Kişi və qadın... Adəm və Həvva... Və onların törəmələri - Leyli və Məcnun, Fərhad və Şirin, Romeo və Cülyetta... Dünyamızın həyat mənbəyi olmasının səbəbkarları. Və təbii ki, adları, əhvalatları dastanlara yazılmayan milyonlarla bu cür səbəbkarlar. Hər birinin öz hekayəsi öz ömürlərinin dastanına çevrilən sevən cütlüklər, yaxud aşiqlər...
Mövzumuz Klod Leluşun əbədiyaşar "Kişi və qadın" filmi deyil. Bu dəfə Teatr Xadimləri İttifaqının nəzdində fəaliyyət göstərən aktyor sənəti laboratoriyasının eyniadlı tamaşasından danışacağıq. Laboratoriyada mütəmadi məşğələlər keçirilir və ildə iki dəfə tamaşalar hazırlanıb təqdim edilir. "Kişi və qadın" tamaşasını Əli Əmirlinin pyesi əsasında laboratoriyanın rejissoru Məhəmməd Verdizadə iki heyətlə qoyub. Bu tamaşaya qədər o, TXİ-nin aktyor sənəti laboratoriyasında "Avtobus" (S.Stratiyev), "Bir qadının dueti" (Ə.Nesin), "Axırıncı güllə" (M.Verdizadə) tamaşalarına quruluş verib.
"Kişi və qadın" tamaşasında yalnız Əvəz Əzizov rolunun ifaçısı, Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Vüqar Məmmədəliyev hər iki heyətlə Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov adına səhnəsinə çıxır.
Cəmil bəy, Emma, Emmanın əri Əvəz Əzizov üçlüyünü məhəbbət üçlüyü həm adlandırmaq olar, həm də olmaz - süjetə görə dünyanın az qala, bütün ölkələrini əhatə edən fəaliyyəti, biznesi sayəsində çox imkanlı şəxslərindən birinə, oliqarxa çevrilmiş Cəmil bəy 38 gündür ki, sevimli, istəkli həyat yoldaşı Emma (Elmira) ilə ayrı-ayrı dünyaların insanlarına çevriliblər. Sadə dillə desək, Emma vəfat edib və Cəmil bəy bu itkinin ağırlığı altında özünü tamamilə itirib. Yaşamağa həvəsi qalmayıb. Bütün günü zahiri və daxili gözəlliyə aid cəhətlərin hamısının mücəssəməsi olan Emmasının fotoportretinə baxır, portreti bağrına basıb ağlayır. Belə məqamların birində işçisi Əvəz Əzizov gəlib çıxır. Əvəz Əzizov Cəmil bəyin tam əksidir: xanımına dəfələrlə xəyanət edib, özü də kənarda eşq macərası yaşadığı qadınlar arasında həyat yoldaşının xalası qızı və rəfiqələri də var. Amma bununla belə heç vaxt ömür-gün yoldaşını onların "ayağına" vermir, həyatının qanuni qadını haqqında həmişə hədsiz hörmətlə danışır. Emma dərrakəli, həssas qadın olduğu üçün ərinin xəyanətlərindən xəbərdardır; əlbəttə, ümumi şəkildə. Lakin müdrik, xanım-xatın qadın olduğuna görə bu məsələni açıb-ağartmır. Əvəz isə xəyanətlərini tam gizli saxlamağa çalışır.
Əvəz Cəmilə təskinlik verib sakitləşdirmək cəhdlərinin nəticə vermədiyini görəndə rəhmətliyin fotosuna baxmaq izni istəyir...və böyük bir şok keçirir - fotoportretdən ona öz xanımı baxır! Əvəz Əzizovun təbirincə desək, "fantastikamı, mistikamı olması anlaşılmayan" bu hal getdikcə daha böyük qəribəliklərdə ifadə olunur. Əvəzlə Cəmil arasındakı söhbətdən Əvəzin də həyat yoldaşının adının Emma, daha doğrusu, əsl adı Elmira olaraq "Emma" deyə çağırıldığı və bütün cizgilərilə Cəmilin vəfat etmiş xanımının eyniliklə oxşarı olduğu aydınlaşan kimi Cəmil Əvəzin həyat yoldaşını mütləq görməli olduğunu deyir. Və bu məqamda Əvəz dinc durmayan dilinin bəlasına düşdüyünü, Cəmil bəyin vəfat etmiş xanımının fotoportretinə baxmaq istəməsilə artıq ondan asılı olmayan bir oyunun başladığını anlayır. Amma ən böyük çətinliyin bu ağlasığmaz situasiyanı həyat yoldaşı Emmaya necə izah edəcəyidir. Əvəzin evinə qayıdıb öz Emmasını müdiri Cəmil bəyin gəlib ona baxmaq istəməsi kimi qəribə bir hala kökləməsi doğrudan da, müşkül bir işə çevrilir. Hətta Emma işdən və övladı olmadığına görə hər gün baş çəkdiyi uşaq evindən yenicə qayıtmasına, yorğun, ac-susuz olmasına baxmayaraq, Cəmil bəy gələnə qədər evdən çıxıb getmək istəyir. Amma işgüzar, dəqiq insan olan Cəmil bəy təyin olunan saatda gəlib çıxır və onlar qapıda