Bu yaxınlarda Xalq Bank "Xalq əmanəti" layihəsi çərçivəsində 25-ci kitabını təqdim edib. Nəşr Cənubi Azərbaycan poeziyasına həsr olunub. Kitabda Güney Azərbaycanda doğulmuş, müxtəlif ədəbi təmayül və cərəyanları təmsil edən, XX əsrin əvvəllərindən günümüzə qədərki dövrdə yazıb-yaratmış 50 azərbaycanlı şairin fərqli mövzularda və janrlarda qələmə aldıqları seçmə şeir və poemaları, eləcə də qəzəlləri toplanıb. Müəlliflərin sırasında - Habib Sahir, Şəhriyar, Biriya, Hamid Nitqi, Balaş Azəroğlu, Əli Tudə, Məhəmmədtağı Zehtabi, Söhrab Tahir, Səhənd, Hökumə Billuri, Mədinə Gülgün, Kərim Məşrutəçi Sönməz, Rza Bərahəni, Həsən Savalan, Əlirza Nabdlil Oxtay, Hüseyn Düzgün Mərziya Üskülü, Səhər, Əziz Səlami, İsmayıl Cəmili, Əli Daşqın, Nadir İlahi, Nigar Xyavi, Atilla Maralanlı Rüqəyyə Kəbiri, Bəhram Əsədi, Hadi Qaraçay, Şəhram Şeydayi, Rəsul Yunan, Araz Əhmədoğlu, İsmayıl Ülkər, Kiyan Xiyav, Məhəmmədrza Ləvayi, Hümmət Şahbazi, Ziba Kərbasi Əli Cavadpur, Səid Muğanlı, Vüqar Nemət, Heydər Bayat, Sayman Aruz, Saleh Səccadi, Məlihə Əzizpur, Məhəmməd Çalğın, Dalğa Xatunoğlu, Aydın Araz, Duman Ərdəm, Mehdi Əzimi,Ümid Nəccari, Çiçək Ağbulud, Əli Çağla kimi adını Azərbaycan ədəbiyyatı tarixinə yazmış böyük şairlərimizlə yanaşı, çağdaş dövrün istedadlı gənc ədiblərinin də isimləri vardır.
"Xalq əmanəti" layihəsinin rəhbəri Rafiq Həşimov, nəşrin tərtibçiləri Səlim Babullaoğlu, Esmira Fuad və Pərvanə Məmmədlidir. Nəşr üzərində Tərlan Qorçu, Hikmət Aydınoğlu, Nigar Yahyazadə, Sevinc Kamilqızı çalışıblar.
2010-cu ildən etibarən ASC "Xalq" Bankı tərəfindən həyata keçirilən, Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədini daşıyan layihə çərçivəsində nəşr olunan əksər kitablar Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Bu günədək Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şamo Abasov, Cahid Camal, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri - Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin və Hökumə Billurinin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri" kitabı, "Aşıq ədəbiyyatı antologiyası" üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində "Bütün əsərləri" işıq üzü görüb.
"Güney Azərbaycan poeziyası. Seçmələr" kitabının tərtibçilərindən biri və redaktoru Səlim Babullaoğlunun Ön söz yazısını "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirik.
