Elnarə AKİMOVA
Dağlarım, mavi pənbə dağlarım,
Babalarımın torpağı, atalarımın məskəni!
Çingiz Aytmatov
Mayın 8-də Sumqayıt Dövlət Dram teatrında yazıçı-dramaturq Hidayətin "Burdan min atlı keçdi" əsərinin motivləri əsasında səhnələşdirilən "İrəvanda nəyim qaldı..." tamaşasının premyerası keçirildi.
Hidayətin “Burdan min atlı keçdi” əsəri İrəvan həqiqətlərini, Azərbaycanın müəyyən bir dönəminin tarixi proseslərini, tarix boyu dədə-baba yurdlarında yaşamış azərbaycanlıların ermənilər tərəfindən hər sahədə sıxışdırılmasını, Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram teatrının sənət yolunu və Ulu Öndər Heydər Əliyevin əzmkar obrazını uğurla motivləyən monumental mətnlərdəndir. Tarix və insan məqamlarının dərinliklərinə varmaq, Heydər Əliyevin güzəştsiz milli mövqeyini bədii təcəssüm predmetinə çevirmək baxımından bu əsərin ədəbiyyatımızda yeri və rolu hər zaman əlahiddə olacaq. Hər şeydən əvvəl ona görə ki, burada Ümummilli lider Heydər Əliyevin bədii obrazı əsas təcəssüm predmetidir. Bizdə bu istiqamətdə bədii nümunə o qədər də çox deyil. Aqşin Babayevin “Xilaskar”, İftixar Piriyevin “Qurtuluş dastanı” və bu sıradan adda-budda yazılan əsərlər. Hidayət müəllimin əsəri bu yöndən yanaşsaq, ərəfə mətnlərdəndir. Bu əsərə qədər Heydər Əliyevin iç dünyasının açıldığı, meydana qoyulduğu əsərlər nəsrimizdə demək olar ki, qələmə alınmamışdı. Yəni Azərbaycan həqiqətlərinin Heydər Əliyevin nəzərlərindən bu dərinlikdə açımı bədii-sənədli nəsrimiz üçün atipik hadisədir. Hidayətin yazıçı kimi gücü məhz, Ümummilli liderin yaşantılarını, psixoloji təbəddülat məqamlarını dərin təcəssümündə verə bilməsindədir.
“Burdan min atlı keçdi” monumental, çoxşaxəli əsərdir: erməni-azərbaycan məsələsi, kəskinləşən münasibətlər fonunda Azərbaycan reallığı, mənəvi dəyərlərin qorunması uğrunda mücadilə, kişilik, ərənlik kultu, liderlik əzmi, dövrün ictimai-siyasi mürəkkəbliyinin təsviri və bütün bunların Azərbaycanın taleyinə təsiri... Hidayət qələmə aldığı dövrün həm iştirakçısıdır, həm də onu təfərrüatıyla araşdıran, çevik ədəbi dili və manerasıyla çoxsaylı motivi prozanın dramaturgiyasında məharətlə nizamlayan müəllifdir. Tam variantı 2016-cı ildə çap olunan əsərin ilk səhifəsində müəllif yazır: “Bu kitaba yenidən qayıtmaq məqsədim Qərbi Azərbaycanda təxminən 40 il müddətində gedən prosesləri, lap başlıcası – 18 ildə gördüklərimi, duyduqlarımı qələmə almaq, oxucuya həqiqəti, yalnız həqiqəti (!) çatdırmaqdır. Olduğu kimi, mənim dərk etdiyim qədər”...
“Burdan min atlı keçdi” əsərində bədii-estetik keyfiyyət, canlı və dinamik təsvirlər, kolorit, dövrü epoxal zənginliyi və mürəkkəbliyi içrə təqdim etmək mətnə fərqli bir status qazandıran amillərdir. Epizodlar bir-birini əsaslandırır və çeşidli mövzular zəncirvarı, riyazi dəqiqliklə sıralanır.
