Nikolay Vasilyeviç Qoqol sevimli ədiblərimdən biridir. Dövlət Pantomim Teatrımız iyirmi beş ildir ki, yaradıcılıq yolunu sevə-sevə izlədiyim mədəniyyət ocaqlarındandır. Qoqol ədəbi varlığını, mistik-sarkastik-yumoristik təxəyyülünü bu teatra həmişə çox uyğun bilmişəm və Pantomim teatrının afişasında Qoqolun və onun əsərlərindən birinin adını görəcəyimi gözləmişəm. Bu səbəbdən 2022-ci ildə pantomimçilərin Qoqolun "Şinel"ini "geyindiklərini" biləndə çox sevinmişdim, ictimai baxış tamaşasına böyük sevinclə gəlmişdim... və... mükəmməl bir səhnə əsəri, bitkin bir tamaşa yozumu, düşünülüb tamamlanmış bir teatr quruluşu ilə rastlaşmışdım - hələ ictimai baxışda qeyd etmişdim ki, Azərbaycan Dövlət Pantomim Teatrının "Şinel" tamaşası teatrın "qızıl" fondunu zənginləşdirən daha bir sənət hadisəsi, ən mötəbər beynəlxalq teatr festivallarında milli teatr sənətimizi layiqincə təmsil etmək iqtidarına malik çox az sayda olan quruluşlardandır - Qoqolun "Şinel"i rejissor interpretasiyası və aktyor oyunu cəhətdən bizim pantomimçilərin lap əyninə biçilibmiş.
Bu günlərdə isə pantomimçilərdən "Müfəttiş"in premyerasına dəvət gəldi. "Şinel"dən sonra Ceyhun Dadaşovun Qoqolun daha bir məşhur əsərinə müraciət etdiyini biləndə, növbəti Qoqol-Azərbaycan pantomimçisi tandeminin təntənəsinə düşəcəyimi yəqin etdim. Amma ...təəssüf ki, bu dəfə bu baş vermədi - Ceyhun Dadaşov Qoqolun "Müfəttiş"ini attraksion tərzində qoyub. Afişada da belə qeyd edilib. Və bu attraksion orijinal əsərə minimum pantomimli, maksimum sözlü-musiqili bir variasiyadır. Tamaşanın sonuna yaxın təəssüratım məhz bu səciyyəyə meyilləndi: "Müfəttiş" komediyasına variasiya.
Ceyhun Dadaşov aktyorların üzlərinin ifadələrinin hamısını tapıb təqdim ediləcək personajın xarakterinə uyğunlaşdırmağı, bədənləri ilə "danışmaq"larına nail olub, obrazlarına ruh verməyin öhdəsindən gəlmələrini reallaşdırmağı bacaran rejissordur. Bir pantomimçi üçün isə bu şərh ən yüksək "pillə"dir. Belə bir "pillə"də inamla dayanmağı bacardığın halda, sözlü tamaşa qurmağı anlamaq olmur. "Müfəttiş" sözsüz, ya da heç olmasa, minimum sözlü tamaşa olaraq qoyulsaydı, bu əsərin yeni səhnə həyatının parlaq bir səhifəsi yazıla bilərdi və bunu təsəvvür etmək elə də çətin deyil. Həm də Qoqol elə qələm və idrak sahiblərindəndir ki, yazıb-qoyub getdiyi ədəbi irsi səhnə və ekran sənətinin bütün şəkillərində məna və məzmun yükünün tam dolğunluğu ilə canlandırmaq mümkündür. Bir daha vurğulayım ki, sırf pantomim tamaşası üçün məhz Qoqol yaradıcılığı əvəzsiz mənbələrdən biridir.
Haşiyə çıxıb pantomim teatrına aid daha bir qeydi etməkdən vaz keçə bilmirəm ki, "filan şair və ya yazıçının söz irsi elə gözəldir ki, biz onun əsərini, yaxud onun obrazını sözsüz tamaşaya çevirməyə ürək eləmədik" kimi arqumentləri düzgün yanaşma hesab etmək olmur. Əziz və hörmətli pantomimçilər, ürək edin, rica edirik ki, ürək edin və ən əsrarəngiz söz sahibi olan ədibləri və ya onların personajlarını sözsüz "dilləndirin", bundan onların ruhu ikiqat şad olar.
