"Suğra və oğulları" - II Dünya müharibəsində Azərbaycan qadınlarının mübarizəsi - Eminquey AKİF

Azərbaycanda kino niyə inkişaf etmir? Bu sualı tez-tez eşidirik. Cavablar müxtəlifdir, amma mən bu suala "Suğra və oğulları" cavabını vermək istəyərdim. Doğrusu, deyərdim ki, bu sualı verəndən sonra "Suğra və oğulları"na mütləq baxmaq lazımdır. 

1 saat 25 dəqiqə 22 saniyə. 

2021-ci ildə çəkilmiş bu filmi izlədim və bu film haqqında mənfi və müsbət fikirlərimi bölüşmək istəyirəm. 

"Suğra və oğulları" filmi, müharibənin fiziki cəhətlərindən daha çox, onun insanlar üzərində yaratdığı psixoloji və emosional təsirlərinə diqqət çəkir.

Film İkinci Dünya müharibəsi dövrünün Azərbaycanını əks etdirir. Amma bu filmdə müharibə səhnələri, partlayış səsləri yoxdur. Bu filmdə müharibə yoxdur. Bu filmdə dağ kəndlərindən birində yaşayan Suğra adlı qadın və onun iki oğlu - Bəxtiyar və Musa var. Onun əri müharibədədir. İki oğlu ilə yaşayır, ərinin öldüsündən, qaldısından xəbər gözləyir. 

 

Film uşaqların əllərində taxtadan düzəldilmiş silahlarla - "Vətən uğrunda, irəli! Stalin uğrunda", - deyib qaçmaları ilə başlayır. Filmə bu cür başlamaq, deyərdim ki, çox uğurlu alınıb və izləyicini filmə baxmağa sövq eləyir. 

İlqar Cahangirin canlandırdığı kolxoz sədri Barat obrazı filmin gedişatında mühüm rol oynayır. Barat obrazı, müharibə dövründəki sovet idarəçiliyinin və güc strukturunun simvoludur. Onun davranışları və münasibətləri, həm cəmiyyətdəki sosial və siyasi təzyiqləri, həm də şəxsi sferadakı əxlaqi dejenarasiyanı açığa çıxarır. Baratın həm kişilik, həm də sosial təzyiq altında necə bir əclafa çevrildiyi çox yaxşı göstərilib.

Baratın mənfi obraz olması kolxozun anbarında Suğra ilə dialoqunda açılır. O, Suğraya ərinin müharibədə olmasını, qadınlıq qüruruna toxunaraq ərinin müharibədə sanitarkalarla kef çəkməsini deyir və təklif edir ki, onu saxlaya bilər. Suğra isə namusunun keşiyində necə durmaq lazımdırsa, elə də edir, Baratı təhqir eləyib rədd edir. 

Haşiyə çıxıb filmi uzadan, bir az sıxıcı eləyən məqamları qeyd etmək istəyirəm. Birinci məqam budur ki, filmboyu musiqidən az istifadə olunur, üslubu sevirəm, amma filmdə bəzi epizodlar çox uzadılır. Məsələn, Musanın eşşəklə qaçdığı səhnə, Suğranın oğullarıyla yemək yediyi səhnə və s. İkinci məqam isə, film insana çox soyuq təsir bağışlayır. Bütün hadisələr emosional baxımdan zirvəyə çatmamış qırılır. Saranın zorlanması səhnəsi istisna olmaqla. 

Suğranın oğluna müharibəyə çağırış məktubu gəlir. Özü də görün, bu məktubu kim gətirir - Barat! Barat sanki Suğranın böyük oğlunun müharibəyə getməsinə və onun daha da müdafiəsiz qalacağına sevinir və məktubu şəxsən özü gətirir. 

 

Bəs Musa hara qaçır? Axı o uşaqdır. Musa meşənin içində bir balaca tunelə sığınmış Əhədgilin yanına gedir. Əhədin babası ilə Suğranın babası qardaş olub və birgə sürgündə olublar. Yəni əminəvəsidirlər. Əhəd də babası kimi Sovet hökuməti üçün döyüşməkdən boyun qaçırıb və öz əqidəsində olan adamlarla bu tunelə, mağaraya sığınıb. "Yeddi oğul"un tam əksi. Suğranın Əhəddən başqa çıxış yolu yoxdur. Bunu filmin irəliləyən dəqiqələrində də görmək olur. 

 

Birinci epizodda Suğraya yiyə durmaq istəyən Baratın niyyətində az da olsa, yaxşı bir şey tapmaq, onun bu niyyətinə sevgi və sahiblənmək donu geyindirmək mümkün idisə, ikinci epizodda Barat təkcə pis adam yox, həm də əclaf çıxır. O, kəndin sakinlərindən, kolxozun işçilərindən biri olan Saraya ilişir. Tək qaldıqları məqamda Saraya məktub uzadır. Məlum olur ki, onun da qardaşı müharibədən qaçıb. Barat əlindəki bu faktdan Saraya qarşı istifadə edir və Saraya da seksual maraqla yanaşmağa başlayır. Baratın əclaflığı bununla bitmir. 

