XX əsrin əvvəllərində Azərbaycanda şəxsiyyətinə və yaradıcılığına yüksək qiymət verilən, əsərlərinə ən çox nəzirələr yazılan türk ədəbiyyatşünası, şair və dramaturq, tənzimat dövrü ədəbiyyatının banilərindən biri - Mahmud Əkrəm Rəcaizadənin (1847-1914) "Füyuzat" jurnalının 1907-ci il 2 iyul 21-ci sayında əksi ilə bərabər "Yad et!" adlı 6 bənddən ibarət şeiri dərc olunmuşdur. Ədəbi mühitdə böyük marağa səbəb olan, təsiri ilə dövri mətbuat səhifələrində zaman-zaman davamlı nəzirələr, təhzillər yazılan bu şeirin ilk bəndi belədir:
Vəqta ki, gəlüb bahar... yeksər,
Əşyadə əyan olur təğəyyür.
Vəqta ki, həzari-eşqpərvər,
Yapraqlar ilə edüb təsəttür.
Bilməm kimə qarşı həsrətindən,
Başlar nəvəhata bitəəxxür...
Qıl gök yüzünün lətafətindən,
Safiyyəti-eşqimi təxəttür,
Yad et bəni, bir dəqiqə, yad et!
Uzun müddət ədəbi tənqiddə M.Ə.Rəcaizadənin orijinal əsəri kimi təhlilə cəlb edilən bu romantik - sentimental şeirin əsl müəllifinin fransız şairi Alfred de Müsse olduğu fikri XX əsrin son onilliklərində meydana çıxmışdır. Mənbələrdə: "Yad et!" M.Ə.Rəcaizadənin orijinal şeiri deyildir, XIX əsr fransız ədibi Alfred de Müssedən (1810-1857) sərbəst tərcüməsidir. ...XX əsrin əvvəlləri Azərbaycan ədəbi mühitinin bu şeiri M.Əkrəmin orijinal əsəri saymasının kökü də məhz "Füyuzat"dan başlayır" (Həşimli H. Azərbaycan ədəbi mühiti və türk dünyası. B., 2009, s. 53) - qənaəti irəli sürülmüşdür.
Qısa, lakin rəngarəng sevgi dolu bir ömür sürən Alfred de Müssenin, xüsusilə Jorj Sand - Amandina Avrora Lüsil Düpen (1804-1876) arasındakı eşq macərasının yaşantılarından yaranan romantik əsərlər fransız ədəbiyyatında böyük əks-səda doğurmuş, hər iki müəllifə uğur gətirmişdir. Alfred de Müsse yaradıcılığının kiçik bir nümunəsi olan "Rappelle-toi" ("Yad et!") şeiri müxtəlif dövrlərdə Azərbaycan, türk, rus, ingilis, italyan, alman və s. dillərə tərcümə edilmiş, ona bənzətmələr, nəzirələr, təhzillər yazılmışdır. Onu Azərbaycan ədəbi mühitinə isə M.Ə.Rəcaizadə tanıtdırmış və sevdirmişdir. Şeirə dövrün M.Ə.Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Məşədi Həbib Zeynalov və digər söz sahibləri nəzirə və cavab-satiralar yazmış, Ə.Mirəhmədovun tədqiqatında bunlardan teatr tamaşalarında aktyorlar tərəfindən pərdələrarası deklamasiya edildiyi də qeyd olunmuşdur (Mirəhmədov Ə. Sabir. B., 1958, s. 357).
Forma xüsusiyyətləri baxımından cüzi fərqləri olan bu şeirlərin romantik-sentimental, yaxud ictimai-satirik məzmunundan asılı olmayaraq hər birinin ruhunda ünvanlı bir müraciət, umacaq, iltimas, bəzən qəribə bir yəqinlik, arxayınlıq ovqatı var.
