Tanıyaq: Behbudovlar nəsli Ənvər Məcid oğlu Behbudov (2) - Kamil ŞAHVERDİ

(Əvvəli ötən sayımızda)

 

 

 

Konstantin Çekmaryov 23 oktyabr 2020-ci ildə kino-teatr.ru saytına - Ənvər Behbudov səhifəsinə ikinci dəfə yazır: "Bu adamı mən tanıyırdım və onu çox görmüşdüm. O Uzaq Şərqdə bizim teatrda işləyirdi. Onun adı Ənvər Məcid oğludur. O müğənni Behbudovun ("Arşın mal alan") qardaşıdır".

Göründüyü kimi, Ənvər Behbudovun gənclik illərində fəaliyyəti ilə bağlı bu məlumatlar çox qiymətlidir. Konstantin Çekmaryovla əlaqə yaratmağa cəhd etsəm də, hələ ki, bu mümkün olmayıb. Düşünürəm ki, onda daha ətraflı məlumatlar, afişalar, fotoşəkillər ola bilər. 

 

Mancuriyada yanan Səyyar teatrdan sonra Ənvər Behbudov 1948-ci ildə Novosibirsk Qırmızı məşəl (Krasnıy fakel) teatrında rejissor kimi fəaliyyətə başlayır. Müharibə illərində, demək olar ki, fəaliyyətini dayandıran teatr hələ də fəaliyyətimi tam bərpa edə bilməmişdi. Rejissor teatrda yaradıcılıqla yanaşı, təşkilati işlərlə də məşğul olmaq məcburiyyətində idi. Çünki belə vəziyyətdə yüksək bədii estetik tamaşalardan danışmağa belə dəyməzdi. Ənvər Behbudov fədakarlıqla çalışaraq teatrda normal iş rejiminin yaranmasına nail oldu. "Qırmızı məşəl" teatrı yenidən Novosibirsk səhər əhalisinin sevimli məkanına çevrildi. Teatrda böyük bir canlanma yaranmışdı. Onun göstərdiyi xidmətlər diqqətdən kənar qalmadı və 1950-ci ildə Ənvər Behbudov Rusiyanın Əməkdar artisti fəxri adına layiq görüldü.

 

1954-cü ilə qədər bu teatrda çox sayda tamaşalara uğurlu quruluş verən rejissorun adı, sorağı, istedadı teatr aləmində geniş yayılır; quruluş verdiyi tamaşalar müzakirələrə səbəb olur. B.Lavrentyevin "Xırda burjua" (Meşane) (1951), "Qaradənizçilər haqqında mahnı" (1953) tamaşaları rejissorun daha uğurlu işləri hesab olunur. Bu tamaşalar teatr tənqidçiləri tərəfindən yüksək qiymətləndirilir və rejissora şöhrət qazandırır. Teatrşünas N.Balandin "Səhnədə və səhnə arxasında" kitabında yazır: "Behbudovun ən uğurlu tamaşalarından biri "Qaradənizçilər haqqında mahnı" (Novosibirsk, "Qırmızı məşəl" teatrı) tamaşası idi. Burada gənc rejissorun temperamenti karına gəlmişdi. Tamaşa çox həyəcanlandıran, düşündürən, zamanla ayaqlaşan, patriotik alınmışdı..." 

 

SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 noyabr 1953-cü il tarixli qərarı ilə Ənvər Behbudov "Şərəf Nişanı" ordeni ilə təltif olunur. 

"Qırmızı məşəl" teatrının uğurlu tamaşalarının sorağı mərkəzi şəhərlərin teatr ictimaiyyətinin diqqətini də cəlb edirdi. Rejissor Ənvər Behbudov işləmək üçün müxtəlif teatrlardan təkliflər alırdı. Amma illərlə əziyyət çəkib yaratdığı truppasından ayrılmağa qərar verməyə tələsmirdi. Başqa tərəfdən isə, əyalət teatrının imkanları düşündüklərini həyata keçirmək üçün kifayət deyildi. Başa düşürdü ki, artıq geniş meydana çıxmaq vaxtıdır. 

