Hər özümüzlə rastlaşdığımız güzgü. Biz özümüzü məhz güzgüdə səliqəyə salırıq. Ağlayanda gözlərimizin qızardığını da güzgüdə görürük, saçlarımıza düşən dəni də, üzümüzə düşən qırışları da. Güzgü bizi bizə olduğumuz kimi göstərən, müasir dövrün saxta kameralarının ən təmiz, ən pak - ilkin halıdır. Bəlkə də ailə quran qızlara da güzgü bir növ bu təmizliyi, saflığı önə çəkmək üçün cehiz verilir. Bəlkə də bəylə gəlinin yanında, bir qızın əlində gedən, özündə bu cütlüyün toyuna şahidlik edən adamları göstərən bu güzgü həm də ona işarədir ki, bir ailənin möhkəm olması, həm də güzgüdə görünən cəmiyyətin, mühitin əlindədir.
1990-cı ildə rejissor Fariz Əhmədovun çəkdiyi, ssenarisi yazıçı Anara məxsus olan "Güzgü" filmi də məhz bu fəlsəfi çalarları özündə ehtiva edir. Rejissor Fariz Əhmədov kameranı bir silah kimi deyil, bir güzgü kimi istifadə edir - məqsədi həqiqəti vurmaq yox, göstərməkdir.
Nəsir güzgü dalınca kənddən şəhərə gəlir. Şəhərə öz qayda, adət, davranış tərzi ilə gələn Nəsirin burada kənddəki qəhrəman statusu itir. Nəsirin Bakıda qoltuğuna vurub gəzdiyi güzgü rejissorun kamerasına çevrilir.
Gəldiyi mehmanxanada salamını almayan, onu tanımayan adamlar Nəsiri oğlunun yanında pərt etsə də, o buna əhəmiyyət vermir. Mehmanxananın, indiki dildə desək, "resepşın"ınına suallar verir, amma qadın da onu tanımır. Nəsir otağa çəkilir, "nətər yəni tanımadı?" deyib öz-özünə deyinir, sonra otaqdan çıxır, yenidən otağa qayıdanda oğluna "tanıdı, tanıtdım, məni də tanıdı, üstəlik, Qaraşı da", - deyib sevinir. Nəsirin dərdi çarəsini tapır.
Rejissor bu qısametrajlı filmin kuliminasiya nöqtəsini restoranda qurur. Bəli, güzgü əsl kameraya məhz bu məqamda çevrilir. Nəsir oğlu Əlibalayla yemək üçün mehmanxananın restoranına düşür. Əvvəlcə hər şey sakit, həzin "tans" oynayan insanların müşayiəti ilə baş verir. Nəsir xoşbəxt görünür. Kənd estetikasını şəhər estetikası əvəz edir: zurnanı saksafon, bir-birindən utanan adamları qucaqlaşıb rəqs edən kişilərlə qadınlar, ləmpələri rəngbərəng işıqlar...
Nəsir şad-xürrəm içməyə davam edir, qonşu masalardan birində ona "bəlkə gedək" mesajı verən baxışlarına utanıb üzünü çevirməklə cavab verir və qəfil bir kişi səhnəyə çıxıb deyir: "İndi isə bir lambada!"
Bəzənib süslənmiş qızlar "lambada" oynayır, oğlu Əlibala mat-məəttəl onları izləyir, Nəsir eşidilməyən suallar verir: "Ayə, neyniyirlər bunlar? Camaatın gözünün qabağındamı? Dayanın, ay millət! Ay qardaşlar, ay bacılar. Dayanın, bu milləti niyə xarab eliyirsiniz? Nəsir onu eşitməyən adamları dayandırmaq istəsə də, heç kim ona məhəl qoymur. "Ayə, kişi döyülmüsünüz?" Nəhayət, mikrofonu götürüb onları dayandıra bilir. "Tərəkəmə oynayın" deyib musiqiçilərə şabaş da verir. O oynadıqca restorandakılar gülüşməyə başlayır. Nəsir qışqırır, gülüşən insanlara "heç nəyimiz qalmayıb, bircə tərəkəməmiz qalıb, onu da itirək?" deyib üsyan edir, amma ona məhəl qoymayan insanlar bir ağızdan qışqırır: "Lambada, lambada, lambada!"
