Gildən Yoğrulmuşlar - Kənan HACI

Pərviz Seyidlinin "Gil" tamaşası üzərinə notlar

Kənan HACI

Bu günlərdə Dövlət Pantomim Teatrında gənc yazıçı-dramaturq Pərviz Seyidlinin "Gil" tamaşasına baxdım. İstedadlı rejissor Bəhruz Vaqifoğlunun quruluşunda tamam başqa bir dünyaya səfərə çıxdıq. O dünya kənarda deyildi, öz içimizdə idi. Bu monotamaşada bir aktyor vardı, o da Bəhruzun özü idi - ruhi təlatümlər içində çırpınan bir divanəni, İlahi eşqin yolunda cismini soyunub kənara atmaq istəyən, başdan-başa ruha çevrilmək istəyən bir aşiqi canlandırırdı. Sözün əsl mənasında canlandırmaq deyirəm. 

İşıqlar sönür və həmin andaca qəribə bir atmosferə düşdüyünü hiss edirsən. Sanki zamandan, maddi dünyadan qopursan; içindəki quyuya düşürsən. Və o quyudan çıxmaq üçün başqasıyla deyil, özün-özünlə savaşırsan. Bu Sizif əməyinin sonu yoxdur... 

 

Sözlər ayaq açıb yeridikcə insan sanki öz içindən sıyrılıb çıxır, sözlər insanın Yaradılışla əlaqəsini qurur. İnsan onu qapsayan divardan qurtulur. Nizami Gəncəvi necə deyirdi:

Biz sözük, bu bədənsə eyvanımızdır bizim...

Eşqin cinsi yoxdur. Allahı sevməyə başlayan insan canını, yaşını, cismini qeyb edir. Əvəzində ruhunu söz-söz dirildir. Allah insanı gildən yaratdı, insan isə özü-özünü bir ömür boyu yoğurub-yapır, can adlı əmanəti təhvil verənə qədər... Tamaşanın fəlsəfəsi bu cümlələrdə gizlənir. Gizlənmir, yox, aşkar olur. Qəzavü-qədərin əsintiləri gör, bu fəqir aşiqi hansı ağrılardan keçirir... 

Amma və lakin yaranmışların heç də hamısı kamil varlıq deyil... Öz içindəki xəzinədən xəbərsiz qalmış minlərlə, milyonlarla insan var. Özünü yarada bilməyən talesizlər... Ruhundakı sıxıntıların hardan qaynaqlandığını bilməyənlər sadəcə, bu dünyaya nəfəs alıb-vermək üçün gəlirlər. Nəfəs və nəfs... Nəfəs alanların nəfsə yenik düşməsi də bundandır. Səhnədəki kəndirlər nəfs dediyimiz şeytan əməlidir, insan o kəndirlərdən qurtulunca, nəfsi içində boğunca azadlığı başlayır. Bəhruz Vaqifoğlunun plastikasında Ruh sanki əyaniləşir, onu gözlə görürsən. Əzəmətlə həyəcanın, sevinclə dərdin vəhdətinə şahid olursan. Bu mizanlar vasitəsilə obraz ruhun təkinə enir, zülmət tamaşaçını hələ görmədiyi bir işığa aparır. Heyrət məqamına! İnsan heyrətlənə bilirsə, demək, ruhu dünya cifəsinə yenik düşməyib... 

İnsan öz içindəki "mən"in uzaqlığından qorxur. Bu tamaşa o yolu yaxınlaşdırmaq üçündür. Bu yol Tanrı yoludur, bu yol Füzuli yoludur, bu yol xoşbəxtliyin yoludur. Azadəliyin yoludur! O yolda sən külək kimisən, bir udum nəfəs kimisən, dumduru su kimisən. Təbiətin özüsən!

 

Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,

Surəti-halım görən surətxəyal eylər məni. 

 

Ruhun çırpınışları ustad Füzulinin bu misraları ilə ahəstə şəkildə pərvəriş edir. Gözümüzün önündə gənc Məhəmməd müdrik Füzuliyə çevrilir. Dünyanı, kövni-məkanı, keçmişi, gələcəyi, insanı düşünə-düşünə həqiqət yoluna varid olur. Bəhruzun mükəmməl oyunu tamaşaçını əfsunlayır. Və tamaşa tamamlanır. Sən isə, hələ də vadiyi-vəhdət məqamındasan. Alqışlar üzünə soyuq su kimi çilənir, fəqət ayıla bilmirsən, ayılmaq istəmirsən. Ayılsan, yenə yerüstü dünyanın kəndirləri əl-qoluna dolaşacaq... 

Tanrı insanı "xeyrül-əməl" üçün yaratdı, şeytana uymayanlar xoşbəxtdir. Xoş seyrlər!

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!