Tədqiqatçı V.Əsədova "Yad et!" şeirinin müəllifliyi ilə bağlı bələd olduğu zəngin elmi mənbələrə istinadən əldə etdiyi: "Yad et!" əsəri Rəcaizadənin tam orijinal əsəri deyildir", "Bu şeir XIX əsr fransız ədibi Alfred de Müssedən (1810-1857) sərbəst şəkildə edilmiş tərcümədir. Agah Sirri Ləvəndin "Ədəbiyyat tarixi dərsləri (Tənzimat ədəbiyyatı)" adlı kitabında bu şeirin üstündə "Alfred de Müssedən" qeydi yazılmışdır"; "Əkrəm bəyin mənzum tərcümələr içərisində ən çox müvəffəq olduğu bu şeirdir, ancaq bu hərfi tərcümə deyil, genişləndirilərək edilmiş tərcümədir"; "Rəcaizadə Mahmud Əkrəm tərcümədə nə qədər sərbəst hərəkət etsə də, şeirə özündən əlavələr etsə də, bunu onun orijinal əsəri kimi qəbul etmək çətindir"; "...Alfred de Müssenin "Rasseleti" (? - E.Q.) şeirinin sərbəst tərcüməsi"dir və s. kimi çoxsaylı elmi qənaətləri diqqətə çatdırmış, bununla belə, "Alfred de Müsse əsərləri içərisində "Yad et!" şeiri ilə oxşar olan əsər olmadı"ğını nəzərə alıb gətirilən qənaətlərə tərəddüd və daha ehtiyatla yanaşmış, "tez-gec ortaya çıxarılması mümkün olacaq" ümidilə indilikdə "Yad et!" şeirini (M.Ə.Rəcaizadənin - E.Q.) orijinal əsəri kimi təqdim etməyə üstünlük" (Əsədova V. "Füyuzat" məcmuəsində ədəbiyyat məsələləri. B., 2016, s. 85-87) vermişdir.
M.Ə.Rəcaizadənin Azərbaycan şairləri arasında böyük populyarlıq qazanmış "Yad et!" şeirinin ilk dəfə Osmanlıda nəşr olunan "Mizan" dərgisinin 17 mart 1887-ci il buraxılışında çap edildiyini, orijinal əsər kimi deyil, fransız şairi Alfred de Müssenin "Rappelle-toi" ("Yad et") şeirinin tərcüməsi kimi təqdim olunduğunu qəbul edən Məti Osmanoğlunun digər bir mülahizəsi bu baxımdan diqqətçəkəndir. Onun fikrincə: "Bu da maraqlıdır ki, XIX əsrin türk ədəbiyyatında "Yad et!" "modası" Rəcaizadə Mahmud Əkrəmdən əvvəl başlamışdı. 1886-cı ildə bu şeiri türkcəyə Nigar xanım Osmanqızı "Təxəttür et" ("Xatırla") adı ilə nəsrlə sətri tərcümə etmişdi. ...Hətta bir ehtimala görə, Rəcaizadə Mahmud Əkrəm "Yad et!" şeirini orijinala deyil, bu tərcüməyə nəzirə kimi yazmışdır" (Osmanoğlu M. "Yad et!" Azərbaycan şeirində fransız modası // "Ədəbiyyat qəzeti", 2017, 21 oktyabr). Son dövrün tədqiqatları içərisində M.Osmanoğlunun etibarlı dəlillərə söykənən mülahizə və qənaətləri diqqət çəkəndir.
Deyilənlər "Yad et!" şeirinin Azərbaycan dövri mətbuatına gəlişinəqədərki ədəbi taleyi ilə bağlı tədqiqatlarda üst-üstə düşən və fərqli qənaətlərdir. Amma şeirin və ona yazılan müxtəlif nəzirə və təhzillərin dövri mətbuatda özünə yer alması, nəşri taleyi, müəllifinin müəyyən edilməsi (atribusiyası), ümumən poetikası, sonrakı dövrlərdə klassiklərin əsərlərinin toplanılması və nəşrində bərpası böyük zəhmət və məsuliyyət tələb edən qüsurlarla bağlı tədqiqatlarda müxtəlif mülahizə, tərəddüd, biri digərini təsdiq və inkar edən ziddiyyətli qənaət və nəticələr də az deyil. Bu mürəkkəbliklərin bir qismini yaradan ilkin səbəb əsərlərinin sabahkı taleyi umrunda olmayan yazarların onları dövri mətbuatda imzasız, gizli imza və inisial ilə dərc etdirməsidir. "Bir əsrdən artıq böyük zaman məsafəsi keçməsinə baxmayaraq, indi də tam həllini tapmamış bu problem özünü XX əsr klassiklərinin əsərlərinin nəşrinin mükəmməlliyinə və elmiliyinə xələl gətirən natamamlıqda, lazımsız "əlavə"lərdə göstərməkdədir" (Qasımova E. Gizli imza və atribusiya. B., 2017, s. 276-277).
