Tamaşa oynanıldıqca cilalanır. Teatr sənətinə aid bu, belə demək mümkünsə, səciyyə-xasiyyətnamə (canlı sənət növü olduğu üçün "xasiyyətnamə" sözünü də işlətmək yerinə düşər) Dövlət Milli Gənc Tamaşaçılar Teatrının "ArtStudiya" teatr-studiyasının quruluş verdiyi "Ana" tamaşasının nümunəsində tam bir barizlik qazandı - tamaşanın ilk bir-iki səhnəsi, bu səhnələrdəki dialoqlar, replikalar və deməli, tamaşanın ümumi ruhu naqolay, yöndəmsiz təsir bağışlasa da, vəziyyət həm tədricən, həm də dərhal dəyişdi. Nə qədər qəribə səslənsə də, bu, məhz belə təəssürat doğurdu. Məsələn, Ana Dolores (yaxud Dolores Ana) rolunda çıxış edən Zülfiyyə Alhüseynovanın bu hərb və sülh dünyasında, kişilərin ictimai, qadınların bu ictimailiyi formalaşdıran ailə prioritetləri "orkestri"ndə "birinci skripka" olması kimi əzəli-əbədi mövzunu açıb, müharibədə həlak olmuş zabit ərinin ruhu ilə söhbətində beş oğlan uşağını böyüdüb boya-başa çatdırmağın necə ağır bir iş olmasından bəhs etdiyi səhnədə özünü doğruldur və sonadək özünə sadiq qalır. Tamaşa başlanar-başlamaz, Kornel rolunun ifaçısı Mətləb Abuşov diqqəti özünə cəlb edib final səhnələrinədək təəssüratı doğrultdu, səhnədə özünü sərbəst hiss edən aktyor tamaşa boyunca çex mənşəli obrazının azərbaycanca həm düşünməsinə, həm də danışmasına müvəffəq oldu.
"Çex mənşəli" demişkən, əsas surət olan Ananın Azərbaycan teatrının səhnəsindəki var olması nə quruluşçu rejissor Müşfiq Elmanoğlu, nə də aktrisa tərəfindən mütləq şərt kimi qavranılmayıb. Başqa sözlə, yaradıcı heyət çex ədibi Karel Çapekin vətəndaş ismarıcını və ədib məramını düzgün əxz ediblər. Pyesin yazılma tarixçəsindən bəllidir ki, Ana obrazının bədiiləşməsi "müharibə teatrlarından" (necə də dəqiq ifadədir) birinin döyüş meydanının ortasında dizləri üstə dayanmış müharibənin ərsiz, oğulsuz qoyduğu qadın illüstrasiyasından doğub. K.Çapekin yaradıcılığının yekun mərhələsi olan "Ana" dramının süjetinin ideyası yazıçının həyat yoldaşı Olqa Şeynpflyuqovaya məxsusdur. K.Çapek özü də bunu dəfələrlə qeyd edib. Süjetin "kristallaşmasına sonuncu impuls"u verən daha bir xarici amil isə 1937-ci ilin noyabrında qəzetlərin birində çap edilmiş reportajın məzmununun təsviri olan dağıntılar, yanğınlar fonunda oğlunun cəsədi üzərinə əyilmiş ana rəsmi olub. Qeyd edilməlidir ki, bütün bu məqamlar tamaşada ən optimal əksini tapıb. Doloreslə Rixardın oğulları insanları yeni virusun "caynağı"ndan xilas etmək missiyasını boynuna götürüb, öz həyatını itirən həkim Andrey (və ya Ondre), aviasiya sahəsində texniki tərəqqiyə biganə qalmayıb növbəti uçuşlarının birində təyyarəsinin bir qanadı qırıldığı üçün parça-parça olan Yuriyə (yaxud İrji), bərabərhüquqlu cəmiyyət qurulması uğrunda mübarizədə həbs edilib güllələnən Pyotra, köhnə quruluşun ən məqbul yaşayış ab-havası olduğuna bir an belə şübhə etməyən millətçi Kornelə (maraqlıdır ki, onun hansı şəraitdə dünyasını dəyişməsi pyesdə qeyd edilmir) və ən kiçik qardaş, atası cəbhədə həlak olandan sonra dünyaya gələn, çəlimsiz, xəyalpərvər, romantik, Pyotrla Kornelin hərbi, siyasi söhbətlərindən, mübahisələrindən sıxılan, atasından qalan kitabları oxuya-oxuya nəzm parçaları yazmağa girişən, ölkədəki hərbi-siyasi atmosfer dözülməz qatılığa çatanda anasından onun da müharibəyə getməsinə izn verməsini xahiş edən Toniyə gəldikdə isə, onların hər birində Karel Çapekin dünyagörüşündən, daxili və xarici tərbiyəsindən nəsə var. Eynilə bu qardaşlar kimi Çapek də cəbhədən gələn tükürpədici xəbərlərə biganə qala bilməyərək "qışqırmaq, etiraz etmək, küçəyə çıxmaq - bir sözlə, nəsə etmək" istəyi ilə çırpınırmış. Vətəndaş, vətənpərvər, xalqına, millətinə sevgi anlayışları ruhunda tərbiyə alan hər bir insan kimi.
Qayıdaq obrazlara və aktyorlara. Zülfiyyə Alhüseynovanın Doloresi ərini, dörd oğlunu itirmiş ana olaraq pafosdan uzaq, səmimi, təsirli ana olaraq yadda qaldı. Biz onunla birlikdə sarsıldıq da, ağladıq da. Bir ananın dünyasını duyduq.
