Maqsud İbrahimbəyovun uşaqlığını canlandıran tamaşa - Samirə BEHBUDQIZI

Xəyal qurmaq, o xəyalların gerçəkləşmək xüsusiyyətinin olduğuna inanmaq və bu gerçəkliyi yaxınlaşdırmağa doğru addımlamaq...

İnsanın uşaqlıq və yeniyetməlik yaşlarının səmt küləyindən əskik olmayan "yelkənli qayığı"dır sanki bu əhval...

 

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Azərbaycan Respublikası Prezidentinin Xalq yazıçısı, Dövlət Mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı 13 fevral 2025-ci il tarixli Sərəncamının "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirməsini" tövsiyə edən bəndini rəhbər tutaraq 1960-cı illərdən bəri repertuarının daimi  müəlliflərindən biri olan mərhum yazıçı-dramaturq Maqsud İbrahimbəyovun 90 illik yubileyinə töhfə qismində "Xəyalın yaratdığı gələcək" ("Buduhee, kotoroe sozdaet meçta") tamaşasını hazırlayıb. Maqsud İbrahimbəyov adı XX əsrin İntibah dövrü adını qazanmış və doğrultmuş 1960-cı illər ədəbi nəsrinin ən parlaq nümayəndələrindən biri kimi ədəbiyyat tariximizə yazılıb. 

Bu məqamda rus dilində yazıb-yaradan azərbaycanlı şair və yazıçılarımıza münasibətdə ara-sıra səslənən "rus dilində düşünüb əsərlər yazan ədib Azərbaycan ədəbiyyatının nümayəndəsi sayıla bilməz" kimi fikirləri yürüdənlər doğrudanmı belə bir əks-arqumenti nəzərdən qaçırırlar: orta əsrlərdən üzü bu yana, bütün tərəqqipərvər, maarifçi şəxsiyyətlərimizi fars, ərəb, rus, fransız dillərində təhsil aldıqlarına və bu dillərdə ədəbi və elmi irs qoyub getdiklərinə görə Azərbaycan tarixinin səhifələrindən pozsaq, nəticədə çox cüzi kəmiyyət və keyfiyyət qala bilər. Çünki həyatda, dünyamızda nisbi anlayışlar mütləq həqiqətlərdən daha çoxdur. Sözsüz, şübhəsiz və müzakirəsiz təhsilin yalnız ana dilində olması, bu dildə yaradıcı nümunələrin meydana gəlməsi ən arzuolunan haldır. Amma bizim arzu və istəklərimizdən asılı olmayan tarixi dönəmlərin varlığını, həmin dönəmlərin konkret dövr üçün məqbul və normal sayılan dünyagörüşlərini bilərəkdən nəzərdən qaçırmaq, yumşaq desək, çox qəribə görünür. 

 

Maqsud İbrahimbəyov şəhər nəsrinin, konkret olaraq, Bakının ab-havasına, bakılıların və Bakı sakinlərinin ruhuna söz ömrü verməyi bacarmış dəyərli qələm və təfəkkür sahiblərimizdən biridir. Akademik Rus Dram Teatrının yazıçının 90 illiyinə ərməğan etdiyi tamaşanın belə romantik, xəyalpərvər, sadə, saf yeniyetmə-gənclik ovqat və məzmununda olması bir neçə mənada təqdirəlayiqdir - səhnəmizdə böyük, geniş, dərin anlamda işıqlı fabula və fakturalı tamaşalar "yox" dərəcəsindədir. Yazıçının "Timka ilə bizim neftimiz", "Qəzəbli dovşan", "Bu içkibaz kirpi",  "Əlvida, Miledi", "Yaxşılığa görə - ölüm" hekayələrinin motivləri əsasında ərsəyə gəlmiş "Xəyalın yaratdığı gələcək" tamaşası səhnədə Maqsud İbrahimbəyovun uşaqlıq, yeniyetməlik, gənclik vaxtlarının  Bakısını, Abşeronunu, başqa sözlə, ömrün ən parlaq çağlarını canlandırır. Quruluşçu-rejissoru Raulya Türkkan, səhnələşdirəni Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Vladimir Neverov olan tamaşa birbaşa uşaq və yeniyetmələr üçün nəzərdə tutulmayıb, axşam tamaşalarından biridir. Amma yaratdığı əhval-ruhiyyə bütün yaş kateqoriyasından olan tamaşaçılara eyni dərəcədə məhrəm olduğu üçün mənəvi məlhəm təsirindədir. Atmosfer, ab-hava, ovqat doğurmaq, canlandırmaq, bu və ya digər müəllifin yazdıqlarının inandırıcı vizuallığını, ruhu olan mənzərəsini yaratmağı bacarmaq, illüstrasiyaçılıqdan ruhsal və zəkisal vizuallığa yüksəlmək çox vacibdir. Təəssüf ki, son dövrə aid tamaşalarda (və xüsusən də filmlərdə) bu cəhət son dərəcə zəifdir. Akademik Rus Dram Teatrının tamaşalarında, ələlxüsus, həm də uşaq və yeniyetmələrə ünvanlanmış tamaşalarda bu keyfiyyətə çox böyük diqqət ayrılır və nəticədə bədii mətnlərin sxolastikadan, statiklikdən uzaq səhnə versiyaları ərsəyə gəlir. 

