul imtahanlarında önə çıxıb akademik Məmməd Cəfər Cəfərovun rəhbərlik etdiyi eyniadlı şöbənin aspirantı olmaq arzuma çatmışdım. Mövcud prosedurlara uyğun olaraq, institutun Elmi şurasından, İctimai Elmlər Bölməsindən və nəhayət, Akademiyanın o zamankı prezidenti, QB kimi zəhmli ad çıxarmış akademik Həsən Abdullayevin sədrlik etdiyi Rəyasət Heyətinin çətin və gərgin sınaqlarından keçərək, 1974-cü ilin əvvəllərində aspiranturaya qəbul olmağımız təsdiqlənmişdi. Məmməd Cəfər müəllim Ədəbiyyat nıəzəriyyəsi şöbəsinin iclasında yeni aspirant kimi məni təqdim edib, əməkdaşlardan hansı elmi ədəbiyyatları oxumaq üçün təkliflərini bildirmələrini istədikdə çoxsaylı elmi ədəbiyyatlar diqqətimə çatdırılmışdı. Hər biri mənim üçün indi də örnək olan Ədəbiyyat nəzəriyyəsi şöbəsinin əməkdaşlarından Elçin, Yaşar Qarayev, Arif Hacıyev, Şamil Salmanov Qərb və rus ədəbiyyatışünaslığından bir çoxunun yalnız adlarını eşitdiyim müəlliflərin əsərlərini oxuyub öyrənməyi təklif etdilər. Aristotel, Platon, Sokrat, Lessinq, Vissarion Belinski, Leonid Timofeyev, Yuri Man, Vanslov, Suçkov, Jirmunski, Abramoviç və başqalarının kitablarının az qala iki səhifəlik siyahısını tərtib etməli olmuşdum. Sonda Məmməd Cəfər müəllim bildirdi ki, kimin başqa tövsiyəsi olarsa, fərdi qaydada da siyahıya əlavə edə bilərlər. Qarşımda yeni bir dünya açıldı. Aspirantlıq müddətində tövsiyə edilən kitabların hamısını əldə edib oxumaqdan başqa, həmin kitablardakı ədəbiyyat siyahılarından mənim üçün maraqlı olan bir çox başqa kitabları da mütaliə edib, mövzumla əlaqədar qeydlər götürdüm. Hətta o vaxtlar dəbdə olan Moskvadakı Lenin kitabxanasına da bir neçə dəfə gedib, araşdırmalar da aparmışdım... Hətta 1985-ci ildə oxuyub öyrəndiklərim və araşdırmalarım əsasında ali məktəblər üçün "Ədəbiyyat nəzəriyyəsi" adlı bir dərs vəsaiti də yazıb çap etdirdim.
Nə isə. Növbəti dəfə Ədəbiyyat nəzəriyyəsi şöbəsinin iclasında dissertasiya mövzum müzakirə edilməsi nəzərdə tutulmuşdu. İclasdan bir qədər əvvəl gəlmişdim. Şöbədəki cavan oğlanı üzdən tanıdım. Bundan əvvəlki iclasda iki nəfər ədəbiyyat siyahısı haqqında təklif bildirməmişdi. Onlardan birini tanıyırdım. O, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya elmləri namizədi Arif Səfiyev idi. Aspirantiuraya sənədləri elmi katib qəbul etdiyi üçün onu görmüşdüm. Bu cavan oğlanı isə cəmi bir dəfə görsəm də, kim olduğunu bilmirdim. Qapını açıb içəri girən kimi mənə yaxınlaşıb nə isə demək istədi. Elə bildim ki, şöbəmizin müdiri Məmməd Cəfər müəllimin tapşırığına əsasən bu gənc elmi işçi də əvvəlki iclasda böyüklərin yanında demək istəmədiyi ədəbiyyatları mənim siyahıma yazdıracaqdır. Tam əksinə oldu:
- O gün sənə yazdırılan kitabların içərisində Aristotelin "Poetika" əsəri də var idi. Lap bu günlərdə "Poetika" Azərbaycan dilində çıxıb. Məndə var. Tapa bilməsən, oxumaq üçün "Poetika"nı sənə verərəm. Qaytarmaq şərti ilə.