Bir mühüm məqamı qeyd etməyə ehtiyac var. Əsərdəki çoxcəhətlilik, süjet mürəkkəbliyi və əhatəlilik heç çağdaş romanlarımız üçün səciyyəvi hal deyil. Bu gün ənənəvi roman janrında həcm etibarilə kiçilmə, struktur etibarilə sadələşmə gedir, bir-biri ilə əlaqəsi olmayan süjet xətlərinin təqdimi, zamanlararası keçidlər, simvolların qabarıqlığı, arxetiplər bolluğu, dil qatında sadəliyə, ifadə bəsitliyinə meyil, obraz fərqliliyinin olmaması nəzərəçarpacaq xüsusiyyətlərdir və əksər romanların əsasını təşkil edir. Hidayət epoxal proseslərə varmaqla bədii-sənədli nəsrə yenidən siqlətli nüfuz qazandırır. Məkan və zaman paralelləri, süjetdə çoxqatlı ekspozisiya, universal məzmunlu dəyərlərə canatım, retrospektiv düşüncə, fləşbek elementləri, biri digərini əvəzləyən surətlər polifoniyası – heç biri əsərlərdə təsadüfi xarakter daşımır, bəzi hallarda yalnız publisistik rakursu deyil, eyni zamanda fəlsəfi məkanı təşkil edirlər.
Yazıçı Ümummilli lideri milli ruhun daşıyıcısı kimi meydana gətirir, milli heysiyyətindən nəşət tapmış sərt mövqeyinə, düşmənə qarşı sərrast duyumundan qaynaqlanan təmkinli təhkiyəsindəki ironik moduslara qədər hər şey əsərdə psixoloji nüans səhihliyi ilə dərk olunur.
“Burdan min atlı keçdi” həm də İrəvanın - Azərbaycanın ağrıyan tarixinin romanıdır. Burada əsas istiqamətverici fon tarixdir. Bir də müəllifin yaşantılar sırası! Bəzən lirik ricətlərlə özünü qaçılmaz edən bu yaşantılar oxucunu duyğular önündə lallığa sürükləyir: “Mığrı stansiyasından qatara minib, “Sovet Azərbaycanı” respublika qəzetinin dəvətiylə İrəvana getdiyim, heyranlıqla, həyəcanla, narahatlıqla dolu o bahar gecəsini indi də xatırlayıram. Arazın qırağıyla gecə qaranlığında ötüb keçdiyim doqquz saatlıq o yol yaddaşıma və qəlbimə unudulmaz səfər kimi həkk olunub. Və həmişə mənə elə gəlib – ömrümdə ən uzun, ən maraqlı, ən aydın, həm də naməlum bir iqlimə üz tutub getdiyim səfərdir – “Zəngəzur” qatarının o gecəki doqquz saatlıq yolu”...
Əsər həm ideya-bədii keyfiyyət nöqteyi-nəzərindən, həm də dövrün, baş verən proseslərin intuitiv dərki baxımından diqqət çəkir. Həm yaddaş faktıdır ki, anbaan müəllifin obrazı, yaddaşı, yaşadıqları və gördükləri danışır, həm də erməni məkrinin geniş ifadəsinin inikasıdır ki, bu məkrin önündə Ümummilli lider Heydər Əliyevin qaya kimi möhkəm duruşu dayanır. Tək bir nümunə göstərmək istəyirəm: “Mən Azərbaycan ədəbiyyatının yaxşı nümunələrinin erməni dilinə tərcüməsinin təşəbbüskarı və nəşrinin təşkilatı işləri ilə məğşul olmuşam. O illərdə İrəvanda erməni dilində çap olunan hər Azərbaycan kitabı mənim iştirakımla dünya işığına çıxıb. Hansı kitablar? Yadımda qalanlar: Nəsiminin, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin (iki şeir toplusu), İsa Hüseynovun, Nəbi Xəzrinin, Elçinin, İsa İsmayılzadənin, digərlərinin. Hətta 1917-1925-ci illərdə "daşnaksütyun" millətçi-terrorçu qruplarının soydaşlarımıza qarşı törətdiyi qırğınları, təcavüzləri əks etdirən Nəzər Heydərovun "Zəngəzur dağlarında" tarixi-memuar kitabını. Bu əsərin İrəvanda nəşri Bakıdakı dostları, naşirləri, digər ziyalıları da təəccübləndirdi. Əjdər Xanbabayev mənə dedi: "Zəngəzur dağlarında"nı Bakıda çox çətinliklə nəşr etdik, "Qlavlit" buraxmırdı, Mərkəzi Komitə, sonda isə Heydər Əlirzaoğlu işə qarışandan sonra, onun xüsusi göstərişi ilə icazə verildi”.
