Teatral Adam - Mərahim FƏRZƏLİBƏYOV

Kənan Hacının 50 yaşına

Kənan Hacı ilə tanışlığımızın tarixçəsi o qədər də uzun deyil. Amma mənə elə gəlir ki, onu lap qədimdən tanıyıram. Onun teatr tariximizə dərindən bələdliyi hər dəfə məni heyrətləndirir. Stanislavski, Meyerhold, Tovstonoqov, Piter Bruk və digər teatr xadimlərinin nəzəriyyələrinə bələdliyi də öz yerində. Mən təəccüb edirəm ki, o, niyə teatrşünas olmayıb. Kənan teatrı dərindən bilməklə yanaşı, həm də onu hiss edir, bəzən hansısa tamaşa haqqında söhbət edərkən onun dəqiq mükalimələrini diqqətlə dinləyirəm və bir ədəbiyyat adamının teatr sənətinin incəliklərinə bu qədər bələd olması məni yaxşı mənada təəccübləndirir. 

Mən Kənanın teatr tamaşaları haqqında resenziyalarını oxuyanda məmnunluq hissi keçirirəm. Görürəm ki, aktyorlar da onun resenziyalarını maraqla oxuyur. O, rejissor ideyasını daxili bir fəhmlə hiss edir və aktyorların potensial imkanlarına bələd olduğu üçün hansı aktyorun hansı rolu oynaya biləcəyini də hiss edir. Bəli, məhz hiss edir. Mən son zamanlar tamaşa hazırlayarkən onunla müəyyən məsələlərdə məsləhətləşirəm. Tale elə gətirdi ki, biz Kənanla birgə işləyəsi olduq. Dramaturq və rejissor tandemi uğurlu alındı. Mən ondan özbək yazıçısı Abdulla Qədirinin "Ötən günlər" romanını səhnələşdirməyi xahiş etdim. Çünki ona inanırdım, bilirdim ki, bir neçə pyesi teatrlarımızda oynanılıb. Kənan bu romanın motivləri əsasında gözəl bir pyes yazdı, o, rejissorun nə istədiyini bildiyi üçün əsərin ilk oxunuşunda teatrın kollektivi də pyesi qəbul etdi və mən məşqlərə baxdım. Kənan məşqlərdə aktiv iştirak edirdi, mən onunla yaradıcılıq prosesindən sözün əsl mənasında zövq aldım.  

O, rejissoru, aktyorları diqqətlə dinləyir, zərurət yarandıqda hansısa səhnəyə əlavələr yazır, özü də müəllif olaraq müəyyən təkliflərini bildirirdi. Yaxın günlərdə tamaşanın premyerası olacaq. Bu müddət ərzində mən Kənanı daha dərindən tanıdım. Bəzən çay süfrəsi arxasında söhbətlərimiz zamanı mən görürdüm ki, Kənanın fikri hələ də tamaşa ilə məşğuldur. Tamaşa üçün musiqi seçimlərində də öz dəyərli fikirlərini bildirir, mənə yaxından köməklik göstərirdi. Biz bu tamaşanı demək olar ki, birlikdə hazırladıq. O, vaxtının çox hissəsini bu tamaşanın hazırlanmasına sərf etdi. Bu müddətdə hansısa roman və ya hekayəsini yaza bilərdi. Amma onun işə vicdanla, məsuliyyətlə yanaşmasını gördüm və sənətdə uğurlar qazanmasının səbəbi mənə aydın oldu. 

Teatr cameəsində də Kənanı doğma adam kimi qəbul edirlər və bu, məni çox sevindirir. Bu gün təəssüf ki, teatr tamaşaları haqqında ciddi söz deyən teatrşünaslarımız azdır. Hansısa jurnalistin tamaşa haqqında səthi yazı yazması teatrşünas yanaşması deyil. Son illərdə hansısa tamaşa haqqında nadir hallarda rezonans doğuran yazılar olur. Daha çox diletant yanaşmalar gözə dəyir ki, bu da rejissor və aktyorlar tərəfindən ciddi qəbul olunmur. Mən dəfələrlə müşahidə etmişəm ki, Kənanın hansısa tamaşa haqqında yazısı aktyorlar tərəfindən müzakirə olunur. Bəzi aktyorlar öz rolları haqqında onun söz deməsini arzulayırlar və bunu mənə bildirirlər. Kənanın təhlil bacarığı yazısının sambalını artırır. Bu da praktiki və nəzəri bazasının olduğundan irəli gəlir. Məhz buna görə o, baxdığı tamaşa haqqında operativ yazılar hazırlaya bilir. Premyeranın səhərisi günü onun yazısı artıq mətbuatda dərc olunur.  

Əlbəttə, Kənan Hacı hər şeydən əvvəl yazıçıdır. O, uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub, gözəl əsərlər müəllifidir. Teatra dərindən sevgisi onu məcbur edir ki, qələmini teatr sahəsində də sınasın və bu, heç də həvəskar yanaşma deyil. Onun yazıları peşəkarlığı ilə seçilir. Yazıçı olmasaydı, Kənan çox gözəl teatrşünas ola bilərdi. O, qələmini ədəbiyyatın müxtəlif janrlarında sınayıb - şeir, roman, esse, ədəbi tənqidi məqalələr. Tərcümə ilə də ardıcıl məşğul olur. Həyatım boyunca onun qədər kitaba, ədəbiyyata içdən bağlı olan ikinci bir adam təsəvvür edə bilmirəm. Həmişə əlində kitab, ya da qəzet görmək olar. Yolboyu oxuyur, qeydlər edir. Güclü yaddaşı var, 80-ci illərdə hazırladığım, hətta mənim özümün belə unutduğum tamaşalarım haqqında o qədər yerli-yataqlı danışır ki, deyirəm, ay Kənan, sən bütün bunları hardan bilirsən?! Gülümsəyir və deyir ki, mənim uşaqlıqdan teatra böyük sevgim olub. 

Bu günlərdə böyük şairimiz Rəsul Rzanın "Vəfa" pyesini Bakı Bələdiyyə Teatrı üçün hazırladığımı ona dedim. Kənan dedi ki, Mərahim müəllim, siz bilirsinizmi, Rəsul Rza hələ 40-cı illərdə üçrəngli bayrağımıza şeir yazıb. Bu mənim üçün göydəndüşmə oldu. Kənan o şeiri gətirdi, mən "Vəfa" pyesinin finalına həmin şeiri əlavə etdim. Bu, Kənanın tapıntısı idi. 

Ədəbiyyat Kənanın alın yazısıdır, özü demiş, taledən qaçmaq mümkün deyil. O, bütün ömrünü ədəbiyyata həsr edib. İyirmi altı kitabı çıxıb. Xeyli sayda romanları var. Bunun müqabilində həddən artıq təvazökar, umacaqsız, iddiasız adamdır. Beləcə, 50 yaşa gəlib çatıb. Mən inanıram ki, onun ədəbiyyatımızda xidmətləri layiqincə qiymətləndiriləcək. Kənan buna layiqdir. Mən dəyərli dostuma bu yubiley günlərində uzun ömür, yaradıcılıq uğurları arzulayıram! İnanıram ki, iş birliyimiz bundan sonra da davam edəcək.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!