Görkəmli filosof alim və tanınmış şair Aslan Aslanovun rus dilindən tərcümə edib, samballı bir müqəddimə, nəzəri xarakterli sözardı və şərhlərlə nəşr etdirdiyi Aristotelin "Poetika" əsəri düz 1974-cü ildə çapdan çıxmışdı. Beləliklə, mən Məmməd Cəfər Cəfərovun və onun intellektual elmi qvardiyasının təklif etdiyi "Ədəbiyyat siyahısı"na Aristotelin "Poetika" kitabını oxuyub öyrənməklə başladım.
Mənim Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspirantı Məmməd Əliyevlə tanışlığım belə baş verdi. O, məndən bir il əvvəl aspiranturaya qəbul olmuş, deməli, "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin ədəbiyyat siyahısı imtahanından da keçmişdi.
Məmməd Əliyev akademik Məmməd Cəfər Cəfərovun elmi rəhbərliyi ilə "Azərbaycan xalq şeirinin forma və şəkilləri" mövzusunda namizədlik dissertasiyasını Azərbaycan Elmlər Akademiyasında uğurla müdafiə etmişdir. Sonra ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə "Heca ölçülü şeirin vəzn və evfoniya problemləri" mövzusunda doktorlkuq dissertasiyasını Gürcüstan Elmlər Akademiyasının dissertasiya şurasında müdafiə edərək filologiya elmləri üzrə ən cavan elmlər doktorlarından biri olmuşdu. Uzun illər ərzində Məmməd Əliyevlə olan yaxın münasibətlərimə və onun çap etdirdiyi elmi əsərlərə istinad edərək, inamla deyə bilərəm ki, Məmməd Əliyev də Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin tələbkar və intellektual ədəbiyyat dərslərini yüksək səviyyədə keçənlərdən biridir. Hələ çox illər əvvəl müşahidə etmişdim ki, Məmməd Əliyev ənənəyə görə Azərbaycanda və Rusiyada çap olunan nəzəri ədəbiyyatlardan başqa, Orta Asiyada və Gürcüstanda çıxan elmi əsərləri də ələk-vələk etmişdi. Bu mənada Məmməd Əliyevin iri həcmə malik olan "Ədəbiyyat nəzəriyyəsi" adlı dərslik yazıb çap etdirməsi tamamilə təbii və məntiqli bir haldır. Məmməd Əliyevin yüksək elmi hazırlığı və təcrübəsi mənəvi cəhətdən buna tam haqq qazandırır. O, uzun illər Ədəbiyyat nəzəriyyəsi üzrə tədqiqatlar aparmaqla yanaşı, həm də ali məktəblərdə bu fənni tədris etmişdir. Filologiya elmləri doktoru, professor Məmməd Əliyev ölkəmizin yüksək hazırlıqlı, peşəkar ədəbiyyat nəzəriyyəçilərindən biridir. Həm də Məmməd Əliyevlə biz birlikdə XX əsrin yetmişinci illərində özünün intibah dövrünü yaşayan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, xüsusən də özünün intellektual səviyyəsi ilə fərqlənən "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin, bu şöbənin rəhbəri, görkəmli nəzəriyyəçi alim, akademik Məmməd Cəfər Cəfərovun məktəbini keçmişik.
