"Varlı qadın"ın qayıdışı... - Kənan HACI

Xalq artisti Firəngiz Mütəllimovanın benefis tamaşası haqqında qeydlər

Kənan HACI

"Sən yaxşı qızsan, Gülnar..."

Aslan Qəhrəmanovun "Səni axtarıram" tamaşasındakı Gülnar obrazı ilə milyonların sevgisini qazanmış sevimli aktrisamız, Xalq artisti Firəngiz Mütəllimovanın Azərbaycan Akademik Milli Dram Teatrında benefis tamaşası (Əli Əmirli, "Varlı qadın") məni xəyalən çox-çox uzaqda qalmış uşaqlıq çağlarıma apardı. Yaddaşımdan unudulmaz aktyorumuz Yaşar Nurinin canlandırdığı Elçinin içdən gələn titrək səsi boylandı: "Sən yaxşı qızsan, Gülnar..." Yaddaşın xatirə qatını tərpətdi bu tamaşa. Niyə məhz bu tamaşa? Firəngiz xanım müsahibələrindən birində belə bir ifadə işlətmişdi: "Gülnar mənim alın yazımdır. Mənim əkiz tayımdır Gülnar". Bu fikirlər mənim sualıma müəyyən mənada cavab verir.

 

Akademik Milli Dram Teatrının səhnəsində saysız-hesabsız obrazlar yaratmış, şöhrətin zirvəsinə ucalmış bənzərsiz aktrisamızın səhnə üçün darıxdığı hiss olunurdu. Onu sonuncu dəfə bir neçə il bundan öncə bu teatrın səhnəsində Cəfər Cabbarlının "Almaz" tamaşasında Kərbəlayı Fatmanisə obrazında görmüşdüm. Firəngiz xanım bu obrazın xarakterini, daxili stixiyasını o qədər məharətlə açırdı ki, tamaşaçı səhnədə doğrudan-doğruya əsl Fatmanisəni görürdü. Həmişə lirik-sentimental xarakterli obrazlarda gördüyümüz aktrisa bu rolda tamamilə fərqli ampluada tamaşaçı qarşısına çıxır. Bu haqda yazılarımdan birində geniş fikir bildirdiyim üçün təfərrüata varmıram. İndi isə "Varlı qadın"dan danışmaq istəyirəm.

On üç il bundan öncə Akademik Milli Dram Teatrının səhnəsində böyük uğurla nümayiş olunan "Varlı qadın" tamaşası ekssentrik qara komediyadır; Əli Əmirlinin ailə-məişət janrı partiturasında xüsusi yeri olan tamaşadır. Vaxtilə tənqidçi Əsəd Cahangir bu tamaşa haqqında belə yazmışdı: "Varlı qadın" gözlənilməz uğur qazandı. Kəsilməyən alqışlar, anşlaq dalınca anşlaq... Son on ildə tamaşaçı ilə əlaqələri zəifləyən teatr özünün keçmiş nüfuzunu deyəsən, yavaş-yavaş da olsa, bərpa etməyə çalışırdı. Çünki tamaşaçı səhnədə uydurulmuş situasiyalar əvəzinə öz gündəlik həyatını, vaxtı keçmiş problemlər əvəzinə onu narahat edən məsələləri görür və təsəlli tapırdı". ("Bəhramnamə" yazısından)

Xatırladaq ki, istinad etdiyimiz fikirlər təxminən, on beş il əvvəlki dövrə aiddir və teatrın həmin dövrü nəzərdə tutulur. O dövrdə teatrın yaşaması üçün Mərahim Fərzəlibəyov və Bəhram Osmanov çox böyük xidmətlər göstəriblər və bunu xatırlamaq sənət cameəsində olanların, teatr sahəsində çalışan hər kəsin vicdan borcudur. Keçilmiş yola nəzər salarkən, onların izi şəksiz görünür. Bu gün Akademik Milli Dram Teatrı istər klassik, istərsə də müasir tamaşaları ilə böyük tamaşaçı marağı qazanıb və teatrın bütün tamaşaları demək olar ki, anşlaqla keçir. Klassik əsərlərin forma və üslub baxımından fərqli yozumda təqdimatı yeni tamaşaçı nəslinin formalaşmasına və dövrün, zamanın tələblərinə xidmət edir. Uzun illərdən sonra Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun quruluşunda "Varlı qadın" tamaşası yenidən səhnəyə qayıtdı.

