Salam, yurduna gedənlər... - Ceyhun MİRZƏLİ

İkinci Dünya müharibəsinin bitməsi İtaliyada faşizmin məhv olması ilə nəticələndi. Müharibənin ağır nəticələrini çiyinlərində hiss edən İtaliya insanları bu dövrdə yeni ümidin axtarışına çıxdılar. Bu ümid özünü kinoda - neorealizm cərəyanının təşəkkülündə tapdı. Neorealizm, bir növ, sosial sifariş kimi dünyaya gəldi. Çarəsiz, sadə insanlar kinonun qəhrəmanına çevrildi.

Neorealizmin ilk örnək filmi 1943-cü ildə Lukino Viskontinin çəkdiyi "Vəsvəsə" filmi hesab edilir. Amma bu cərəyanın manifest filmi Roberto Rosselinin 1945-ci ildə ekranlaşdırdığı "Roma - Açıq şəhər" ekran əsəridir. Neorealizm şəhər insanının acılarını, onun yaşadığı məhrumiyyətləri və ondan çıxış üçün aparılan mübarizəni əks etdirirdi. Neorealizmlə filmlərdəki hadisələr daha çox küçələrdə cərəyan etməyə başladı. Qaranlıq dalanlar, sonsuz küçələr, meydanlar kinonun əsas məkanı oldu. Bununla yanaşı, filmlərə xeyli sayda həvəskar insanlar da çəkilirdi. Bunun əsas səbəblərindən biri film sənayesinin dağılmasıyla bağlı idi. Lakin filmlərə həvəskarların çəkilməsi ona marağı azaltmadı, insanlarda kinoya yeni rəğbət oyatdı.

Vittorio De Sika neorealizmin təməl daşını qoyan sənətkarlardan biri idi. Onun yaradıcılığındakı əsas kredo sadə insanların ev arzusu idi. Vittorio De Sika "Velosiped oğruları" filmindən başlanmış "Sevimli məhkum"una qədər, istər sosial dram, istərsə də kriminal-komediya janrlı filmlərində bu diləyi ustalıqla əks etdirmişdir.

Biz yuxarıda neorealizmin şəhər obrazından danışdıq. Vittorio De Sikanın 1951-ci ildə İtalyan yazıçısı və rejissoru Cezare Zavattinin "Toto İl Buono" romanı əsasında ekranlaşdırdığı "Milanoda möcüzə" filmi neorealizmin şəhərdəki dini-mistik yönünü insanlara çatdıran örnək ekran əsəridir. İnsanlar qədim zamanlarda olduğu kimi, müasir çağda da möcüzəyə ehtiyac duyurlar. Bu film XX əsr insanının möcüzələrə münasibətini ifadə edir.

"Milanoda möcüzə" başlanğıcından etibarən bizi dini mətnlərin ağuşuna atır. Belə ki, yaşlı qadın Lolota kələm tarlasından bir körpə tapir. Bu məqam Musa peyğəmbərin Nil çayına qayıqla anası tərəfindən göndərilməsinə bənzəyir. Lolota adını Toto qoyduğu körpəyə əmanət şüuru ilə qayğı göstərir, onu yetişdirir. Ona bilgi və mərhəmət bəxş edir.

Lolotanın ölümü Totonun körpələr evinə göndərilməsi ilə nəticələnir. Biz Totonun yetimlik dövrünü görmürük. Lakin Totonun körpələr evindən çıxarkən insanlara salam verib, təbəssüm göstərməsi insanlar arasında sülh, sevgi yaratma diləyindən xəbər verir. Toto artıq missiya adamı kimi göz önündə dayanır. Çünki o Lolota tərəfindən mərhəmət ruhuyla yetişib. Bu mərhəmət özünü onun çantasının evsiz Arturo tərəfindən oğurlanmasında əksini tapır. Toto Alfredoya mərhəmət bəsləyir, onun ağır güzəranını görərək çantasını ona bağışlayır. Toto da bu kişi kimi qəribdi, qalmağa yeri yoxdu. Bu zaman Toto Alfredo ilə qədər yoldaşına çevrilirlər. Onlar bir yerdə gecəqondudakı çadırda qalırlar. Toto səhəri günəşin yalnız bir yeri işıqlandırması ilə açır. Vittorio De Sika burada fantastik mübaliğəyə yer verir. Günəş belə, tam nurunu insanlardan əsirgəyib. Savaşlar, sərvət uğrunda çarpışmalar təbiətin də qəzəblənməsinə səbəb olub. Vittorio De Sikanın Günəşlə bağlı bu kinematoqrafik həllini bu cür yoza bilərik.

Küləyin dağıtdığı gecəqondudan sonra yeni bir gün başlayır. Bu dəfə Günəşin tam parlaması həyatın insanların üzünə gülməyə başlamasından xəbər verir. Günəş enerjisi fonunda Totonun sosial öndərliyində yeni bir yaşayış məskəni inşa edilir. İnsanlar, deyəsən, səadətə varmaq istəyirlər. Bu səadət isə sadə bir evin olması diləyilə bağlıdır. Bunun fonunda Arturo kimi həyatından bezənlər də var. Lakin Toto Arturo və onun kimilərinin də həyatını xilas edir, onları intihar pəncəsindən qurtarır.

Toto və onu əhatə edən cəmiyyətin tikdiyi yaşayış massivi zamanında Brambi soyadındakı şəxsin mülkü olub. Bu yerdə Yunus Əmrənin məşhur misraları yada düşür:

 

Mal sahibi mülk sahibi,

Hanı bu mülkün ilk sahibi?

Mal da yalan, mülk də yalan,

Burax, bir az sən də oyalan.