Professor Məmməd Əliyev ədəbiyyat nəzəriyyəsinin mühüm əsaslarından birini təşkil edən poetik məsələləri üzrə mükəmməl biliklərə malikdir. O, Azərbaycan ədəbiyyatşünaslıq elmində şeirşünaslıq üzrə profesional bir tədqiqatçıdır. Məmməd Əliyevin müxtəlif illərdə nəşr etdirdiyi "Azərbaycan şeirinin vəznləri" (1983), "Dədə Qorqud şeiri" (2000), "Azərbaycan şeir sənəti" (2000), "Azərbaycan xalq şeirinin şəkilləri" (2001), "Heca vəznli Azərbaycan şeirinin vəzn və evfoniya problemləri" (2008), "Molla Pənah Vaqif və Məhdimqulu Fəraqi şeirinin poetikası" (2016) və başqa elmi əsərləri Azərbaycan şeirşünaslığının mükəmməl elmi-nəzəri əsaslarından ibarət olan orijinal tədqiqatlardır. Alimin "Türkdilli şeirdə təfilə və onun ritmik funksiyası" (2023) adlı tədqiqatı məşhur əruzşünas alim Əkrəm Cəfərin "Azərbaycan əruzunun nəzəri əsasları" kitabından sonra bu vəznin poetikasına həsr edilmiş ən qiymətli elmi əsərlərdən biridir. Elmdə əruz vəznlərinin bəhrləri haqqında çox yazılmasına baxmayaraq, bəhrlərin tərkib hissəsi olan təfilələrə həsr olunmuş ayrıca irəli həcmli elmi əsərlər göstərmək çətindir. Məmməd Əliyevin "Türkdilli şeirdə təfilə və onun ritmik funksiyası" monoqrafiyası Şərq şeirşünaslığının nadir nümunələrindən biridir.
Elm sahəsində olduğu kimi, professor Məmməd Əliyev təşkilati işlərdə də mükəmməl yol keçmişdir. O, hələ cavan yaşlarında Azərbaycan SSR Ali və Orta Təhsil Nazirliyinin Tədris-metodika kabinəsinin müdiri kimi respublika üzrə ali məktəb dərsliklərinin və elmi-metodiki ədəbiyyatın hazırlanmasına və nəşrinə cavabdeh şəxs missiyasını məsuliyyətlə yerinə yetirmişdir. Onun Azərbaycan Dövlət İqtisad Universitetində "Azərbaycan dili və ədəbiyyat" kafedrasına rəhbərliyi də ali təhsil tariximizin maraqlı səhifələrindən biri olmuşdur. Məmməd müəllim uzun illər əvvəlcə Mədəniyyət və İncəsənət Universitetinin, sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Quba Filialına uğurla rəhbərlik etmişdir. Bu mənada Məmməd Əliyevə 1943-1945-ci illərdə Quba Müəllimlər İnstitutunun prorektoru vəzifəsində çalışmış unudulmaz ustadımız akademik Məmməd Cəfər Cəfərovun orada başladığı işləri davam və inkişaf etdirmək missiyası qismət olmuşdur. Məmməd Əliyevin Quba Filialını formalaşmış bir ali məktəb səviyyəsinə qaldırmaqla bərabər, həm də bu ali təhsil ocağında akademik Məmməd Cəfər Cəfərovun adına xüsusi bir auditoriya yaratması da onun mənəvi borcuna sədaqətinin əməli ifadəsidir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda da bizim nəslin nümayəndələri: filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramov, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qafqazlı, bizdən bir az sonra Ədəbiyyat İnstitutuna gəlmiş filologiya elmləri doktoru, dosent Vaqif Yusifli filologiya elmləri doktoru Rəhim Əliyev və o cümlədən də professor Məmməd Əliyev daşıdıqları vəzifələrə həm də məbəd hesab etdiyimiz elmi tədqiqat ocağı qarşısında mənəvi borcumuzun ifadəsi kimi də baxırlar. Bir neçə il Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini vəzifəsində məsuliyyətlə çalışan Məmməd Əliyev hazırda institututun "Türk xalqları ədəbiyyatı" şöbəsinə bacarıqla rəhbərlik edir. O, ədəbiyyat nəzəriyyəsi üzrə elmi-nəzəri seminarın rəhbəri kimi yeni nəsil ədəbiyyat nəzəriyyəçilərinin formalaşmasına kömək edir, bələdçilik və məsləhətçi vəzifəsini şərəflə yerinə yetirir. Məmməd Əliyevin elmi rəhbərliyi ilə elmi dərəcələr və elmi adlar qazanmış yüksək ixtisaslı mütəxəssislər bu gün Milli Elmlər Akademiyası sistemində və ali məktəblərimizdə uğurla fəaliyyətlərini davam etdirməkdədirlər.
