Ədəbi yaddaşın qoruyucusu - Sevinc Ayazqızı HEYDƏROVA

Sevinc Ayazqızı Heydərova

Filologiya üzrə fəlsəfə doktoru, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

 

Muzeylər tarixin qədim dövrlərini elm və sənət prizmasından araşdıraraq təqdim edən və özü də getdikcə formalaşan mədəniyyət ocaqlarıdır; xalqın tarixinin, ədəbiyyatının, mədəniyyətinin aynasıdır.

Müxtəlif dövrlərdə Azərbaycanın böyük hökmdarlarının, dövlət adamlarının, sərkərdələrinin saraylarında, elm və irfan mərkəzlərində, dini qurumlarda maddi-mədəni irs toplanıb. Bu da muzey işinin əsasını təşkil edib. Azərbaycanın görkəmli sənət xadimlərinin, bədii, tədqiqi, xalq sənəti ustalarının yaratdıqları əsərlər illər boyu toplanaraq ölkəmizdə muzeylərin təşkilinə zəmin yaradıb.

Muzeylər, əsasən, XIX-XX əsrlərdə yaranmağa başlayıb. Əslində, Azərbaycanın qədim və zəngin muzeyçilik və kolleksiyaçılıq ənənələri olub. Vaxtilə Azərbaycan hökmdarlarının - Atabəylərin, Eldənizlərin, Ağqoyunluların, Qaraqoyunluların və Səfəvilərin saraylarında da qiymətli materiallardan nəfis şəkildə işlənmiş gözəl sənətkarlıq nümunələri sərgilənib. Rəsm əsərləri və xalq yaradıcılığı inciləri mühafizə edilib. Bu dəyərli eksponatlar müxtəlif səbəblərdən dünya muzeylərinə yol açıb. Və bu gün öz tamaşaçılarına Azərbaycan tarixindən, mədəniyyətindən, ədəbiyyatından həqiqətləri danışır.

Azərbaycanda ədəbiyyat muzeyləri şəbəkəsinin yaranması ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövrünə (xüsusilə 1969-1982-ci illər və 1993-2003-cü illər) təsadüf edir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə həmin illərdə ədəbiyyatla bağlı ev-muzeylərinin yaradılması, genişləndirilməsi və yenidən qurulması üçün geniş tədbirlər görülürdü. Belə ki, Mərdəkanda Sergey Yeseninin (1975), Şuşada Xurşidbanu Natəvanın (1987) və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi (1982), Bakıda Xalq şairi Səməd Vurğunun ( 1975), Nəriman Nərimanovun (1977), Məmməd Səid Ordubadinin (1979) ev-muzeyləri açılıb. Eləcə də, Cəfər Cabbarlının (1982), Naxçıvanda və Tiflisdə Cəlil Məmmədquluzadənin (1994), Şamaxıda Mirzə Ələkbər Sabirin (1981) ev-muzeyləri ziyarətçilərin ixtiyarına verilib. Bu sırada Hüseyn Cavidin, Abdulla Şaiqin ev-muzeyləri də var. Azərbaycanın zəngin bədii irsinin qorunması və tanıdılması, həm də yeni nəsillərə çatdırılması və maarifçilik missiyasının daşınmasında həmin muzeylərin əvəzsiz rolu var.

Ölkənin mədəni həyatında mühüm yer tutan muzeylərdən biri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyidir. Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və dəstəyi nəticəsində muzey yeni bir mərhələyə qədəm qoyub, həm elmi, həm də ekspozisiya baxımından zənginləşib.

Ümummilli lider Heydər Əliyev Nizami muzeyini üç dəfə ziyarət edib. İlk gəlişi 1970-ci ildə Cəfər Cabbarlının 70 illiyi ilə bağlı idi. İkinci gəlişi 1981-ci ildə Nizami Gəncəvinin 840 illik yubileyi münasibəti ilə olub. Üçüncü gəlişi isə 1990-cı ilə təsadüf edib. Heydər Əliyev bu gəlişində Moskvada nəşr etdirdiyi Nizami Gəncəvinin əsərlərinin muzeyin ekspozisiyasında nümayişindən məmnun olur.

