Bu günlərdə Azərbaycan tamaşaçısı maraqlı, həm də çoxlarına bəlli olan bir səhnə əsərinə yenidən baxmaq imkanı əldə edib: "Müfəttiş"in gəlişi ilə. Söhbət böyük rus ədibi, dramaturqu N.V.Qoqolun dünyaca məşhur "Müfəttiş" komediyası əsasında tanınmış rejissor Mikayıl Mikayılovun Akademik Milli Dram Teatrında quruluş verdiyi eyniadlı tamaşadan gedir.
Xatırladaq ki, hətta öz zamanında bir sıra Avropa ölkələrinin möhtəşəm teatrlarında səhnəyə qoyulmuş bu komediyanın mövzusunu müəllifə rus poeziyasının günəşi A.S.Puşkin vaxtilə nəql etmiş və sonralar həmin əsəri yüksək dəyərləndirmişdi. Komediyanı dilimizə Sabit Rəhman tərcümə edib. Qeyd edək ki, həmin əsərin Nəriman Nərimanov tərəfindən dilimizə çevrilmiş versiyasının da mövcudluğu ilə bağlı ehtimallar var.
Bu əsər Azərbaycan səhnəsində müxtəlif illərdə tamaşaya qoyulub. Müqtədir sənətkarımız, ustad-rejissor Mehdi Məmmədovun Akademik Milli Dram Teatrında quruluş verdiyi, 1952-ci ildə oynanılan tamaşa N.V.Qoqolun vəfatının 100 illiyi münasibətilə səhnələşdirilmiş və sənət dostları bu əsəri Azərbaycan teatr tarixində mühüm hadisə kimi qiymətləndirmişdilər.
Milli Teatrda bir qədər əvvəl "Xanuma", "Şah və şair", "İlahi oyun" tamaşalarına quruluş verən rejissor M.Mikayılovun bu yeni yaradıcılıq işini sənətsevərlər maraqla qarşılayıblar. Beynəlxalq miqyasda tanınan görkəmli teatr mütəxəssislərindən ustad dərsləri almış istedadlı rejissor təkcə Azərbaycanda deyil, Rusiya, Qazaxıstan, Rumıniyanın teatrlarında tamaşalar hazırlayıb. Onun quruluş verdiyi səhnə əsərləri Gürcüstan, Yunanıstan, Ukrayna, İran və Türkiyədə keçirilən beynəlxalq festivallarda uğurla nümayiş etdirilib.
Mikayıl müəllim deyir ki, bir neçə il öncə bu komediya Milli Teatrda onun rejissor yozumunda səhnələşdirilmiş və mərhum sənətkarımız, Xalq artisti Rafael Dadaşovun 70 illik yubileyinə həsr edilmişdi. İndi isə estafet böyük səhnə ustası, Xalq artisti, əsərdə şəhər bələdiyyəsinin obrazını ustalıqla yaratmış Cəfər Namiq Kamala verilib. Görkəmli aktyorun 75 illik yubileyinə həsr olunan, fərqli quruluşda təqdim edilən "Müfəttiş" tamaşasının premyerası anşlaq keçib.
Tamaşanın quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Vaqifoğludur. Səhnə əsəri üçün maraqlı aktyor ansamblı müəyyənləşdirilib. Tamaşada Xalq artisti Cəfər Namiq Kamal (Anton Antonoviç Skvoznik Dmuxanovski), Əməkdar artistlər - Elşən Cəbrayılov (İvan Aleksandroviç Xlestakov), Şəlalə Şahvələdqızı, habelə Nigar Güləhmədova (Anna Andreyevna), Kazım Həsənquliyev, habelə Məzahir Cəlilov (Artemi Filippoviç Zemlyanika), Elxan Quliyev (İvan Kuzmiç Şpekin), Aslan Şirin, habelə Elnur Qədirov (Pyotr İvanoviç Dobçinski), Rəşad Bəxtiyarov, habelə Vüsal Mustafayev (Luka Lukiç Xlopov), Əlfida Cəfərov, habelə Vüsal Mustafayev (Osip); aktyorlar - Rüstəm Rüstəmov (Ammos Fyodoroviç Lyapkin-Tyapkin), İlahə Həsənova, habelə Məhsəti Tahirzadə (Marya Antonovna), Ramin Şıxəliyev, habelə Cümşüd Zeynalov (Pyotr İvanoviç Bobçinski), Tural İbrahimov (Svistunov, meyxana xidmətçisi, Mişka) və b. çıxış edirlər.