Ruh olaraq iştirak edən Anar Seyfullayevin Ata Rixardı, Anar Səfiyevin Andreyi donuq təsir bağışladı - personajın artıq ruha çevrilmiş halını oynamaq donuqluq anlamına gəlməməlidir. Bundan əlavə, Anar Səfiyevin - Andreyin əynindəki ağ həkim xalatı növbəti tamaşayadək təcili yenilənməlidir - premyera tamaşasındakı xalat, çox güman ki, teatrın əlbisə sexindən tapılmış növbətçi ağ xalatdır. Məxsusi bu tamaşa və bu aktyor üçün seçilmiş xalat olmadığı aşkar görünürdü. Teatr vizual sənət növlərindən biridir və belə detallar mütləq nəzərə alınmalıdır.
Araz Pirimovun Yurisində donuqluq halı daha az idi, aktyor təyyarəçi obrazında özünü çox rahat hiss edir.
İlhan Sadıqovun Pyotru tamaşanın əvvəlində, cismi diri ikən obrazının dilini hələ tapmayıb sanki, ruh olaraq anası ilə görüşə gəldikdə isə tamaşaçı aktyoru yenidən kəşf etmiş oldu, tamaşanın bu hissəsində İ.Sadıqov Pyotra çevrilə bilmişdi.
Hüseyn Bayramovun Tonisi isə yeniyetmə oğlan uşağının ovqatını tamaşanın əvvəlində daha üzvi şəkildə ifadə edir.
Tamaşanın finalı lüzumsuz davamlılıq effektsizliyi yaratdı. Radio ilə yayılan xəbərdən məktəbin və məktəbli uşaqların atəşə tutulması məlumatı Dolores ananı ərinin və dörd oğlunun itkisindən fərqli bir duyğu ilə sarsıdır və həmişə yanında qalmasını istədiyi Toniyə özü tüfəngi verərək uşaqların müdafiəsinə getməyi əmr edir. Bununla da pyes tamamlanır. K.Çapekin qələmindən çıxan belə final tam təbii, lakonik və məzmunludur. Bu səhnə Müşfiq Elmanoğlunun quruluşunda tam dolğunluğu ilə işlənib. Amma rejissor nədənsə, bununla kifayətlənməməyi lazım bildiyi üçün Doloresin ruh olaraq onun əhatəsində dayanmiş əri və dörd oğlu ilə sözsüz vida səhnəsini də izləməli oluruq.
Tamaşanın quruluşçu rəssamı Şahin Hüseynli müəllifin təsvirindən kənara çıxmayaraq, qədərində minimalist, qədərində maksimalist yanaşma ilə pyesin səhnə görünüşünü və ən əsası, ruhunu "canlandıra" bilib - səhnənin sol tərəfində yerdə böyük qlobus, odlu və soyuq silahlar bu qlobusa söykədilərək onu hər bir tərəfdən əhatələyib (Yer planetinin başının üstündən davakar, hərbsevər insanların təəssüf ki, əskik olmamasını ifadə edərək), səhnənin mərkəzində iki kətil (tamaşanın sonuna döğru bu iki kətilin üstünə daha üç kətil başdaşı şəklində qoyulur), səhnənin sağ tərəfində kitab rəfi, iş masası, masanın üstündə şahmat lövhəsi, divan və sairə, səhnənin ucqar küncündə işıqlandırılmış ağ pərdə (ruha çevrilmiş ailə üzvləri o pərdənin arasından çıxırlar)... Pyesin mətnində olduğu kimi, tərtibatda da ixtisarlar var, məsələn, cəbhədə həlak olmuş və beş oğlunu Ananın ümidinə qoymuş ailə başçısının portreti yoxdur. Amma mətndəki ixtisarlardan fərqli olaraq tərtibatdakı ixtisar tamaşanın quruluşuna və məzmun yükünə xələl gətirməyib. Müşfiq Elmanoğlu pyesin mətnini kifayət qədər yığcamlaşdırıb, bu, əlbəttə ki, yolverilən, məqbul taktikadır, amma əgər orijinal mətnin ixtisarı daha diqqətli aparılarsa və müvafiq olaraq pyesin səhnə versiyasında sıçrayış təəssüratı doğurmazsa... Haqqında bəhs etdiyimiz tamaşada isə belə təəssüratlar var idi. Lakin tamaşanın doğurduğu ümumi təəssürat fonunda bu təəssürat sönükləşir. Çünki yaradıcı heyət bəşəri ideyadan qaynaqlanıb qələmə alınan Karel Çapekin "Ana" pyesini (1938-ci ildə yazıldığına görə faşizmlə mübarizə səciyyəsi qazanması təbii ki, bu pyesin yeganə təyini ola bilməz) Azərbaycan səhnəsinə sadəcə repertuar yenilənməsi naminə gətirməyib. Pyes düşünülüb-daşınaraq tamaşaya qoyulub, belə deyərdim, işə soyuq ağıl, isti ürəklə yanaşılıb. "ArtStudiya" teatr-studiyasını yaradıcılıq axtarışlarının uğurlu bəhrəsi aktual fabulaya malik bir faciə pyesinə içlərindən keçirərək yeni səhnə həyatı bəxş etməyin öhdəsindən gəlmələri münasibətilə təbrik etmək olar...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!