 

İnsanların savaşdan öncə mülk edilmiş torpaqlarda özlərinə yuva qurması haqqının çatması sadə bir yozumla tamaşaçılara çatdırılır. Toto, əvvəlcə, bu ərazidəki uşaqlardan vurma cədvəlini soruşur, ona qaneedici cavab tapmayanda, divardan vurma cədvəlindən nümunə yazaraq insanları maarifə dəvət edir. Daha sonra qadın heykəli üzərində mübahisə edən tərəfləri barışdıraraq ərazidə sülhü bərqərar edir. Cəhllə vuruşma, insanları nəfsləri uğrunda savaşdan çəkindirmə Totonun liderliyini nümayiş etdirir.

Brambi mülkünə təkcə kasıblar yox, keçmiş zadəganlar da pənah aparır. Demək, onlar da acı savaşın qurbanlarıdır. Lakin içlərindəki hikkə hələ bitməyib. Biz bunu Martanın öz qulluqçusu Edviqaya münasibətində görürük. Edviqa bilmədən Totonun üzərinə bir stəkan su atır. Marta buna görə onu qovacağını bildirir. Toto Edviqanı qovulmaqdan xilas etmək üçün üzərinə bir vedrə su tökür. Toto-Edviqa sevgisi bu zaman yaranır. Bu sevgi ən ülvi, mərhəmət hissi üzərində qurulur.

Köhnə mülkə yiyəlik etmək istəyən yeni sahib peyda olur. Filmdəki sosial mübarizə xətti buradan başlamış olur. Mobbi kollektivin torpaqlarını verməmə iradəsini görür, bu zaman o: "Mən də sizinlə bərabərəm", - deyərək vəziyyətdən çıxır. Lakin bircə Rappi Mobbiylə həmrəy kimi ona yaxınlaşır. Sahibkarların əynindəki təmiz paltolar, fraklar Rappinin gözlərini qamaşdırır. O özünü adi əhalidən fərqləndirmək üçün qismən hündür yerdə məskunlaşır.

Kasıb ərazidə teatrın, kinonun olmaması insanları Tanrının yaratdığı Günəş qürubunu film kimi izləməyə yönəldir. Onların bir zaman həsrət qaldıqları günəşi seyr etmələri Tanrını yada salıb, ona şükür etmələrini xatırladır. Sakinlər bu şükür ayinindən feyz alırlar. Lakin bu feyzdən maddiyyat tərəfdarı Rappi məhrum qalır. Şükür ayinindən sonra ərazidə neft tapılır, bu, Tanrıya edilən təşəkkürə bir cavab kimi görünür.

Ərazidə neftin kəşf olunması maddiyyat canavarını yenidən oyadır. Neftin mövcudluğu Rappini öz ruh tayına - Mobbiyə yönəldir. Rappinin verdiyi xəbər əsasında Mobbi dayanmadan bu səadət yurdunu dağıtmaq üçün hərəkətə keçir. Bu zaman Lolotanın ruhu Totoya köməyə gəlir. O, qeybdən Totoya göyərçin bəxş edir. Bu göyərçin bütün arzuları yerinə yetirən vasitəyə çevrilir. Toto artıq cəmiyyətin bununla tək sosial deyil, mənəvi liderinə də çevrilmiş olur. Göyərçin möcüzəsi nəticəsində sərvət düşkünləri ərazidən uzaqlaşdırılır. Dünyəvi zövqün tərəfdarı olan Rappi də casus kimi bu yurddan rədd edilir.

Amma və lakin. Möcüzə insanları ciddi sınaqla üz-üzə qoyur. Quranda möcüzələrin əksər hallarda insanları aliləşdirmədiyi, adiləşdirdiyinə dair mesajlar var. Totonun cəmiyyəti də bundan xali deyil. Onlar göyərçini özlərinin sərvət arzusuna fəda verməyə başlayırlar. İnsanlarda Mobbi Rappi kimi sərvət arzuları baş qaldırır. Dünənə kimi yalnız sadə yaşayış istəyən insanlar adları çəkilən fərdlərdən daha betər vəziyyətə düşməyə başlayırlar. Onlar dayanmadan milyonlarının olması üçün göyərçindən yardım diləyirlər. Arzuların ümman kimi uzanan hüdudsuzluğu Totonun sevdiyi Edviqasına sadə bir ayaqqabı tayını hədiyyə etməməsi ilə nəticələnir. Bu məqamda Toto-Edviqa cütlüyü təmizliyin nümunəsi kimi görünürlər.

Quranın Həşr surəsinin yeddinci ayəsində insanlara "sərvəti əldən-ələ dolaşan dövlətə çevirməyin" deyə mesaj var. İnsanlıq daim bu dolaşan sərvətin əsirinə çevrilib. Sərvət tutqunluğu göndərilən göyərçinin mələklər tərəfindən yenidən göyə qaldırılması ilə nəticələnir. Totonun cəmiyyəti sərvət sahibi Mobbi tərəfindən yurdundan çıxarılır. İnsanların sərvətə məğlub düşməsi nəticəsində səadət yurdundan məhrum edilməsi dünyadakı cəzanın mövcudluğunu xatırladır. Buna baxmayaraq, yenə də möcüzə onlara kömək olur. Onları aparan həbs karetası göyərçin möcüzəsi tərəfindən dağıdılır. Xilas olan insanlar Toto-Edviqa cütlüyünün liderliyində göylər aləminə - baqi olan salam yurduna doğru yüksəlirlər.

Film Kann kinofestivalında "Qızıl Palma" mükafatını qazanıb. 2008-ci ildə ekran əsəri İtaliya Mədəniyyət Nazirliyi tərəfindən 100 dəyərli film siyahısına daxil edilmişdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!