M.Ə.Rəcaizadənin "Yad et!" şeirinin təsiri ilə yazılmış və dövri mətbuatda imzasız, inisial və gizli imza ilə dərc olunan əsərlər və onların müəllifləri haqda müxtəlif elmi-biblioqrafik, sənədli mənbələr sırasında ilk istinad ediləcək A.Şaiqin şəxsi arxivindəki "Yad et!" avtoqraf nüsxələrindən birinin üzərində şeirin Azərbaycan mətbuatında yaranma və yayılma tarixi ilə bağlı etdiyi istiqamətləndirici qeyddir: "Ustadi-əzim Mahmud Əkrəmə nəzirə olan bu şeirimi hənuz 1908-ci sənəyi-miladidə demişdim. Arkadaşlarımdan Məhəmməd Hadi əfəndiyə, Səhhət əfəndiyə, mərhum Sabir əfəndi və bir kaç başqa əhbablarıma oxumuşdum. Arkadaşlarımın xoşuna getdiyi üçün hər biri bir nəzirə yazmaq arzusunda olduqlarından ricalarını qəbul etmişdim. Lahəza bəradərim Səhhət əfəndinin nəzirəsini "İrşad" qəzetinin sütunlarında hənuz o zamanlarda oxudum. Sabir əfəndinin nəzirəsi dəxi möhtəşəm "Molla Nəsrəddin" jurnalında göründü. Atəşli şairimiz Məhəmməd Hadinin nəzirəsi isə bu halədək bir yerdə nəzərimə çarpmamışdır" (Abdulla Şaiq. Əsərləri, II c., B., 1968, s. 571).
Abbas Səhhətin "Yad et!" şeiri ilk dəfə "İrşad" qəzetinin 14 fevral 1908-ci il 19-cu sayında "Əşar" sərlövhəsi altında: "Ustadi-möhtərəm Əkrəm bəy həzrətlərinə peyrov ola bilərmiyəm? Ədibimiz Əhməd Kamala təqdim olunur" qeydi ilə nəşr olunmuşdur. Şeir ikinci dəfə A.Səhhətin sağlığında nəşr olunan "Sınıq saz" (1912) kitabına "Vəqta ki, əsər səba riyahı" misrası ilə başlanan bir bənd müəllifin özü tərəfindən ixtisar olunmaqla daxil edilmişdir.
N.Axundovun bu şeir haqqında "A.Səhhətin şeiri "İrşad" qəzetinin 1908-ci il 18 fevral tarixli nömrəsində səhvən "Ə.Tofiq Şirvani" imzası ilə çap olunmuşdur. Sonra müəllif həmin əsəri "Sınıq saz" kitabına daxil edərək, bu səhvi düzəltmişdir" "Qeyd"i (Axundov N. Azərbaycan satira jurnalları (1906-1920-ci illər). B., 1968, s. 256) var. Tədqiqatçının "Qeyd"i əsassızdır. Şeir "İrşad" qəzetinin 14 fevral 1908-ci ilin 19-cu sayında "A.Səhhət" imzası ilə dərc olunmuşdur.
"Yad et!" şeirinə yazılmış digər nəzirə, oxşatma və təhzillərin müəllifi və nəşri tarixinin öyrənilməsi zaman-zaman tədqiqatçıların elmi marağında olmuş, aparılan araşdırmalar sayəsində müxtəlif qənaət və nəticələr əldə edilmişdir.
M.Ə.Rəcaizadənin "Yad et!" şeirinə ilk nəzirəni qısa bir zaman fərqi ilə daha əvvəl M.Ə.Sabir yazmışdır. Şeir ilk dəfə "Rəcaizadə Mahmud Əkrəm bəy əfəndi həzrətlərinin "Yad et!" ünvanlı əşarına nəzirə" başlığı ilə "Molla Nəsrəddin" jurnalında (20 avqust 1907-ci il, № 31) imzasız dərc olunmuş, şairin əsərlərinin bütün nəşrlərinə daxil edilmiş bu şeir üçüncü və dördüncü nəşrdə "Ehsan", sonrakı nəşrlərində isə şərti olaraq [Vəqta ki, qopur bir evdə matəm] adı ilə verilmişdir. İmzasız dərc olunmuş bu şeirin Sabirə məxsusluğunun ilk görüntüsü "Qızdırmalı"nın - M.H.Zeynalovun az sonra yazdığı şeirinə verdiyi başlıqdan məlumdur: "Şairimiz "Hop-hopa" (M.Ə.Sabirə - E.Q.) təqdim olunur". Bu, gizli imzanın eyni mətbuat orqanında çalışan iki şairin şəxsi tanışlığından alınan bir təsdiqidir.
Əziz Şərif "Molla Nəsrəddin" jurnalının daimi yazarı, hətta 1910-cu ilin 36-cı sayından bir müddət onun müvəqqəti müdiri olmuş Məmmədəli Sidqi ilə məktublaşmış, tədqiqata yararlı ola biləcək bir çox məsələlərə cavab istəmişdir: "...sənin vaxtında çıxan jurnal nömrələrini diqqətlə vərəqlə... Yadına düşsə, yaz kağıza, göndər mənə" (Səmədova N. Məmmədəli Sidqinin şəxsi fondu. B., 2017, s. 339) - yazan Ə.Şərif, əslində bu yazışmalarla hər bir tədqiqatçı üçün son dərəcə vacib və yararlı istinad mənbəyi yaratmışdır.
Əziz Şərif yazır: "Mənim əzizim Məmmədəli dadaş!
