(Əvvəli ötən sayımızda)
Həmin dövrdə Rostov teatrının, onun bədii rəhbəri və baş rejissoru Ənvər Behbudovun adı, sorağı bütün ölkə teatrsevərləri arasında böyük populyarlıq qazanmışdı. Teatr 100 illik tarixində ən uğurlu, ən şərəfli dövrünü yaşayırdı. Aydın məsələdir ki, qısa zamanda belə böyük nailiyyətlərə imza atmaq bəzilərini qıcıqlandırmaya bilməzdi. Rostov vilayət rəhbərliyinin ideologiya şöbəsində, teatrda illərlə baş girləməyi özünə peşə seçənlər arasında Ənvər Behbudovun ildırım kimi çaxan ardıcıl uğurlarından narahat olanlar da az deyildi. Şübhə yoxdur ki, istedad, uğur və paxıllıq qoşa əkizlər kimi bir-birinə bağlı olan hisslərdir. Bu hər zaman belə olub, belədir və bundan sonra da belə olacaq. Kimsə buna tab gətirib qalib olur, kim isə paxıllıq girdabına düşüb məhv olur.
İstedadın ən böyük müdafiəçisi cəsarət, əzmkarlıq və mübarizədir. Ənvər Behbudov 1959-cu ildə M. Qorki adına Rostov Dram Teatrına bədii rəhbər və baş rejissor təyin olunanda teatrın heç babat binası da yox idi. Köhnə, qəza vəziyyətində olan teatr binasında normal iş rejimi belə yox idi. Neçə il əvvəl teatrın yeni binasının tikintisinə başlanılmışdı. Lakin heç cür tikilib başa çatdırılmırdı. Ənvər Behbudov ildən-ilə artan nüfuzundan, hörmətindən istifadə edərək, Rostov vilayət rəhbərliyindən binanın tikintisinin yekunlaşdırılmasını xahiş edir. Rəhbərlik qarşısında kollektiv adından öhdəlik götürür ki, teatr yeni binaya köçərsə, daha böyük uğurlar qazanmaq üçün əzmlə çalışacaqlar.
1963-cü ildə teatr Rostov şəhərinin mərkəzində, teatr meydanındakı yeni tikilib istifadəyə verilmiş binaya köçür. Ənvər Behbudov ilk dəfə olaraq Rostov Bədii Texnikumunun bütün kursunu işə qəbul edir. Bu haqda teatrşünas N.Perminova məqaləsində yazır: "...Behbudov ilk dəfə olaraq Rostov Bədii Texnikumunun bütün kursunu işə qəbul edir. 12 məzun nəinki truppaya əlavə olundu, keçmişdə deyildiyi kimi, onların hər birinə debüt imkanı yaradıldı. Hər bir məzun müxtəlif tamaşalarda baş rolda çıxış etdilər (belə bir hadisə bir daha təkrar olunmadı). Həmin ildə Rostovda ilk dəfə olaraq gənclərin yaradıcılıq müsabiqəsi keçirildi..."
Ənvər Behbudov rejissorluqla yanaşı, Kazanda olduğu kimi, Rostovda da teatrın nəzdində studiya yaradır və paralel olaraq pedaqoji fəaliyyətini davam etdirir. Bütün bu uğurlar, yeniliklər, xüsusilə də truppaya gənclərin cəlb olunması, onlara istedadlarını inkişaf etdirmək üçün şəraitin yaradılması kollektivdəki yaşlı artistlərin bəzilərində ciddi qıcıq yaradırdı, intriqalara meydan açırdı. İstənilən teatrın ayrılmaz hissəsi olan intriqalar haqqında bir qədər sonra məlumat verərəm. Hələ ki, Rostov teatrının ağlasığmaz uğurlarına nəzər salaq.