1954-cü ildə Ənvər Behbudov Kazan Böyük Dram Teatrından dəvət alır. Bu dəvəti qəbul edən rejissor Kazan şəhərinə gəlir. Tatarıstanın əsas teatrı olan Böyük Dram Teatrında baş rejissor və bədii rəhbər vəzifəsində fəaliyyətə başlayır.

 

 

Tatarıstan ensiklopediyası "TATARİCA"da bu haqda yazılır: "Kazanda Ənvər Behbudov 13 tamaşaya quruluş verib. A.Arbuzovun "Sərgərdanlıq illəri" (1955), M.Yelizarovanın "Burevestnikin yeniyetməliyi" (1955), F.Şillerin "Don Karlos" (1955), M.Qorkinin "Yeqor Bulıçev", "Qoca" (1956), F.İşmuratovun "Ölməz mahnı" (1956), N.Poqodinin "Üçüncü, Patetik" (1958), L.Tolstoyun "Zülmət hökmdarı" (1959) tamaşaları geniş ictimai rəğbət qazanaraq, yalnız şəhərin teatr həyatında deyil, bütün ölkənin mədəni həyatında təqdirəlayiq hadisəyə çevrilirlər. Behbudovun tamaşalarında xarakterlərin dərin açımı, ilk növbədə, konfliktlərin iti həlli, səhnədə baş verən hadisələrdən əmələ gələn atmosferin hesabına mümkün olurdu. İnkişaf prosesi həyatın reallıqları ilə toqquşanda formalaşan xarakter, insan taleyində sosial problemlərin əksi bütün ziddiyyətləri və qeyri-yeknəsəkliyi ilə rejissor tərəfindən nəzərə alınırdı ("Sərgərdanlıq illəri", "Don Karlos", "Burevestnikin yeniyetməliyi", "Ölməz mahnı").

Behbudovun quruluş verdiyi "Qoca" tamaşası Qorki əsərlərinin səhnə tarixini xeyli zənginləşdirdi. Əsərin fəlsəfi məzmunu tamamilə yeni yanaşmada açılır. Baş qəhrəmanın xarakterində gizlənən sosial dəyərlərin qlobal miqyası bütün çılpaqlığı ilə açılır. Lirik və qəhrəmani-romantik başlanğıcın vəhdəti, vətəndaşlıq və inqilabi pafos, emosional gücün təsiri, həyatın amansız həqiqətləri və poetikləşdirilməsi rejissorun ən yaxşı tamaşalarını fərqləndirən cəhətlərdəndir..."

 

Ənvər Behbudov Tatarıstanda bir çox tanınmış aktyorların öz istedadlarının yeni sərhədlərini açmasında böyük rol oynamışdır. Q.Ardarov, N.Provotorov, Y.Liseçkaya və başqa məşhur aktyorlar özlərinin ən yaxşı rollarını onun tamaşalarında oynamışlar. 

 

Ənvər Behbudovun tamaşaları Moskvada Tatar incəsənəti və ədəbiyyatı Dekadasında uğurla nümayiş olunmuşdu. 

SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 iyun 1957-ci il tarixli qərarı ilə Ənvər Behbudov Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunur. Sənətinə, gördüyü işlərə verilən qiymət rejissoru yeni uğurlara ruhlandırır. 

Tatarıstan teatr ictimaiyyətində artıq söz sahibi olan rejissor Kazan Böyük Dram Teatrının nəzdində vaxtı ilə fəaliyyət göstərən studiyanı bərpa edir və pedaqoji fəaliyyətini də davam etdirir. Qeyd edim ki, Ənvər Behbudov hər zaman pedaqoji fəaliyyətə tələbat hiss edirdi. Teatr İnstitutunda aldığı bilikləri gənc nəslə ötürmək üçün hər imkanı dəyərləndirir və böyük həvəslə pedaqoq kimi də çalışırdı. Onun yetişdirmələri arasından Rusiyanın Xalq artistləri -V.Qabayev, V.Keşner, Y.Fedotov və başqalarının adını çəkə bilərik.