...Son kağızın olduqca maraqlıdır. Xüsusən, Məşədi Həbib haqqındakı sətirlərin. ...Məşədi Həbib məşhur: "Vəqta ki, əsər nəsimi-zülmət..." ("Molla Nəsrəddin", 1908, № 10 - E.Q.) şeirinin müəllifidir ki, Sabir ona nəzirə yazmışdır: "Vəqta ki, qopur bir evdə matəm... ("Molla Nəsrəddin", 1907, № 31 - E.Q.). 30.IX.55" (Səmədova N. Məmmədəli Sidqinin şəxsi fondu. B., 2017, s. 337).
Əziz Şərifin "Vəqta ki, əsər nəsimi-zülmət..." şeiri ilə bağlı narahatçılığını böyük sevinclə əvəz edən "çox qiymətli məlumat" sonralar fikir müxtəlifliyi süzgəcindən süzülüb M.Məmmədovun tədqiqatında (Məmmədov M. Sabir və mətbuat. B., 1974, s. 58-59) düzgün həllini tapmışdır.
M.H.Zeynalovun "Şairimiz "Hop-hopa" təqdim olunur" ünvanlı "Vəqta ki, əsər nəsimi-zülmət..." misrası ilə başlanan bu - "Yad et" şeiri Sabirin şeiri kimi "Hophopnamə"nin ilk nəşrlərinə daxil edilmişdir. Ömər Faiqin şəxsi arxivindəki "Revolyusiya və kultura" jurnalındakı materialların mətni üzərindəki qeydləri bu baxımdan maraqlıdır. S.Şamilovun jurnalın 1937-ci il birinci sayında dərc olunan "Böyük şair və revolyusion satirik" məqaləsində Sabirin əsərlərini təhlil edərkən, M.H.Zeynalovun haqqında danışılan şeirindən nümunə kimi istifadə olunmuşdur. Nümunə gətirilən şeir haqqında səhifənin kənarındaca Ö.F.Nemanzadə yazmışdır: "Bu, Sabirin deyil, Həbib Zeynalovundur - Faiq" (AMEA M.Füzuli adına Əİ. Ömər Faiq Nemanzadənin şəxsi arxivi. Fond - 26, s.v. 20).
Deməli, Sabirin "Molla Nəsrəddin" jurnalının 20 avqust 1907-ci il 31-ci sayında imzasız dərc olunan "Vəqta ki, qopur bir evdə matəm..." misrası ilə başlanan şeiri "Rəcaizadə Mahmud Əkrəm bəy əfəndi həzrətlərinin "Yad et!" ünvanlı əşarına nəzirə"dir. Sonra isə jurnalda bu şeirə S.Şamilovun Sabirin əsəri kimi təhlilə cəlb etdiyi "Qızdırmalı"nın - M.H.Zeynalovun "Şairimiz "Hop-hop"a təqdim olunur" ünvanlı "Vəqta ki, əsər nəsimi-zülmət..." misrası ilə başlanan şeiri dərc olunmuşdur ("Molla Nəsrəddin", 1908, № 10). Şeirin əvvəlində yazılan "Şairimiz "Hop-hopa" təqdim olunur" sözləri nəzərə alınmadan əsər səhv olaraq Sabirə istinad ilə onun əsərlərinin ilk dörd nəşrinə (1912, 1914, 1922, 1934) daxil edilmişdir. "Sabir məhəbbət hissi ilə öz əsərini ona təqdim edən qələm yoldaşının şeirini ("Vəqta ki, əsər nəsimi-zülmət..." - E.Q.) cavabsız qoymamış və bir neçə gün sonra jurnalda xalq şairinin "Yad et!" şeirinin müəllifinə cavabı dərc edilmişdir" (Məmmədov M. Sabir və mətbuat. B., 1974, s. 58-59). Şeir, "Qızdırmalı" imzası ilə yazılan əşarə cavab" qeydi ilə jurnalın 30 mart 1908-ci il 13-cü sayında imzasız dərc edilmişdir. Şeir - [Madam ki, hamiyani-zülmət] Sabirin əsərlərinin dördüncü nəşrindən başqa bütün qalan nəşrlərə daxil edilmiş, üçüncü nəşrdə isə "Qafilanə xab et" adı ilə verilmişdir. Həmin ad şeirin ilk bəndinin son misrası - "Xab et hələ, qafilanə xab et"dən alınmışdır.
