Yəhudilər, Amerika xəyalı və beton cəngəllik - Ömər XƏYYAM

"Brutalist" filmi haqqında

Bredi Korbetin "Brutalist" adlı epik filmi, bildiyimiz kimi, bir neçə beynəlxalq mükafatın qalibi oldu. 

Filmin ssenarisini Korbetlə həyat yoldaşı Mona Fastvold birgə yazıb; musiqisini Daniel Blumberq bəstələyib, operatoru isə Lol Kroulidir.

"Brutalist" filminin qəhrəmanı holokostdan xilas olmuş macar əsilli yəhudi memar Laslo Totdur.  

Film irqçliyin, makkartizmin əleyhinə çıxış edir, kapitalizm-sənət, müharibə-sənət , müharibə-ailə münasibətlərinə işıq tutur, eyni zamanda ümumiləşdirsək, "Amerika xəyalı" psixozuna, yəni Amerikada rahat uğur qazanmaq, əziyyətsiz sosial-ictimai, siyasi-iqtisadi müstəvidə yüksəliş... və sözün hər mənasında, azadlığa yetişmək xülyasına ciddi ironiya edir, hətta deyərdim, bu film digər tərəfləri ilə birlikdə anti-amerikan, anti-amerika xarakterlidir.

Yenə Adrian Brodi, yenə yəhudi qətliamı, yenə qaçış... Bu dəfə Şpilmandan fərqli olaraq, məşhur aktyor polşa yəhudisini yox, macar yəhudisini canlandırır, fon-dekor da başqa cür qurulub, üstəlik, hekayəyə brutalizm, brutalizmin  mərmər soyuğu, beton sərtliyi əlavə edilib; musiqi, quruluş, rəng, aktyorlar...  - belə görünür, hər şey yaxşıdır, di gəl, nəsə çatmır... nəsə artıqdır...

Brutalizm mənim ən sevdiyim memarlıq üslubudur, ancaq onu da biləsiniz ki, bu memarlıq üslubunu sərtliyinə, soyuqluğuna və bir növ, xamlığına-saflığına görə bəyənməyənlər də var. 

Məsələn, Tramp 2025-in yanvarında sərəncam verdi ki, idarəedici və icraedici rəsmi strukturlardan hansının ki, binası brutalizm üslubundadır, haman binaları sökün, əvəzində daha müasir, estetik, səliqəli binalar tikin.  

Bəstəkar Daniel Blomberqin - Oskar mükafatı halal xoşu olsun, -  uvertürası məni heç vaxt görmədiyim Daxau həbs düşərgəsinin içindən keçirdi. 

Siren səsi, qadın çığırtısı, kişi ağlayışı...  

Bir növ, bu uvertüra-müqəddimə, brutalistin özünü lallığa vurmuş baldızı qızının məsumiyyətini, həyat yoldaşı Erzsebetin məktubunun beton sərtliyini, mərmər soyuqluğunu -  elə həm də daş istiliyini, üstəlik, canını götürüb gəmiylə Amerikaya qaçan lasloların ümumi faciəsini müşayiət -ifadə edir.

Laslo Tot brutalist rəssamdır, Bauhaus məzunudur və holokostdan canını qurtarmaqdan ötrü yük gəmisiylə Amerikaya - azadlığın ağuşuna qaçır.

Proloqdakı musiqi-üvertura gəmidə bir qadının səsini müşayiət edir. Erzsebetin -  Laslonun həyat yoldaşının oxuduğu məktubu. 

Beləcə, memar öyrənir ki, əslində, onun həyat yoldaşı da, baldızının qızı da sağdır. 

Erzsebetin Göteyə göndərməsi də məqsədlidir: "Özlərini azad hesab edənlər, əslində, kölə olduqlarının fərqində deyil, bundan pis nə ola bilər? Bu həqiqətdir: biz hələ azad deyilik... "

Nəhayət, Laslo Tot gəmidən çıxır... Nyu-York limanı... O, artıq Amerikadadır...

Ancaq hansı Amerika?

Başını qaldırır  və budur, ilk nişan, ilk işarə və rejissorun danışmaq istədiyi hekayənin ilk abzası: Operator Azadlıq heykəlini Laslonun gözüylə - altdan yuxarı çəkir... Yəni başıaşağı, mayallaq. 

Bir növ, "Amerika xəyalı" psixozu birinci hissənin birinci sekansındaca Hudson çayına düşür. 