Qoqolun özü "Müfəttiş"i barədə deyirdi: ""Müfəttiş" mənim o zaman Rusiyada gördüyüm, bildiyim bütün naqislikləri, insandan daha çox ədalət, insaf tələb olunduğu yerlərdə baş alıb gedən bütün haqsızlıqları küll halına salıb onlara birdəfəlik gülmək qərarımdı..." Və komediyasının epiqrafı kimi "Na zerkalo neça penətğ, koli roja kriva" ("Surətin idbardırsa, aynadan inciməyin yeri yoxdur") Ukrayna atalar sözünü seçib. Bəli, Ceyhun Dadaşovun quruluşunda bütün dövrlərdə, bütün məmləkətlərdə bu və ya digər dərəcə və şəkildə mövcud olmuş, mövcud olan və təəssüf ki, yəqin bundan sonra da mövcud olacaq idbar surətləri - xalqı, milləti üzüqara edən nakəsləri aydın göstərən aynaya, güzgüyə baxdıq, bələdiyyə rəisi Anton Antonoviç Skvoznik-Dmuxanovskinin: "Müfəttiş kilsənin binasını xəbər alsa, deyin ki, tikildi, yandı, raportda da belə yazmışdım", "Hünəri var, kimsə şəhərdəki güzərandan narazı olduğunu desin!..", xeyriyyə müəssisələri rəisi Artemi Filippoviç Zemlyanikanın: "Mən baş həkim olan xəstəxananın bütün xəstələri milçək kimi ("qırılırlar" deyəcəkdi) sağalıb, uçub gedirlər", məktəblər müdiri Luka Lukiç Xlopovun: "Mən elə bir mühitdə böyüyüb tərbiyə almışam ki, rütbəcə özümdən bircə qarış böyük şəxslə danışanda qorxudan və həyəcandan ürəyim ağzıma gəlir" və sairə replikaların aktuallığının fərqinə vardıq. Amma tamaşanın peterburqlu qumarbaz, boşboğaz məmur İvan Aleksandroviç Xlestakovun Oleq Qazmanovun cildinə girib "Tı morəçka, ə morək, tı rıbaçka, ə rıbak" mahnısının ifasını yamsılama-improvizə etməsi ilə başlamasının hansı ehtiyacdan doğub, nəyə xidmət etdiyini anlamaq olmadı və üstəlik, tamaşaboyu ara-sıra Rusiyanın kiçik şəhərciklərindən birinin bələdiyyə rəisinin gözünə balıq görünməsi də aydın deyil. Anton Antonoviç Skvoznik-Dmuxanovskinin tamaşa başlayandan əvvəl səhnədə qoyulmuş çarpayıda uzanıb qalması Qoqolun "Evlənmə" komediyasının ilk səhnəsini xatırladır. "Müfəttiş"də isə bələdiyyə rəisi xeyriyyə müəssisələri rəisini məktəblər müdirini, məhkəmə sədrini və şəhərin digər üzdəniraq idarəedicilərini başına toplayıb şəhərə müfəttişin gəldiyini həyəcan və təşvişlə xəbər verir. Buna qədər onun evdə öz çarpayısında rahatca uzanıb qalması ilə tamaşaçıya bələdiyyə rəisinin vəzifə borclarına etinasızlığına ismarış edilirsə, bunun başqa bir formasını da tapmaq olardı.
Qeyd edilən iradları bir kənara qoysaq, Pantomim Teatrının "Müfəttiş"inin bütün personajlarının xarakterləri və kostyumları Qoqolun komediyasının remarkasında aktyorlara tövsiyə olaraq müfəssəl yazdığı səciyyədədir. Nurlan Rüstəmovun Anton Antonoviçi, Əli Əlizadənin Xlestakovu, Bəhruz Vaqifoğlunun Ammos Fyodoroviçi, Elmin Qiyaslının Artemi Fyodoroviçi (bu obrazın canlandırılması xüsusi parlaqlığı, əvvəldən sonadək sırf Qoqolsayağı olması ilə yadda qaldı), Elxan Şahalıyevin Luka Lukiçi, Solmaz Bədəlovanın Anna Andreyevnası, Səbirə Həsənovanın Mariya Antonovnası, Cavad Nuriyevin Bobçinskisi, Elnur İsmayılovun Dobçinskisi (Elnur İsmayılov pantomimçilərin ikinci nəsil "qvardiya"sının layiqli, istedadlı, bacarıqlı nümayəndələrindəndir və bu aktyorun potensialının daha geniş miqyasda açılması teatralların, həmçinin teatr mütəxəssislərinin gözlədiyi hadisələr sırasındadır), Oqtay Kazımovun Osipi (hərçənd pyesdəki Osip pantomimçilərin Osipinin atası, bəlkə də babası yaşındadı), Rafael Şahbəylinin ifasındakı traktir sahibi və poçt müdiri Qoqolun, belə demək mümkünsə, təlimatlarını, rejissorun (Ceyhun Dadaşov tamaşanın həm də plastik həllinin və rəqslərinin quruluşunu verib) tapşırıqlarını və özlərinin yanaşmalarını məsuliyyətlə səhnələdilər. Rəssam Xəyyam Səmədovun və butafor üzrə rəssam Sənubər Səmədovanın işləri də qənaətbəxşdir. Amma bir daha qeyd edim ki, tamaşanın pantomim janrında qurulmaması səbəbindən "Müfəttiş" xeyli uduzdu (bu yerdə yadıma Xlestakovun tamaşa boyunca bir neçə dəfə təkrar etdiyi "...pullarımın hamısını qumarda uduzmuşam..." cümləsi düşdü). Lətifəsi mətləbimizdən uzaq... Mətləbimiz isə o idi ki, sözlü "Müfəttiş" him-cimli ola biləcək "Müfəttiş"ə uduzdu.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!