A.Zamanov "Mollanəsrəddinçi şairlər" kitabına yazdığı Ön sözdə jurnaldakı "cavab satiralar"dan danışarkən, Sabirin daha əvvəl jurnalda dərc olunan (20 avqust 1907-ci il, № 31) və haqqında öncə danışılan şeirini nəzərə almadan M.H.Zeynalovun "Vəqta ki, əsər nəsimi-zülmət...", Sabirin isə "Madam ki, hamiyani-zülmət" şeirlərindən nümunələr gətirib belə bir mülahizə ilə kifayətlənmişdir ki, "1908-ci ildə "Molla Nəsrəddin" jurnalının 10-cu nömrəsində Məşədi Həbib Zeynalov "Qızdırmalı"nın "Yad et!" rədifli bir satirası çıxmışdı. Satira Sabirə həsr olunmuşdu. Sabir bu satiraya eyni rədifli, eyni həcmdə, eyni vəzndə cavab yazıb jurnalın 13-cü nömrəsində nəşr etdirmişdir" (Zamanov A. Bir yolun yolçuları // Mollanəsrəddinçi şairlər. B., 1986, s. 8). Bu isə, oxucu diqqətini əsl həqiqətdən yayındıran bir yanlışlıqdır. Şeirləri nəşri tarixi ardıcıllığı ilə düzüb belə bir aydınlıq yaratmaq olar:
1. Rəcaizadə Mahmud Əkrəm.
"Vəqta ki, gəlüb bahar... yeksər".
"Füyuzat" jurnalı, 2 iyul 1907, № 21.
2. M.Ə.Sabir. İmzasız.
"Rəcaizadə Mahmud Əkrəm bəy əfəndi həzrətlərinin "Yad et!" ünvanlı əşarına nəzirə".
"Vəqta ki, qopur bir evdə matəm..."
"Molla Nəsrəddin" jurnalı, 20 avqust 1907, № 31.
3. M.H.Zeynalov. "Qızdırmalı".
"Şairimiz "Hop-hop"a təqdim olunur".
"Vəqta ki, əsər nəsimi-zülmət..."
"Molla Nəsrəddin" jurnalı, 9 mart 1908, № 10.
4. M.Ə.Sabir. İmzasız.
"Molla Nəsrəddin"in 10-cu nömrəsində "Qızdırmalı" imzalı yazılan əşara cavab".
"Madam ki, hamiyani-zülmət".
"Molla Nəsrəddin" jurnalı, 30 mart 1908, № 13.
Göründüyü kimi, Əziz Şərifin "...Məşədi Həbib məşhur: "Vəqta ki, əsər nəsimi-zülmət..." (9 mart 1908, № 10) şeirinin müəllifidir ki, Sabir ona nəzirə yazmışdır: "Vəqta ki, qopur bir evdə matəm..." (20 avqust 1907, № 31) qənaəti də özünü doğrultmur. Şübhəsiz, hörmətli ədəbiyyatşünas ən azı bu iki şeirin jurnaldakı nəşri tarixinə nəzər salmış olsaydı, belə bir məntiqəsığmaz qənaətə gəlməzdi.
Daha çox mətbuat səhifələrində özünə yer alan nəzirə, nəzireyi-təməsxüranə, bənzətmə, oxşatma, təhzil, tənzir və s. bu kimi "ünvanlı şeirlərin" fərqli poetik xüsusiyyətlərinin incələnməsinə ehtiyac var. Bu fərq və oxşarlıq "Yad et!" rədifli şeirlərin sərlövhələrindəki müəllif qeydlərinin müxtəlifliyində də özünü göstərir: "Rəcaizadə Mahmud Əkrəm bəy əfəndi həzrətlərinin "Yad et!" ünvanlı əşarına nəzirə" (M.Ə.Sabir), "Şairimiz "Hop-hopa" təqdim olunur" (M.H.Zeynalov), "Molla Nəsrəddin"in 10-cu nömrəsində "Qızdırmalı" imzalı yazılan əşara cavab" (M.Ə.Sabir), "Ustadi-möhtərəm Əkrəm bəy həzrətlərinə peyrov ola bilərmiyəm? Ədibimiz Əhməd Kamala təqdim olunur" (A.Səhhət), "Möhtərəm şairimiz Abbas Səhhət həzrətlərinə nəzirə" ("Xortdan bəy"), "A.Səhhət həzrətlərinin əşarına oxşatma" ("M.P."), "Ustadi-əzim mərhum Mahmud Əkrəm həzrətlərinə nəzireyi-təməsxüranədir" ("Cing"), "Ustadi-əzim Mahmud Əkrəmə nəzirə olan bu şeirimi... oktyabr inqilabının böyük qəhrəmanına ithaf edirəm" (A.Şaiq) və s.