Paradoks odur ki, həmin vaxtı radioda "Biz İsrailə - evimizə dönəcəyik və öz taleyimizi özümüz yazacağıq" populist şüarları səslənir.

Əslində, Amerikada Laslonu qarşılayan qohumu Atilla ilə səmimiyyəti, davranışları mənə çatmadı. Onları müşahidə etdikcə deyirdim ki, indicə öpüşəcəklər... Ola bilər ki, həyat yoldaşı da ərini memara qısqanmışdı... yaxud onu yəhudi olduğu üçün evdən qovmuşdu.

Yox, bunu özümdən demirəm. Məsələn, yadımdadır, Laslo Amerikaya gəldiyi gün fahişəxanaya getmişdi, fəqət, mənə elə gəldi ki, onda erektil disfunksiya var. Ola bilər, holokostun, qorxunun təsiriylə... Ola bilər, əvvəldən beləymiş... Hər halda sonrakı hadisələr mənim yanılmadığımı göstərir. 

Qeyd edim ki, Laslo Tot Bauhaus məzunudur. 

Biləsiniz, Bauhaus 1919-da Almaniyada təsis edilmiş, dövrünün ən məşhur memarlıq məktəblərindən biridir. 

Bauhausda heykəltəraşlıqdan tutmuş, oyma işinəcən tədris edilirdi və məktəbin əsas fəlsəfəsi, prinsipi tikililərin funksionallığı idi; təkcə funksionalizm, modernizm yox, həm də minimalizm.

Ən əsası, ilkin brutalistlərin çoxu məhz Bauhaus məzunları idi. 

Haşiyəyə çıxmışkən, brutalizm haqqında da bir-iki kəlmə...

Bu memarlıq üslubunun adı fransız dilindəki "brut" (təbii, xam, saf deməkdir) sözündən götürülüb. 

Bir növ, betonun xam halı.

Brutalizm ağır, kobud, qeyri-estetiklik kimi təqdim edilir, fəqət bu, cərəyanın vizual tərəfidir.

Mahiyyətcə estetikadan daha çox, funksionallığa meyilli olan brutalizm,  praktiklikdən əlavə, möhkəmliyi, dözümlülüyü ehtiva edir, ancaq həm də insanın dünyaya gəlişinin müəmması, gözəlliyin sərtliyi və sonu - beton, mərmər qaranlığı simvolizə edir. 

Memarlıq üslubları arasında formaca və mənaca insana bənzəyən, insanı andıran, insanı özünə xatırladan yeganə üslubdur, mənə görə. 

Xas, saf, çılpaq...

Görünür, Laslo Totun da brutalizmi seçməyi təsadüfi deyildi.

Bilirik ki, yəhudilər uzun illər boyu müxtəlif imperiyalar tərəfindən təqib edilib, bəzən zorla yerləri dəyişdirilib, sürgünə göndərilib, dini inanclarına görə təzyiqlərə məruz qalıb. 

Bu antisemitik proses, xüsusilə, holokost dövründə, yəni, İkinci Dünya müharibəsi zamanı alman nasistlərinin altı milyon yəhudini öldürməsi ilə ən yüksək səviyyəyə çatıb.

Mən belə başa düşdüm ki, Bredi Korbet brutalizmi seçməklə anti-semitik, anti-yəhudilik ideyasını ümumiləşdirib; brutalist isə ümumiləşdirilmiş xarakterdir.

Sonda antisemitik qüvvələr həqiqətin - yəni yəhudiliyin, yaxud yəhudilərin təmizliyində, saflığında əriyib yoxa çıxacaq, məhv olacaqlar... - amerikalı iş adamı, antoqonistimiz Harrison kimi.     

Birinci hissəylə ikinci hissə arasındakı anrtakt da təqdirəlayiqdir.

Sonuncu dəfə Tarantinonun "Nifrət edilən səkkizlik" filmində rastlaşmışdım bu cür fasilə ilə. 

İkinci hissədə, nəhayət, Laslo Tot həyat yoldaşıyla görüşür. 

Holokostdan xilas olmuş xəstə, əlil arabasındakı qadın və onun dilsiz bacısı qızı. 

Bəli, Laslonun həyat yoldaşı səsdən insana bir saat qırx iki dəqiqədən sonra keçir. 

