Ənvər Məcid oğlu Behbudov
Azərbaycanın mədəniyyət salnaməsində özünəməxsus iz buraxmış Behbudovlar ailəsi yalnız bir nəslin deyil, bütöv bir dövrün mədəni yaddaşı olmuşdur. Bu ailənin hər bir nümayəndəsi, sanki ayrı-ayrı bir sənət lövhəsi kimi, sənətimizin səhnəsində parlayan işıqlardır. Onların ömür yolu və yaradıcılığı geniş elmi tədqiqatlara, publisistik düşüncə və bədii təhlillərə layiq mövzulardandır.
Behbudov soyadı hələ də tam şəkildə araşdırılmamış bir tarix, açılmamış sirlər sandığıdır. Onun əsli, mənşəyi, tarixi qatları zamanın tozunda itib getməyib, əksinə, araşdırıldıqca yeni mənalar doğuracaq qədər dərin və zəngindir.
Görkəmli muğam bilicisi və ifaçısı Məcid Behbudovun atası Behbudalı kişinin Şuşada tanınmış tacir olması, bəzi mənbələrdə isə məşhur aşıq olması haqqında məlumatlar yer alır. Bilinən odur ki, Məcid Behbudov gənc yaşlarında atasını itirir və ailənin bütün qayğıları onun üzərinə düşür. Ölməz sənətkarımız Rəşid Behbudov atası haqqında xatirələrində qeyd edib ki, atası inqilaba qədər çox zəngin, varlı, əsilli, nəcabətli idi. Onun ağayanalığı, kübarlığı hər hərəkətində sezilirmiş. Cəmiyyətdə davranışı, insanlarla ünsiyyəti, çevrəsi, mühakiməsi bundan xəbər verirdi.
Öz dövrünün çox böyük ustad sənətkarı Məcid Behbudov həm əvəzsiz muğam ifaçısı, həm də muğamların dərin bilicisi və daşıyıcısı idi. Ailə qurduğu Firuzə xanım Vəkilova zadəgan nəslinə mənsub idi. Firuzə xanımın atası Abbasqulu bəy Vəkilov əslən Qazax mahalından olan yüksək çinli hərbçi olub. O, böyük nüfuz və hörmətə malik idi. Məcid Behbudovla Firuzə xanımın evlənmə hadisəsi sonralar Üzeyir bəy Hacıbəylinin 1913-cü ildə yazdığı məşhur "Arşın mal alan" əsərinin süjet xəttini təşkil edir. Onu da bildirim ki, Məcid Behbudov Şuşada Üzeyir bəylə eyni məhəllədə, yaxın qonşuluqda yaşayıb.
Eyni ilə "Arşın mal alan"da olduğu kimi, arşınmalçı obrazında qızı görür, aşiq olur və qızın da ona aşiq olduğunu biləndə qoşulub qaçmaq qərarına gəlirlər. Bu hadisədən sonra Məcid bəy və Firuzə xanımın Şuşada qalması mümkün olmur. Bütün Qafqazda tanınmış ordu polkovniki Abbasqulu bəyin qızını qaçırmaq sıradan bir hadisə deyildi. Ona görə də Məcid və Firuzə xanım üz tuturlar Tiflisə.
Məcid Behbudovla Firuzə xanımın hər biri haqqında ayrıca yazı yazmağı düşünürəm. Bu yazılar maraqlı tarixi faktlarla zəngin olacaq. Hazırda isə ailənin ilk övladı Ənvər Behbudovun həyat və yaradıcılığına nəzər salmağa sizi dəvət edirəm.
Görkəmli teatr rejissoru, pedaqoq, aktyor, təşkilatçı, Rusiyanın Xalq artisti fəxri adını qazanmış ilk azərbaycanlı Ənvər Məcid oğlu Behbudov 1912-ci il martın 20-də Şuşada anadan olub. Bəzi mənbələrdə Ənvər Behbudovun doğum yeri kimi Tiflis şəhəri göstərilib. Bu, doğru deyil. Hətta müxtəlif mənbələrdə sənətkarın ölüm tarixi də fərqli qeyd olunub. Həmin mənbələrdə 16 mart 1993-cü il əvəzinə 28 mart 1994-cü il göstərilib.