 

 

Deyirlər, tamaşanın müəllifi dramaturqdan daha çox rejissordur. Tamaşanı görümlü edən məhz odur. Bəhram Osmanov tamaşaçı auditoriyası qarşısında məsuliyyətini hiss edən peşəkar rejissordur. "Varlı qadın"ın yeni tərkibdə təqdimatı da rejissorun estetik paradiqması yönündən təhlilə cəlb edilə bilər. Sözsüz, bu, teatrşünasların işidir. Yeri gəlmişkən, acı təəssüf hissiylə vurğulamaq istəyirəm ki, bu gün yeni teatrşünaslar demək olar ki, yox dərəcəsindədir. Adda-budda gözə dəyən diletant yanaşmalar böyük sənət sevgisiylə başa gələn tamaşaların haqqını vermir. Mən teatrşünas deyiləm, sadəcə, yazar və tamaşaçı olaraq öz təəssüratlarımdan çıxış edərək deyə bilərəm ki, "Varlı qadın" tamaşaçının səhnədə görmək istədiyi tamaşalardandır. Bu pyes yarandığı gündən təkcə respublikamızda deyil, ölkədən kənarda da müxtəlif teatr səhnələrində oynanılıb və böyük marağa səbəb olub. Şəksiz, bu, Əli Əmirlinin bir dramaturq olaraq uğurudur. Əsərdə müasir zəmanənin mənəvi-əxlaqi problemləri, dünyagirlik hissinin, maddiyyatın ali dəyərləri üstələməyə çalışması, nəfs adlı əjdahanın xoşbəxt ailələri kökündən laxlatması qrotesk və sarkazmla təqdim olunur. Qara yumor seyrçinin simasında acı təbəssüm formasında təcəssüm edir. Tragikomik situasiyalar tamaşaçını təkcə güldürməyə deyil, həm də dərindən düşünməyə sövq edir, onun təkcə emosiyalarına deyil, şüuruna da təsir edir.

Bibisi tərəfindən ona qalmış miras Həvvada metamorfoza yaradır, xislətindəki nəfs əjdaha kimi baş qaldırır və onda olan bütün yaxşı cəhətləri məhv edir. Bu mənəvi mutasiya tamaşaçının gözü qarşısında baş verir. Firəngiz Mütəllimova Həvvanın başqalaşmasını özünəməxsus oyun tərziylə təqdim edir və bu tədrici başqalaşma təbii şəkildə baş verir. Həvva Zərlinskaya maddi zənginlik naminə halalca əri Sarıdan belə imtina etməyə hazırdır. Yeri gəlmişkən, Sarı obrazı mərhum sənətkarımız Siyavuş Aslandan sonra Xalq artisti Sabir Məmmədovun ifasında yeni ştrixlər qazanır. Aktyorun situasiyaya uyğun hərəkətləri, manevrləri, obrazın daxili aləmini açmaq naminə uğurlu tapıntıları tamaşaçıda məmnunluq hissi doğurur. Sarı obrazı öz faciəviliyi, çarəsizliyi ilə texnogen zamanın, kapitalist dünyasının ögey övladıdır. Sabir Məmmədov zəngin plastikası ilə obrazı sözün əsl mənasında canlandırır. Sarının maddiyyatın hökmranlığı qarşısında məğlubiyyəti insanı sarsıdır, onun düşdüyü tragikomik vəziyyətlə heç cür barışmaq istəmirsən. Bir professorun intihara cəhd etməsi mənəvi deqradasiyanın acı nəticəsidir. Ümumiyyətlə, Sabir Məmmədov daim axtarışda olan aktyordur və oynadığı hər obrazın xarakterini göstərmək üçün uğurlu tapıntıları onun səhnədə uğurunu şərtləndirir. Sarı onun aktyor bioqrafiyasında seçilən bir obrazdır və tamaşaçıların yaddaşına əbədi həkk olunacaq.

