"Hamlet"(in) yuxusu - Samirə BEHBUDQIZI

Uilyam Şekspir... "Hamlet" mənzum pyesi... Və ya faciəsi... Yaxud "Danimarka şahzadəsi Hamletdən bəhs edən faciəli əhvalat". Bu müəllif (1564-1616) və onun həcmcə ən böyük əsəri (1599-1601-ci illər arası yazıldığı ehtimal edilir) varolmaları bəyan olunandan  indiyə qədər və yəqin ki, bundan sonra da əsasən teatr rejissorlarının və aktyorlarının lakmus kağızı xassəsi qazanıblar - açıq etiraf edib-etməməsindən asılı olmayaraq hər bir rejissorun əsərinə quruluş verməyə ən çox can atdığı müəlliflərdən biri Şekspirdir. Aktyorların böyük əksəriyyəti isə yəqin ki, yuxuda tez-tez özlərini Hamlet obrazında görürlər. Bunu da hər bir aktyor kəlməbaşı etiraf etməsə də, hansısa məqamda ürəklərində bəslədikləri bu istək özünü büruzə verir. Şekspirin əsərinə öz dünyagörüşünə uyğun daha bir  səhnə həyatı vermək, onun qəhrəmanlarından birini, ələlxüsus, Hamleti canlandırmaq özünütəsdiq aksiyasıdır sanki. Özü də bu özünütəsdiq həmkarların, tənqidçilərin, yaxud tamaşaçıların gözündə deyil, rejissorun və ya aktyorun özünün gözündə daha böyük əhəmiyyət kəsb edir, hətta deyərdim ki, yeganə önəm, vaciblik kimi qavranılır.

Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatrında dahi Şekspirin məşhur "Hamlet"i qoyulub. Teatrın baş rejissoru, Azərbaycan Respublikasının Xalq artisti Aleksandr Yakovleviç Şarovski əsərə, belə demək mümkünsə, ərklə yanaşıb, hər halda tamaşaçı zalından hazır tamaşaya baxanda belə təəssürat yaranır. Bundan əvvəl "Ədəbiyyat qəzeti"nin oxucularının diqqətinə təqdim etdiyim məqalələrimin birində vurğuladığım kimi, tamaşanı təhvil verəndən əvvəl quruluşçu rejissor bir dəfə əsərə quruluş verən şəxs, ikinci dəfə tamaşaçı kimi cəmisi ikicə dəfə baxsa, ilk premyera və sonrakı nümayişlər tamaşaçıda yolverilməz qınaq, tənqid, irad qeydləri doğurmaz. Rus Dram Teatrının "Hamlet" tamaşasının ədəbi materialına, pyesin teatrın səhnəsinə gətirilməsi qərarına ərklə yanaşılması təəssüratı ona görə bərqərar olur ki, Aleksandr Şarovski qoyduğu tamaşanı təhvil verəndən əvvəl onu quruluşçu rejissor və tamaşaçı kimi seyr edir. Və bundan əlavə, hər bir əsərə, hər bir müəllifə aid özünün baxış bucağı, sınaqdan çıxıb formalaşmış zövq meyarları, üslub, tərz ölçüləri var. Bütün bunların nə dərəcədə zəruri keyfiyyət olduğunu vurğulamağa ehtiyac yoxdur. Ona görə tamaşaçı nə məsuliyyət yükü ikiqat olan Şekspir və "Hamlet" ədəbi-teatral anlayışlarına girişməkdən yaradıcı heyətin çaşqınlığını, nə də ifrat, daha doğrusu, gərəksiz, ciddi yanaşmasını hiss edir. Bəli, ola bilər və hətta tamamilə təbii, normaldır ki, tamaşanın hazırlanma prosesində çaşqınlıq da olsun, həddindən artıq, yəni lazımsız ciddi yanaşma da, ifrat həyəcan da, amma tamaşaçı bunları sezməməli, hiss etməməlidir. Rus Dram Teatrının "Hamlet" tamaşasının yaradıcı heyəti ilk növbədə buna nail olub. Şarovskinin və onun bu tamaşa üçün seçdiyi aktyorların "Hamlet" faciəsini təqdimetmə tərzlərində heç bir ağırlıq, Hamletin həmin o məşhur "olum və ya ölüm" dilemmasının çıxılmazlığı yoxdur. Buna görə də tamaşa zaldakı ədəbiyyat və teatr əhlinin marağını sonadək özündə saxlaya bilir - tamaşanın bütün ruhu "deyir" ki, nə vaxtsa belə bir hadisə olub, müstəqim  və məcazi mənalarda faciə yaşanıb, amma insan olduğumuzu unutmasaq, belə hallar baş verməz, gəlin, var gücümüzlə buna nail olaq. 