Tanınmış sənətkarın qardaşı Rəşid Behbudovun yeganə qızı Rəşidə xanım da əmisinin Şuşada doğulması faktını təsdiqləyir. Rəşidə xanım atasından eşitdiklərini belə xatırlayır: "Babam Məcid bəy nənəm Firuzə xanımı qaçırdıqdan sonra Tiflisə köçür. Bu hadisə o dövrdə böyük əks-səda doğurubmuş. Ulu babam Abbasqulu bəy kimi geniş imkanları, ciddi əlaqələri, adı, sanı, nüfuzu olan bir yüksək çinli hərbçinin qızını qaçırmaq adi hadisə deyildi. Ona görə də babam nənəmlə nəinki Şuşadan, Qarabağdan, ölkədən getməyə qərar verirlər. Atam deyərdi ki, əmim Ənvərin doğulmasına az qalmış babam nənəmi Şuşaya gətirir. Çünki babam bir neçə aylıq xarici səfərə getməli idi. Avropanın səsyazma studiyasından dəvət almışdı və vala səsini, ifasını yazacaqdılar. Nənəm tək qalmasın deyə, onu Şuşaya, qohumlarının yanına gətirir. Ənvər əmim Şuşada dünyaya göz açır. Bir müddət sonra babam Məcid gəlib onları Tiflisə aparır".
1920-ci il martın 20-də Şuşada anadan olan Ənvər Behbudov Tbilisidə anasının da dərs dediyi Azərbaycan məktəbində oxuyur. Uşaqlıqdan arzusu teatrda işləmək idi. Qeyd edim ki, Behbudovlar ailəsinin teatra xüsusi münasibəti var idi. Tiflis Azərbaycan Teatrı 1920-1930-cu illərdə tamaşaçılar arasında böyük populyarlıq qazanmışdı. Burada həm musiqili, həm də dram tamaşaları göstərilirdi. Teatrın repertuarına Üzeyir bəy Hacıbəylinin və digər bəstəkarlarımızın muğam operaları, musiqili komediyaları daxıl idi. Bu tamaşalar şəhər əhalisinin böyük marağına səbəb olurdu. Bəzən Məcid Behbudov da tamaşalarda iştirak edirdi. Behbudovlar Tiflis Azərbaycan Teatrının ailəliklə daimi tamaşaçılarından idilər.
Yay aylarında uşaqlar - Ənvər, Nəcibə və Rəşid həyətlərində tamaşalardan səhnələr düzəldib göstərərdilər. Valideynlərinin geyimlərini sandıqdan çıxarıb səhnə geyimi kimi, kömür, təbaşir, rəngli karandaşları qrim vasitələri kimi istifadə edib tamaşalar hazırlayardılar. Adətən "Leyli və Məcnun", "Əsli və Kərəm", "Arşın mal alan" tamaşaları oynanılardı. Məhəllənin bütün uşaqları həyətə toplaşar və maraqla səhnəcikləri seyr edərdilər. Heç şübhəsiz ki, Məcid bəyin və Firuzə xanımın hər üç övladının həyatlarını sənətə, səhnəyə bağlamalarında bu mühitin böyük rolu olmuşdu.