 

Ənvər Behbudovun fəaliyyəti nəticəsində Kazan Böyük Dram Teatrının yeni parlaq səhifələri yazılırdı. Onun tamaşaları artıq nəinki Tatarıstanda, hətta Moskva və Leninqradda (Sankt-Peterburq), ölkənin digər mərkəzi şəhərlərində teatr ictimaiyyəti tərəfindən müzakirə olunurdu. Rejissorun quruluş verdiyi tamaşalarda istifadə etdiyi üsullar diqqət çəkirdi. Eyni zamanda rejissora müxtəlif teatrlarda işləmək üçün təkliflər gəlməkdə davam edirdi. Lakin Ənvər Behbudov böyük zəhmət və gərgin əməyi nəticəsində formalaşdırdığı truppasından ayrılmaq haqqında düşünmürdü. Əksinə, qarşıda daha parlaq nailiyyətlərə imza atmaq üçün böyük planlar qururdu. Teatrın nəzdində bərpa etdiyi studiyada da gənc yetirmələrinin uğuru onu sevindirir və gələcək planlarında həmin gənclərlə maraqlı işlər görməyə sövq edirdi. Bütün varlığı ilə görkəmli ustadı A.Popovun kursunda öyrəndiklərini tətbiq edərək, istər quruluş verdiyi tamaşalarda, istərsə də pedaqoji fəaliyyətində hələ çox söz demək istəyirdi. 

 

Kazan Böyük Dram Teatrında uğurlu karyerasının ən maraqlı dövründə, 1959-cu ildə Ənvər Behbudov Moskvaya, Mədəniyyət Nazirliyinə dəvət olunur. Nazirlikdə ona M.Qorki adına Rostov Dram Teatrının bədii rəhbəri və baş rejissoru təyin olunması haqqında məlumat verilir. Rejissor Kazanda qalıb işləmək istədiyini bildirsə də, nazirlikdən bu qərarın dəyişməz olduğu deyilir. Ona bildirilir ki, Rostov Dram Teatrının fəaliyyəti arzuolunan səviyyədə deyil və teatrda nüfuzlu, bacarıqlı, yaradıcı rəhbərə ehtiyac var. Mədəniyyət Nazirliyi rəhbərliyinin etimadını doğrultmaq lazımdır.

1959-cu ildə Ənvər Behbudov SSRİ Mədəniyyət Nazirliyinin təyinatı ilə M.Qorki adına Rostov Dram Teatrının bədii rəhbəri və baş rejissoru kimi fəaliyyətə başlayır. Rejissorun Rostov dövrü haqqında kino-teatr.ru saytında tanınmış teatrşünas Nataliya Perminovanın "Behbudovun Rostov izləri" adlı maraqlı məqaləsi qarşıma çıxdı. Məqalə 2018-ci ildə yazılıb. Qiymətli faktlarla zəngin olan bu maraqlı məqalənin bəzi hissələrini diqqətinizə çatdırmaq istəyirəm:

"Yaşlı nəslin, orta nəslin də nümayəndələri əlbəttə ki, dahi müğənni Rəşid Behbudovu yaxşı xatırlayırlar. Rostov teatrsevərləri bu soyadı eşidəndə deyəcəklər: "Vaxt var idi M.Qorki adına Rostov Dram Teatrına onun qardaşı Ənvər rəhbərlik edirdi".