rastlaşırlar. Bundan sonra qəribə bir məhəbbət üçlüyü oyunu başlayır: Cəmil öz Emmasının eyniliklə oxşarına rast gəlməsini (iki Emmaların, hətta qızlıq soyadları və nəsil şəcərələrinin tarixçələri də eynidir) taleyin Əvəz Əzizovun vasitəsilə onun üçün göndərdiyi xilas yolu, yeni həyata başlamaq imkanı kimi qəbul edir və işçisinin həyat yoldaşına bütün varlığı ilə bağlanır. Emma Cəmil bəyin belə istiqanlı davranışının absurd olduğunu anladığına görə qəbul etmək fikrindən uzaqdır. Lakin Əvəz onu inandırıb yola gətirməyə çalışır ki, "Cəmil bəylə mehriban davran, qoy o, elə bilsin ki, sən elə o Emmasan, onun Emması və beləliklə, mənim işlərim irəli getsin, onun var-dövlətindən, xeyirxahlığından bəhrələnib varlanaq". Təbii ki, Emma belə mənəviyyatsızlığa razılaşmır. Sadəcə, əri İsveçrədə sevgililərindən biri ilə ezamiyyətdə olduğu müddətdə Cəmil bəylə mədəni istirahət məkanlarına, uşaq evinə gedir, lakin evdə onunla təkbətək qalmağa şərait yaratmır, hətta ərinin müdirini mədəni şəkildə evdən qovur. Cəmil Emmaya ərindən boşanıb onunla evlənməyi təklif etsə də, Emma yeni həyat qurmaq fikrindən və həvəsindən çox uzaq olduğunu bildirir. Cəmil Əvəzin ona dəfələrlə xəyanət etdiyini deməsi də vəziyyəti dəyişmir. Amma ardınca Emma hər iki kişini məzəli vəziyyətə salan öz oyununu oynayır: Əvəz ezamiyyətdən qayıdanda Cəmil bəylə onun tapşırıb getdiyi kimi davrandığını, Cəmilin insan və kişi kimi çox təqdirəlayiq biri olduğunu...və...ondan hamilə qaldığını deyir. Halbuki Cəmilin hər hansı yaxınlıq etmək cəhdinə Emmanın cavabı şillə olubmuş. Amma bunu artıq Cəmil özü Əvəzin qısqanclıq dolu ittihamlarının cavabında deyir. Emmaya qalsaydı, ərinin xəyanətlərinin əvəzi olaraq uydurduğu bu oyun davam edəcəkdi.
Tamaşanı iki heyətin ikisinin də təqdimatında gördüyümə görə təhlil müqayisəli olacaq. "Kişi və qadın" melodramatik komediyadır. Və bu il martın 8-də "Baxış" festivalının yekun günündə tamaşanın ikinci nümayişində (mənim üçün birinci) bu janr tam qüvvəsində idi. İlk dəqiqələrdən aktyorlar arasında sinxron yaradıcı əlaqənin çox güclü olduğu duyuldu və qüvvədə qaldı. Tamaşa özünəməxsus tərzə, simaya malik idi. Bu keyfiyyətlər Emma rolunun ifaçısının səhnəyə çıxması ilə daha da gücləndi. Tamaşada bir kinematoqrafiklik sezilir. Bir növ, film-tamaşa. Bu cəhət sadəcə sezilir, qabarmır. Və ilk təəssürat Avropa komediyalarına aparıb çıxaran assosiasiyalara köklənir - bir az İntibah dövrünün, bir az XX yüzilliyin ortalarının melodramatik komediyalarının nəfəsi duyulur. Bakı Bələdiyyə Teatrının aktyoru Elçin Murad, müstəqil aktrisa Rəbbilə Ələkbərzadə, Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Vüqar Məmmədəliyevin iştirakilə olan quruluş melodramatik komediyanın bütün tələblərinə cavab verir - tamaşaçı yeri gələndə gülməkdən uğunub gedir, yeri gələndə təsirlənib, hətta kövrəlib düşüncələrə dalır. Tamaşa bütövlükdə həm reallığı çətinliklə təsəvvür edilən, həm də tam əksinə, tamamilə gerçək təsir bağışlayan bir əhvalatı zövq və estetika ilə nəql edir.
Dublyaj aktyoru Mahir Mirişlinin (Cəmil bəy), Uşaq və Gənclər Teatrının aktrisası Könül Şahbazovanın (Emma) və Vüqar Məmmədəliyevin (Əvəz Əzizov) təqdimatındakı ikinci quruluş komiklikdən demək olar ki, tamamilə xalidir. Yaradıcı heyət melodramanın dram tərəfinə meyillənməyə cəhd edib. Amma bu cəhd darıxdırıcılığa gətirib çıxarıb. Və həm də komik davranış və replikalar da qalıb. Amma onlar da yumor hissindən uzaqdırlar. Bütün bunlara görə əhvalat anlaşılmaz təsirdə qalır. İsmarışlar şüar xassəsi ilə kifayətlənir. Yeganə olaraq, hər iki heyətdə aktyorların yaş və görünüş etibarilə oynadıqları rollara və səhnə meyarlarına uyğunluğu danılmazdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!