Hidayətin əsərində İrəvanda ermənilər tərəfindən xalqın başına gətirilən oyunların izlənilməsi var. Yazıçı bir yurdun taleyi fonunda bütöv bir tarixi epoxanın hadisələrinə nüfuz edir. Amma proses tarixi bir dönəmin yenidən inikası səviyyəsində deyil, öz milli kimliyini və müəyyənliyini, tarixi statusunu aydınlatmağa çalışan fərdin düşüncəsinin strukturu şəklində gerçəkləşir.
Bəs bütün bunların “İrəvanda nəyim qaldı...” tamaşasında səhnə həlli necə gerçəkləşir? Əvvəlcə, bunu deyək. Tamaşa Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümü münasibətilə hazırlanmışdı. Sumqayıt şəhəri görkəmli dövlət xadiminin doğum gününə məhz belə sənət və yaddaş nümunəsi ilə gedirdi. Heydər Əliyevin həmin dövrlərdə milli təəssübkeşliyi, imperiya daxilində Azərbaycan üçün göstərdiyi fədakarlıqların gənc nəslə çatdırılması üçün belə təqdimatların rolu əvəzsizdir. Sumqayıt Dövlət Dram teatrının belə bir təntənəli gündə siqlətli bir əsərə müraciət etməsi, Heydər Əliyevin doğum gününə belə dolğun əsər ərməğan etməsi həm teatrın öz tərcümeyi-halı, həm də yaddaşa xidmət mənasında uğurlu bir addımı ifadə eləyir.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, idarə, müəssisə, təşkilat rəhbərləri və teatrsevərlər iştirak etdi. Premyeradan öncə tamaşanın məsləhətçisi Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəsi Ramiz İsmayılov doğru vurğuladı ki, bu qəbildən olan tamaşaların hazırlanması zəruridir, tariximizin, mücadilə səhifəmizin gənclərə öyrədilməsi baxımından maarifçilik missiyası daşıyır.
Qeyd etdiyimiz kimi, Hidayətin əsəri Qərbi Azərbaycan, İrəvanla bağlı ağrılarımıza toxunan, xüsusilə Ümummilli lider Heydər Əliyevin mücadilələrini, onun ermənilərin İrəvanla bağlı planlarına qarşı necə əzmli mübarizə aparmasını epik panoram genişliyi ilə təsvir edən böyük içərikli mətndir. Belə bir monumentallığı səhnəyə daşımaq çətin proses olsa da, Sumqayıt Dövlət Dram teatrının aktyor-rejissor heyəti bunun öhdəsindən uğurla gəldiyini sərgilədi. Saat yarımlıq tamaşada yaxın tariximizin gerçək tarixi faktları, Azərbaycanın qədim yurd yeri olan İrəvanda zaman-zaman soydaşlarımıza qarşı aparılan gizli təxribatlar, erməni ideoloqlarının ərazi iddiaları və Ulu öndər Heydər Əliyevin Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın müdafiəsinə qalxması uğurlu səhnə həlli ilə meydana qoyuldu. Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Xalq artisti Firudin Məhərrəmov çıxışında bir məqama toxunaraq “Sumqayıt Dövlət Dram Teatrının repertuarında hər zaman milli mücadilə tariximizi əks etdirən, dövlətçilik sevgisini aşılayan tamaşaların ərsəyə gəldiyini söylədi”.
Bu cür əsərləri səhnəyə qoyarkən məlum bir məsuliyyət yüklənir rejissora. Necə etməli ki, həm tarixi səciyyə qorunsun, həm də estetik mizan pozulmasın?! “İrəvanda nəyim qaldı...” tamaşası bu baxımdan maraqlı bir səhnə həlli seçmişdi. Ön planda aktyorların ifasında qurulan dialoqlar, arxa fonda monitor vasitəsilə mənzərə yaradan kinoxronika. Bu iki xətt bir-birini dramaturji baxımdan tamamlayırdı. Sinxron müstəvidə qərarlaşan detallar tarixi proses və gerçəklərin ötürücülüyünə kökləndiyi üçün niyyət hədəfinə çatırdı. Tamaşa arxa fonda qərarlaşan qədim İrəvan torpaqlarının xəritəsi fonunda, hadisələrin cərəyan etdiyi illərin (1968-ci ildən günümuzə qədər) nə qədər çətin və gərgin olduğunu tamaşaçıların diqqətinə çatdırırdı. Musiqi tərtibatının ağır, ləngərli səhnəyə adekvat olaraq işlənməsi də tamaşaçını kökləndiyi ritmdən uzaqlaşdırmırdı.