Ənvər Behbudov da uşaq yaşlarından teatra, sənətə ciddi maraq göstərirdi. Orta məktəbi bitirdikdən sonra Teatr İnstitutunda təhsil almaq istəyirdi. Gürcüstanda teatr institutuna daxil olmaq elə də asan deyildi. Yerlər məhdud idi. Bundan əlavə də, ilk növbədə, gürcü gənclərə üstünlük verilirdi. Ona görə də Ənvər Behbudov Bakıya getmək, orada həm təhsil almaq, həm də teatrların birində işə düzələrək çalışmaq istəyirdi. Ancaq valideynləri, xüsusilə də Firuzə xanım oğlunun bu qərarı ilə razılaşa bilmirdi. Çünki 1930-cu illərin əvvəllərində hər yerdə vəziyyət ağır idi, aclıq, səfalət hökm sürürdü. Ona görə də Firuzə xanım hər vasitə ilə oğlunu bu fikirdən yayındırmağa çalışırdı. Həm də Firuzə xanımın sağlamlığında ciddi problemlər yaranmışdı. Tez-tez evə həkim çağırılırdı. Rəşid Behbudovun həyat yoldaşı Ceyran xanım danışardı ki, Rəşid o dövrü xatırlayanda göz yaşlarını saxlaya bilmirdi, qəhər onu boğurdu. Ceyran xanımın xatirələrindən: "Rəşid söyləyərdi ki, o vaxtlar çox çətin dövr idi. İnsanlar yemək tapmırdılar. Anam hər gün nəsə tapıb bişirərdi və bizi yedizdirərdi. Biz ondan soruşanda ki, sən niyə yemirsən, deyərdi mən yemişəm, siz rahat yeyin. Sonra bildik ki, anamız günlərlə ac qalırmış. Çox arıqlamışdı. Gözləri çuxura düşmüşdü. Tez-tez halı dəyişirdi. Anamı müalicə edən həkim bir dəfə söylədi ki, qidasızlıqdan daxili orqanlarında problemlər yaranıb. Məlum oldu ki, anamız günlərlə ac qalırmış..."
Çox güman ki, Firuzə xanım ömrünün sonuna yaxınlaşdığını hiss etdiyindən oğlunu buraxmaq istəmirdi. O, övladlarına çox bağlı idi. Onlarla nəfəs alırdı. Bütün həyatını övladlarının tərbiyəsinə, təhsilinə həsr etmişdi.
Firuzə xanım o illərdə çox gərgin psixoloji hisslər keçirirdi. Atası Abbasqulu bəy 1927-ci ildə Bakıda vəfat etmişdi. Qardaşları - Gəray bəy və Lütvəli bəydən nigaran idi. Onlarla heç bir əlaqə yox idi. Eşitmişdi ki, qardaşları bir neçə dəfə istintaqa çağırılıb. Talelərindən xəbərsiz idi. Hərbçi olan Lütvəli bəy 1918-1920-ci illər AXC dövründə Gəncədə Milli Ordu üçün kiçik zabitlər hazırlayan hərbi məktəbdə xidmət göstərdiyinə görə təqib olunurdu. Haqqında heç bir məlumat ala bilmirdi. Belə bir vəziyyətdə oğlunun Bakıya getməsindən qorxurdu.
Ceyran xanım Rəşid Behbudovdan qardaşı Ənvərlə bağlı eşitdiyi bir hadisəni belə söyləyirdi: "O dövrdə müxtəlif infeksion xəstəliklər sürətlə yayılırdı. İnsanlar pis qidalandıqlarından əksəriyyətində immunitet zəifliyi vardı. Təbabət də o səviyyədə deyildi. Həkim çatışmırdı, dərman qıt idi. Oxuduğumuz məktəbdə sarılıq xəstəliyi yayılmışdı. Anam bizi bir müddət məktəbə getməyə qoymurdu. Ənvər yuxarı sinifdə oxuyurdu deyə, bir gün anamın qadağasına baxmayaraq məktəbə getdi. Axşam hərarəti qalxdı. Həkim çağırmaq mümkün olmadı. Xəstə sayı çox olduğundan həkimlər bütün çağırışlara getməyi çatdırmırdılar. Növbəti gün Ənvərin halı lap pisləşdi. Atam evdə yox idi. Ucqar bir bölgəyə tədbirə getmişdi. Anam həkim çağırmağa getdi. Bacımla bizə tapşırdı ki, Ənvər yatan otağa girməyək. Otağın qapısından nəzarət edək, halı kəskinləşsə qonşulara xəbər edək. Anam gedəndən bir qədər sonra Ənvərin xırıltılı səsini eşidib qapıdan