 

"Xəyalın yaratdığı gələcək" tamaşasının istinadlandığı beş hekayə bir məktəbdə oxuyan  və həm də bağ qonşuları olan Teymurun, Sabirin, Əlinin, Kəmalənin, Səidənin, Davudun və digər yeniyetmələrin həm uydurub reallaşdırdıqları, həm də gerçəkdən baş verən əhvalatlardan, sərgüzəştlərdən bəhs edir. Onlar hər an can atırlar ki, bu əhvalatlar, sərgüzəştlər macəraya çevrilsin, özlərini hansısa yaddaqalan gözəl bir təşəbbüsü həyata keçirən cəsur və dərrakəli insanlar kimi təsdiq etsinlər. 

Bəzən davranışları qəribə görünür, məsələn, bağ evinin həyətinə balıq və meyvə-tərəvəz gətirib satan Davudun "dərsini vermək" üçün bağ-bostan ərazisində partlayıcı ləvazimatlar quraşdıran Sabirin davranışı kimi - "Davudgilin bağı yoxdur, onun balıq ovuna getdiyini də heç kim görməyib, deməli, satdıqları oğurluq maldır, onun "dərsini vermək" lazımdır ki, bir də belə etməsin". 

 

Bax, belə bir radikal, barışmaz, güzəştsiz, maksimal dürüstlük. Təbii ki, bu cür saf, vicdanlı insanların tərbiyəsi evdən, ailədən başlayır. Məhz valideyn nümunəsi qüsursuz olduğu üçün bu uşaqların böyük əksəriyyəti xeyirxah, vicdanlı, cəsarətli, düzgün qərara gəlməyi, doğru seçim etməyi bacaran insanlar, vətəndaşlar kimi böyüyüb boya-başa çatırdılar. Əlbəttə, aralarında Səidə və onun anası Diləfruz kimi hamıya və hər şeyə bir qədər yuxarıdan aşağı baxanlar olsa da, hər halda məktəblilər bir-birini bıçaqlayıb öldürmürdülər və yaxud da intihar etmək dərəcəsinə çatdırmırdılar... Çünki bir daha vurğulayım, təlim-tərbiyə evdən, ailədən başlayırdı.

 

"Xəyalın yaratdığı gələcək" tamaşası həyata, dünyanın işlərinə, insanlara, ümumilikdə ətraf mühitə Maqsud İbrahimbəyovsayağı didaktikadan, donuq təhkiyəçilikdən, durğun təsvirçilikdən çox uzaq, real həyat mənzərələri, gerçək yaşam situasiyaları vasitəsilə nəyin güzəştsiz şəkildə pis, nəyin birmənalı olaraq yaxşı və nəyin nisbi anlayışlar kateqoriyasına aid olduğunu üzvi şəkildə bəyan edir. Personajların geyim tərzində (geyimlər üzrə rəssam AR əməkdar mədəniyyət işçisi Olqa Abbasova) keçən əsrin 60-70-ci illərinə aid hər hansı detal yoxdur. Aktyorlar elə müasirlərimiz kimi geyiniblər. Aktyorlar demişkən, tamaşanın sonunda tamaşaçılara təzim zamanı gənc aktrisalardan birinin qəribə hərəkətini çıxmaq şərtilə analar rolunda çıxış edən əməkdar artistlər - İnna İmranova və Milana Sokolenko başda olmaqla, tamaşada iştirak edən truppanın gənclərdən ibarət bütün aktyor heyəti kifayət qədər təbii və inandırıcı elementlərlə rollarının məzmun və məna yükünü çatdıra bildilər. Tamerlan Abdullayev, Rəşad Əliyarov, Coxar Abdullayev, Ruslan Pavlov, Səbinə Asim, Tamilla Abutalıbova, Aylin Türkkan, Dilarə Nəzərova, Samirə Rəhimova, Səma Vəliyeva valideynlərinin yeniyetməlik, gənclik çağlarını "boylarına biçdilər" - teatr tamaşası, kinofilm və ya bədii əsər qəhrəmanının obrazına vurğunluqdan başlayan  ilk vurğunluq əhvallarını, fantaziya və xəyallarını, dostluq etməyi bacarmağın ən birinci cəhətlərini, böyüklə böyük, kiçiklə kiçik əməlisaleh olmaq keyfiyyətini, qədərində avantüraçı, macəraçı, amma mütləq və dönməz şəkildə sözübütöv, əməlisaleh həyatda ilk müstəqil düşünmək mərhələsində olan cavan insanların, gənc vətəndaşların simpatik obrazlarını canlandırdılar.       

 

Hadisələrin baş verdiyi Abşeron bağları məkanı, dəniz sahili Xəzəri, onun qumluğunu, bu ərazilərin bağ evlərini məhz həmin ötən illərin ruhunda göstərən dekorasiyalarda (dekorasiya rəssamı Mustafa Mustafayev) görünür - iki sadə bağ evi, çaylaq daşlarından hörülmüş və bağ ərazisini dəniz sahilindən ayıran alçaq, rahatlıqla bu üzdən o biri üzə keçməyə maneə törətməyən hasar, gur, isti günəş işığı ilə dopdolu bir atmosfer. Tamaşaçı ilk dəqiqələrdən, ya özünün xatirələrindən, ya da valideynlərinin söhbətlərindən tanış olan ovqatla limhəlim dolur, özünü gah tamaşada iştirak edən iki ana qismində, gah da yeniyetmələr misalında hiss edir. Bu əhval-ruhiyyə aktyorların da canına-qanına hopduğundandır ki, tamaşaçılara təzimin yekununda  səhnədə içdən gələn, əvvəlcədən planlaşdırılmamış evlənmə təklifi baş tutdu. Bax, belə bir səmimi, romantik bahar gözəlliyinin şahidi olduq...

 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!