 

Ənvər Behbudov Rostova 1959-cu ildə gəldi. Cəmi beş il burada işləməsinə baxmayaraq, Don səhnə incəsənətinin tarixində parlaq iz buraxdı. O zaman ilk dəfə olaraq M.Qorki adına Rostov Dram Teatrının repertuarında "Don dalğası" meydana gəldi. Behbudov Don yazıçılarının əsərlərindən ibarət tamaşalar silsiləsi yaratdı. Mərkəzi mətbuatda "İrəliyə baxanlar" adı ilə məqalələr yazılaraq qeyd olunurdu ki, "...Rostovlular yeni müəlliflər və yeni əsərlərlə eksperimentlər edərək, tematik və dramaturji yüksəkliklərə nail olurlar". Behbudovun özü haqqında isə yazırdılar: "...monumental və romantik forma traktovkasına səy göstərərək epoxanın sərt və cəsarətli xarakterinin yaranmasına imkan verən abidə ifadəli obrazlarla teatral tamaşalar yaradırdı".

 

1962-ci ildə Aleksandr Suiçmezovun "Təzə külək" ("Svejiy veter") əsərinin əsasında qurulmuş tamaşa nəinki Moskvada Kreml sarayının səhnəsində göstərildi, həm də Mərkəzi Televiziya ilə bütün SSRİ-yə yayımlandı. Tamaşanın lent yazısı Ümumittifaq Radiosunun fonduna daxil edildi. Bu, ona bərabər idi ki, Avropanın istənilən ölkəsinin tamaşaçıları bu tamaşanı seyr etmək imkanı qazanırdılar... Hələ ki, Rostov teatrının tarixində bunabənzər hadisə təkrarlanmayıb. Tamaşa haqqında "Pravda" və "İzvestiya" qəzetlərində yazılar dərc olunmuşdu. Bu da görünməmiş hadisə idi. Mərkəzi partiya qəzetləri ümumiyyətlə tamaşalar haqqında nadir hallarda yazırdılar, o ki qaldı əyalət teatrları haqqında yazıların dərc olunması, qeyri-adi hadisə idi.

 

1963-cü ildə Behbudov ilk dəfə "Oyanmış torpaq" romanının ikinci hissəsini səhnə üçün uyğunlaşdırdı. Məlumdur ki, Şoloxov öz əsərlərinin incəsənətin başqa növlərinin dilinə "tərcümə" olunmasına şübhə ilə yanaşırdı. Ona görə də əvvəlcə romanın Demin (Rostovlu dramaturq - K.Ş.) tərəfindən səhnə üçün hazırlanmış variantı yazıçıya təqdim olundu. Şoloxov onu bəyəndi və üzərinə "Razıyam" qeydini yazdı. Sonra quruluş heyəti Veşenskayaya (Rostov vilayətində yaşayış məntəqəsi. M.Şoloxovun malikanəsi burada yerləşir - K.Ş.) getdi. Behbudov yazıçı ilə söhbətlərini konspektləşdirdi və məşqlər zamanı həmin qeydlərə əsaslandı. Şoloxov ehtiyat edirdi ki, teatr banal, məişət dramı səviyyəsinə enə bilər. O, ritoriklikdən, səhnədə yersiz gəzişmələrdən çəkinirdi, maraqlı nümunələr gətirirdi: "...Qabaqlar torpağı kotanla şumlayırdılar, ona görə də yavaş yeriyirdilər. Sonra traktor meydana gəldi, tez yeriməyə başladılar. İndi kazakların yerişi tamamilə dəyişib. Teatr həyatı izləməlidir!.."

 

Məşhur yazıçı Mixail Şoloxovun Dövlət Muzey Qoruğunun internet saytında Ənvər Behbudovun 110 illiyi ilə əlaqədar 21.03.2022-ci il tarixində olduqca maraqlı faktlarla zəngin böyük məqalə dərc olunub. Həmin məqalə bu günə qədər Muzey Qoruğunun saytında yer almaqdadır. M.Şoloxovun "Oyanmış torpaq" romanının tamaşaya qoyulması ilə bağlı yazıda qeyd olunmuş maraqlı məlumatları diqqətinizə çatdırmağı vacib hesab edirəm:

"...1963-cü ildə Behbudov ilk dəfə olaraq "Oyanmış torpaq" romanının ikinci hissəsini səhnəyə adaptasiya edir və əsəri yazıçının vətənində tamaşaya qoyur. M.Şoloxovun "Oyanmış torpaq" əsərinin ikinci kitabı əsasında tamaşa hazırlanması ilə əlaqədar 1963-cü il mayın 8-də yazıçı ilə M.Qorki adına Rostov Dram Teatrının kollektivinin görüşü keçirildi. "Literaturnaya qazeta"da "Şoloxovun Rostov teatrının kollektivi ilə görüşü" başlıqlı məlumat dərc olundu. Məlumatda deyilirdi: "Oyanmış torpaq" romanının ikinci kitabı əsasında P.Deminin səhnə üçün variantında tamaşa hazırlanır. M.Şoloxovun teatrın kollektivi, incəsənət xadimləri, universitetin elmi işçiləri və Don yazıçıları ilə görüşü keçirilib". 

 

Görüşdə çıxış edən Ə.M.Behbudov söylədi: "Bizim kollektivimiz yaradıcı ruhda köklənib. Tamaşanın bütün iştirakçıları böyük ruh yüksəkliyi ilə çalışırlar..." Sonra Şoloxov görüşə toplaşanlar qarşısında çıxış etdi. O, "Oyanmış torpaq" romanının səhnələşdirilməsi ilə əlaqədar bəzi fikirlərini bölüşdü: "Mən istəyirəm ki, bizim danışıqlarımız yalnız rəsmi xarakter daşımasın. Gəlin, incəsənətdən danışaq. Mən əsərlərimin ekranlara köçürülməsindən həmişə yayınmışam, bu gün də həmin fikirdəyəm. Nəsr əsəri nə qədər məşhur olsa da, onları səhnələşdirmək və ya ekranlaşdırmaq mümkün olmur. Teatr yalnız o zaman böyük sənət olur ki, o xırda, natural həqiqətdən deyil, həyatdan, böyük həqiqətdən, əsl həqiqətdən, böyük sənətdən gəlir. Səhnədə hər şey həyatda olduğu kimi olmalıdır. Hesab edirəm ki, siz tam ciddiyyətlə bu işi üzərinizə götürürsünüzsə, onda artistlər tatarların xutoruna getməlidirlər. Onların həyatlarını görmək lazımdır. Mən sizə nə məsləhət edərdim? Hər şeyi ürəkdən edin. Tələsmək lazım deyil. Tamaşa üçün, pyes üçün material var, qalan hər şey sizin istedadınızdan asılıdır. Pyes bütün kollektivin əməyinin nəticəsindən yaranıb. Mən çox şadam ki, sizinlə görüşdüm".

 

Tamaşanın məşqləri zamanı Ə.M.Behbudov M.A.Şoloxovun məsləhətlərinə əsaslanırdı..."

Qeyd edim ki, Şoloxovla teatr kollektivinin görüşündən sonra Ənvər Behbudov daha bir neçə dəfə yazıçı ilə görüşmüş və tamaşanın hazırlıqları haqqında onu məlumatlandırmışdı. Keçmiş SSRİ-nin ən məşhur, ən tanınmış, ən nüfuzlu yazıçılarından biri olan M.Şoloxov rejissorun verdiyi məlumatlardan razı qalmışdı və premyeranın baş tutacağı günü səbirsizliklə gözləyirdi. İstər həyatda, istərsə də yaradıcılıqda çox inadkar, sənətdə kompromisi qəbul etməyən Ənvər Behbudov (Bu xüsusiyyət Behbudovlar ailəsinin hər bir üzvünə xas olan cəhətdir) "Oyanmış torpaq" əsərini ilk dəfə səhnələşdirməklə risk etdiyini yaxşı başa düşürdü. Onu da gözəl anlayırdı ki, sənətdə öz sözünü demək üçün mütləq ilkə imza atmaq lazımdır. 