baxdıq. Ənvər özündə deyildi. Nəcibə mənə dedi ki, tez ol qonşulara xəbər elə. Mən həyəcandan zil səslə qışqıraraq qonşuları çağırmağa başladım. Bütün qonşular qaçaraq bizim həyətə yığışdılar. Anam da həkimlə evə qayıdırmış. Qışqırığımı anam da eşidibmiş. Yazıq anam səsimi eşidən kimi qaçmağa başlayır. Evimizə çatanda bütün qonşuların həyətimizə yığışdığını görüb özündən gedərək huşunu itirir. Anamla bizə gələn həkim tez özünü ona yetirir. Qonşuların köməyi ilə anamı evə salıb çarpayıya uzatdılar. Bir qədər sonra anam özünə gəldi. Gözünü açan kimi "Ənvər, Ənvər", deyib qışqırmağa başladı. Həkim anamı sakitləşdirərək dedi ki, narahat olmayın, oğlunuzu müayinə etdim, qorxulu bir şey yoxdur, tezliklə sağalacaq. Anam çarpayıdan qalxıb Ənvərin yanına qaçdı. Onu bərk-bərk qucaqlayaraq hönkür-hönkür ağladı. Həkim anama da, Ənvərə də dərman yazıb getdi. Ənvər tezliklə sağaldı. Anam isə bu hadisədən sonra heç özünə gələ bilmirdi. Səhhəti çox korlanmışdı..."
Rəşid Behbudov söyləyərmiş ki, anam bu hadisədən sonra çox həyəcanlı olmuşdu. Evə bir qədər gec gələn kimi özünə yer tapa bilmirdi. Ona görə də Ənvərin Bakıya getmək istəyini qəbul edə bilmirdi.
Ənvər isə inadından əl çəkmirdi. Nəhayət, ailədə məsləhətləşib ümumi razılığa gəlirlər ki, Ənvər qısa müddətə Bakıya getsin, vəziyyəti yerində öyrənsin. 1931-ci ildə Ənvər Bakıya yola düşür. Bakıda yerləşdikdən sonra teatrlarla maraqlanmağa başlayır. Tezliklə o Bakı Fəhlə Cocuq Teatrında işə düzəlir (Sonralar Bakı Fəhlə Gənclər Teatrı, daha sonra 1936-cı ildən Gənc Tamaşaçılar Teatrı). Azərbaycan mənbələrində Ənvər Behbudovun Bakı Fəhlə Cocuq Teatrında işləməsi ilə bağlı heç bir məlumata rast gəlinmir. Bu haqda Rusiya mənbələrində qeydlər var. Belə ki, "TATARİCA"da (Tatar ensiklopediyası), M.A.Şoloxov Dövlət Muzey Qoruğunun məlumat kitabında və saytında, Rusiyanın "Teatralnıy kalendar" (teatr təqvimi) saytında məlumat verilir.
Bir müddət Bakı Fəhlə Cocuq Teatrında işləyən Ənvər Behbudov 1933-cü ildə anası Firuzə xanımın səhhətinin ağırlaşması səbəbindən Tbilisiyə qayıtmalı olur. Həmin ilin, yəni 1934-cü ilin sentyabrında dövrünün tanınmış maarif xadimi, dəyərli pedaqoq Firuzə xanım Vəkilova vaxtsız dünyasını dəyişir.
Bu əvəzsiz itki ailənin bütün üzvlərinə ağır zərbə olur. Behbudovlar ocağının qoruyucusu, bu ocağın istisini, işığını hər zaman bütün varlığı, qayğıları ilə yaşadan Firuzə xanım dünyasını dəyişəndən sonra ailə üzvləri pərən-pərən düşür. Aylarla sarsıntılar içində yaşayan Ənvər Behbudov 1934-cü ildə Tbilisi Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə qəbul olunur. Bu haqda da Azərbaycan mənbələrində heç bir məlumata rast gəlinmir. Rusiya teatr mənbələrinin əksəriyyətində bu fakt qeyd olunub. Tbilisi Gənc Tamaşaçılar Teatrında işlədiyi müddətdə təhsil almaq arzusu Ənvər Behbudovu rahat buraxmır. Teatrdan kənar, boş saatlarında bütün vaxtını mütaliəyə sərf edən aktyor dünya ədəbiyyatı klassiklərinin əsərlərini, tanınmış aktyor, rejissor, teatr xadimlərinin həyat və yaradıcılığına həsr olunmuş kitabları həvəslə oxuyur. Moskvada ali təhsil almaq üçün qarşısına qoyduğu məqsədə doğru addım-addım irəliləyir.
