Kənan HACI
"Roman nəzəriyyəsi" kitabının müəllifi Filip Stevik adı çəkilən əsərində yazır ki, "romançı yer üzündə bəşər övladının qurduğu krallığın içində yer alan insanın yaşadığı bütün macəraların tarixçisidir". Roman fərdi, əsrar dolu dünyanın imajıdır. Hüdudsuz azadlıq romanın ən üstün xüsusiyyətidir. Roman bəzən insanlara tarix kitablarından daha yaxın olur. İnsanlığın tarixi həm də millətlərin tarixidir. Qazax ədəbiyyatının canlı klassiki hesab olunan Rollan Seysenbayevin "Ata həsrəti yaxud dünyanın çökdüyü" gün romanını oxuyarkən bu dəyişməz həqiqətə bir daha əmin oldum.
Qazax ədəbiyyatı deyəndə ilk olaraq Abay yada düşür, sonra Abay haqqında ölməz "Abay yolu" romanını yazmış yazıçı Muxtar Auezov xatırlanır. Bir də hamımız üçün doğma və əziz olan bir şəxsiyyət - Oljas Süleymenov personası gözümüz önünə gəlir. Rollan Seysenbayev qazax ədəbiyyatının ünlü simalarından olsa da, indiyə qədər əsərləri Azərbaycan oxucusuna tanış deyildi. Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı onun bir neçə romanını dilimizə çevirib. O əsərlərdən biri də "Dünyanın çökdüyü gün" romanıdır. Roman qazax xalqının taleyinə yazılmış elegiyadır. Yazıçı nüvə sınaqlarının dəhşətləri ilə üz-üzə qalmış yurdunun və bu yurdun insanlarının faciəsini həzin, kövrək dillə qələmə alıb. Üslub və yazı manerası sentimental tonallıqda olsa da əsərin hər cümləsində yazıçının daxili üsyanı qabarıq hiss olunur.
"Körpə oğlan anasının bətnindən çıxmaq, bu gurultu, çırıltıyla dolu dünyaya gəlmək istəmirdi".
Mən bu cümləni oxuyanda böyük qırğız yazıçısı Çingiz Aytmatovun "Kassandra damğası" romanındakı kosmik rahib Filofeyin kəşfini xatırladım; ana bətninə düşmüş körpələr dünyaya gəlməkdən imtina edirlər, bunun işarəsi kimi anaların alnında qırmızı ləkə əmələ gəlir, bu, Kassandra damğasıdır. Yazıçı ustalıqla bəşəri fəlakətlərə qarşı etirazını bildirir, insanlığı xəbərdar edir ki, təbiətə, dünyaya qarşı nə qədər qəddar, amansız olsanız, təbiət və dünya bütün bunların qisasını sizdən alacaq.
Eyni zamanda rus yazıçısı Georgi Pryaxinin "Xəzər yuxuları" romanında babaları doğma yurdlarından didərgin salınmış insanların yaşadıqları məşəqqətlər xatırladım. Avtofioqrafik xarakter daşıyan roman birinci şəxsin dilindən nəql olunur. Bu əsərlərin üçünü birləşdirən bir cəhət var - zülmün, qəddarlığın vətəni yoxdur. Şərin hökmranlığı hər yerdə dağıdıcı qüvvəyə malikdir.
"Dünyanın çökdüyü gün" romanında baş verən hadisələr qazax xalqının taleyindən qara zolaq kimi keçir. İnsanları əsrlər boyu yaşadıqları torpaqlardan başqa yerə köçürürlər, qocalar isə bu deportasiya ilə heç cür barışmaq istəmirlər.