Əsərin ümumi cəhəti, nisbətən rasional, minimum emosiya ilə erməni məkrindən əziyyət çəkən insan dramlarına diqqət çəkmək cəhdi idi. Erməni narsisizmi, yalan və riya üzərində qurulan səltənətləri, sadə, günahsız insanları şərləyib məhbəsə saldırmaları, mənəviyyat və əxlaqdan uzaq davranışları tamaşada uğurlu aktyor oyunu sayəsində pafosdan kənar səviyyədə, dokumental və poetik realizm manerasında əks olunur.
Tamaşada ekzpozisiya İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə təyin olunan gənc bir azərbaycanlının milli duyğuları ilə başlayır və onunla da bitirdi. İrəvan teatrında yaşananlar, Mərkəzin erməni havadarlığı, türklərə biganə münasibət, ətrafda baş verənlərin dərki baş qəhrəmanın simasında göstərilir, rejissor məlum tarixi detallara dərin, dolğun vurğular etməklə ermənilərin ərazi iddialarının yaratdığı atmosferi soyuq rəng həlli ilə nizamlayırdı.
Daha çox baş personajın oyunu üzərində qurulan təhkiyədə əsasən iri planlardan istifadə olunur, İrəvanın asketik ruhlu görüntüləri qəhrəmanların daxili ovqatı, qorxuları və iç təlatümləri ilə əks olunurdu. Süjet maraqlı qurulmuşdu, tamaşada yurd yerlərimizin işğal edilməsinə yönəlmiş təhdidlərdə insanların emosional reaksiyalarının şahidi olurduq. İstifadə olunan ifadə vasitələri, mizan belə bir maraqlı süjetin fonunda təsirsiz görünmürdü.
Ən əsası, əsərin əsas motivi tamaşada əsaslandırılırdı. Ümummilli lider Heydər Əliyevin sovet dönəmində hakimiyyətə gələrkən təkcə Azərbaycan tarixinə, mədəniyyətinə, toponiminə mənəvi terror həyata keçirən məkrli ermənilərə qarşı deyil, həm də onları müdafiə edən Mərkəzi hakimiyyətlə mübarizəsi, sovetlərin qanunları çərçivəsində risk olsa belə daşıdığı vəzifənin səlahiyyətindən xalqının azadlığının qorunması yönündə yararlanmaq cəsarəti, dahi şəxsiyyətin zəkası, dəmir məntiqi, siyasi iradəsi və idarəçilik təcrübəsi plakatçı üslubda verilmir, əksinə əhvalatın hərəkətverici qüvvəsinə çevrilməsi üçün yetərli arqumentlərlə, tutarlı boyalarla cilalanırdı.
***
Yenidən əsərə qayıdıram. Tarixi baxımdan əhəmiyyəti öz yerində, diqqətimi çəkən məqamlardan biri həm də əsərin adıdır. “Burdan min atlı keçdi”! Bu, həm də 200 ildən artıq zaman kəsimində bizim taleyimizdən keçən yadelli “atlılar”dır. Əsər birbaşa buna vurğu salmasa da əslində, ifadə-rəmzin semantikasını açan mətləblər sayəsində söz öz içindəki mənaya çatır. Amma burada əsas məsələ adın ehtiva elədiyi simvolik tutumdur. Ki, daşıdığı aksioloji məqama deyil, simvolikasına varmağı, diqqətli olmağı labüdləşdirir. Türkün belində gəzdiyi at simvolikası oylaq olan yurd yerlərimiz üçün savaş arxetipini yada salır, həyatın və qalibiyyətin metaforuna çevrilir və inandırır! Ən gözəl, ən qanadlı atları minib üfüqlərdən gələn səsə doğru gedən, “iqlimdən iqlimə çapan” atlılar öz müzəffər obrazları və yaddaşları ilə buralara – babalarının torpaqlarına, atalarının məskənlərinə mütləq qayıdacaqlar! Daha güclü, daha inamlı şəkildə!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!