1964-cü ildə Ənvər Behbudov gənc dramaturq Edvard Radzinskinin "Məhəbbət haqqında 104 səhifə" əsərini səhnəyə qoyur. Bu əsərin olduqca maraqlı səhnə tarixi var. 1960-cı illərdə SSRİ-də siyasi ab-havanın mülayimləşməsi nəticəsində xeyli sayda cəsarətli, zamanın tələbinə uyğun bədii əsərlər yaranmağa başladı. E.Radzınski də həmin dövrün istedadlı gənclərindən biri kimi, "Məhəbbət haqqında 104 səhifə" pyesini yazır. Moskvada məşhur "Lenkom" teatrında tanınmış rejissor A.Efros əsəri səhnəyə hazırlayır. Teatrın rəhbərliyi əsərin səhnələşdirilməsinə razılıq vermək istəməsə də, dünyaca məşhur A.Efros öz nüfuzundan istifadə edərək tamaşaya hazırlıqları davam etdirir. Teatr rəhbərliyi SSRİ Mədəniyyət naziri Yekaterina Furtsevanı ilkin baxışa dəvət edir və ümid edirlər ki, nazir tamaşanın nümayişinə icazə verməyəcək. Lakin Y.Furtseva əsəri çox bəyənir və tamaşanın repertuara salınmasına icazə verir. Tamaşa böyük uğur qazanır.
Leninqrad Böyük Dram Teatrı da elə həmin ildə pyesi tamaşaya qoyur. Əsərə məşhur rejissor Q.Tovstonoqov quruluş verir. Eyni ildə, demək olar ki, eyni vaxtda Ənvər Behbudov da "Məhəbbət haqqında 104 səhifə" pyesini Rostov teatrında hazırlayır. Ölkənin ən məşhur rejissorlarının Moskvada və Leninqradda, ən qabaqcıl teatrlarda bu əsəri səhnəyə qoyması Ənvər Behbudovu heç də çəkindirmir. Əksinə, öz istedadına, bacarığına inanaraq dövrünün məşhur rejissorları ilə yaradıcı rəqabətə girməkdən çəkinmir. Maraqlıdır ki, Q.Tovstonoqov, A.Efros və Ə. Behbudov - hər üçü görkəmli rejissor və pedaqoq A.Popovun tələbələri idi. Hər üç sənətkar eyni məktəbin yetirmələri olmuşdu. Moskvada, Leninqradda olduğu kimi, Rostovda da "Məhəbbət haqqında 104 səhifə" tamaşası böyük uğurla nümayiş olunur və tamaşaçıların rəğbətini qazanır.
1965-ci ildə Rostov teatrı növbəti dəfə Moskvaya qastrola dəvət olunur. Teatrşünas N.Perminova yazır: "...1965-ci ildə kollektiv Moskvaya böyük qastrol səfərinə dəvət alır. Qəzetlərdə 98 rəy öz əksini tapır. Demək olar ki, hamısı da müsbət rəylər. Başlıcası isə, paytaxt resenziyaçıları xüsusi olaraq qeyd etdilər ki, "...rostovlular beş tamaşa gətiriblər ki, onlardan üçü heç yerdə oynanılmayıb!" Bu məqam indiyə qədər çox qiymətlidir..."
1965-ci ildə Ənvər Behbudov "RSFSR Xalq artisti" fəxri adına layiq görülür. Yeri gəlmişkən, qeyd edim ki, Ə.Behbudov bu yüksək ada layiq görülmuş ilk azərbaycanlıdır. Elə həmin ildə rejissor Moskvaya Mədəniyyət Nazirliyinə dəvət olunur. Nazirlikdə ona bildirilir ki, Bolqarıstanda M.Şoloxovun "Oyanmış torpaq" romanını səhnələşdirmək üçün ora ezam olunur. Heç şübhəsiz ki, bu, sənətkara böyük etimadın göstəricisi idi. Moskvada, Leninqradda çox məşhur teatr rejissorları fəaliyyət göstərirdi. Buna baxmayaraq, SSRİ Mədəniyyət Nazirliyi Bolqarıstana yaradıcı ezamiyyətə Ə.Behbudovu göndərmək qərarına gəlmişdi.