Axır ki, filmin ikinci hissəsində onu gördüm, di gəl, Laslonun da mənim kimi əl-ayağı dolaşır: Erzsebet əlil arabasındadır... Düşərgədə sümük əriməsi başlayıbmış (osteoporoz)... Aclıqdan... Bacısı qızı olmasa imiş, çoxdan öləcəkmiş... Ancaq üzülməyə dəyməz, əgər yaxşı həkim tapsalar, stressdən, fiziki əziyyətdən uzaq dursa, sağalacaqmış. 

Beləcə, sevgililər murada yetişir, Amerikada görüşür, fəqət elə o gecə  Harrison Laslo Totu arvadının yanında təhqir edir, aşağılayır. 

Mənə elə gəldi ki, o Lasloyla Erzsebetin bunca qarğaşanın, qaç-qovun içərisində zərrə tükənməyən, öləziməyən sevgisini qısqanır. 

Harrison onları qısqanır; daha doğrusu, pulu-parası, malı-mülkü olduğu halda xoşbəxt deyil. Sadəliyin təntənəsi onu ağrıdır. O heç kimi ki sevmir, heç kimə ki güvənmir - bir növ, yəhudi mühacirlərə paxıllıq edir. 

Ancaq cütlüyü çılpaqlığın işığında biz görürük, Harrison yox. 

İllər sonra qovuşublar, bəs məktublardakı o istilik hanı? Laslo Tot Erszebetə heç toxunmur da... Düzdür, demək olar, qadın ona təcavüz edir, di gəl, Laslo qımıldamır. Heç nə hiss etmir.

Açığı, mənə elə gəlir, Laslonu soyudan Erszebetin xəstəliyi oldu. Əlil arabası... epilepsiya, sümük əriməsi... - yəqin ki, bütün bunlar ona psixoloji təsir edib...

Filmin quruluşunu, vizual həllini çox bəyəndim. 

Məsələn, Harrison anasının xatirəsinə Xalq Mərkəzi inşa etdirməyə qərar verir.  

Özü öndə, insanlar da arxasınca - o, Mərkəzin tikiləcəyi yeri qonaqlara göstərmək üçün malikanənin arxasındakı təpəyə çıxır... 

Məhz həmin kadrı görüncə təkamül prosesini xatırladım.

Mən o səhnəni belə oxudum: Müxtəlif insan siluetləri... balacadan böyüyə... Amma bu dəfə daşdan mədəniyyətə yox, beton cəngəllikdən beton hücrəyə...

Sonra... Qatardakı partlayış səhnəsi!

Təkcə estetik vizuallığı nəzərdə tutmuram. Partlayış vaxtı Laslo sinaqoqda - hansısa ayini yerinə yetirir, qaydalara uyğun sağ əlini ritmlə sinəsinə vurur: tak-tak-tak... Bu tərəfdə qatar gedir: tak-tak-tak... Bir-birini müşayiət edən səslər və faciə... 

Beləcə, üç-dörd il keçir... 

Laslo Tot bir inşaat şirkətində işləyir. 

Belə sakit günlərin birində Harrison onu təzədən çağırır. Xahiş edir ki, yarımçıq qalmış işini davam etdirsin. 

Laslo, əlbəttə, razılaşır.

Elə həmin öyrənirik ki, Erszebetin bacısı qızı danışmağa başlayıb, artıq sevir. Oğlan yəhudidir, üstəlik, evə - İsrailə qayıdırlar. 

Bu iki akt - həm Laslonun arzuladığı yerə, Xalq Mərkəzinə - işə qayıdışı, həm də Zofiyanın dil açmağı, evə  - İsrailə dönüşü simvolik-metaforik məqsədin bədii həlli üçün açardır.

Amerikada - əlbəttə, "Amerika" burada dünya kimi oxunur - Xalq Mərkəzinin - brutalist abidənin, yəni ümumiləşdirilmiş yəhudi həqiqətinin inşası başlayanda, Zofiya da danışmağa başlayır, dili açılır, üstəlik, sevgilisiylə birgə vətənə - İsrailə qayıdır. Bir növ, dairə qapanır. 

Həqiqət bərqərar olur. 

Laslo Totla Harrisonun İtaliya səfəri - onlar Karrara dağlarına Xalq Mərkəzindəki kapella üçün nəzərdə tutulmuş xüsusi kvadratik mərməri sifariş vermək üçün gedirlər - estetik-vizual müstəvidə zövqümü oxşasa da, - Karrara dağları... deyərsən, brutalism abidəsidir, hansısa memar tikib... - hekayənin özüylə heç bir əlaqəsi yoxdur. 