Səlim Babullaoğlu
Tarixi kontekst nəzərə alınmadan hər hansı xalqın yaratdığı bədii sənət nümunələrinə, o cümlədən, onun milli ədəbiyyatına obyektiv qiymət vermək mümkün deyil. Ötən əsrdə baş vermiş iki dünya savaşı, 1905 və 1917-ci ilin bolşevik inqilabları, 1918-ci ildə Yaxın Şərqdə ilk müstəqil və demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin, iki il sonra isə müstəqil dövlətin yerində ömrü təxminən, yetmiş il çəkən Azərbaycan Sovet Sosialist Respublikasının yaranması... Bütün bunlar quzeyli azərbaycanlıların Rusiya imperiyasının təsir dairəsində yaşadığı uzun illərə aid faktların kiçik bir qismidir. Mənzərəni tamamlamaq üçün ötən əsrin digər neçə-neçə faktını da əlavə etmək mümkündür: azərbaycanlıların indiki Ermənistan ərazisindən 1905-1920, 1948-1953, 1988-1992-ci illəri əhatə edən üç böyük deportasiyası, dəhşətli Şamxor qırğını, Gəncə üsyanı, Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, digər bölgələrdə baş vermiş qanlı toqquşmalar, 1937-ci ilin Stalin repressiyaları, 1991-ci ildə xalqlar həbsxanası olan sovet rejiminin çöküşü və öz müstəqilliyini canı-qanı bahasına bərpa edən xalqımızın bu çətin yolda rastlaşdığı 20 Yanvar və Xocalı faciələri, ərazimizin iyirmi faizinin bədnam qonşularımız tərəfindən işğalı, nəhayət, haqq-ədalətin qələbəsi - 44 günlük Vətən müharibəsində şanlı zəfərimiz. Bu tarixi faktları nəzərə almadan, hadisələrin mahiyyətini bilmədən doğma ana dilimizdə yazılmış hansı ciddi əsəri təhlil etmək olar?
Eləcə də, Güneydə yaşayan soydaşlarımızla bağlı Məşrutə inqilabını (1905-1911), 21 Azər hərəkatını (1945-1946), yaxud "Ağ reforma"nı (1962), İslam inqilabını (1979) gözardı etsək, o tayda yaranmış ədəbiyyatı necə dərindən anlamaq və düzgün dəyərləndirmək mümkündür?
Sualı başqa cür qoyaq: quzeyli-güneyli yazarlarımız arasında eləsi varmı ki, öz yaradıcılığında bütün bu hadisələrdən yan keçsin, onların hər hansı birinə münasibət göstərmədən ötüşsün?
Təbii ki, yoxdur, olmamalıdır.
"Güney Azərbaycan poeziyası (seçmələr)". Əslində, təqdim etdiyimiz kitabın adını da məhz ağrılı-acılı tariximiz - Kürəkçay (1805), Gülüstan (1813), Türkmənçay (1928) müqavilələri doğurub. Ardına bir "ədəbiyyat" kəlməsi yazaraq, bu gün də geninə-boluna işlətdiyimiz "quzey-güney", "şimal-cənub" istilahlarını məhz bu hadisələr dövriyyəyə buraxıb, XX əsrin əvvəllərindən isə həm tarix, həm də ədəbiyyatşünaslıq elmi həmin təyinləri kateqoriya olaraq qətiləşdirib. Klassik poeziyamızda "yar" sözüylə ifadə edilən Yaradana "həsrət"in də ünvanı keyfiyyət dəyişikliyinə məruz qalıb, yəni yurd həsrəti, yaxud övladın ata-anaya, ata-ananın övlada, o tayın bu taya, bu tayın o taya nisgili həmin o metafizik hicranı əvəzləyib. Kim bilir, bəlkə birinci azalıb deyə ikinci artıb.
XIX yüzildə Güneylə Quzey arasındakı bağlar hələ qırılmamış, əlaqələr tam kəsilməmişdi, XX əsrin əvvəllərində oturuşmağa başlayan siyasi sistem fərqləri isə eyni etnolinqvistik toplumun bir-birindən ayrı və qismən qapalı iki ədəbi-mədəni qan dövranını yaratmışdı, nəticədə eyni dil iki fərqli orbitdə öz ədəbi mikrokosmunu formalaşdırmışdı. Bu isə bütövlükdə dil məfhumunun, konkret halda isə ana dilimizin nə qədər vacib və önəmli olduğunun təsdiqidir. Bəxtinə dünyadakı az-az dillər kimi böyük imperatorluq dili olmaq yazılmış, bütün azərbaycanlıların "xilas kəməri" olan, Şəhriyarın "Heydərbabaya salam"ından, Vurğunun "Ceyran"ından süzülən həzin və qüdrətli ana dilimizin.