Son illərdə filologiya elmləri doktoru, professor Məmməd Əliyevin fəaliyyətinin daha bir fərqli səhifəsi də meydana çıxmışdır. Belə ki, Məmməd Əliyev qısa müddətdə, 2021-ci ildən etibarən əvvəlcə bir-birini tamamlayan üç romanını - "Həsrətin o üzü" (2021), "Karvan köçər, ötər gedər sədası" (2021), "Mavi yaşıl gözlərin işığı" (2023) adlı romanlarını oxuculara təqdim etmiş, daha sonra isə "Bir uzaq yaşıl ada" romanını çap etdirmişdir. "Həsrətin o üzü", "Karvan köçər, ötər gedər sədası" və "Mavi yaşıl gözlərin işığı" romanları konkret bir dövrün, həmin tarixi mərhələnin səciyyəvi problemlərini və simalarını əks etdirdiyi üçün janr baxımından filologiya miqyasında yazılmış əsər kimi qiymətləndirilə bilər. Lakin Məmməd Əliyev mövzunu inkişaf etdirərək "Bir uzaq yaşıl ada" romanını meydana qoymaqla janrın sərhədlərini genişləndirməklə və daha geniş bir dövrün, əslində müəyyən bir epoxanın problemlərini təsvir etməklə trilogiyanın sədlərini aşmışdır. İndiki halda Məmməd Əliyevin mövzusu, problemləri, obrazları ilə biri-birindən doğan romanları tam halda bir yerdə epopeya təssüratı yaradır. Müəllif XX əsrin qırxıncı illərindən səksəninci illərin sonlarına qədərki hadisələri və həmin dövrün adamlarının taleyini mövcud epoxanın mahiyyəti və fəlsəfəsi ilə üzvü əlaqədə təsvir etmişdir. Romanlar silsiləsinin baş qəhrəmanı olan Murad təxminən yarım əsrlik bir tarixi mərhələdə sovet cəmiyyətində gedən gərgin proseslərin ağrılarını özündə əks etdirən, çətin və əzablı ömür yaşasa da, daim gələcəyə, irəliyə doğru can atan və özünəməxsus idealı olan obraz kimi ümumiləşdirici xüsusiyyətlərə malikdir. Məmməd Əliyevin təqdimatında Murad obrazı əslində həm də müəllifin estetik idealının daşıyıcısı olan rezenyor surətdir. Qəhrəmanın adındakı etimoloji məna - arzuya, murada çatmaq qayəsi də şəxsi xarakter daşımayıb, mənsub olduğu xalqın obrazın yaşadığı mənəvi-psixoloji və siyasi-ideoloji buxovlardan xilas edilməsi mənasını ifadə edir. Bu isə öz növbəsində o deməkdir ki, romanlar silsiləsində bir ailənin timsalında sovet cəmiyyətinin daxili aşınması, mənəvi cəhətdən iflası, siyasi baxımdan etibarını və nüfuzunu itirməsi kimi məsələlər təbii hadisələrin axarında təsvir edilib ümumiləşdirilmişdir. Bunlar nəticə etibarilə Məmməd Əliyevin romanlar silsiləsində dövlət müstəqilliyi və milli istiqlal ideyasını təqlin etdiyini göstərir.
Şərti olaraq "Həsrətin o üzü" adlandırdığımız romanlar silsiləsi Məmməd Əliyevin aid olduğu ədəbi cərəyan haqqında da söz deməyə əsas verir. Dövrü mətbuatda çap olunan rəylərdə "Həsrətin o üzü" epopeyasına görə Məmməd Əliyevin magik realizm ədəbi cərəyanına mənsub olması fikri ifadə olunmuşdur. Həqiqətən də romanlar silsiləsində magik realizm ədəbi cərəyanı ilə səsləşən xüsusiyyətlər vardır. Romanlarda hamsın müşahidə olunan dini-mistik motivlər, mifoloji baxış, bəxt-tale süjeti magik relizmin gerçək əlamətləridir. Bundan başqa, romanlar silsiləsində dövrün bəzi ictimai hadisələrinə, tərəflər arasındakı müəyyən qütblərə münasibətdə tənqidi realizmə xas olan xüsusiyyətlər də nəzərə çarpmaqdadır. Xüsusən, romanlar silsiləsindəki avtobioqrafik məqamlar, memuar xarakterli real hadisələr də tənqidi realizm ruhunda təqdim olunur. Həmçinin romanlar silsiləsində səyahətnamə cizgilərinin ana-övlad münasibətlərinin və sevgi macəralarının təsvirində, gündəliklərdən istifadə olunmasında sentimentalizm notları da görmək mümkündür. Belə olduğu halda, Məmməd Əliyevi hansı ədəbi cərəyana aid etmək elmi cəhətdən daha doğru sayıla bilər?
