Abdulla Şaiqin Mənzil-Muzeyində “Tıq-tıq xanımın qonaqları” adlı tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir “Vətən” yaradıcılıq dərnəyinin üzvlərinin iştirakı ilə təşkil olunub.
Muzeyin direktoru Ülkər Talıbzadə tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, bu tədbir 27 ölkənin qoşulduğu Beynəlxalq Ev Muzeyləri Günləri çərçivəsində keçirilir. Azərbaycanda bu təşəbbüsə qoşulan altı muzeydən biri Abdulla Şaiqin Mənzil-Muzeyidir. O qeyd edib ki, tədbirin keçirilməsi həm də rəmzi məna daşıyır. Muzeyin fəaliyyəti müxtəlif istiqamətlərdə qurulsa da, əsas diqqət uşaqların maarifləndirilməsinə yönəlib. Abdulla Şaiq bütün ömrünü uşaqların təlim-tərbiyəsinə, bədii-estetik zövqünün formalaşmasına həsr edib və muzey də bu ideyanı yaşatmağa çalışır.
Muzeyin əməkdaşı Nurxanım Əskərova Beynəlxalq Ev Muzeyləri Günlərinin keçirilmə təşəbbüsü barədə məlumat verib. Bildirilib ki, bu layihə İtaliyanın Florensiya şəhərində yerləşən Milli Yaddaş Evləri Assosiasiyasının təşəbbüsü ilə gerçəkləşib və ICOM Demhist (Tarixi Ev Muzeyləri üzrə Beynəlxalq Komitə), ICLM (Ədəbiyyat və Bəstəkarlar Muzeyləri üzrə Beynəlxalq Komitə), ICOM Italy və Avropa Görkəmli Şəxslərin Ev Muzeyləri Şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Tədbirin təşkilatçısı, muzeyin əməkdaşı və “Vətən” yaradıcılıq dərnəyinin rəhbəri Arzu Nuralıyeva uşaqların muzeylərə marağının artırılmasının vacibliyini vurğulayıb. Daha sonra söz dərnək üzvlərinə verilib.
Tədbir çərçivəsində 58 saylı tam orta məktəbin şagirdləri Abdulla Şaiqin “Tıq-tıq xanım” mənzum nağılı əsasında hazırladıqları tamaşanı təqdim ediblər. Tamaşada dozanqurdu, tülkü, siçan, çoban kimi obrazları canlandıran şagirdlər aktyorluq məharətlərini nümayiş etdirərək tamaşaçılara maraqlı və rəngarəng anlar yaşadıblar. Tamaşanın sonunda Tıq-tıq xanım dostlarını şeirlər səsləndirməyə dəvət edib.
Tədbirin davamında şagirdlər ədibin “Qərənfil”, “Qızıl gül”, “Bənövşə” və digər şeirlərini səsləndiriblər. Həmçinin müxtəlif ziyalıların Abdulla Şaiqə həsr etdikləri poetik nümunələr təqdim olunub. Uşaqlar “Oyan, oğlum!” şeirini səhnələşdirilmiş şəkildə nümayiş etdirərək maraqla qarşılanıblar.
Məktəbin müəllimi Mehriban Ağaverdiyeva çıxış edərək bildirib ki, onların məktəbində uşaqların ilk öyrəndiyi şeirlər Abdulla Şaiqin əsərləri olub. O, bu gün həmin şeirləri öz şagirdlərinə tədris etməkdən qürur duyduğunu bildirib. Müəllimə məktəbdə keçirilən “Gözəl bahar” adlı tədbirin və oxu saatlarının ədibin irsinin təbliği baxımından əhəmiyyətini vurğulayıb və tədbirdə iştirakından məmnunluğunu ifadə edib.
Sonda uşaqlara Abdulla Şaiqin əsərlərindən ibarət kitablar hədiyyə olunub, iştirakçılarla xatirə şəkli çəkdirilib.
Tədbirdən sonra uşaqlara muzey üzrə ekskursiya təşkil olunub, onlara Abdulla Şaiqin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!