Dilin diri qaldığı ən etibarlı yerin poeziya olduğunu söyləsək, zənnimizcə, heç bir mübaliğəyə yol vermiş olmarıq. Bu, bəlkə, yeganə peşə, yeganə sənətdir ki, əslində, heç kağız-qələmə də ehtiyac duymur. Neçə-neçə dastanımız kağıza köçürülənə qədər bizə birbaşa yaddaşlardan gəlib çatıb. Təsadüfi deyil ki, repressiya illərində bütün ədəbi irsi müsadirə edilən, sərbəst vəzndə bənzərsiz poeziya nümunələri yaratmış Mikayıl Müşfiqin əllidən artıq şeiri məhz yaddaş hesabına bərpa olunmuşdu.
XX əsrdə Quzey Azərbaycanda yaranan poeziya "rusmərkəzçi sovet ədəbi-mədəni sistemi" çərçivəsində folklora və klassik ədəbiyyata əsaslanaraq, əruz və heca vəznində Hüseyn Cavid, Əhməd Cavad, Səməd Vurğun, Süleyman Rüstəm kimi, sərbəst vəzndə isə bir tərəfdən Dədə Qorqud dastanlarından qidalanan, digər tərəfdən isə Uitmen-Mayakovski-Nazim Hikmət xətti ilə yeni impulslar alan Rəsul Rza kimi böyük sənətkarlar yetişdirdi. Güneydə isə Həbib Sahir, Şəhriyar, Səhənd, Həmid Nitqi, Əziz Səlami, Rəsul Yunan, Şəhram Şeydayi, Dalğa Xatunoğlu və digərləri kimi böyük, görkəmli, istedadlı şairlərimiz yazıb yaratdılar. Onlar "farsdilli, farsmərkəzçi ədəbi-mədəni sistem"də əruz və hecada bütün məhrumiyyətlərə rəğmən, Azərbaycan dilində ciddi poeziya nümunələri ortaya qoydular. Üstəgəl, "şeir-e nou" və "əruz-e azad" (yeni şeir və azad əruz), "şeir-e azad" (sərbəst şeir) və bəyaz şeir adlanan "şeir-e səfid" kimi keyfiyyət dəyişikliyi yaşayan farsdilli mühitdə milli şeirimizi bir başqa cür yenilədilər, forma və məzmunca yeni, adekvat parlaq əsərlər yaratdılar.
Ayrı-ayrı müəlliflərin kitabları və onlar haqqında yazılan tədqiqat əsərləri öz yerində, amma Güneydə yaranan ədəbiyyatımız, o cümlədən, poeziyamız müstəqil toplular və antologiyalar şəklində Bakıda dəfələrlə nəşr olunub. Bu həm sovet dövrünə, həm də müstəqillik illərinə aiddir və biz bu önəmli faktları həmişə minnətdarlıqla xatırlayırıq.
Zənnimizcə, bu sırada ilk sanballı nümunə Xalq yazıçısı Mirzə İbrahimovun redaktorluğu ilə geniş yaradıcı heyətin hazırladığı dördcildlik "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası"dır. Eyni zamanda, müxtəlif illərdə işıq üzü görmüş nəşrlərin bir neçəsini - "Cənubi Azərbaycan ədəbiyyatı tarixi" (iki cilddə), M.Rzaquluzadənin redaktorluğu ilə "Cənubi Azərbaycan yazıçılarının almanaxı", "Cənubi Azərbaycan poeziyası antologiyası", "Cənubi Azərbaycan şairlərinin poemaları", Q.Əliyevanın tərtib etdiyi "XIX-XX əsr Güney Azərbaycan el şairləri", M.Məmmədovun redaktorluğu ilə "Ərdəbil ziddifaşist şairlərinin əsərləri", E.Fuadın tərtib etdiyi "Günümüzün Güney Ədəbiyyatı (Poeziya)", "Güney Azərbaycan uşaq ədəbiyyatı" və "44 günlük Vətən müharibəsi Güney Azərbaycan ədəbiyyatında" topluları, P.Məmmədlinin tərtib etdiyi "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası: çağdaş dövr", V.Sultanlı və İ.İsmayılın tərtib etdikləri "Güney Azərbaycan nəsri: başlanğıcdan bu günə qədər" və M.Mehdibəyovanın "Cənubi Azərbaycan nəsri son yüz ildə" kitablarını xatırlatmağı borc bilirik.