"...Çingiz dağlarında yaşayan adamları bədbəxtlik əlli üçüncü ilin yayında yaxaladı". Evakuasiya komissiyasının kəndə gəlişi özü ilə böyük bir bədbəxtlik gətirdi. Təhkiyəçi-hadisələrin canlı şahidi sərt həqiqətləri babasının dilindən komissiya üzvlərinin üzünə şillə kimi çırpır:
"Sən bu xalqın başına nələr gəldiyini bilirsən? Yox, bunlardan xəbərin belə yoxdur. Sən bizim torpağımızın böyük, müqəddəs adamların yurdu olduğunu bilmirsən. Dinc halda yurddan-yurda köçə-köçə, kimsəni incitmədən bu çöllərdə əsrlərcə yaşamışıq. Bizim yaylaqlarımız burdadır. Bizim Abayımız burada doğulub. ...Ən yaxşı adamlarımız sürgünlərdə ölüblər. ...Sən aclığın nə demək olduğunu bilirsən? Onun nə qədər can aldığı can aldığından xəbərin var? ...Hə, de görüm, ey dövlət adamı, bizim xalq nə vaxt insan kimi yaşayacaq? Ümumiyyətlə, yaşayacaqmı? Axı sən bizi ölümün ağuşuna qovursan".
Onları ölməyə qoymayan şərəf və ləyaqətləri idi. Əsərdə köçürülən ata, köçürən oğuldur. Oğul dövlət adamıdır, o, əmrə tabedir, başqa cür hərəkət edə bilməz. Sovet sisteminin şakəri idi ata ilə oğulu üz-üzə qoymaq. "Oğul ataya cavabdeh deyil" ifadəsi də o rejimin ən idbar "aforizm"lərindən idi. Atanın isə öz qanunları var, aulda yaşayanlar rişələri torpağa kök atmış, bu torpaqdan yoğrulmuş adamlardır, onları kökündən necə qoparmaq olar?! "Dünyanın çökdüyü gün" romanı insanlığa haray salıb deyir: - İnsanı kökündən qoparmaq olmaz, qoparırlarsa, fəlakətlər baş verir. Bax, elə bu romanda olduğu kimi. Vətən - kosmosdur, qürbət - xaos. İnsanların yollara səpələnmiş ömür-günü bir süjet xəttinə düzülüb.
Zavallı qızcığaz Kenje əsərdə unudulmaz, insan qəlbində dərin yara açan obrazlardandır. Süleyman Sani Axundovun Qaraca qızı kimi bir qırıq ömründə tale heç onun üzünə gülmədi. Köç qafiləsində onun balaca canı uçunur, o, heç bir şey dərk etmir. Niyə onları isti ocaqlarından çıxarıblar, hara köçürürlər, bu insanların günahı nədir? Balaca Kenje bütün bunları anlamaq üçün balacadır, çox balaca... Onun indi nəvazişə, qayğıya, sevgiyə ehtiyacı var. O, bütün bunlardan məhrumdur.
"- Sən yaşamaq istəyirsən, Rollan? - Kenje qəfildən soruşdu.
Bu sözlərin mənasını anlamadan çaşqın nəzərlərlə ona baxdım. Qızın solğun sifətində parıltılar oynaşırdı, uzun kirpikləri yarıyumulu idi, gözlərindən yaş axırdı.
- Ağlamaq olmaz, - dedim.
- Bilirəm, bu, bədbəxtlik gətirir, amma özümü ələ almağı bacarmıram. - Qız astadan hıçqırdı. - Sabah bombanı partladacaqlar. Mən qorxuram! - O, heç cür əsməcəsinin qabağını ala bilmirdi, ona görə də adyalın üstündən kürk salası oldum. - Necə bilirsən? Ölüm dəhşətli şeydir? - Qız soruşdu, özü də cavab verdi. - Cürbəcür ölümlər olur, çətin ölüm də var, asan ölüm də... Məni çətin ölüm gözləyir..."
İtalyan yazıçısı Canni Rodari yazırdı ki, "şıltaq bir uşağın göz yaşı küləkdən də yüngüldür. Ac bir uşağın göz yaşı isə dünyadakı torpaq ağırlığındadır." Kenjenin şıltaqlığını, körpə sevinclərini əlindən almışdılar, onun üçün artıq ac olub-olmamağın heç bir əhəmiyyəti qalmamışdı. Onun gələcəyinə balta endirilmişdi. Aulda partlayış nəticəsində radiaktiv göllər əmələ gəlmişdi, bundan xəbərsiz olanlar göldə çimir, tezliklə şüalanıb ölürdülər. Onların kəndi ölü zonaya çevrilmişdi. Kenje və onun kimilər çiçək kimi saplağından qoparılıb atılmışdı. Daha bu yerlərdə heç vaxt Kenje kimi çiçəklər "bitməyəcəkdi".