Muzeyin yaranması dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi ilə bağlı olub. Nizami muzeyi 1 noyabr 1939-cu ildə Azərbaycan Xalq Komissarları Şurasının 4972 saylı qərarı ilə yaradılıb. 1941-ci ildə şairin təntənəli yubileyi və muzeyin açılışı olmalı idi. Təəssüf ki, 1941-1945-ci illər İkinci Dünya müharibəsinin başlanması muzeyin açılışını gecikdirir. Müharibə şəraitinin olmasına baxmayaraq, şairin 800 illiyi Leninqradda (indi Sankt-Peterburq) Ermitajda qeyd edilir. Rəssam Vaqif Hüseynovun muzeydə sərgilənən "Ermitaj. 1941-ci il. Nizami yubileyi" adlanan əsərində bu tarixi hadisə əksini tapıb.

O dövrün mətbuatı da bu tarixi hadisəni öz səhifələrində işıqlandırırdı. Onlardan biri də, bu günə kimi Nizami muzeyi ilə bağlı yazılar dərc edən "Ədəbiyyat qəzeti"dir.

Hələ Nizami muzeyi yaranmadan əvvəl "Ədəbiyyat qəzeti"nin 6 may 1938-ci il sayında çap olunan "Azərbaycanda ədəbiyyat muzeyi təşkil etmək lazımdır" məqaləsini oxuyuruq. Burada Azərbaycan Yazıçılar İttifaqının ədəbiyyat muzeyinin təşkil edilməsi haqqında təşəbbüs etmələri və bunun ədəbiyyat sahəsinin ən mühüm və lazımlı işlərindən biri olduğu vurğulanır.

Qəzet muzeyin açılışı ilə bağlı hazırlıqları səhifələrində işıqlandırır, həmçinin Nizami Gəncəvinin 800 illik yubileyindən bəhs edirdi. Yazıların daha çox məlumat xarakterli olmasına baxmayaraq ədəbi mühitin fikri və muzeyin açılışına münasibət maraqlı idi.

22 oktyabr 1939-cu il "Nizamiyə həsr olunan sərgi-muzey" başlıqlı yazıda Azərbaycan xalqının böyük şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən sərgi-muzeyin açılışından bəhs edilir. Azərbaycan Həmkarlar İttifaqı Sovetinin o zamanlar yerləşdiyi üçmərtəbəli bina (həmin illərdə Nizami muzeyinin III mərtəbəsində AHİ fəaliyyət göstərirdi) bütövlüklə Nizami sərgi-muzeyinə verilir. Nizami sərgisinin təşkili ilə bağlı komissiya yaradılır. Bu komissiyaya rəhbərlik rəssam Salam Salamzadəyə həvalə olunur. Leninqrad (indi Sankt-Peterburq) bəstəkarları Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş qapalı müsabiqədə iştirak etmək istəklərini Azərbaycan Xalq Komissarları Soveti İncəsənət İşləri İdarəsinə bildirir. Qəbul edilmiş qərara əsasən elmi tədqiqatçılarla yanaşı heykəltəraşlar, rəssamlar, bəstəkarlar bu işə cəlb olunur.

Muzeyin yaradılması qərarı təsdiqlənəndən sonra "Ədəbiyyat qəzeti"nin 1 dekabr 1939-cu il tarixli sayında "Nizami" almanaxı haqqında" yazı dərc olunur. Və  Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə Azərbaycan və rus dillərində elmi-tədqiqat və ədəbi-bədii almanax nəşr edilməsi məsələsi qaldırılır. Almanaxın birinci kitabının 1940-cı ilin yanvar ayında nəşr edilməsi nəzərdə tutulur. Kitabda, əsasən, heç bir yerdə çap edilməmiş məqalələr və bədii əsərlər dərc ediləcəkdir. Nizami almanaxını nəşrə hazırlayanlar arasında Nizami adına Dil və Ədəbiyyat İnstitutunun elmi işçilərindən Həmid Araslı, Mübariz Əlizadə və başqalarının adı çəkilir.