Şeirin birinin digərinə nəzirə, bənzətmə, təhzil olmasının müxtəlif fərqli tabeçilik şərtlərinə əsaslanan Əkrəm Cəfər bir şeirin digər bir şeirə nəzirə olması üçün onların bir-birinə yalnız şəkil, vəzn, qafiyə uyğunluğundan əlavə, eyni zamanda mövzu, üslub, əda, ruh, ideya baxımından da sıx rabitə və yaxın bənzəyiş olmasını əsas cəhət kimi qəbul etmişdir. Bu mənada tədqiqatçı Sabirin "Vəqta ki, qopur bir evdə matəm..." misrası ilə başlanan şeirini Rəcaizadənin "Yad et!" şeirinə bənzətmə kimi qəbul etmiş, nəzirə adlandırmağın mümkünsüz olduğu qənaətini belə əsaslandırmışdır: "Doğrudur, bunların arasında forma bənzəyişləri vardır: ikisinin də vəzni birdir: məfA'ilün fə'Ulün (həzəc bəhrinin onuncu növü), ikisi də şəkilcə müsəmmət tiplidir, bəndlərin son misraları eyni "Yad et!" sözləri ilə rabitələnir. Lakin Rəcaizadənin şeiri bütün bəndləri üzrə doqquzluqdur, yəni hər bəndi doqquz misradan ibarətdir. Sabir isə bu şablona tabe olmamış, onun şeirinin birinci bəndi doqquzluq, ikinci və üçüncü bəndləri onbirlikdir" (Ə.Cəfər. Sabir yaradıcılığında təhzil, nəzirə və bənzətmələr // Azərb. SSR EA-nın Xəbərləri, № 45. B., 1962, s. 14).
Abbas Səhhətin və Abdulla Şaiqin yazdıqları şeirləri nəzirə, M.H.Zeynalovun ("Qızdırmalı"nın) "Aqilanə yad et" adı ilə yazdığı şeiri Sabirə bənzətmə, Rəcaizadə şeirinə isə təhzil kimi qəbul edən Əkrəm Cəfər, Sabirin "Qızdırmalı"nın bənzətməsinə yazdığı "Madam ki, hamiyani-zülmət" misrası ilə başlanan şeirin "Qızdırmalı"nın "Aqilanə yad et" şeirinə cavab, Rəcaizadənin şeirinə isə təhzil hesab etmiş, hətta bu iki təhzil arasında ciddi fərqlərin olduğunu qeyd etmişdir.
"Yad et!" şeirinin Azərbaycan mətbuatına gəlişi və yayılma tarixi ilə bağlı A.Şaiqin qeydlərində adları çəkilən şairlər içərisində Məhəmməd Hadinin də adı var. Onun "Atəşli şairimiz Məhəmməd Hadinin nəzirəsi isə bu haladək bir yerdə nəzərimə çatmamışdır" - qeydi də elmi təhlildə diqqətdən kənarda qalmamışdır. Məhəmməd Hadinin həcmi, ruhu, vəzni, qafiyə və rədif sistemi ilə M.Ə.Rəcaizadənin şeirindən tamamilə fərqli olan "İstiqbalımız parlaqdır" ("Tazə həyat", 4-7 avqust 1908, № 181) şeirinin yalnız bir bəndində misralar "yad et", "tedad et", "fəryad et", "övqat et" şəklində qafiyələnmişdir. Nikbin ruhu, sabaha inamı ilə daha çox A.Səhhətin "Yad et!" şeiri ilə doğmadır.
"Abdulla Şaiqin öz şeiri haqqında "Ustadi-əzim Mahmud Əkrəmə nəzirə olan bu şeirimi hənuz 1908-ci sənəyi-miladidə demişdim" qeydinə diqqət yetirən Əflatun Məmmədovun "Abdulla Şaiq" monoqrafiyasında hadisənin "1908-ci ilin baharında" (Məmmədov Ə. Abdulla Şaiq. B., 1983, s. 56-57) baş verdiyi qeyd olunur. Öndəki siyahıya Abbas Səhhətin "Əşar"ı əlavə olmaqla, bu şeirlərin beşinin də 1908-ci ilin 30 martına kimi artıq dərc olunduğunu görürük. Belədə A.Şaiqin "1908-ci ilin baharında" fikri Sabirin ilk şeirinin "Molla Nəsrəddin" jurnalının 20 avqust 1907-ci ilin 31-ci sayında dərc olunduğu nəzərə alınarsa, ən azı tarixi dəqiqlik və ardıcıllıq baxımından özünü doğrultmur. Bu, məlum hadisə ilə onun qələmə alındığı dövr arasındakı zaman ötümünün Abdulla Şaiq xatiratında yaratdığı yaddaş yanlışlığıdır. A.Şaiq özü M.Ə.Rəcaizadənin "Yad et!" şeirinə yazdığı nəzirəsini 20 ildən sonra - Oktyabr inqilabının on illiyi ərəfəsində yenidən işləyib V.