Tamaşaçılar çar Rusiyasının kiçik bir əyalət şəhərində həyat tərzi, yuxarı dairələrin komedik durumu ilə tanış olurlar. Bu gözdən uzaq, könüldən iraq, ədalətsizliyin, rüşvətxorluğun hökm sürdüyü şəhərdə hər şey idarə və departamentlərə rəhbərlik edən yüksək rütbəli çinovniklərin mənafeyinə, onların öz varidatını, karyerasını artırmağa xidmət edir.
Bu şəhərdə yollar tamamilə dağılmış, kanalizasiya xətləri işləmir, infrastruktur yenidən qurulmalıdır. Təhsil və səhiyyə bərbad vəziyyətdədir. Uşaqlara normal savad vermək əvəzinə, pedaqogikaya sığmayan bilgilər aşılanır, hətta əxlaqsızlıq açıq-aşkar təlqin edilir.
Xəstələrin sağalma ehtimalı sıfıra bərabərdir, ölüm faizi gündən-günə artır. Poçtla məktub göndərənlərin zərflərini açıb oxuyur, bağlamaları oğurlayırlar. Məhkəmə qurumlarındakı ədalətsizlik, rüşvətxorluq da danılmazdır və bütün bunları şəhər bələdiyyəsinin sədri Anton Antonoviç Skvoznik Dmuxanovski, təhsil sahəsinə nəzarət edən Luka Lukiç Xlopov, xeyriyyə və xəstəxana müəssisələrinin baş məmuru Artemi Filippoviç Zemlyanika, poçt müdiri İvan Kuzmiç Şpekin, məhkəmə sədri Ammos Fyodoroviç Lyapkin-Tyapkin və digərləri öz aralarında utanıb-çəkinmədən etiraf edirlər. Onların eyş-işrətlə yaşadığı, kasıb əhali ilə kobud, ədəbsiz davranışları öz söhbətlərindən bəlli olur. Peterburqdan göndərilən müfəttişin gözlənilməz gəlişindən canlarına vəlvələ düşən məmurlar vəziyyətdən çıxış yolu axtarır, məşvərət keçirirlər.
Dram teatrı üslubunda olan tamaşada iştirak edən aktyorların canlı, dinamik ifası onların yaratdığı obrazların hər birinin öz təbii halını, xislətini, məsləkini göz önündə canlandırır.
Teatrda zaman-zaman rəngarəng obrazlar qalereyası yaratmış Xalq artisti Cəfər Namiq Kamalın Anton Antonoviçinin yüksək intellektual səviyyəsi olmasa da, o, hamını aldada bilir. Bələdiyyə sədri öz başabəla idarəçiliyinin yarıtmazlığını anlasa da, özünə təsəlli verərək düşünür ki, dünyada günahsız adam yoxdur.
Bəzən yazıq adam görkəmi alan Anton Antonoviç öz rüşvətxorluğuna haqq qazandırır, şəhərin ticarət əhlindən ona müəyyən məbləğdə haqq verməyi, arvadına və qızına bahalı bəxşişlər göndərməyi tələb edir. O, kilsə tikintisi üçün xəzinədən ayrılmış pulu mənimsəyərək, bu ibadətgahın guya yandığını söyləyir. Aktyorun oyunu təbii və inandırıcıdır. O, obrazın xarakterini ustalıqla açır, sifətinin cizgiləri, habelə jestləri ilə çevrəsində olanlara münasibətini açıq-aydın büruzə verir.
Tamaşa boyu seyr etdiyimiz digər çinovniklərin heç biri, necə deyərlər, öz yerində deyil. Əgər belə olmasaydı, xeyriyyə müəssisələri imkansızlara əl tutardı, xəstələr şəfa tapardı, məktəblər idarəsi uşaqların təhsilinə qayğı göstərərdi.
Aktyor Rüstəm Rüstəmovun ifa etdiyi məhkəmə sədri Lyapkin-Tyapkin yalnız ədəb-ərkanından danışır, özünü hamıdan ağıllı sayır. Əslində isə heç bir şeyə etiqad etmir.