Beləcə, "tərəkəmə" "lambada"ya məğlub olur, Nəsir isə öz otağında göz yaşlarına. O, ədyalı başına çəkib için-için ağlayır.
Nəsir yuxusunda dar küçələrdə qaçır, bütün küçələr bir yerdə dirənir, çıxışı olmayan labirintə dönür, hər dirənən küçənin sonunda bir adam görünür, gah oteldəki onu tanımayan qadın, gah restorandakı kişi. Bir yandan da kinayəli gülüşlər.
Nəsir nəhayət, kəndə qayıdır. Avtobusdan düşəndə əlindəki güzgüyə baxır və əlindən yerə salır. Nəsirin güzgüsü çilik-çilik olur. Və sanki bu, Nəsirin Bakıya qayıtmağına bəhanə olur. "Əlibala, kənddəkilərə de ki, Nəsir məni göndərdi, özü Bakıda qaldı. Dostları buraxmadılar. Nəsir yaxşı bir güzgü tapıb özünü toya çatdıracaq".
...Filmdə tez-tez kötüyə vurulan balta təsvir olunur. Bu təsvir ilk baxışda sıradan bir detal kimi görünsə də, əslində, dərin metaforadır. Kötüyə vurulan balta - dəyişən zamanın, pozulan dəyərlərin, kəsilən köklərin simvoludur. Hər baltanın səsi Nəsirin içində bir qırılmanın, bir xatirənin çiliklənməsinin səsidir. Kötük - kökdür, kənddir, ənənədir. Balta isə şəhərdir, modernlikdir, yadlaşmadır.
"Güzgü" filmi, əslində, yalnız Nəsirin hekayəsi deyil. Bu film bir dövrün ruh halıdır: 1990-cı illərin əvvəli - SSRİ-nin dağılması, dəyərlərin pozulması, kəndlə şəhər arasında yaranan uçurum... Bu film həmin keçid dövrünün portretidir. Nəsir o dövrün köhnə adamıdır. O təkcə restorandakı insanlara yox, həm də zamanın özünə uduzur.
Restoranda baş verənlər yalnız bir fərdin deyil, bir toplumun əxlaq baxımından hansı mərhələyə gəlib çıxdığını göstərir. Tərəkəmə - kök, keçmiş, milli olan - səsə, gurultuya, süni işıqlara, "lambada"ya uduzur. Qadın və kişi bir-birinin qucağında sərbəst şəkildə rəqs edərkən, bu mənzərəni seyr edən bir kənd kişisinin baş verənləri anlamağa və durdurmağa çalışması, əslində onun içindəki dəyərlərin son üsyanıdır. Amma artıq çox gecdir.
Sonda güzgü çiliklənir. Və bu çiliklər Nəsirin iç dünyasının dağıldığını göstərir. Amma bəlkə də elə bu çiliklənmə, bu qırılma bir oyanışdır. Çünki güzgü yalnız gözəlliyi deyil, çatları da göstərir. İnsanın özünü görmək üçün güzgüyə ehtiyacı var, amma bəzən özünlə üzləşmək, bütün saflığınla parçalandığını seyr etmək, insanın dözə bilməyəcəyi qədər ağrılı ola bilər.
Fariz Əhmədovun kamerası bu filmdə sadəcə hadisələri qeydə almır - o, bir güzgüyə çevrilir. Və bu güzgü vasitəsilə biz yalnız Nəsiri yox, özümüzü də görürük; dəyişən dəyərlər içində sürətlə yol alan bir cəmiyyətin harada dayandığını, hansı dəyərləri yol kənarına atdığını...
Çünki bəzən bir güzgü, sadəcə bir əşya deyil - bir çağırışdır: "Özünə bax!"
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!