Bolqarıstanın Q.Kirkorov adına Pleven Dram Teatrında "Oyanmış torpaq" əsərinin səhnələşdirilməsinin Ənvər Behbudova həvalə olunması rejissora böyük sevinc və fərəh hissi bağışladı. O Rostova gəlib səfərə hazırlığa başladı. Teatrşünas N.Perminova yazır: "... Ə.Behbudov Rostov dram teatrından xarici ölkədə işləmiş ilk və (hələ ki) yeganə rejissordur...".
Bolqarıstanda səfərdə olduğu müddətdə teatrda baş rejissorun başgicəlləndirici uğurlarını qəbul edə bilməyənlər hərəkətə keçirlər. Rostov vilayət partiya komitəsinə rejissordan şikayətlər göndərilir. Onun uzunmüddətli xarici səfərdə olmasından istifadə edərək və vilayət partiya komitəsindəki himayədarlarının dəstəyi ilə onlar "teatrda qeyri-sağlam atmosfer" olması haqqında rəy formalaşdırırlar. Guya rejissor bəzi qadın aktrisalara istedadlarına görə deyil, başqa səbəbdən xüsusi münasibət göstərir. Əslində bu ittihamlar həqiqətə uyğun deyildi. Aktyor və dramaturq V.P.Pokrovski bu hadisələri belə xatırlayır: "... Çoxları Behbudovu kənardan, Mədəniyyət Nazirliyinin qərarı ilə təyin olunduğuna və eyni zamanda ciddi şəxsiyyət olduğuna görə sevmirdilər. İlk görüşümüzdə mən ondan soruşdum: "Necə-necə? Adınız və ata adınız necədir?.." Və zarafat etdim: "İndi gərək truppanı iki günlük buraxasınız ki, adınızı və ata adınızı tələffüz etməyi öyrənsinlər". Bu replikanı baş rejissor mənə keçmədi. Onun rəhbərliyi dövründə mən repertuardan kənarlaşdırıldım. İntriqalar çox idi... Bütün intriqalar əsasən (adətən olduğu kimi) arxada, gizlində qurulurdu... Daha ciddi intriqalar rejissor Bolqarıstanda olanda baş verdi. Bu haqda vilayət partiya komitəsinə siqnallar ötürüldü və nəticədə vilayət partiya kömitəsinin iclaslarının biri "Qorki adına teatrda qeyri-sağlam mühit"ə həsr olundu... Artist Malçenko baş verənlərin əsas mahiyyətini belə dəyərləndirdi: "Sadəcə, paxıllıq etmək lazım deyil. Onda hər şey öz yerini tutacaq".
Teatrşünas N.Perminova məqaləsini belə tamamlayır: "Ənvər Məcid oğlu Behbudov çox məğrur insan idi. O, özünün və teatrın şöhrətinin pik həddində inciyərək Rostovdan getdi. Vətənində, Bakıda uzun müddət Rus Dram Teatrına rəhbərlik etdi".
Göründüyü kimi, bəzi rostovluların nankorluğu tanınmış sənətkara çox pis təsir edir. 100 illik tarixində görünməmiş şöhrətə, şana, uğura çatdırdığı, öz zəhməti, istedadı, bacarığı ilə yaratdığı, formalaşdırdığı kollektivdən belə nankorluğu qəbul edə bilmədi. Nə qədər intriqalara etinasız yanaşsa da, belə ədalətsiz, xain münasibətə biganə qala bilmədi. Qurşaqdan aşağı vurulan bu zərbəyə cavab verməyi belə özünə sığışdırmadı.