1938-ci ildə Ənvər Behbudov Moskvaya gedir. Sənədlərini Moskva Dövlət Teatr Sənəti İnstitutuna (QİTİS) təqdim edir. Qəbul imtahanlarından uğurla keçərək tanınmış ali məktəbə daxil olur. O dövrdə məşhur rejissor, görkəmli teatr nəzəriyyəçisi, pedaqoq Aleksey Popovun kursunda təhsilini uğurla davam etdirir. SSRİ Xalq artisti, sənətşünaslıq doktoru, üç dəfə Stalin mükafatı laureatı, professor A.Popovun kursuna düşmək hər tələbəyə nəsib olmurdu. Məşhur teatr xadimi kursunda təhsil alacaq tələbələri özü seçirdi. Nəinki Rusiyada, eləcə də dünyada tanınan və qəbul edilən teatr sistemi və məktəbi yaratmış K.Stanislavski və Nemiroviç-Dançenko kimi nəhəng teatr xadimlərinin tələbəsi olan Popov rejissorluqda öz məktəbini yaratmağa nail olan nadir şəxsiyyətlərdəndir. O, iki barışmaz teatr məktəbinin - V.Nemiroviç-Dançenko və Y.Vaxtanqov, V.Meyerhold məktəblərinin sintezindən öz sistemini yarada bilmişdi. 1930-cu illərdə Popov sovet teatrının lideri sayılırdı. O, rejissorluqla pedaqoji fəaliyyətinin nəticəsində böyük uğurlar qazanmışdı. Onun yetirmələri arasında Q.Tovstonoqov, A.Efros, V.Panso, B.Lvov-Anoxin, L.Xeyfets, M.Butkeviç kimi dünya teatr sənətinin nəhəng simalarının adını çəkə bilərik. Qeorgi Tovstonoqov "Baltika mövsümləri" kitabında müəllimi Popov haqqında yazır: "O, öz pedaqogika və rejissorluq sənəti ilə bizdə analitik düşüncəyə maraq oyadırdı".
M.Knebel "Pedaqogikanın poeziyası. Tovstonoqovun studiyası" kitabında Tovstonoqovun öz müəllimi Popovun tədris metodları haqqında dediklərini qeyd edir: "O, (Popov - K.Ş.) olduqca riskli metodlara müraciət edirdi. Bizə, gənc tələbələrə tapşırırdı ki, dərs zamanı onun öz tamaşalarını müzakirə edək. Tələbələr yaxşı bilirdi ki, ustad yaltaqlığı sevmir. Ona görə də onun tamaşalarının tənqid yarışına girirdilər. Nəticədə elə təəssürat yaranırdı ki, onun tamaşası çox uğursuzdur. O əsəbiləşirdi, müdafiə olunurdu və tamaşasının xeyrinə ola biləcək hər şeyi qeyd edirdi".
Teatrşünas N.Zorkaya "A.Popov" kitabında yazır: "Popov tələbələrinə təkrar etməkdən yorulmazdı ki, rejissorluğu QİTİS yox, həyat öyrədir".