O hissəni filmdən çıxarsaq, heç nə dəyişməyəcək.  

Öyrəndim, həmin hissə, doğrudan, Karrarada çəkilib. Dekor-model, yaxud qrafika deyil. 

Əvvəl elə bildim, Laslo Tot uydurulmuş obraz deyil, "Brutalist" hansısa memarın həyat və yaradıcılığı haqqındadır. Doğrudan, sənədli-bioqrafik ab-havası var filmin. 

Xeyli araşdırdım, öyrəndim ki, Laslo Tot adlı bir geoloq var, özü də, macar əsillidir, ancaq o Laslonun bu Lasloyla heç bir əlaqəsi yoxdur.

"Əlaqəsi yoxdur" deyəndə ki... adların eyniliyini, adamların hekayəsini başqa cür də mənalandırmaq olar, nə bilim, bu oxşarlığa təsadüf də demək olar, fəqət elə düşünürəm ki, Bredi qəsdən memarın adını LASLO, soyadını TOT qoyub. 

Laslo Tot - bu macar əsilli geoloq vandal kimi xatırlanır.

1972-də Mikelancelonun məşhur "Pyeta" əsərinə hücum edir, baltayla heykəlin burnunu, qolunu sındırır və həbs edilir. 

Bəs yaxşı, Mikelancelo bu əsəri nədən hazırlamışdı?

Əlbəttə, Karrara dağlarının mərmərindən. 

Bizim brutalistimizlə iş adamımızın getdiyi haman dağ...

Hə, Tot həbs olunur, fəqət məhkəmədə deyir ki, İsa əbədi-əzəlidir, onun anası ola bilməz, mən sizin əməlinizə qiyamət günü şahidlik edəcəm və siz cəzalanacaqsınız. 

Yəni, Laslo Tot yəhudilər kimi düşünür... Onun İsa haqqında düşüncələri, təxminən, yəhudilərin düşüncəsiylə üst-üstə düşür. 

Məndən ötrü "Brutalist" filmindəki protoqonistin adı məhz bu səbəbdən Laslo Totdur. Rejissor "Pyeta"ya hücum edən geoloqu illər sonra brutalist kimi - yəhudiliyin Mikelancelosu kimi "doğur". O bu dəfə Karrara dağlarından gətirilmiş mərmərə - Amerikada katolik xaçı formasında işıq tutur. 

Məni valeh edən həm də, təxminən, 60 ildir istifadə edilməyən, 1950-ci illərdə Paramount Pictures tərəfindən yaradılmış və Hollivudun ən məşhur kino texnologiyalarından biri - Vistavision kamerasının vizual həllə qatdığı texniki genişlik, dərinlik, canlılıq oldu.

Vistavisionun üstünlüyü odur ki, belə deyək, 35 mm lentlə eninə çəkir. Bu da görüntünün canlılığına, planın genişliyinə, dərinliyinə xidmət edir. Yəni hər şeyi real ölçüsünə, real materialına, hərarətinə daha yaxın variantda təqdim edir. 

Belə... Hər şey yaxşı kimi, mərmər kimi görünür, di gəl, həmin gecə amerikan iş adamı Harrison yəhudi əsilli brutalist memar Laslo Totu Karrarada - elə o mədəndəcə zorlayır...

Özü də, aşağılaya-aşağılaya. Yəni sən heç kimsən. Özünü dəyərli hesab etmə, ancaq mənim kölgəmdə varsan... Rejissorun mesajı amerikalıların yəhudiləri, katoliklərin yəhudiliyi zorlaması kimi oxunur, fəqət tamamilə yersiz, artıq səhnə idi. 

Düzdür, müəllif bu aktın olacağına dair zaman-zaman nişan vermişdi, ancaq bu səhnə olmasa idi də, Harrisonun xarakteri, kimliyi, yəhudilərə, - elə digər azsaylı xalqlara da münasibəti aydın idi. 

Tamamilə lazımsız səhnə idi.

Ümumiyyətlə, filmdəki erotik səhnələr hekayənin özünə heç nə qatmır, əksinə, yamaq kimi görünür.

Elə Erszebeti epilepsiya tutan gecə... Laslo məcbur qalıb ona heroin vurur, sonra da özünə... Ayılınca da sevişirlər... Düzü, sevişməyi imitasiya edirlər... Sevişmək kimi bir şey... 