Ə.Behbudov həmin iclasdan sonra işdən çıxmaq haqqında ərizəsini yazıb Rostovdan gedir Moskvaya. Həmin ərəfədə Moskvada SSRİ Ali Sovetinin növbəti sessiyası keçirilirdi. Rəşid Behbudov da SSRİ Ali Sovetinin deputatı kimi sessiyada iştirak edirdi. Ə.Behbudov Moskvaya gələn kimi qardaşı Rəşidlə əlaqə saxlayır və elə həmin gün görüşürlər. Rəşid Behbudovun həyat yoldaşı Ceyran xanım bu hadisəni belə xatırlayır: "Ənvər işdən çıxmaq haqqında ərizə yazıb Rostovdan Moskvaya gedir. Moskvaya gələn kimi Rəşidlə əlaqə saxlayır və onlar görüşürlər. Ənvər çox pərişan halda başına gələnləri Rəşidə danışır. Rəşid bərk qəzəblənir və deyir ki, səhər mən Rostov vilayət rəhbərliyinə zəng edib izahat tələb edərəm. Demiçevə də məlumat verərəm (P.N.Demiçev 1961-1974-cü illər ərzində Sov. İKP MK Siyasi Büro üzvlüyünə namizəd, Sov. İKP-nin ideologiya, tarix və mədəniyyət işləri üzrə katibi, 1974-1986-cı illər SSRİ Mədəniyyət naziri idi. Rəşid Behbudovla Demiçev yaxın, səmimi münasibətdə idilər - K.Ş.). Ənvər qardaşından dönə-dönə xahiş edir ki, bu məsələyə qarışmasın. O, bildirir ki, mənim qəlbim onlardan qırılıb. Onlarla nəinki işləmək, onları bir daha görmək belə istəmirəm. Mən orda daha işləyə bilmərəm. Ona görə də kiməsə nəsə deməyə ehtiyac yoxdur.
Rəşid belə olan halda onun gələcək planları ilə maraqlanır. Ənvər tez-tez Moskva, Leninqrad teatrlarından dəvət aldığını bildirir. Bu yaxınlarda isə Moskvada qastrolda olanda Azərbaycanın yeni Mədəniyyət naziri Rauf Hacıyevlə görüşdüyünü söyləyir (Rauf Hacıyev - SSRİ Xalq artisti, bəstəkar, 1965-1971-ci illərdə Azərbaycanın Mədəniyyət naziri - K.Ş.). Rauf Hacıyev Kreml sarayında Ənvərin tamaşasına baxır və tamaşadan sonra birlikdə şam edirlər. Rauf Hacıyev söhbət əsnasında Ənvərə Bakıda opera və balet teatrının baş rejissoru olmağı təklif edir. Ənvər Rostovda bəzi planlarının olduğunu bildirir. Rəşid elə həmin axşam Rauf Hacıyevlə əlaqə saxlayır və məsələni ona danışır. Rauf Hacıyevlə danışdığını Ənvərə bildirmir. Qardaşına təklif edir ki, sessiya başa çatsın, birlikdə gedək Bakıya. Bir müddət dincələrsən, sonra iş haqqında düşünərsən.
Tezliklə Rəşidlə Ənvər Bakıya gəldilər. Bir neçə gün keçəndən sonra Rəşid mənə zəng elədi ki, axşama yaxşı bir çay dəmlə, Rauf bizə gələcək. Axşam Rəşid, Ənvər və Rauf Hacıyev gəldilər bizə. Xeyli söhbət etdilər, planlar qurdular. Növbəti gün Ənvər opera və balet teatrının baş rejissoru təyin olundu..."
Ənvər Behbudov Azərbaycan Dövlət Opera və Balet Teatrında işə başlayır. Tanınmış rejissor teatrın repertuarında olan bütün tamaşalara əl gəzdirir, dekorları yeniləyir, quruluşlarda bəzi dəyişikliklər və əlavələr edir. Teatrda yeni nəfəs hiss olunmağa başlayır. O, dram rejissoru olsa da, opera tamaşalarının quruluşlarında da maraqlı rejissor həlli tətbiq edir. Ənvər Behbudov Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasına yeni quruluş verir. Bu quruluş opera və balet teatrının səhnəsində nümayiş olunur. Tanınmış rejissor opera və balet teatrında nə qədər işlər görsə də, dram tamaşaları onu özünə daha çox çəlb edirdi.