16 avqust 1940-cı il sayında "Ədəbiyyat qəzeti" artıq "Nizami muzeyinin bədii quruluşu planının təsdiqi" haqqında məlumat verir. Keçirilən yığıncaqda Nizami muzeyinin direktoru Əhəd Bağırzadə və baş rəssam İsmayıl Axundzadə məruzə edirlər. Məruzə əsasında aparılan müzakirələrdə Mirzə İbrahimov, Əhəd Yaqubov, Cavad bəy Rəfibəyli, Cəfər Xəndan, Salam Salamzadə və başqaları bədii tərtibatın planını dəstəkləməklə bərabər öz fikir və təkliflərini də bildirirlər. Beləliklə, Nizami muzeyinin daxili quruluşu və bədii tərtibatının planı da təsdiq olunur.

"Ədəbiyyat qəzeti" 1946-cı il 24 oktyabr sayında yazır: "Azərbaycanın böyük şairi Nizami Gəncəvinin anadan olmasının 800 illiyi ilə əlaqədar olaraq Nizami muzeyində ciddi hazırlıq işləri gedir. Muzeydə yubiley günlərinə kimi "Nizami və dünya ədəbiyyatı", "Nizamidən sonra Azərbaycan ədəbiyyatı", "Nizami və dövrümüz" adlı üç yeni şöbə açılacaqdır. Bundan başqa, filoloji elmləri namizədi Həmid Araslı yoldaş muzeyin bütün şöbələrini əhatə edən "Nizami muzeyi" adlı bir kitab yazıb qurtarmışdır. Kitab çapa hazırlanır." Qəzetin tarixi səhifələrini vərəqlədikcə Nizami muzeyinin yaranan gündən bu günə kimi bütün nailiyyətlərinin izləndiyinin şahidi oluruq.

Nəhayət, muzeyin ilk açılışı 1945-ci il mayın 14-də baş tutur. Şairin həyat və yaradıcılığını əks etdirmək məqsədi ilə yaradılmış muzey illər ötdükcə ən qədim zamanlardan müasir dövrə qədər Azərbaycan ədəbiyyatını nümayiş etdirən mədəniyyət və elm ocağına çevrilir. Muzeyin filialları yaranmağa başlayır.

1999-cu ildən Mərdəkanda yerləşən Sergey Yeseninin ev-muzeyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin tərkibinə daxil edilir. 2008-ci il 22 noyabr tarixindən muzeyin direktoru, akademik Rafael Hüseynovun təşəbbüsü ilə ev-muzeyi Sergey Yesenin adına Azərbaycan-Rus Ədəbi Əlaqələri Mərkəzinə çevrilir. Xurşidbanu Natəvan adına Qarabağ, Əfzələddin Xaqani adına Aran regional (2005-ci il dekabr ayından) filialları da Nizami muzeyinin tərkibində fəaliyyətlərini davam etdirir.

2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nizami muzeyinin əsaslı şəkildə yenilənməsi ilə bağlı Sərəncam imzalayır. Prezident İlham Əliyevin iştirakı ilə Nizami muzeyinin açılışı yenə də ənənəyə sadiq qalaraq mayın 14-də qeyd olunur. Bu günü də yenə ilk olaraq təfərrüatı ilə "Ədəbiyyat qəzeti"nin səhifələrində görürük ( "Ədəbiyyat qəzeti" 15 may, 2009-cu il). O gündən hər ayın 14-ü Nizami muzeyində Açıq qapı günü keçirilir.