Görünür, o ağrılı gecə brutalist Laslo Tot həyat yoldaşına etiraf edib ki,  Harrison onu zorlayıb...

O günün səhərisi, yəni, epiloqdan əvvəl Erszebet Harrisongilin imarətinə gəlir, oğlunun, qızının, masadakı digər iş adamlarının yanında: - O mənim ərimi zorlayıb... - deyibən Harrisonu göstərir.

Harrison əvvəl etiraz edir, ancaq sonra tərləyir, qızarır; utancdan özünə yer tapa bilməyən oğlu Erszebeti qapının ağzınacan sürüyür... Doğrudan, sürüyür...

Bu səhnə hardasa, rejissorun növbəti amerikalı-yəhudi münasibətinə işarəsi kimi də başa düşülə bilər, fəqət məncə, əsas məsələ oğlanın qorxusudur. 

Axı o da təcavüzçüdür... Yəqin, öz zibilinin üstü açılmasın deyə özündən çıxır, Erszebeti evdən qovur... 

Ya da daha brutalist: bəlkə, atası onun özünü də zorlayıb?..

Başlayır dava-dalaş, səs-küy... qonaqlar gedir, Harissonun qızı Erszebetə kömək edir, onu yerdən qaldırır, oğul isə qəfil hiss edir ki, atası yoxdur....

"Ata", "ata"... - çağıra-çağıra evin hər tərəfini axtarır... Ata yoxdur. Yoxa çıxıb. Deyərsən, heç bu evdə bu nişanda bir adam olmayıb. 

O buna deyir, bu ona deyir... Hamı başlayır Harrisonu axtarmağa. Xalq Mərkəzini qarış-qarış gəzirlər... Yoxdur...

Filmin ikinci hissəsi, belə bitir. 

Düzdür, sonda axtarış qrupundan kimsə deyir ki, deyəsən, tapılıb, fəqət biz bir də heç vaxt Harrisonu görməyəcəyik.

O, öz anasının xatirəsinə tikdirdiyi Xalq Mərkəzinin içindəcə yoxalır...

Sən deyərsən ki, öz günahlarının altında qalır, mən deyərəm, bu, rejissorun Amerikanın sonu haqqında proqnoz-arzusudur...

Epiloq tamamilə rəzillikdir. Ümumiyyətlə, Karrara dağlarından sonra filmin keyfiyyəti sürətlə aşağı düşür... 

Təcavüz səhnələri, tiplərin - xarakterlərin dərinləşə bilməməsi, bəsit sonluq və tamamilə kommersiya filmlərinə xas ucuz epiloq. 

Musiqini, coğrafiyanı və memarlığı obrazlaşdıran, "Amerika xəyalı" psixozuna yüksək səviyyədə ironiya edən epik işin epiloqu gərək belə olmayaydı.  

Ümumiyyətlə, filmin son iyirmi dəqiqəsinə iyirmi il sığışdırılıb.

Üç saata  on il, iyirmi dəqiqəyə iyirmi il... 

Birdəncə 80-ci ilə adlayırıq: əlil arabasındakı Laslo Tot, nəhayət, məşhurlaşıb, dəyərini alıb.

Zofiyanın qızının sərginin açılışında dediyi "əsas yol yox, mənzildir" cümləsi də, əslində, yəhudilərin, yəhudiliyin ümumiləşdirilmiş şüarıdır; buna Füruğ Fərruxzadın "Quş ölür, sən uçuşu xatırla..." misrasının siyasiləşmiş antonimi də demək olar. 

Ümumiyyətlə, İsrailin sudan duru, süddən ağ olduğunu vurğulamaq, özü də, ilin-günün bu vaxtında... fələstinlilərin holokostu vaxtı... nəyə, kimə lazımdır axı?

Məsələn, Laslo Totun yeganə qaradərili dostu Qordon və onun oğlu... Əlbəttə, bu, apaydın "Laslo irqçi deyil", yəni, "yəhudilər irqçi deyil" mesajıdır. Fəqət Qordonun da xarakterini açmaq, işləmək, heç olmasa, ötəri də olsa, faciəsinə toxunmaq olardı. 

Hər halda, bu filmi şiddətlə tövsiyə etmirəm, fəqət, qeyd etdiyim məqamlardan ötrü nə vaxtsa 215 dəqiqə ayırmaq olar.

Əgər xəyali on ballıq şkala ilə qiymətləndirməli olsam, "Brutalist"ə bir yağlı dörd verərəm.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!