Elçinin "Stalin - İzm"ində qeyri-səlis sistemin sənət dili - İFTİXAR

Məşqlər... Mülahizələr... Məqsədlər... Niyyətlər... Nəticələr...

"Qeyri-səlis məntiq" nəzəriyyəsinin teatr sənətində sinergetik adaptasiyası (Elçin teatrı əhatəsində)" doktorluq dissertasiyamın yekunlaşmağa doğru istiqamət aldığı bir zamanda ruhuma hakim kəsilən möcüzələrlə dolu mistik bir qüvvə təxəyyülümə qeyri-adi qığılcımlar səpməyə başladı. Hisslərim, duyğularım özümə də məlum olmayan əsrarəngiz zənginliklə coşmağa başladı.  Bu duyğunun, hissin mənə görə, deyərdim ki, adı vəhydən doğulan təhtəlfəhmdir. Öncə İ.Məmmədlinin "Qadın" pyesi əsasında qeyri-səlis uydurma janrlı "Siluet" tamaşası yarandı. Ardınca A.Nəzərlinin "Axirətdən gələn səs" qəhrəmanlıq dramı əsasında qeyri-səlis təbəddülat janrında "Səs" tamaşası doğuldu. Əvvəllər də dediyim kimi, hər iki tamaşanın tərəfimdən ərsəyə gəlməsi məcburi zərurətdən doğulmuşdu. Lakin hər iki tamaşanın meydana gəlməsinin özü də naməlum hisslərin ruhuma açdığı yeni sənət pəncərəsinə gedən yolun istiqamətlərini müəyyənləşdirən ştrixlər kimi, sanki təxəyyülümün itilənməsinə xidmət üçün təfəkkürümə sıçramış "Qeyri-səlis teatrı" mərhələsinə daxil olmaq meyillərini tamamladı. Hər iki tamaşa rəhbərlik etdiyim İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində dünyaya göz açdı və fakt odur ki, tamaşaçıların və mütəxəssislərin diqqətini cəlb etdi. Belə demək olar ki, mistik ovqatın ruhuma hakim kəsilən variasiyaları artıq qeyri-səlis sistem konsepsiyasında iki tamaşanın ərsəyə gəlməsini, sözün əsl mənasında, təmin etdi və  sanki bu təminat məhz dissertasiyanın geniş prospektə çıxmasına meydan açmaq xidmətinin daşıyıcısı kimi həyatıma daxil oldu. 

Əlbəttə, sual doğa bilər ki, nə üçün qeyri-səlis sistemlə hazırlanan tamaşalar dissertasiyanın məzmunu ilə tandem təşkil edən müəllifin - görkəmli Xalq yazıçısı Elçinin əsərləri ilə deyil, digər məlum yazıçıların əsərləri ilə səhnəyə qədəm basdı? Cavab birmənalıdır: hər bir rejissor və aktyor Şekspir əsərlərini tamaşaya qoymaq üçün və ya Şekspir "qəhrəmanları"nı səhnədə canlandırmaq üçün mütləq ciddi bir yaradıcılıq mərhələsindən, yetkinləşmə prosesindən keçir. Həmin əsərlərin və ya əsərlərdəki obrazların təqdimatına özünü hazırlayır. Elçin dramaturgiyasına müraciət məsələsi də məhz bu kriteriya ilə əlaqəlidir. İki faktor məhz həmin hazırlığa ciddi tələb irəli sürürdü: Elçin dramaturgiyası və qeyri-səlis sistem... 

Hər iki tamaşa hazır olduqdan sonra belə bir arxayınlıq yarandı ki, böyük sənətkar - Xalq yazıçısı Elçin dramaturgiyasının mükəmməl prinsiplərinə baş vurmaq üçün sanki hazırlıq mərhələsini dəf etdik və nəhayət, görkəmli sənətkarın "Stalin" ikihissəli fəlsəfi farsı gözlərim önündə bütün təbəddülatı ilə canlanmağa başladı. Sanki Elçin yaradıcılığının çoxfunksiyalı və çoxistiqamətli ehkamı rəngarəng işıq selində "Stalin"in dərin dramatizmi ilə üzərimə tuşlanmış və gözlərimin qamaşacağı təəssüratını bütün ruhuma hopdurmağa başlamışdı. Bu sənət ehkamı təbii hisslərin ötürdüyü dissipativ üfüqə bənzəyirdi. Önümdə, Elçin yaradıcılığının bifurkasiya nöqtələrindən  istiqamət alan ucsuz-bucaqsız geniş bir meydan açılmışdı. Bu meydan, Elçin təfəkkürünün zəngin çalarlarla yüklənmiş nəzər nöqtəsinin saysız-hesabsız işıq selinin sanki qaranlıq tunelə tuşlanan və həmin tunelin o biri üzünə qədər qaranlığı dəlib ətrafı aydınladan əlvan rənglərlə fundamentallaşan bir interpretasiya məkanı idi.