Dobçinski və Bobçinski (Aslan Şirin və Ramin Şıxəliyev) daim özlərini çinovniklərə yaxın göstərərək onların əhatəsində gəzib-dolaşır, eşitdikləri xəbərləri çatdırırlar. Elə hər şey də bundan sonra başlayır. Adı hallanmayan müfəttişi qarşılamaq və mükafatlandırıb yola salmaq üçün yollar axtarılır.
Məxfi müfəttişin gəlişindən xoflanan, vahiməyə düşən şəhər elitası peterburqlu kiçik bir çinovniki - cavan Xlestakovu yoxlama aparacaq dövlət məmuru kimi qəbul edir. Əməkdar artist Elşən Cəbrayılov Xlestakovun əsl xislətini açan ifa nümayiş etdirir, çevik, canlı oyunu ilə bu obrazın bütün çalarlarını - yalançılığını, boşboğazlığını, lovğalığını və əxlaqsızlığını sərgiləyir.
Aktyorun istedadı ona arsızcasına nəql etdiyi, uydurduğu söhbətləri teatrlaşmış dialoqlara çevirmək, sanki səhnə içində səhnə yaratmaq şansı verir. Onun həm də özünü coşğun təbli şair kimi qələmə verməsi, cuşa gəlib şeir söyləməsi və bu məqamda hündür kürsüyə dırmaşıb nümayişkaranə deklamasiya etməsi və s. bu qəbildəndir.
Xlestakov ona az qala, sitayiş edən yaltaq, rüşvətxor məmurların pulunu alaraq aradan çıxır. Sonradan yayılan xəbər daha dəhşətli olur. Sən demə, Xlestakov yalançı və dələduz imiş.
Ən sonda isə saxta müfəttişin yazdığı və poçt müdirinin gizlicə baxıb aşkar etdiyi məktub oxunur. Bürokratik elitanın iç üzünü əks etdirən, maskalanmış cəmiyyətin iç üzünü açan bu məktub tamaşanın qəhrəmanlarının, sadəlövh görünsələr də, əslində ədalətsiz, qəddar, zalım olan, imkansızların, kasıbların malına göz dikənlərin paxırını faş edir. Bu şəxslər üçün ən ağır olanı isə odur ki, əsl müfəttiş artıq şəhərə gəlib və onları öz hüzuruna çağırır.
Beləliklə, "üç il bu şəhərdən at çapsan, yenə də heç bir məmləkətə çata bilməyin mümkünsüzlüyü"nü (N.V.Qoqol) əks etdirən bir mühitn ab-havası, ədibin vicdanları oyatmaq missiyası Mikayıl Mikayılovun rejissor yozumu ilə göz önündə canlanır.
Yeni quruluşda təqdim olunan tamaşa rəngarəng komik qatlarla, gülüş doğuran vəziyyətlərlə, habelə musiqili və rəqsli priyomlarla zəngindir. Xəbərçiliyi özlərinə peşə seçmiş Dobçinski və Bobçinskinin, həmçinin qeyri-adi həyat tərzi keçirən Anna Andreyevna və onun qızı Marya Antonovnanın elastik hərəkətləri, rəqsləri tamaşanın dinamikasını artırır, mizanlar dəyişir, əvəzlənir. Komik obrazlar yaradan Əməkdar artistlər - Aslan Şirin və Şəlalə Şahvələdqızının; aktyorlar - Ramin Şıxəliyev və İlahə Həsənovanın rahat və yüngül oyununu bu məqamda qeyd etmək yerinə düşərdi.
Qeyd edim ki, müasir tamaşaçının teatr düşüncəsinin xeyli dəyişdiyi bir vaxtda heç də bütün səhnə əsərləri uğur qazana bilmir. "Müfəttiş"in bu mənada bəxti gətirib, necə deyərlər, üzünə gün doğub. Tamaşa salonunda yaranmış xoş ovqat, atmosfer, sənətsevərlərin səhnədə cərəyan edən hadisələrə emosional münasibəti aktyorların maraqlı oyun nümayiş etdirməsini, rejissorun çözümünə uyğun ritmi saxlaya bilməsini şərtləndirib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!