İ.Leninə ithaf etmiş, şeir "Maarif və mədəniyyət" jurnalında belə bir qeydlə nəşr olunmuşdur: "1905 inqilabının daha o zaman zehnimdə canlandırdığı istiqbaldan ilham və təsir alaraq 1908-də ideal olaraq tapdığım o ali, qızğın arzu və iştiyaqlarla tənvirə çalışan və bu vəqtə qədər təb edilməmiş şu mənzuməciki oktyabr inqilabının böyük qəhrəmanına ithaf edirəm" ("Maarif və mədəniyyət" jurn., 1927, № 10-11, s. 30). Tədqiqatçı A.Hacıyevanın "Əslində, Leninə, Oktyabr inqilabına aidiyyatı olmayan, bəlkə onun ideyalarına tamamilə ziddiyyət təşkil edən bu şeir məlum səbəblərdən belə bir başlıq altında çapa gedə bilərdi" (Hacıyeva A. Abdulla Şaiq və Mahmud Əkrəm Rəcaizadə // AMEA N.Gəncəvi adına Əİ. "Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri" mövzusunda Beynəlxalq Elmi Konfransın materialları. B., 2015, s. 181-182) qənaəti bu baxımdan məqbuldur. Göründüyü kimi, bu məqamda siyasi, ictimai, sosial durumun təsiri güclüdür. Əks halda, "Yad et!" şeirinə yazılan silsilə nəzirə, bənzətmə, təhzillər sırasında M.Ə.Rəcaizadənin romantik-sentimental ruhuna çox doğma olan Abdulla Şaiqin bu şeiri oxucusuna ideoloji örtüyə bürünmüş bir biçimdə təqdim olunmazdı.
Əsərlərinin gələcək taleyinin nigarançılığı ilə dünyasını dəyişən Sabirin ruhunu sevindirmək, zəngin, bənzərsiz bədii irsini varislərinin yaddaşlarında əbədiləşdirmək istəyən müasirləri onları kitab halında nəşr etmək qərarında olmuş və tələb olunan vəsaiti toplamaq üçün kompaniya keçirilmişdir. Təbii ki, bu ziyalılar içərisində Salman Mümtaz da olmuşdir. Bu münasibətlə onun "Kəlniyət" məcmuəsinin 1912-ci il 13 oktyabr tarixli 21-ci sayında "Xortdan bəy" imzası ilə "Möhtərəm şairimiz Abbas Səhhət həzrətlərinə nəzirə" ünvanlı təəssüf, giley, məyusluqla dolu, çağırış məzmunlu şeiri dərc olunmuşdur.
Az sonra jurnalın 24-cü sayında ("Kəlniyət", 1912) "M.P." inisialı ilə "A.Səhhət həzrətlərinin əşarına oxşatma" ünvanlı eyni ruhda "Yad et!" adlı daha bir şeir çap olunmuşdur. "İmzalar" kitabında bu inisial - "M.P." Salman Mümtaz ("Kəlniyət", 1912), Seyid Cəfər Pişəvəri ("Azərbaycan", 1945) və Cabbar Əsgərzadə İrəvaniyə aid edilir (Məmmədli Q., Əliyeva A. İmzalar. B., 2015, s. 178-179, 291-292, 294). N.Axundov heç bir təsdiqləyici dəlilə əsaslanmadan tam yəqinlik və arxayınlıqla şeirin müəllifinin - yəni "M.P."nin Cabbar Əsgərzadə İrəvani olduğunu bildirmişdir (Axundov N. Azərbaycan satira jurnalları (1906-1920-ci illər). B., 1968, s. 258). İnisialın bir çox hallarda gizli imzadan alındığı məlumdur. Belədə, "M.P." müəllifin əsl adından - Cabbar Əsgərzadə İrəvanidən yox, bəlkə gizli imzası "Məhkəmə Pişiyi"ndən yaranan inisialdır?! - yəqinlik üçün kifayət etməyən sualı əlavə dəlilə ehtiyacı olan bir ehtimal, bir güman işartısı kimi diqqət çəkəndir.
Məlumdur ki, türk mətnlərinin əski əlifbadan transfoneliterasiyası prosesində mətnşünasın üzləşdiyi çoxsaylı çətinliklərdən biri də ərəb əlifbasındakı saitlərin müstəqil səs daşıyıcısı olmamasıdır. Yəni çevirmədə hər bir sözün tərkibindəki sait boşluğu sözdə işlənən samitlərdən və sözün cümlə içərisindəki məna özəlliyindən, məna yükündən asılıdır. Gizli imza və xüsusilə, gizli imzadan alınan inisiala gəlincə, söz daxilində işlənmədiyi üçün məsələ bir qədər də çətinləşmiş olur.
