İftixar Piriyevin "Qeyri-səlis məntiq" konsepsiyasının teatra və konkret tamaşaya tətbiqi - Sabir MƏMMƏDOV

Yaradıcılıq təcrübəm əsas verir deyim ki, çağdaş dövr səhnə sənətinin yeni modulda təzahürü sənətin yeni mərhələyə çıxmasını təmin edən amildir. O baxımdan İftixar Piriyevin təqdim etdiyi "Qeyri-səlis məntiq" konsepsiyası klassik teatr modelindən əhəmiyyətli dərəcədə fərqlənir. Bu yanaşma müasir düşüncənin sənətə baxış istiqamətlərini tamamilə yeni müstəvidə bərqərar edir. Bu sistem aktyor üçün geniş yaradıcılıq imkanları açır, eyni zamanda ondan intellektual çeviklik, yüksək emosional intizam, bədən plastikasına hakimlik, səslə zərgər dəqiqliyi ölçüləri ilə işləmək bacarığı, eləcə də diksiyaya, tələffüz formalarına nəzarət kimi çoxşaxəli prinsiplərlə işləmək üsullarını öyrədir.

Bu metodologiya çərçivəsində aktyorun hər bir səhnədə, hər bir epizodun ərsəyə gətirilməsində gözlənilməz situasiyalara hazır olmasına əsaslar verir. Hal-hazırda Xalq yazıçısı Elçinin "Stalin" pyesi üzərində iş aparılır və bu tamaşada rejissor İftixar Piriyev özünəməxsus rejissorluq yanaşması ilə "Qeyri səlis məntiq" prinsipini tətbiq edir. Bu yanaşma, aktyorları ənənəvi teatr üsullarından kənara çıxarır, daha dərindən və yeni yaradıcılıq prinsipi ilə qeyri-adi şəkildə obraz yaratmağa təşviq edir. Beləliklə, illər boyu istifadə etdiyimiz konvensional teatr metodları bu tamaşada kifayət qədər effektiv olmur və yeni ifa formalarına ehtiyac yaranır. "Qeyri-səlis məntiq" sistemini tətbiq edən rejissor, ilk növbədə, əsərin "Stalin" təfsirini "Stalin - İzm" moduluna çevirir. Bu çevirmə tamaşanın ədəbi materialdan səhnə təfsirinə keçidinə geniş arena yaradır. Beləcə, iş prinsipinin özü, rejissor təxəyyülünün yeni modeli ilə yeni konsepsiyanın yaranmasına imkanlar açır. Aktyor kimi mən rejissorun verdiyi tapşırıqları fərdi ifadə vasitələrim - bədən dili, mimika, jestlər, səs tonu və pauzalar vasitəsilə reallaşdırıram. Bu texnikaların tətbiqi, daxili emosiyaların və obrazın niyyətlərinin tamaşaçıya qeyri-adi formada ötürülməsində mühüm rol oynayır.

 

Xüsusilə də, "Qeyri-səlis məntiq" yanaşması bu ifadə vasitələrinin daha dərindən işlənilməsinə və təhlilinə imkan yaradır. Burada əsas məqsəd əvvəlcədən proqnozlaşdırılan dramaturji ardıcıllıqdan çıxaraq, tamaşa zamanı yaranan canlı enerjiyə, məqamın ruhuna və aktyorun daxili transformasiyasına əsaslanmaqdır. Bu da, yeni rejissor təşviqində özünü mükəmməl şəkildə tapır. "Qeyri-səlis məntiq"in teatr sahəsində tətbiqi, müəyyən mənada Aristotelin klassik "başlanğıc-nöqtə - kulminasiya-nəticə" modelini şüurlu şəkildə dağıtmaq deməkdir. Bu metodda tamaşa struktur baxımından tam xətli olmaya, məntiq ardıcıllığından yayınmağa meyillidir. Lakin bu, məhz ona görə edilir ki, həyatın özü kimi səhnədə də hər şey qeyri-müəyyən və sürprizlərlə dolu olsun. Tamaşaçının gözlədiyi deyil, hiss etdiyi, hətta hiss etdiyinin üst qatında olan təzahürlər ilə qarşılaşması hədəflənir. Bu da teatrı rəsmi bir təqdimat platformasından çıxarıb, fəal emosional və intellektual iştirak məkanına çevirir. Bu yanaşmanın uğurlu həyata keçirilməsi üçün aktyorun öz daxili psixoloji arxivinə enməsi, yaddaşından və emosional təcrübələrindən qidalanması əsas şərtlərdəndir.