 

 

Tamaşada, həmçinin aktyor Elçin Nurəliyev (Qara), əməkdar artistlər Elşən Cəbrayılov (Vəkil), Rövşən Kərimduxt (Əlvan), aktyorlar - Natiq Fərzəliyev (Pəhləvan), Ramin Şıxəliyev (Dilənçi), Rada Nəsibova (Şadxəbər), Məhsəti Tahirzadə (Bədxəbər), Firuzə Balayeva (Fotoqraf), Afət Məmmədova (VAAQ müdiri), Muhuma Sahov və Tural İbrahimov (Cangüdənlər) çıxış edir. Tamaşanın səhnə tərtibatçısı Qabil Gözəlov, geyim üzrə rəssamı Aygün Mahmudova, musiqi tərtibatçısı Orxan Murtuzov, rejissor assistenti Xanımbacı Həsənovadır.

Elşən Cəbrayılovun Vəkili də yaddaqalan obrazlardandır. Elşən səhnəyə hərarət, emosiya gətirən aktyorlardandır və yeri gəlmişkən, "Müfəttiş"dəki Xlestakovu bənzərsizdir. İstedadlı aktyorlardan olan Ramin Şıxəliyev səhnəyə zaldan daxil olur və bu ekstravaqand hərəkət hər kəsi çaşdırır. Zalda şikəst bir Dilənçi peyda olur və əlini açıb hamıdan müti, yazıq görkəmdə çörəkpulu istəyir. Aktyor səhnəyə qalxan pillələrə yaxınlaşana qədər hər kəs onu həqiqi dilənçi zənn edir və təəccüblə düşünürlər ki, axı bu sərsərini zala kim buraxıb? Hə, Ramin bunu bacardı və rejissorun fəndi uğurla nəticələndi. Ramin Şıxəliyev zəngin potensialı olan aktyordur və onun gələcəkdə çox böyük uğurlara imza atacağına sidq-ürəkdən inanıram.

 

Bir sözlə, Xalq artisti Firəngiz Mütəllimovanın benefis tamaşası anşlaqla keçdi və bitmək bilməyən alqışlar da göstərdi ki, tamaşaçı onun üçün darıxıb. Özü də çıxışında teatr üçün darıxdığını, bu tamaşa ilə teatr rəhbərliyinin onu depressiyadan çıxardığını etiraf etdi. Professor Məryəm Əlizadə də çıxışında aktrisanın sənət yoluna nəzər saldı və Akademik Milli Dram Teatrının səhnəsində, televiziyada, kinoda zəngin obrazlar qalereyası yaratdığını vurğuladı.

Premyerada, həmçinin Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, Əməkdar incəsənət xadimi Əli Əmirli, Teatr Xadimləri İttifaqının sədr müavini Azad Şükürov Firəngiz Mütəllimovanın səhnə fəaliyyəti haqqında çıxış edib, onu sənətkar və insan kimi yüksək dəyərləndirdilər. Firəngiz Mütəllimovaya Akademik Milli Dram Teatrının "Yubiley" mükafatı və Teatr Xadimləri İttifaqının "Teatr xadimi" qızıl medalı təqdim olundu.

Əlbəttə, sənətkar yalnız səhnədə olanda xoşbəxt olur. O gün Firəngiz xanım xoşbəxt idi, güllərin, çiçəklərin içindən onun məşhur, yalnız ona məxsus olan təbəssümü işıq saçırdı. Firəngiz Mütəllimova xoşbəxt taleli sənətkardır. O, adını Azərbaycan teatr tarixinə qızıl hərflərlə yazıb - ömrüylə, sənətiylə, fədakarlığı ilə...

"Sən yaxşı qızsan, Gülnar..." Bu sözlər onun sənət taleyindən ana xətt kimi keçir. Onu bizə sevdirən Gülnarı necə unuda bilərik?!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!