1969-cu ildə Ənvər Behbudov Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru təyin olunur. Rejissor burada da böyük həvəslə, tükənməz enerji ilə işə başlayır. Rus dram teatrında işlədiyi illər Ə.Behbudovun çox məhsuldar dövrü hesab olunur. O, burada Stravinskinin "Gur saatda", M.Şatrovun "Altı iyul", İ.Dvoretskinin "Kənar adam", R.İbrahimbəyovun "Kənar adam", N.Xəzrinin "Sən yanmasan", A.Vampilovun "Ötən yay Çelumskidə", "Şəhər kənarında görüş", A.Gelmanın "Bir iclasın protokolu", V.Şuksinin "İşgüzar adamlar", L.Yuxovitskinin "Dayan, bax", İ.Qasımovun "Ömür elə qısadır ki...", Y.Çebalinin "Reallaşan arzular" və digər əsərlərə quruluş verir. Bu tamaşaların hər biri teatrsevərlər və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Ənvər Behbudov M.Qorkinin "Zıkovlar" pyesinə quruluş vermək üçün Milli Dram Teatrına dəvət olunur və yüksək peşəkarlıqla əsəri səhnəyə qoyur.
1969-1978-ci illər Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru vəzifəsində çalışan Ənvər Behbudov bundan əvvəl çalışdığı teatrlarda olduğu kimi istedadlı aktyorlardan ibarət maraqlı truppa formalaşdırdı. Klassik və müasir, yerli və xarici müəlliflərin əsərlərini səhnələşdirərək rəngarəng repertuarla teatr həyatında canlanmaya öz töhfəsini verdi. Olduqca prinsipial, ədalətli, inadkar, məqsədinə nail olmağı bacaran, geniş dünyagörüşünə və yüksək erudisiyaya malik olan rejissor sənətdə kompromis anlayışını qəbul etmirdi. Özü yorulmadan çalışdığı, ən xırda, kimlərəsə əhəmiyyətsiz görünə biləcək nüanslara belə, ciddiyyətlə yanaşdığı üçün, bəzən bütün bunlar kimlərdəsə narazılıq yaradırdı.
Ə.Behbudov adəti üzrə belə hallara reaksiya verməz və bütün bunları mənasız məşğuliyyət hesab edərdi. Harda işləməsindən asılı olmayaraq, bütün varlığı ilə özünü işə, sənətə həsr edərdi. İşində, sənətində olduqca məsuliyyətli idi. Özünə qarşı da bu cür münasibət gözləyirdi. Zəhməti, əziyyəti dəyərləndirilməyəndə isə sakit, səs-küysüz həmin yerdən uzaqlaşardı. Özünə qarşı hədsiz tələbkar olduğu üçün, başqalarından da bunu tələb edirdi. Özünə hörmət edən, öz dəyərini bilən və olduqca məğrur insan idi. Özünə, sənətinə layiqli qiymət, diqqət görməyəndə, o da bütün sənət adamları kimi ruhən inciyirdi. Nomenklatur insanlardan xoşu gəlməzdi. Heç vaxt kiminsə qapısını döyüb özünə diqqət tələb etməzdi. Kimlərəsə xoş gəlmək üçün öz prinsiplərinə xəyanət etməzdi. Sənətdə kimsəyə güzəştə getməzdi. Azərbaycanda əvvəl opera və balet teatrinda dörd il, sonra S.Vurğun adına Rus Dram Teatrında doqquz il baş rejissor kimi çalışsa da, onlarla tamaşaya quruluş versə də, qapı döymədiyinə, kabinetləri gəzib heç nə istəmədiyinə görə hər dəfə mükafatlandırılanların siyahısına adının salınmasının unudulduğunu görüb məyus olardı. Bunu heç kimə bildirməsə də, daxılən əzilirdi. Bütün sənət adamları kimi, o da gördüyü işlərə qiymət verilməsini istəyirdi. Çoxlarından fərqi onda idi ki, bu istəyini heç zaman, heç kimə bildirməzdi...
1978-ci ildə ərizə yazaraq öz istəyi ilə S.Vurğun adına Rus Dram Teatrının baş rejissoru vəzifəsindən azad olunur. Moskvaya gedərək ömrünün sonuna qədər Moskva Dövlət Mədəniyyət Universitetində pedaqoji fəaliyyətlə məşğul olur. 18 mart 1993-cü ildə görkəmli rejissor, pedaqoq, teatr təşkilatçısı, ensiklopedik biliyə malik olan Ənvər Behbudov 81 yaşında Moskvada vəfat edir və orada da dəfn olunur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!