Emosiyalar sadəcə təqdim olunmur, onlar canlı şəkildə yaşanılır və doğrudan-doğruya tamaşaçıya ötürülür. Bu zaman aktyor və tamaşaçı arasında süni sərhədlər aradan qalxır, qarşılıqlı rezonans yaranır. İftixar Piriyevin tətbiq etdiyi bu model yalnız aktyorluq texnikasını, digər yardımçı predmetləri deyil, həm də rejissorluq yanaşmasını dəyişdirir. Rejissor artıq aktyora hazır forma deyil, istiqamət verir. Obyekt və nəticə yox, prosesin özü ön plana çıxır. Bu baxımdan, rejissor-aktyor münasibəti daha çox dialoq əsaslı və demokratik olur. Hər bir aktyorun daxili potensialı və fərdi yaradıcılığı stimullaşdırılır, bu da səhnədə unikal və təkrarolunmaz məqamların yaranmasına səbəb olur. Başqa sözlə, yeni teatr sisteminin metodologiyası özünü göstərir. Bu yanaşmanın teatr estetikasına gətirdiyi yeniliklər təkcə formaya deyil, məzmuna da təsir göstərir. Obrazların çoxqatlılığı, ifadənin çoxmənalılığı və səhnə hadisələrinin xüsusi kodlarla şifrələnməsi tamaşaçını passiv izləyicidən fəal düşünən və dərk edən subyektə çevirir. Bu baxımdan "Qeyri-səlis məntiq" təkcə texniki bir konsepsiya deyil, eyni zamanda fəlsəfi bir baxış bucağıdır - insanın reallıqla qarşılıqlı əlaqəsini və onu qavrama mexanizmini tətbiq edir.

Nəticə etibarilə, İftixar Piriyevin "Qeyri-səlis məntiq" konsepsiyasının teatrda tətbiqi həm aktyorun, həm də tamaşaçının təcrübəsini dərindən dəyişdirən, müasir teatrın estetik və semiotik sərhədlərini genişləndirən orijinal və dəyərli bir yanaşmadır. Bu metod teatrın əsas mahiyyətinə - canlı dialoq, bədii araşdırma və kollektiv təfəkkür təcrübəsinə qayıdışı təmsil edir. Yaradıcılıq prosesimizdəki qeyri-adekvat prinsipin yeni təcrübə mexanizmi, Xalq yazıçısı Elçinin "Stalin" əsərinin "Stalin - İzm" konseptuallığında özünə müasir və intellektual, eyni zamanda mütərəqqi xarakterdə məna formalaşdıracağına inamla çalışmaq ehtirası yaradır. Stalin obrazının ətrafında "Stalin - İzm" ideologiyasının konseptual fikir fəlsəfəsini açan rejissorun təfəkkür və təxəyyül aləmi işıqlı rəngarənglidə, məqsədin qeyri-adi təzahürlərlə açılmasını təmin edir. Bütün bu proses sistemli şəkildə görünür və bizə aydınlanır. Cərəyan edən hər hansı bir hadisə fonunda Stalinin daxili aləmində, yaddaş bazasında oyanan, bir-biri ilə ziddiyyət təşkil edən xatırlamaların canlı təzahürünü səhnəyə gətirmək, baş verən həmin hadisə məqamında, həmin hadisəyə adekvat olmayan o cürbəcür xatırlamaları rejissor tələbi ilə müəllif mətninə uzlaşdırmalar səhnədə geniş əhatəli, çoxməzmunlu fikirlərin cəmini bir araya toplayır. Bu da, aktyor yaradıcılığının yeni sistem uyğarlığında ənənəvi olmayan imkanlarla çalışmasına meydan açır. Mən də, digər bütün aktyorlar da bu prosesdə özümüzü çox sərbəst hiss edir və çalışmalarımızı böyük həzzlə həyata keçiririk. Məşqlərin belə gedişatda aparılması nəticəsində həzz aldığımız bu yeni yaradıcılıq prosesində hər gün aktyorun zehninin yeni-yeni təsirlərlə açıldığını və pardaqlandığını hiss edirik. Beləliklə, nəhəng bir tamaşanın ərsəyə gələcəyinə böyük inamla çalışırıq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!