Elçin. "Stalin"... 

Stalin haqqında çoxsaylı əsərlər mövcuddur. Elçinin "Stalin"i fərqlidir. Konkretlikdən uzaq, çoxfunksiyalı personaj tipində yetişdirilmiş "xam mal"dır. Sanki müəllifin sənət təşnəsində yoğrulmuş, "bişməyə" hazır vəziyyətdə dayanmış bir "kündə"dir. Elçin hər kəsə təklif edir ki, "istədiyiniz məhsula çevirmək imkanı yaradıram". Biz, "Stalin"i "Stalin - İzm" konsepsiyası ilə oxuduq və elə, elə də adlandırdıq: "Stalin - İzm". Bu ad altında qeyri-səlis sistemlə yaradıcılıq prosesinə yeni təxəyyül prinsipləri ilə müdaxilə etməyə başladıq. Məşqlərin səmərəsi ilk günlərdən özünü göstərdi. Aktyorlar yeni yaradıcılıq laboratoriyasına daxil olduqlarını hiss etdilər və dilə gətirməyə başladılar. Bu proses hər birimiz üçün son dərəcə maraqlıdır. Mükəmməl ədəbi materialdan səhnə həyatına qədəm qoyan əsərin hələ ilk məşqləri zamanı "Qeyri-səlis məntiq" nəzəriyyəsinin teatr sənətində üzvi birləşməsinin daha fundamental şəkildə təzahürünün canlandığını hər birimiz kəlmə-kəlmə, söz-söz, cümlə-cümlə, fikir-fikir hiss edirdik. Rəmzlər, priyomlar, teatr ifadə vasitələrindən gen-bol istifadə metodologiyası, yeni oyun üslubu, təfəkkürü motivasiya edən tər-təzə yaradıcılıq postulatı, fərqli prinsiplərlə yoğrulan  duyğuların, hisslərin hərəkət mexanizmi, ənənəvi teatr sisteminə adekvat olmayan konseptual yaradıcılıq dəst-xətti aktyorların zehnini itiləyir, hər kəlmədə yeni müstəviyə istiqamətləndirir... 

Əsərdə obrazları olmayan, lakin müəllif ideyasına əsasən işarələri görünən, iştirakçılara əlavə olunan yeni personajların canlı şəkil alması tamaşaya zəngin çalarlar gətirdi. Müəllifin fikir fəlsəfəsinin geniş icmalının konturlarına bir neçə qütbdən istiqamətlər açıldı. Əsərdə yalnız müəllif tərəfindən verilmiş konkret personajların deyil, məhz ölüm hökmünü icra edən bir cəllad maşınının öz cəngində məhv etdiyi nurlu şəxsiyyətlərin, işıqlı ideyaların obrazları öz təzahürünü tapmağa başladı. Tamaşanın geniş miqyasda həm fikir-ideya məcmusu, həm də bütün teatr ifadə vasitələrinin orijinal görkəm alan ecazkar təzahüründə, əlvan rəngarəngliklə işıq selinin bütün tamaşa boyu hər personaja fokslandıqca onun əhvalına, ovqatına xas rənglərlə obrazlı ifadədə hərəkət mexanizmi ilə ayrıca bir tamaşa ekvivalentinə çevrilir. Dekorların personajlar tipində obrazlarla paralel hərəkəti konsepsiyanın ümumi görkəminin bədii ifadəsinin qeyri-səlis daşıyıcısıdır... 