 

M.Şoloxov XX əsrin 60-cı illərində artıq bütün dünyada məşhur yazıçı idi. O, Stalin mükafatı (1941), Lenin mükafatı (1960) laureatı, SSRİ EA həqiqi üzvü idi. 1963-cü ilə qədər 9 dəfə ədəbiyyat üzrə Nobel mükafatına namizəd olmuşdu (1948, 1949, 1950, 1955, 1956, 1958, 1961, 1962, 1963). 1964-cü ildə də M.Şoloxovun adı 10-cu dəfə Nobel mükafatına namizədlər siyahısına düşmüşdü. Nəhayət, 11-ci cəhddə 1965-ci ildə yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. İvan Bunin (1933), Boris Posternakdan (1958) sonra Şoloxov Nobel mükafatı alan üçüncü sovet yazıçısı oldu. "Oyanmış torpaq" romanı işıq üzü görəndən sonra müxtəlif dillərə tərcümə olunaraq dəfələrlə nəşr edildi.

 

1960-cı ildə bu əsərə görə yazıçı o zaman keçmiş SSRİ-nin ən ali mükafatı - Lenin mükafatı ilə təltif olunmuşdu. Belə bir məşhur romanı ilk dəfə səhnələşdirmək böyük cəsarət və məsuliyyət tələb edirdi. Xüsusən də, ona görə ki, bu əsər roman kimi yazılmışdı, səhnə əsəri deyildi. 

Ənvər Behbudov rejissor kimi bütün bacarığını, istedadını, sənətkarlığını, biliyini ortaya qoyub, "Oyanmış torpaq" əsərini səhnələşdirir. Premyera günü elan olunur. Rejissorun həyəcanının hansı ölçüdə olmasını təsəvvür etmək çətin deyil. Bütün ölkənin teatr, ədəbi ictimaiyyəti səbirsizliklə premyeranı gözləyirdi. Nəhayət, 1963-cü il iyul ayının 6-da premyera baş tutdu. Tamaşa böyük uğurla nümayiş olundu. Rostov dram teatrı Ənvər Behbudovun timsalında tarixi bir ilkə imza atdı. 

 

M.Şoloxov Dövlət Muzey Qoruğunun saytında Ənvər Behbudova həsr olunmuş məqalədə oxuyuruq: "Tamaşanın premyerası M.Qorki adına Rostov Dram Teatrında iyulun 6-da baş tutdu (1963 - K.Ş.), avqustun 1-də isə artıq Moskvada göstərildi. Tamaşa çoxlu sayda müsbət rəylər qazandı..."

 

Moskva teatr ictimaiyyəti Ənvər Behbudov yaradıcılığına artıq bələd idi. Hələ Kazan Böyük Dram Teatrının bədii rəhbəri və baş rejissoru olduğu müddətdə onun quruluş verdiyi tamaşalar Moskvada uğurla nümayiş olunmuşdu. 1962-ci ildə Rostov teatrında səhnələşdirdiyi Aleksandr Suiçmezovun "Təzə külək" əsəri Moskvada Kreml sarayının səhnəsində uğurla oynanılmışdı. Hətta bu tamaşa Mərkəzi Televiziya ilə yayımlanmışdı. 

Bu dəfə isə Şoloxovun "Oyanmış torpaq" tamaşası ilə Ənvər Behbudov özünün istedadlı, yüksək dərəcəli peşəkar rejissor, bacarıqlı təşkilatçı, geniş dünyagörüşünə malik bir sənətkar olmasını sübut etdi. Tamaşa Moskvada ciddi rezonans yaradır. Ə.Behbudovun uğurlu quruluşu həm müəllif tərəfindən, həm də teatr tənqidçiləri tərəfindən yüksək qiymətləndirildi. Bu maraqlı tamaşanın sorağı bütün ölkəyə yayıldı. Müxtəlif şəhərlərdən teatrsevərlər, teatr mütəxəssisləri tamaşaya baxmaq üçün Rostova gəlirdilər. Premyeradan cəmi bir neçə gün keçməsinə baxmayaraq kollektivin yenidən Moskvaya dəvət olunması dediklərimin təsdiqidir.