"Cənubi Azərbaycanda ədəbi dil: normalar, üslublar" (N.Cəfərov), "Cənubi Azərbaycan ədəbiyyatında ədəbi dilimizin dünəni və bu günü" (N.Xudiyev), "Cənubi Azərbaycan: ədəbi şəxsiyyətlər, portretlər" (P.Məmmədli), "Cənubi Azərbaycan Araşdırma Mərkəzi" (L.Mirzəyeva), "Güney Azərbaycan etno-kulturoloji dəyərlər diskursunda" (E.Fuad), "Cənubi Azərbaycan ədəbiyyatı müasir mərhələdə" (N.İsmayılova), "Cənubi Azərbaycan ədəbiyyatının yeni inkişaf mərhələsi (1850-1920-ci illər)" (N.Rizvan), "Cənubi Azərbaycan ədəbiyyatı məsələləri" (A.Əliqızı) kimi elmi araşdırmaların, monoqrafik tədqiqatların da adını çəkmək doğru olardı. Həmçinin, qeyd edək ki, M.İbrahimov, B.Azəroğlu, İ.Həbibbəyli, T.Əhmədov, R.Əliyev, A.Babayev, M.Məhəmmədi, S.Əliyev, İ.Qəribli, M.Qasımlı, V.Əliyev, E.Fuad, P.Məmmədli, B.Həsənov, A.Mustafayeva, N.Babayeva-Vəkilova, Ə.Məlikov, R.Qənbərqızı, N.Rizvan, S.Əliyeva, S.Aruz, A.İsmayıloğlu, S.Əmirov, A.Tahirli, Ş.Tağıyeva, L.Mirzəyeva, S.Bədəlov, İ.Sarıyeva, V.Əhməd, Ş.Daşdəmirova və digər görkəmli alimlərin, tanınmış filoloq, şərqşünas, yazıçı və jurnalistlərin dəyərli qələm məhsulları müxtəlif illərdə mətbuat səhifələrində dərc olunub, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat, Nəsimi adına Dilçilik, Z.Bünyadov adına Şərqşünaslıq, M.Füzuli adına Əlyazmalar və Folklor institutları, AMEA-nın Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsi, Azərbaycan Yazıçılar Birliyi öz elmi və ədəbi nəşrləri ilə Güney ədəbi prosesini daim diqqətdə saxlayıb.
İndi biz çağdaş texnologiyalar dövründə yaşayırıq, 1966-cı il deyil və Molla Pənah Vaqifin 250 illik yubileyində iştirak etmək üçün Sovet İttifaqına, Azərbaycana dəvət məktubu Şəhriyara 4 ay "gecikmə" ilə yox, uzağı, 4 saat gecikməylə çata bilər. Çağdaş texnologiyalar da bu işin lehinədir. Bu gün o taylı-bu taylı Azərbaycanın vahid ədəbi mühiti, ədəbi prosesi formalaşmalıdır. Bu proses iki ayrı məkanda bir-birinə bağlı, qarşılıqlı şəkildə biri digərinə təsir edərək, yuxarıda qeyd etdiyimiz hadisələrlə və ümumiyyətlə ictimai proseslərlə həmahəng, həmçinin çağdaş dünya ədəbi mühitindəki fərqli estetik təmayüllərə reflekslərimizlə bütöv ədəbiyyat tarixi kimi - keçmişi yenidən yazılaraq, gələcəyi bu cürə addımlayaraq baş verməlidir. Necə ki, ötən əsrdə, müxtəlif vaxtlarda Mirzə İbrahimov, Mir Cəlal Paşayev, Əli Tudə, Balaş Azəroğlu, Söhrab Tahir, Hökumə Billuri, Mədinə Gülgün kimi böyük şair və yazıçılarımız Bakıya gəlmişdilər, buradakı ədəbi prosesə yeni, ciddi töhfələr vermiş, vahid ədəbi prosesi formalaşdırmışdılar.