Ənvər Behbudov həyatdan yetərincə dərs almışdı. İndi isə uşaqlıqdan arzuladığı mühitə düşmüşdü. Teatr mütəxəssisləri yetişdirən dünyanın ən məşhur ali məktəblərinin birində, özü də Popov kimi məşhur pedaqoqun, rejissorun kursunda təhsil alırdı. O, bütün bilikləri acgözlüklə mənimsəyirdi. Adlarını qəzet və jurnallardan oxuduğu, radioda eşitdiyi, afişalarda gördüyü tanınmış insanlarla təmasda olurdu. Nəhəng, ucsuz-bucaqsız bir ölkənin teatr mətbəxinin mərkəzində idi. Teatr İnstitutunun tələbələrinə Moskvanın bütün teatr qapıları açıqdı. Tələbə bileti ilə istənilən teatra giriş sərbəst idi. Ənvər Behbudov da təhsil aldığı müddət ərzində demək olar ki, hər gün bir teatra gedib maraqlı tamaşalara baxırdı. Moskvanın teatr mühiti, Teatr İnstitutu, görkəmli teatr xadimləri ilə təması Ənvər Behbudovun dünyagörüşünün formalaşmasında, peşəkar rejissor kimi yetişməsində mühüm rol oynamışdı.
Rəşid Behbudovun xatirələrindən: "1941-ci ildə Moskvada vokalçıların Ümumittifaq müsabiqəsi keçiriləcəkdi. Mən də həmin müsabiqədə iştirak hüququ qazanmışdım. Müsabiqənin təşkilat komitəsi iştirak üçün mənə xüsusi dəvətnamə göndərmişdi. İyun ayının 25-i birinci turda çıxış etməli idim. Qatarla Moskvaya yola düşdüm. Hərəkət cədvəli üzrə iyunun 22-i səhər saat 10-da qatar Moskvaya çatmalı idi. Bir neçə sutka idi ki, yol gedirdik. Ənvər məni vağzalda qarşılayacaqdı. Neçə il idi görüşmürdük. Çox darıxmışdım. Artıq bir neçə saatdan sonra Moskvaya çatacaqdıq. Çox həyəcanlı idim. Səhərə yaxın qatarda səs-küy qalxdı. Hamı oyanmışdı. İnsanlar çox həyəcanlı idilər. Hamı vahimə içində idi. Məlum oldu ki, səhərə yaxın Hitler Almaniyası Sovet İttifaqına hücum edib. Müharibə başlayıb.
Qatar Moskva ətrafında saatlarla dayanmalı oldu. Yollar bağlı idi. Hərbi yük qatarlarına yol vermək üçün bütün qatarların hərəkət cədvəli dəyişmişdi. Hamı kimi mən də çox məyus olmuşdum. Məyusluğumu artıran həm də o idi ki, Ənvər qatarın gəlmədiyini görüb vağzaldan gedə bilərdi. Bu mənim Moskvaya ilk səfərim idi. Ənvər getsə, mən onu hardan, necə tapacaqdım? Nəhayət, axşamüstü bizim qatara da yol verildi. Ənvər məni vağzalda gözləyirdi. Biz bir-birimizə sarıldıq. Vağzalda insanlar təlaş içində ora-bura qaçışırdılar. Şəhərdə hər yer qaranlıq idi. Çox ağır atmosfer var idi. Ənvərin yaşadığı yataqxanaya gəldik. Bir qədər rahatlaşandan sonra Ənvər cibindən böyük bir siyahı çıxartdı və mənə göstərərək - səninlə getməyi planlaşdırdığım teatrların, konsertlərin, muzeylərin siyahısıdır. Amma heç biri alınmayacaq. Hər yer bağlıdır, - dedi.
Səhəri gün Ənvərlə iştirak edəcəyim müsabiqənin təşkilat komitəsinə gəldik. Məlum oldu ki, müsabiqə də ləğv olunub. Mənə bildirdilər ki, yubanmadan yaşayış yerimə qayıdım. Növbəti gün Ənvər məni Moskvadan yola saldı..."