Fikrimizcə, "Həsrətin o üzü" romanlar silsiləsinin müəllifi Məmməd Əliyev müstəqillik dövrü Azərbaycan ədəbiyyatında son onilliklərdə müşahidə edilən akademizm ədəbi cərəyanına mənsub alim-yazıçıdır. Əvvəla, romanlar silsiləsində baş qəhrəaman Muradın həyatı və taleyinin yaşadığı epoxanın ictimai-siyasi prosesləri və mənəvi münasibətləri ilə əlaqəli şəkildə təsviri prosesində müəllif zamanı analitik təhlildən çıxardığı obyektiv nəticələrə uyğun şəkildə təqdim edir. İkincisi, romanlar silsiləsində Məmməd Əliyevin müraciət etdiyi xatirələrdəki, gündəliklərdəki əhvalatlar və təəssüratlar sentimental düşüncələri deyil, əslində onun hadisələrin mahiyyətini açmaq, yaxud da prosesləri istiqamətləndirmək üçün istinad etdiyi mənbələr funksiyası daşıyır. Bundan başqa, "Həsrətin o üzü" epopeyasında bir çox tarixi simaların və elm xadimlərinin həyatından alınmış gerçək epizodlar öz əksini tapmışdır. Məmməd Əliyevin elmi-ictmai mühitdən alıb əsərə gətirdiyi obrazlar romanlar silsiləsinin axarını təcəssüm etdirən real həyatda yaşamış şəxsiyyətlərdir. Qüdrətli və zəif xüsusiyyətlərə malik olmalarından, əsərdə az, yaxud çox yer tutmasından asılı olmayaraq, buradakı tarixi simalar, elm adamları və yaradıcı şəxsiyyətlərlə əlaqədar hadisələr alim-yazıçının qayəsinin açılmasına və ya idealının əks etdirilməsinə xidmət edirlər. Müəllifin özünün də bədii təfəkkürüə malik olan elm adamı olması istər-istəməz onun yeri gəldikcə mütəfəkkir simaların tərcümeyi-halından, elmi-fəlsəfi əsərlərindən nümumələr göstərilməsini, sitatlar gətiməsini şərtləndirmişdir. Əsərdə antik yunan filosofu Aristotelə işarə kimi Ərəstün adlı yaradıcı bir şəxsin bədii obrazının yaradılması da təsadüfi olmayıb, alim-yazıçının ictimai proseslərin gedişatını göstərmək üçün analitik baxışa meydan vermək niyyətinin ifadəsidir. Əslində "Həsrətin o üzü" anlayışı da tərcümeyi-hal sferasındakı avtobioqrafik mənanı, şəxsi tale məsələsini deyil, xalqın ictimai taleyi mənasını əks etdirir. Züleyxa ana və Muradı üçün "Həsrətin o üzü" təkcə ərsiz-atasız ailənin məşəqqətlərini yox, mövcud cəmiyyətin ictimai ədalətsizliklərindən o tərəfdəki, xalqın öz idealına çatmağa doğru arzusunu ifadə edir.
