Tarix boyu Azərbaycan xalqı öz ziyalı və qeyrətli qadınları ilə fəxr edib. Bu mənada, müasir cəmiyyətimizdə ziyalı qadınlarımızın yaradıcılıq fəaliyyəti, elm və mədəniyyətimizin inkişafına verdikləri əməli töhfələr təqdirəlayiqdir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, dirijorluq və xormeyster sənətinin incəliklərinə mükəmməl yiyələnən Təranə xanım Yusifova belə qadınlarımızın sırasında özünəməxsus yer tutur. Ustad sənətkar kimi o, Beynəlxalq Muğam Mərkəzinin nəzdində fəaliyyət göstərən Cahangir Cahangirov adına xor kollektivinin bədii rəhbəri və dirijorudur.
Musiqi nəzəriyyəsinə istinadən deyə bilərik ki, xor yaradıcı heyət olduğu üçün onu idarə edən bədii rəhbərdən son dərəcə diqqət, səbir, təmkin, yüksək mədəniyyət, ifa olunan hər hansı melodiyanın metodikasına dəruni bələdlik, xor ifaçılığının oxunuşunda hər bir sözün düzgün tələffüzü, səslərin qarşılıqlı və harmonik vəhdəti, qüvvətli səs duyumu tələb olunur. Bu çətin və mürəkkəb sənətin öhdəsindən gələn Təranə xanım xor cameəsi tərəfindən böyük hörmət və rəğbətlə qarşılanır. Onu da nəzər-diqqətə çatdırmalıyıq ki, xor kollektivinin əksər üzvləri musiqi sənətinə tam yiyələnmiş gənclərdən ibarətdir.
Bu qəni sənət vurğunlarının gələcək inkişafı naminə bədii rəhbərdən ali məqsəd, qətilik, milli qeyrət tələb edilir. Məhz bu səbəbdən də Təranə xanım təcrübəli pedaqoq kimi öz bilik və bacarığını xor kollektivindən əsirgəmir. Bu möhtəşəm sənət ocağına iş üçün qəbul və üzv olmaq son dərəcə ciddi və məsuliyyətlidir. İlk növbədə, hər bir şəxsin musiqi duyumu, eşitmə və qavrama qabiliyyəti, səs tembri və ifaçılığı, fərdin yaradıcı zəkası diqqətlə yoxlanılır. Məhz bu mənada musiqi mədəniyyətimizin sayılıb-seçilən sənətkarı, Azərbaycanın ilk qadın dirijoru Ləman xanım Atakişiyeva qeyd edir ki: "Xor unikal, misilsiz bir orqanizmdir. O, insanların harmonik birləşməsinə, həmrəy olmalarına qulluq edir!" (Axundova Gülarəxanım. "Azərbaycanın görkəmli dirijorları və xormeysterləri". Dərs vəsaiti. Bakı, ADPU, 2016. səh. 46)
Çoxsəsli xor oxuma ənənəsini lazımınca və layiqincə davam etdirən Cahangir Cahangirov adına xor kollektivinin üzvləri, əsasən, soprano, alt tenor və bas səsinə malik olan gənclərdən ibarətdir.
Xor kollektivinin ifası zamanı bu səsləri diqqət və dəqiqliklə müşayiət etmək bədii rəhbərin güclü istedadı və əzmkarlığıdır, - desək, səhv etmərik. Təranə xanım Yusifova tərəfindən respublikamızda keçirilən ictimai-siyasi yubiley və ədəbi tədbirlər üçün seçilən, hər birinin məzmununa uyğun musiqi əsərlərinin münasibliyi, musiqinin ahəngdarlığı, lirizmi, həzinliyi, həyata, haqq və humanizmə çağırış sədası dinləyicilər tərəfindən böyük uğur, rəğbət və hərarətlə qarşılanır.
Məlum olduğu kimi, Azərbaycanda ilk peşəkar xor mədəniyyəti Üzeyir bəy Hacıbəyovun adı ilə bağlıdır. Təranə xanım Yusifova xor sənətinin mahir bilicisi kimi bu tarixi ənənəni yorulmadan, yüksək professional səviyyədə davam etdirir. Bu çətin, fəqət maraqlı sənət yolunda Təranə xanıma və istedadlı xor kollektivinə gələcək işlərində uğurlar arzulayıram!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!