"Cing" Azərbaycan satirik mətbuatında - "Zənbur"un (1909, № 4, 7*; 12, 7*), "Tuti"nin (1915, № 25, 8*; 42, 1; 43, 1. 1916, № 8, 2; 42, 4.) səhifələrində müxtəlif şəkildə işlənən, az müraciət edilən gizli imzalardandır. Ərəb əlifbasından çevrilərkən sait səs əlavəsi ilə müxtəlif variantlarda oxunulması mümkündür. Elmi-biblioqrafik sənədli mənbələrdə bu gizli imzanın kimə, yaxud kimlərə məxsusluğu haqda məlumata rast gəlinmir. Biblioqrafik mənbə göstəricisində toplama zamanı müxtəlifliyi aradan qaldırmaq üçün söz - gizli imza optimal variant olaraq ornitonim - "Cing" kimi qəbul edilmiş və qeydə alınmışdır (Qasımova E., Əliyeva A. Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920). B., 2019, s. 144, 180).
"Tuti"də "Ustadi-əzim mərhum Mahmud Əkrəm həzrətlərinə nəzireyi-təməsxüranədir" ünvanlı şeir də məhz "Cing" imzası ilə dərc olunmuşdur. Bu şeir ilk dəfə Səməd Mənsurun "Əsərlər"inin (Səməd Mənsur. Əsərlər. B., 2008, s. 43-44) 2008-ci il nəşrinə daxil edilmişdir. Şeirin Səməd Mənsura aid olması ilə bağlı oxucuya mətnşünaslıq baxımından tələb olunan heç bir əsaslı və təsdiqləyici məlumat verilməmişdir. Sonralar isə şeir şairin həyat və yaradıcılığının biblioqrafiyasında "Cing" əvəzinə S.Mənsurun məşhur "Pompuşalı" imzası ilə: "Yad et! / Pompuşalı (Səməd Mənsur) // "Tuti", 1915, № 43, 8 noyabr" (Səməd Mənsur. Biblioqrafiya. B., 2019, s. 67) şəklində qeydə alınmışdır.
Müəllifi məlum olmayan - "Quleybani" imzası ilə "Molla Nəsrəddin" jurnalının 1913-cü il 12-ci sayında "Əyyaşlara töhfə" adlı daha bir "Yad et!" şeiri dərc edilmişdir. Zaman-zaman bu imzadan "Molla Nəsrəddin" jurnalında "İmza: Quleybani" (1914, № 1, 6), "Quleybani" (1913, № 12, 3; 28, 3. 1914, № 3, 7; 25, 7*) və "Zənbur"da "Qulibiyabani" (1909, № 4, 7*; 6, 7*; 7, 6; 38, 7*), "Ağa Cəfər Qulyabanı" (1910, № 16, 7*) kimi müxtəlif variantlarda istifadə olunmuşdur. İndilikdə tekstoloji tələblər baxımından etibarlı təsdiqləyici dəlillər olmadığından "M.P.", "Cing", "Quleybani" kimi inisial və gizli imzalı "yad et" rədifli şeirlərin əsl müəlliflərinin kimliyini müəyyən etmək mümkün olmamışdır.
Göründüyü kimi, M.Ə.Rəcaizadənin "Yad et!" rədifli şeiri mətbuatda dərc olunduğu gündən ədəbi mühitdə sevilmiş, ona zamanın tanınmış şairləri tərəfindən poetik xüsusiyyətləri baxımından fərqli nəzirə, nəzireyi-təməsxüranə, oxşatma, bənzətmə, təhzil kimi müxtəlif şeirlər yazılmışdır. Təkcə M.Ə.Rəcaizadəyə deyil, həm də "Şairimiz "Hop-hopa", "Abbas Səhhətə", "Qızdırmalıya" ünvanlı "yad et" rədifli şeirlərin yazılması bir ənənəyə çevrilmişdir. Bu şeirlər dövrün "Molla Nəsrəddin", "Zənbur", "Kəlniyət", "İrşad" kimi qəzet və məcmuələrində dərc olunmuşdur. Zamanında bu şeirlərin imzasız, gizli imza və inisialla dərc olunması və müəlliflərin çoxunun hələ sağlıqlarında əsərlərinin müəllif nəşrlərinə nail ola bilməməsi sonrakı dövrdə onların tədqiqi, toplanılması və nəşri sahəsində tədqiqatçıları böyük çətinliklərlə üzləşdirmiş, həqiqətdən uzaq bəzi yanlış mülahizə, qənaət və nəticələrə səbəb olmuşdur. Nəzərə almaq lazımdır ki, hər bir şeirin nəşr olunduğu ilk mətbu mənbədən başlamış müəllif nəşrləri, şəxsi arxiv materialları, elmi-biblioqrafik sənədli mənbələrdən əldə olunan çox sayda etibarlı təsdiqedici dəlillər vasitəsilə bu yanlışlıqlara aydınlıq gətirmək və düzgün nəticə əldə etmək mümkündür.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!