Nəhayət, dünya təcrübəsindən məlum olduğu kimi, digər ədəbi cərəyanlarla müqayisədə akademizin daha geniş ideya-estetik imkanalara, çoxmənalı, çoxtərəfli mətnləri, paralel süjetləri əks etdirmək xüsusiyyətlərə malik olması bu ədəbi cərəyanın özündə bir neçə ədəbi axının xüsusiyyətlərini cəmləşdirməsinə imkan verir. Digər ədəbi cərəyanlarda da dominant ədəbi cəbhə daxilində fərqli ədəbi axınlara xas olan motivlərdən, yanaşmalardan istifadə etmək ənənəsi olsa da, bu cəhətdən akademizmin sərhədləri daha genişdir. Bu baxımdan "Həsrətin o üzü" romanlar silsiləsində müxtəlif ədəbi cərəyanların xüsusiyyətlərini əks etdirən məqamların, təsvirlərin olması akademizm ədəbi cərəyanının xüsusiyyətidir. Buna baxmayaraq, elmi-nəzəri fikirdə hələlik akademizm ədəbi cərəyanı haqqında tədqiqatların olmaması, bu ədəbi cərəyanın ideya-estetik prinsiplərinin və poetik sisteminin elmi cəhətdən bəyan edilməməsi Məmməd Əliyevin aid olduğu ədəbi cərəyan haqqında qəti fikir deməyə, yaxud onun akademizm ədəbi cərəyanının daşıyıcısı olmasına dair yekun qənaətləri ifadə etməyə imkan vermir. Əsl həqiqətdə isə müasir Azərbaycan ədəbiyyatında və incəsənətində akademizm müstəqil bir ədəbi cərəyan kimi formalaşmaqdadır. Xüsusən, son bir neçə ildə Milli Elmlər Akademiyasında "Fizika və lirika" müzakirələrinin aparılması bədii yaradıcılıqda elmi idrakla və ya ilhamla yazılmış əsərlərin fərqli xüsusiyyətlərinin müəyyən edilməsinə imkan yaratmışdır. Bu, ölkəmizdə təkcə mənsub olduğu sahəyə görə deyil, həyatı təsviretmə və tərənnüm üsulları baxımından fərqli mövqeyə, özünəməxsus yanaşma tərzinə görə kifayət qədər alim-heykəltəraş (Ömər Eldarov), alim-rəssam (Arif Hüseynov), alim-yazıçı (Teymur Bünyadov, alim-şair (Vüqar Əhməd, Elçin İskəndərzadə, Əhməd Qəşəmoğlu və b.) qismində özünü tapmış yaradıcı simaların yaşayıb-yaratdığını aşkara çıxarmışdır. Məmməd Əliyev də akademizm ədəbi cərəyanını təmsil edən tanınmış alim-yazıçılardan biridir. Fikrimizcə, romanlar silsiləsindəki magik realizm məqamları bu əsərləri zənginləşdirən faktorlardan biri olsa da, müəllifin qayəsini, əsərin əsas ideyasını əks etdirmir.
Göründüyü kimi, filologiya elmləri doktoru, professor Məmməd Əliyev müstəqillik dövrü Azərbaycan elmi-ədəbi fikrində alim-yazıçı missiyasını uğurla həyata keçirən, elmdə ədəbiyyat nəzəriyyəsinə, bədii yaradıcılıq sahəsində isə akademizm ədəbi cərəyanına mənsub olan görkəmli alim-yazıçıdır. Onun bədii əsərləri müasir Azərbaycan ədəbiyyatında akademizm ədəbi cərəyanının formalaşdırılmasına xidmət edən əhəmiyyətli ədəbiyyat nümunəsləridir. Bu mənada alim-yazıçı Məmməd Əliyevin elmi fəaliyyəti ilə bədii yaradıcılığı bir-birini üzvü surətdə tamamlayır. Bu fakt, yəni elmi fəaliyyətlə bədii yaradıcılığın qovşağında yazıb-yaratmaq Məmməd Əliyevin çoxcəhətli fəaliyyətində həm ədəbiyyatşünaslıq elminin həm də ədəbiyyatını-akademizmin xeyrinə olub, qarşılıqlı zənginləşməyə xidmət edir. Bütün bunlar həm də filologiya elmləri doktoru, professor Məmməd Əliyevin elmdəki ədəbiyyat nəzəriyyəçiliyindən bədii yaradıcılıqda akademizm ədəbi cərəyanına doğru keçdiyi şərəfli və məsuliyyətli yolun elmimiz və ədəbiyyatımız üçün də faydalı olan təcrübələri və dərsləri kimi də mühüm əhəmiyyətə malikdir.
9 iyun 2025-ci il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!