 

Tamaşanın əvvəlində Danimarka kral sarayının tərtibatı, personajların libasları orta əsrlərin soyuq şimal ölkəsi təəssüratından daha fərqli bir anım doğurur. Hər halda faciəni mütaliə edərkən əksər oxucuların təsəvvüründə canlanan və qara-boz rənglərin (məhz rənglərin, çalarların yox) dominant olduğu saray interyeri, geyimlər bu tamaşanın tərtibatı ilə uyğun gəlməyəcək. Bu təəssüratın, bu anımın məhz nədən ibarət olduğunun şərhi beynində cızılana qədər anlayırsan ki, bu bir yuxudur: quruluşçu rejissorun verdiyi mizanlar, aktyorların bu mizanları hər biri öz bacarıq və istedadına görə icra etməsi, yaşaması, oynaması, canlandırması yuxugörmə effektinə əsaslanıb, sanki tamaşanın yaradıcı heyəti özünün, Şekspirin, Hamletin "Bir şimal ölkəsinin şahzadəsinin başına gələn faciə"adlı yuxusuna tamaşaçılarını dəvət edib. Görülmüş yuxunu danışmaq, nəql etmək effekti də yarana bilərdi, amma yox, məhz hazırda görülən yuxuya baxmaq, onu seyr etmək effekti bərqərar olur. Və bir də Dövlət Akademik Rus Dram Teatrının "Hamlet" tamaşasının zahiri qatları olan dekorasiya və əlbisələr bu pyesin istinadlandığı şahzadə Amletdən (yaxud Amled) bəhs edən, XIII əsrdə danimarkalı salnaməçi Sakson Qrammatik tərəfindən yazıya köçürülən, XVI əsrdə fransız alimi Fransua de Belforenin nəql etdiyi island dastanının, o dastanın da rişə aldığı xristianlığaqədərki əfsanələrin, rəvayətlərin əks-sədasını çatdırır. Bununla belə, biz orijinal mətnin yeni səhnə ömrü yaşamağa başlamasının da şahidi oluruq - dialoqlar, replikalar, monoloqlar klassikaya ehtiram və eyni zamanda hər bir aktyorun öz ifadə tərzinin eşidimliyindədir.

 

Hamlet obrazını canlandıran Teymur Rəhimov, Gertrudaya çevrilmiş Həcər Ağayeva, Ofeliyaya yeni səhnə həyatı verən Mariya Dubovitskaya (Hamleti sevdiyinə görə həmişə Ofeliyanın halına acımışam), Kralın ruhunun kölgəsinə sui-qəsd nəticəsində dünyasını dəyişmiş nüfuz sahibi ata və krala "qızıl" orta xəfifliyində can və ruh bəxş edən Rüstəm Kərimov (Şekspirin sağlığında qoyulan quruluşda müəllif özü bu obrazı canlandırıbmış) Şekspir və Şekspirə qədərki süjetin, əhvalatın, müsibətin və bunların iştirakçılarının çox layiqli, diqqətçəkən, yaddaqalan təcəssümləri kimi özlərini təsdiq etdilər. Şekspirin "Hamlet" faciəsi tarix boyu yazılı və şifahi söz sahibi olan kəslərin beynini ən çox məşğul edən mövzu olub, bu əsər bir ədəbi hadisə kimi, Hamlet bir fiqur, bir şəxsiyyət, bir əlində qılınc, digər əlində insan kəlləsinin skeleti, elə hey düşünüb-daşınan filosof olaraq saysız-hesabsız fərqli mülahizələr doğurub. Dövlət Akademik Rus Dram Teatrının bu tamaşası da yeni səhnə versiyası, təzə teatr quruluşu olmaqdan əlavə, Şekspirin "Hamleti", yaxud bu pyesin istinadlandığı şahzadə Amletdən (Amled) bəhs edən və tarixi bütpərəstlik dövrünə gedib-çıxan qədim əfsanələrin, rəvayətlərin, dastanların (bəzi ehtimallara görə 11 yaşında vəfat etmiş Qamnet adlı oğlunun müsibətinin izləri də bu tragik pyesdə ola bilər) özünəməxsus təsvirli təhkiyəsi, vizual yaşantısı, sırf bu teatrın estetikasının, bu rejissorun zövqünün inikasıdır. Əvvəla, quruluşçu rejissorla aktyorlar, dekorların və əlbisələrin müəllifləri (AR-ın əməkdar mədəniyyət işçiləri - Aleksandr Fyodorov və Olqa Abbasova) bir-birlərini çox gözəl anlayıblar, heç biri ipi öz tərəfinə çəkməyib, ciddi sapınma törətməyib. Pyesdəki bütün personajlar səhnədədir. Sadəcə olaraq yuxarıda obrazlarının, personajlarının öhdəsindən ustalıqla gəlməyi bacaran aktyorların adlarını çəkdim, digərləri ümid edirik ki, tamaşadan-tamaşaya cilalanacaqlar. Ümumilikdə isə, Danimarka şahzadəsinin faciəsinin yeni səhnə həyatı pafosdan uzaqlığı və əhvalatın köklərinə yaxınlığı ilə yadda qalır.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!