Böyük bir ölkəni özünün inandığı və bəlkə, həm də inanmadığı, bütün ruhu ilə psixoloji sarsıntılarla çulğadığı, tərəddüdlərlə dolu bir rejim altına salmış nəhəng bir xəstəlik prinsipində çulğanmış ideologiyaya qurban verən "lider"in - özünə belə inanmayan, hər şeyə və hər kəsə şübhə ilə baxan, həbsxana qanunları ilə düşünən və ölkəni, nəhəng bir cəmiyyəti həmin qanunlar hökmü ilə idarə edən Stalinin süjet istiqamətində aparılan gedişata əlavələr olaraq çoxsaylı təsəvvür predmetləri ilə zənginləşdirilməsi oyunun qeyri-səlis funksionallığını, dissipativ özünütəşkilini bifurkasiya nöqtəsindən sonrakı yeni məkana daşıyan işıq sellərinin nəhayətsizliyinə qovuşdurur. İnsan taleyinə biganə yanaşan, hətta daha dəhşətli aqressiya ilə münasibət göstərən, lakin özünü həmişə haqlı sayan, cəmiyyətə özünü müqəddəslik rəmzi kimi tanıtmağa çalışan "lider"in bir an içində ölüm cəzası verən şüurunun paralelində anasının müxtəlif vəziyyətlərdə (ana sevgisi ilə, övlad xilaskarlığı ilə, öyüdverici rəmzdə, insanlığa çağıran hisslərlə, qəzəbə qarşı yumşaq duyğularla və s.) qeybdən gələn səsi ilə yanaşı, ölkənin ən ucqar nöqtəsində baş verən hər hansı bir cəza mexanizminin qan tökən səhnəciyinin canlandırılması və eyni zamanda sevgilisi ilə əylənmə prosesi, paraleldə tabeçiliyində süründürdüyü məmurların miskin və xidmətə vadar aşağılayıcı vəziyyətləri, istədiyi kimi onların taleyi ilə oynadığı anlar, ölüm hökmünə qurban etdiklərinin - Mikayıl Müşfiqin, Əhməd Cavadın ah-naləli iniltiləri, Sibirin şaxtalı həbs düşərgələrində can çəkən insanların, o cümlədən, Hüseyn Cavidin, Şükriyyə xanımın acı taleyini canlandıran təzahürlər, hər an ölüm qorxusu altında yaşatdığı Səməd Vurğunun, Üzeyir Hacıbəyovun həyat faciələri, Nəriman Nərimanov və Mustafa Kamal Atatürkün milli ideoloji məfkurəsinə qarşı aqressiv mənfur "pantürkizm" qondarması, türk bayrağının Qara dənizi coşduran nəğməkar hayqırtısına qarşı kəskin mövqe və sair bu kimi neçə-neçə hadisələr cərəyanı ilə zənginləşən epizodlar bir-birinin içindən daraqvari keçidlərlə bir-birinə mane olmadan və hətta biri digərini əsaslandıran ştrixlərlə cərəyan edir. Əlbəttə ki, bu proses müəllifin Stalin personajı tipində və onun ideoloji düsturunda formalaşdırdığı dramaturji materialdan irəli gələn, "həbsxana cəmiyyəti" strukturunda böyük bir ölkənin idarə edilməsinə ömrünü vermiş bir imirqəzəbin, qaniçən vandalın həyat hekayəsini eskizləyən tablosunda orijinal formada qurduğu səhnə-oyun üslubunda - Elçin teatrı strukturunda səciyyələnən düşüncələrin rejissor təxəyyülü ilə paralelləşən duyğusal hisslər məcmusudur. Məhz bu proses "Qeyri-səlis teatrı" sisteminin artıq daha dolğun təzahürə gəlişinin fundamental təməlidir. 

Əminliklə demək olar ki, bu yaradıcılıq laboratoriyasında baş verənlər "Absurd teatrı" kimi, "Qeyri-səlis teatrı" anlayışının da ictimai düşüncəyə sirayətini yəqinləşdirir və "Elçin teatrı" müstəvisində bütöv təzahürdə "Qeyri-səlis teatrı" sisteminin gələcəyin teatrı epoxasına qapı açdığının əsaslandırılmasına məzmunlu və nəzəri-praktiki gerçəklik yaradır.

 

 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!