Müharibənin ilk günlərində bütün ölkədə olduğu kimi, Moskvada da insanlar həyəcan, panika içində idilər. Faşistlərin qəfil hücumu dəhşətli xaos yaratmışdı. Həyat iflic olmuşdu. Tədricən hakimiyyət ölkədəki vəziyyəti nəzarətə götürərək tədbirlər görməyə başladı. Moskva teatrlarının, muzeylərinin, ali məktəblərinin ölkənin əyalətlərinə, cəbhədən uzaq bölgələrə köçürülməsinə qərar verildi. Tələbələrdən, məktəblilərdən, şəhərdə qalan qadınlardan ibarət müqavimət dəstələri yaradılır və bu dəstələr Moskva ətrafında barrikadalar qururdular. Ənvər Behbudov da bu dəstələrin tərkibində Moskvanın müdafiəsi üçün qurulan barrikadaların tikintisində iştirak edirdi. Düşmən təyyarələri şəhərə saysız-hesabsız yandırıcı bombalar atırdılar. Moskva metro-stansiyaları şəhər həyatının mərkəzinə çevrilmişdi. Yandırıcı bombalardan insanlar yeraltı stansiyalarda qorunurdular. Elə bu stansiyalarda da könüllülər dəstəsi formalaşır və barrikadalar qurmaqda iştirak edirdilər. Sentyabr ayına qədər Ənvər Behbudov hamı kimi belə şəraitdə yaşamalı oldu.
1941-ci il sentyabr-oktyabr aylarında digər ali məktəblərdə olduğu kimi, Teatr İnstitutunda da təhsil prosesi dayandırıldı. Oktyabrın 23-də Moskva Dövlət Teatr Sənəti İnstitutu xüsusi qatarla Saratov şəhərinə köçürüldü. Tələbələr Saratov Tibb İnstitutunun yataqxanasına yerləşdirildi. Tezliklə Saratov Bədii Texnikumunun binasında Teatr İnstitutunun tədris prosesi bərpa olundu.
1942-ci ildə Ənvər Behbudov təhsilini müvəffəqiyyətlə başa vurur. Həmin ilin yayında Teatr İnstitutunun aktyor və rejissorluq fakültəsinin məzunlarından ibarət Saratov Cəbhə Teatrı yaradılır. Teatr müxtəlif cəbhə bölgələrində əsgərlərin qarşısında tamaşalar nümayiş etdirir. Bir müddət sonra Ənvər Behbudov dövlət təyinatı ilə Xabarovsk şəhərinə göndərilir. Şəhər teatrında rejissor kimi fəaliyyətə başlayır. Gənclik enerjisi ilə işə başlayan rejissor Xabarovsk teatrının fəaliyyətini nizama salmağa nail olur.
1945-ci ildə Ənvər Behbudov Ulyanovsk şəhərinə göndərilir. Burada da rejissor yorulmadan çalışaraq teatrın fəaliyyətini bərpa edir.
1946-cı ildə Ənvər Behbudov Amur vilayətinin Svobodnıy şəhərində Amur Dəmir Yollarının səyyar teatrının (DORPOFSO) bədii rəhbəri təyin olunur. Vaqonlarda yerləşən bu teatr qısa zamanda Uzaq Şərqdə böyük populyarlıq qazanır. Bu vaqon-teatr hər gün bir qatara qoşularaq növbəti şəhərdə tamaşalar göstərirdi. Teatrın kollektivi də elə bu vaqonlarda yaşayırdı. Belə fədakarlıqla çalışan səyyar teatrın sorağı ölkənin mərkəzi şəhərlərinə də gəlib çatırdı. Bu teatr haqqında geniş məlumat əldə etmək mümkün olmasa da, kino-teatr.ru saytında Ənvər Behbudov səhifəsini izləyərkən buradakı forumda iki maraqlı məlumatla rastlaşdım.
2018-ci il iyulun 25-də Sankt-Peterburq şəhərindən Konstantin Çekmaryov yazır: "Ənvər Məcid oğlu Behbudov 1946-1947-ci illərdə Amur Dəmir Yolları DORPROFSOJ Səyyar teatrının (Svobodnıy şəhəri) bədii rəhbəri idi. Mənim valideynlərim bu teatrda işləyirdilər. Mən Svobodnıy şəhərində doğulmuşam və bütün uşaqlıq dövrüm faciə baş verənə qədər bu Qatar teatrın vaqonunda (kupedə) keçib. Teatr Mancuriyada yanıb kül oldu. Ənvər əmini tanıyırdım. Onu çox görmüşdüm. Hətta o məni dizində otuzdurub mənə mahnı oxuyar və məni yelləyərdi".
(Davamı olacaq)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!