Tanınmış teatrşünas Nataliya Perminovanın kino-teatr.ru saytında yer almış məqaləsində maraqlı bir epizodu da diqqətinizə çatdırmaq istəyirəm: "...O dövr üçün belə bir hadisə danışırlar: - Səhər. Kreml teatrı. Baş rejissor aparıcı aktyorları Moskva dramaturqu ilə görüşə və onun yeni əsərinin oxunuşuna dəvət etdi. Birdən teatrın həyətində möhkəm səs-küy qalxdı. Səs-küy xeyli davam etdiyinə görə rejissorun etirazına səbəb oldu. - Nə səs-küydür axı bu? - deyə o ucadan etirazını bildirdi. Pyotr Qriqoryeviç Labada (Teatrın aparıcı aktyoru - K.Ş.) təmkinini pozmadan cavab verdi: "Bizi paytaxtda uğurlu qastrola görə mükafatlandırmaq üçün medallar gətiriblər!.." İstedadlı aktyorun öncəgörməsi özünü çox gözlətmədi. Qastroldan sonra tezliklə Rostova xəbər gəldi ki, rejissor və teatrın daha 16 əməkdaşı RSFSR Əməkdar artisti fəxri adına layiq görülüb. Belə bir mükafatlandırma dalğası və tanınma nə bu hadisədən əvvəl, nə də sonra yaşanmadı. Behbudov isə iki il sonra RSFSR Xalq artisti tituluna layiq görüldü..."

 

Nataliya Perminovanın yazısında bir dəqiqləşdirməyə ehtiyac var. Teatrşünas yazır ki, 1963-cü ildə Moskvaya qastrol səfərindən sonra Ənvər Behbudov və teatrın 16 əməkdaşı RSFSR Əməkdar artisti fəxri adına layiq görülürlər. Əslində isə Ə. Behbudov "Əməkdar artist" adını hələ 1950-ci ildə, Novosibirsk "Qırmızı məşəl" teatrında işləyərkən almışdı. Rostov teatrının 16 əməkdaşı fəxri ad alsa da, Ənvər Behbudov SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdu. 1965-ci ildə isə ona RSFSR Xalq artisti adı verilmişdi.

 

İstedadlı rejissor Ə.Behbudov qısa zaman ərzində bir əyalət teatrını ölkənin aparıcı Akademik teatrları səviyyəsinə qaldırmağa nail olmuşdu. 1963-cü ildə Rostov teatrı 100 illiyini qeyd edirdi. Bu bir əsrlik tarixində teatr görünməmiş uğurlara imza atmışdı. Ənvər Behbudov bədii rəhbər və baş rejissor təyin olunanda teatrın fəaliyyətində vilayət səviyyəsində belə nəzərəçarpacaq bir uğuru yox idi. O, işə başladığı gündən yorulmaq bilmədən teatrda illərlə hökm sürən ətaləti dağıtdı. Kollektivdə ciddi nizam-intizam yaratdı. Repertuar siyasətini tamamilə dəyişdi. Hər yeni tamaşadan sonra teatr kollektivi pillə-pillə yüksəlməyə başladı. Təsadüfi deyil ki, 100 il ərzində ilk dəfə Rostov teatrı 1962-ci ildə Moskvada, Kreml sarayının səhnəsində A.Suiçmezovun "Təzə külək" tamaşasını uğurla nümayiş etdirdi. Bu tamaşa Mərkəzi Televiziya ilə yayımlandı və lent yazısı Ümumittifaq Radiosunun fonduna qəbul edildi. Bir ildən sonra, 1963-cü ildə kollektiv yenidən Moskva səhnələrində tamaşalarını nümayiş etdirmək üçün dəvət olundu. Yenə böyük uğurlar, paytaxt mətbuatında maraqlı, müsbət resenziyalar.

 

(Davamı olacaq)

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!