Bu il qapılarını açdığı ilk günün 80-ci ilini qeyd edən muzeyin ekspozisiyasında tariximiz, mədəniyyətimiz və ədəbiyyatımız xronoloji şəkildə təbliğ və təqdim edilir. Azərbaycanın görkəmli ədiblərinin yubileyləri keçirilir. Onların həyat və yaradıcılığını əks etdirən sərgilər nümayiş olunur. Muzeyin direktoru, akademik Rafael Hüseynov muzeyin yubiley tədbirləri haqqında "Səksən ilin güzgüsü" kitabında qeyd edir ki,  "Nizami muzeyi fəaliyyətə başladığı dövrdən indiyədək görkəmli ədəbi simaların yuvarlaq ildönümlərini həmişə ehtiramla qeyd edib və bura o məkandır ki, həmin ildönümləri təntənə ilə respublika səviyyəsində rəsmən keçiriləndə də, yaxud hansı səbəblərdənsə yada düşməyəndə də muzeydə heç vaxt unudulmayıb." (Elm və təhsil. 2020. səh.20.)

Ədəbi şəxsiyyətlər haqqında məlumatlar, eləcə də onlara məxsus şəxsi əşyalar ziyarətçilərin xüsusi marağına səbəb olur. Nizami muzeyinin "ziyarətçi və muzey vəhdəti"nin yaranmasına nail olması da muzeyin bugünkü uğurudur. Bilirik ki, muzey işinin əsas məqsədi bu tarixi sərvətləri mühafizə edib, elmi və mədəni davamlılığı gələcək nəsillərə ötürməkdir. Çünki muzey, hər şeydən əvvəl, araşdırıcı və elmi təşkilatdır. Əsas şərt muzeyə daxil olan eksponatın saxlanılması, təmiri və nümayişi deyil, məqsəd onlar üzərində aparılan tədqiqatlar, elmi nəticələr və muzey əməkdaşının öz sahəsi ilə əlaqəli mövzulara aid elmi tətbiq, tədqiq və təbliğ  etməkdir. Nizami muzeyi də bu istiqamətdə 2004-cü ildən etibarən "Beşlik" - "Risalə" elmi araşdırmalar jurnalı, "Şərq" tərcümə toplusu, "Qaynaq" mənbələr toplusu, "Məclis" mərasimlər toplusu, "Xəzinə" kataloqlar toplusu elmi məcmuələrini nəşrə hazırlayır. Həmçinin muzeyin direktoru, akademik Rafael Hüseynovun rəhbərlik etdiyi 2014-cü ildən yaranan Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində Filologiya Problemləri üzrə Elmi Şuranı, 2019-cu ildən fəaliyyət göstərən Dissertasiya Şurasını da qeyd etmək olar. Muzey əməkdaşları tərəfindən müxtəlif monoqrafiyalar, kataloqlar və məqalələr hazırlanır, ədəbi irsimizin sistemli şəkildə sənədləşdirilməsi və nəşri təmin olunur.

Azərbaycan ədəbiyyatını, mədəniyyətini geniş, ətraflı təqdim edən Nizami muzeyi həm təbliğ baxımından, həm də ziyarətçiləri maraqlandırmaq məqsədilə bukletlər (Azərbaycan, rus və ingilis dillərində), braşuralar, kiçik stolüstü təqvimlər hazırlayır. Xüsusilə əlamətdar günləri xatirələşdirmək baxımından, eləcə də Azərbaycan ədiblərinin yubileyləri ərəfəsində onların həyat və yaradıcılığını əks etdirən plakatlar nəşr etdirir. Bilirik ki, səyahət edən hər bir insan gəzib gördüyü yerlərdən xatirə saxlamağı sevir. Bu baxımdan sadaladığım hədiyyələrlə Nizami muzeyi uzun müddət öz ziyarətçilərinin yaddaşından silinməməyə nail olur və mənəvi baxışlarını zənginləşdirir. Eləcə də zamanın çağırışına uyğunlaşaraq rəqəmsallaşma, virtual ekskursiyalar və müasir təqdimat formaları ilə fəaliyyətini daha da genişləndirir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 ili bir daha sübut edir ki, milli ədəbiyyat yalnız keçmişin mirası deyil, həm də bu günümüzün mənəvi dayağıdır. Bura yalnız muzey deyil, Nizami irsinin, Azərbaycan ədəbiyyatının sönməyən çırağıdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!