Amma bu dəmdə diqqətinizi Rasim Cəfərin canlandırdığı kəndin gəlmələrindən olan müəllim obrazına yönəltmək istəyirəm.  Bu müəllim uşaqlara Sovet ideologiyalarını öyrədir. Ancaq əslində o, başa düşür ki, öyrətdiyi şeylər o qədər də faydalı deyil, puç ideologiyadır, sadəcə, nəsə etmək qüvvəsində deyil. Bilmirəm, fikir vermisinizsə, Rasim Cəfərin müəllim obrazı mahiyyət etibarilə də, simaca da sanki Cəbiş müəllimə çox oxşayır.

Daha bir məqam bu filmin ağ-qara çəkilməsidir. Dövrü çatdırmaq etibarilə müsbət olsa da, məncə, bu filmi rəngli versiyada çəksəydilər, daha yaxşı olardı; sovet dövrünün ağ-qaralığından çıxardıq. Amma bunun da rejissorun sovet ideologiyasını təbliğ edən ağ-qara filmlərə əks mövqedə dayanması ilə yozmaq olar. Çünki bu filmdə sovet ideologiyasının ziyanlı olması mesajı var. 

Bizim bu Baratın oğraşlığı üçüncü epizodda zirvəsinə çatır. Baratla Sara anbarda tək qalırlar. Barat dəm bu dəm deyib, Saranın ağzını tutur və elə anbardaca...

Beləcə, Barat bir müddətlik də olsa, şəhvani hisslərini kiritmiş olur. Filmin əvvəlində Baratın dananı kəsib kəndə paylayan zaman Saraya "siz yetim uşaqlarsız" deyib, daha çox pay verməsinə baxıb ürəyim dağa dönmüşdü. Sən demə, bunun öz dərdi də ət imiş. 

 

Qayıdaq Musanın balaca qardaşı Bəxtiyara. Filmin lap əvvəlindən Bəxtiyar ön plandadır. Filmdə baş verən hadisələr Bəxtiyarla başlayır, əksəriyyətində Bəxtiyar Bəxtiyarla da bitir. Qardaşı Musanın qaçmağında da, məktəbin şüşəsinin qırılmasında da, Baratın... Bəxtiyarın Baratla nə əlaqəsi var, bir az səbir edin, deyəcəm. Hə, Bəxtiyar rejissorun bu filmdə gizlətdiyi kameradır. Hadisələrə həm də Bəxtiyarın gözüylə baxırıq. O, hər yerinə girəndə bir məktub oxuyur və atasına "gecən xeyirə" deməmiş yatmır. 

 

Filmdə ən ağır səhnələrdən birinin şahidi yenə Bəxtiyar olur. Anasının verdiyi yeməyi Saraya gətirən Bəxtiyar onun bəkarəti zorla pozulmuş cəsədinin asıldığını görür. 

Filmin ən ağır səhnələrindən biri də elə Saranın basdırılması anıdır. Burada Suğra ilə Barat üzləşir və onların baxışları danışsa da, bir-birlərinə bir kəlmə də demirlər.

Təbii ki, Barat Musanın qaçdığından, Suğranın oğluna kömək etdiyindən xəbərdardır. Və hökumətin adamları Musanı axtarmaq üçün Suğranın evinə gəlirlər. Suğranı həm oğlu ilə bağlı sorğu-sual edirlər, həm də Baratın ölümü ilə bağlı. Bu məqamda da Bəxtiyar Baratın ölümünü görsə də, hökumətin adamlarına yalan danışır və onu sonuncu dəfə Saranın dəfnində gördüyünü deyir. 

Bəxtiyarın Soveti təmsil etməsi məhz burada onun "mən həmişə hazıram" deməsiylə üzə çıxır. Bəlkə də o uşaq ağlı ilə həm də atasına qovuşmaq üçün davaya getmək istəyirdi. 

Maraqlı məqamlardan biri budur ki, Suğra filmboyu uşaqlarını bircə dəfə də olsun qucaqlamır, öpmür, sanki bunu etmək istəyir, ancaq nədənsə geri çəkilir. Bəxtiyarla Musa onun nəvazişini yedikləri yeməkdən, əyin-başlarından hiss edirlər. Amma Bəxtiyar anasının ən çətin anlarında onun yanında olur, onu ayağa qaldırmağı bacarır. 

Bu filmi ona görə bəyəndim ki, müharibənin arxa cəbhəsini göstərir. Mən məhz belə filmlərin çəkilməli olduğunu düşünürəm. Müharibəin ön cəbhəsi statistikadır, arxa cəbhəsi isə tale. Məhz Suğra və oğullarının taleyi kimi.  

Filmdə müharibə səhnələrinin olmaması, lakin onun təsirlərinin və insanların müharibə ilə əlaqəli həyatlarının təsvir edilməsi diqqətəlayiqdir. 

Baratın axırı necə olur? Onu kim öldürür? Bunu da filmi izləyib öyrənin, hamısını yazsam, filmin dadı qaçar.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!