Tərtibçi həmkarlarımızla seçmələr kitabını çapa hazırlayarkən biz, ilk növbədə, təbii ki, yuxarıda sadalanan çoxsaylı mənbələri, eləcə də bədii mətnlərin toplandığı daha əvvəlki topluları gözdən keçirdik. Son 200 illik dövrü əhatə edən 700-ə yaxın güneyli şairimizin siyahısını müəyyənləşdirdik və 50 şairin bədii mətni ilə kifayətlənməyə qərar verdik.
Ötən əsrin klassikləri arasında az əvvəl adlarını çəkdiyimiz, məlum hadisələrin sonucu olaraq Quzey Azərbaycana gəlmiş və burdakı ədəbi prosesin bayraqdarlarına çevrilmiş şairlər də yer almalıydı. Amma o taydakı bütün çətinlikləri görən və ömrünü doğulduğu yerdə başa vuran, eyni zamanda dünyanın dörd tərəfinə mühacirət etmək məcburiyyətində qalan böyük şairlərimizi də yaddan çıxarmadıq.
Kitabda, həmçinin bu gün Bakıda yaşayan və öz yaradıcılığı ilə ümumi anadilli ədəbi prosesə töhfəsini verən, fərqli poetik üslubları və təmayülləri təmsil edən şairlər də yer alıb. Çağdaş şairləri seçərkən, onların bədii yaradıcılığı ilə yanaşı, aktiv ədəbi fəaliyyətlərini də nəzərə aldıq.
Tərtib etdiyimiz kitabda "vətən və yurd nisgilli", "dil mücadiləsi" ilə bağlı poetik mətnlər qırmızı xətlə keçir. Çünki güneyli şairlərimizin əksəriyyəti hansı mövzuda yazmağından asılı olmayaraq, daim Vətəni və dili önə çəkiblər. Qəribədir, dünyada, bəlkə ikinci bir ədəbiyyat tapmaq mümkün deyil ki, həmin ədəbiyyatın təmsilçiləri dil varlığı uğrunda mübarizələrini təkcə o dildə yazmaqla deyil, həm də məzmunca bu qədər aydın ifadə edərək aparıblar. Biz də bu səbəbdən tərtib zamanı tematik bölgüyə ehtiyac duymadıq.
Müəlliflər kitabda doğum tarixləri üzrə sıralanıb.
Sonda, xüsusən, müasir oxucu üçün az anlaşıqlı olan əksər alınma sözlərin - ərəb-fars tərkiblərinin, unutduğumuz, yaxud az işlətdiyimiz ifadələrin, dialekt kəlmələrin izahı, sözlüyü təqdim olunub.
Həmçinin ithaf şeirlərinin ünvanları - görkəmli şəxsiyyətlər barədə qısa məlumatlar, eləcə də "coğrafi adlar" bölümü təqdim edilib.
"Güney Azərbaycan poeziyası" toplusu həm də keşməkeşli tariximizin ən dürüst bədii inikasıdır. Düşünürdük ki, Ön söz yazmağa, bəlkə də heç ehtiyac yoxdur, çünki müəlliflərin əksəriyyətinin bioqrafiyası elə Ön söz gücündədir. Bu da təsadüfi deyil. Çünki yalnız qədim və köklü xalqlara məxsus ədəbiyyatın səciyyəsidir ki, müəlliflərinin ömürlüyü həm də onun dilinin, xalqının və millətinin tarixi olsun.
Dəyərli oxucu bunu mütləq hiss edəcək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!