Təbiətin insan qarşısında qoyduğu suallar cavabsız qalır. Məqsədyönlü şəkildə dehumanizasiya edilmiş - insansızlaşdırılmış dövrün acı nəticələri romanın hər səhifəsində ürək göynədir, qəlb ağrıdır. Şüalanmanın izləri sonra doğulan körpələri də təqib edir, onların da ömrünə qənim kəsilir, bu dəhşətli kabus həm də mənəvi zəhərlənməyə səbəb olur. Ata yurdda qalmaq istəyir, oğul hökümət nümayəndəsidir, o, əmrin icraçısıdır. Ata ilə oğul arasındakı bu uçurumu yaradan da sovet rejimidir. Atalar-oğullar qarşıdurması bu dəfə ekofəlakət müstəvisində təqdim olunur.
Nəvə isə baş verənlərin şahididir, o, baş verənləri gələcək nəsillərə danışacaq. Onun uşaq yaddaşı zədələrlə doludur.
"Başımı babamın dizləri üstünə qoyub yuxuya getdim. Yuxumda qorxunc dağ qaplanının dəhşətli kölgəsini gördüm. O kölgə başımın üstündən asılmışdı, elə hey mənə yaxınlaşırdı.
- Qorxma, məndən qorxma, - qəfildən kölgə insan səsilə dilləndi. - Sizdən ötrü çətin olacaq, balaca, amma dözməlisiniz. Yadında saxla, hər şeyi yadında saxla, bala! Yadında saxla, yadında saxla, yadında saxla! Çünki elə bir vaxt gəlib çatacaq, o yaddaşındakılar səni gördüklərin barədə həqiqəti dünyaya car çəkməyə məcbur eləyəcək..."
Hidrogen bombası sınağının ilk günahsız qurbanı zavallı Kenje olur. Onu uca bir təpənin üstündə dəfn edirlər. Hələ dünənə qədər bu altı yaşlı qızcığaz gələcəklə bağlı xəyallar qururdu, qəddar rejim onun qönçə arzularını gözündə qoydu, bapbalaca cismi torpaqlara qarışdı. Qəddar adamlar ağır çəkmələri ilə zərif çiçəkləri tapdayıb əzdikləri kimi İblisin qanlı caynaqları onun bədənini deşik-deşik etdi. "Dünyanın çökdüyü gün" romanı bu dəhşətləri fəryad dolu sözlərlə oxucuya çatdırır. Onlar çıxıb gedəcəkdilər, Kenje isə əbədi olaraq bu dağların qoynunda qalacaqdı.
1963-cü ildə Moskvada SSRİ, ABŞ və Böyük Britaniya höküməti nümayəndələrinin arasında nüvə silahları sınağının qadağan edilməsi haqqında müqavilə imzalandı. Bu müqaviləyə dünyanın yüzdən artıq ölkəsi qoşulmuşdu. Bu dünya əhəmiyyətli tarixi hadisə barədə sovet mətbuatında bircə kəlmə də məlumat yox idi. Yazıçı yazır: "Özünü dünyada ən humanist ölkə adlandıran bir dövlət bu qələbə ilə bağlı susurdu".
Rollan Seysenbayev öz xalqının taleyini bu qədər mükəmməl formada qələmə almağı bacaran çox azsaylı yazıçılardandır. Bu roman insanın hiss və duyğularında dərin iz buraxır. Var gücüylə bütün bəşəriyyətə üz tutub hayqıran bir insan təsəvvür edin:
"...mənə yurd-yuvamı qaytarın! Atamın tapşırdığı kimi, yaşıl otların üstündə ayaqyalın gəzmək, göllərimizdən su içmək, səfalı, münbit torpağın üstündə uzanıb tərtəmiz, məhrəm səmaya tamaşa eləmək istəyirəm. Ey Vətən, səsimi eşidirsən?"
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!