"Şəfiqə Məmmədova planeti"ni kəşf etməyə yüngülvari cəhd
Bu günlərdə "Kino İttifaq"da gözəl aktrisamız Şəfiqə xanım Məmmədova ilə 2 saat ərzində o qədər maraqlı söhbətlərimiz olub. Ümumiyyətlə bir müddətdir Şəfiqə Məmmədovanı özüm üçün yenidən kəşf etmişəm. Onun böyük aktrisa olması bir yana, inanılmaz sadə və səmimi tərəfləri var. Və ən əsası, özünə hörmət edən aktrisadır. Mənim üçün çox xoş oldu Şəfiqə xanım "Şəxsi Əşyalar" verilişimin Cahangir Novruzova aid olan son buraxılışı haqqında fikirləri. Dedi: "Vasif, çox diqqətlə izlədim. O veriliş 2 deyil, 3 saat da olsaydı, yenə də baxacaqdım. Cahangir bütün verilişi o qədər doldurub, o qədər zənginləşdirib öz dünyagörüşü, öz savadı, düşüncəsi ilə. Nə yaxşı ki, televiziyalar üçün belə bir alternativ veriliş hazırlamısan və Cahangir Novruzov bütün tabuları dağıtdı. Yəni belə söhbətlərlə belə baxış qazanmaq olar." Ümumiyyətlə Şəfiqə xanım mənə elə mətləbləri danışdı… İlahi, o, Həsən Seyidbəylidən, Nəsibə Zeynalovadan Kalyaqinə qədər... o qədər maraqlı söhbətlər etdi ki, mən sadəcə, təəccüb və heyrət içində idim. Tamam başqa bir aləmə düşmüşdüm. Bir müddət öncə görkəmli aktrisa Ətayə Əliyeva haqqında "Film Fond"da keçirdiyimiz kitab təqdimatında Şəfiqə Məmmədova özünəməxsus və olduqca duyğusal çıxış etmişdi. Ramiz Həsənoğlu ilə bərabər zalda hamımızın gözü doldu. Çox gözəl çıxış idi. Bu çıxış haqqında o gün istedadlı aktrisa Gülzar Qurbanova ilə də xeyli danışdıq. Şəfiqə xanım mənə dedi ki: "Vasif, sən Ətayə xanım haqqında kitabı mənə verdiyin zaman, mən elə otağa keçib dərhal onu səhifələdim. Kitabın son səhifələrində sənət dostlarım Amaliya Pənahovanın, Fuad Poladovun, Həsən Turabovun xatirələrini oxudum və onlardan sonra öz müsahibəmi gördüm. Doğrusu, mən unutmuşdum bu müsahibəm haqqında. Onu yenidən oxudum. Və başa düşdüm ki, mən mütləq bu tədbirdə iştirak etməliyəm. Çünki artıq mənim sənət dostlarım - Həsən, Fuad, Amaliya həyatda yoxdurlar. Mən həyatdayamsa, deməli, həm də onların da yerindən çıxış etməliyəm!" Şəfiqə xanım Fuad Poladovun Ətayə xanım haqqında bir cümləsini tez-tez xatırlayır. Deyir: "Ətayə xanım elə bir aktrisa idi ki, heç bir rol üçün minnət etməzdi." Şəfiqə Məmmədovada da bu xarakterlər özünü büruzə verir. Deyir: "Vasif, istəsəydim masamın üstündə uzun bir kağızda yazılan filmoqrafiyamda 70-80 film olardı. Mən bunu istəməmişəm. O qədər obrazları sənət dostlarıma vermişəm ki. Demişəm, filankəslərə verin".
Bir də Şəfiqə Məmmədovada nəyi kəşf etmişəm: o bütün danışdığı xatirələri o qədər canlı, o qədər maraqlı danışır ki, elə bil səhnədə səmimi bir səhnəcik izləyirsən. Yazımın əvvəlində də qeyd etdim axı, adam heyrətlə, böyük diqqət və acgözlüklə onu dinləyir. Şəfiqə Məmmədova bilirsiniz ki, müsahibə verməyi, danışmağı, efirə çıxmağı sevmir. Ancaq könül ortağı, ruh yaxınlığı olan adamlarla hər sözünü paylaşa bilir. Onunla söhbətləri bacardığım qədər yaddaşımın dərin qatına yazmağa çalışdım. Şəfiqə Məmmədova ilə "Bizim Cəbiş müəllim", "İstintaq", "Xoşbəxtlik qayğıları" filmindən də danışdıq. Nəsibə Zeynalova haqqında Pasaj bazarında maraqlı görüşünü o qədər obrazlı şəkildə danışırdı ki, gülməkdən uğunurdum. Görkəmli kinorejissor Həsən Seyidbəylini də xatırladıq. Şəfiqə xanım deyir: "Rasim Balayev, mən, Nəsibə Zeynalova onun sevimli aktyorları olmuşuq. Bizə xüsusi bir sevgisi vardı Həsən müəllimin. Təsəvvür et, "Xoşbəxtlik qayğıları" filmində də Nəsibə xanımın obrazı yox idi, onu xüsusi olaraq filmə Həsən müəllim əlavə edirdi. Hətta Maqsud İbrahimbəyovun ssenarisində də Nəsibə Zeynalovanın obrazı olmayıb, onu da Həsən müəllim ssenariyə əlavə edib. Onun çox böyük hörməti vardı Nəsibə xanıma, istəyirdi filmlərində Nəsibə xanım iştirak etsin." Şəfiqə Məmmədova Əli Zeynalov, Tofiq Kazımov, Mehdi Məmmədov, Fazil Salayev haqqında da danışdı. Hətta "Dəli yığıncağı" tamaşasında Səməndər Rzayevlə, Həsən Turabovla olan səhnələrini də xatırladı; o qədər maraqlı həyat və səhnə epizodlarından danışdı ki, Şəfiqə xanım mən onları çinədanıma yığıb-yığışdıra bilmədim. Bu məqamda haşiyə çıxaraq bir məqamı da qeyd edim: 13 yanvar, Teatr Xadimləri İttifaqından qocaman sənətkar Rafiq Əzimovla birgə çıxıb, birbaşa Rasim Balayevlə görüşə getdik. Bu haqda bir müddət öncə yazı yazmışdım. "Kino İttifaq"ın dəhlizində Rafiq Əzimovla asta-asta gedirik, qəfil Şəfiqə Məmmədova qarşımıza çıxdı. Rafiq müəllimlə qucaqlaşanda Rafiq Əzimov deyir: "Şəfiqə, elə bir az əvvəl bizim Vasiflə sənin haqqında danışırdım. Səni 1964-cü ildə ilk dəfə səhnədə görəndə, Çingiz Aytmatovun "Ana tarla" tamaşasında..." Şəfiqə Məmmədova dərhal müdaxilə edir. Bu tamaşada sadəcə mossovkada olduğunu, əsas rolu olmadığını bildirir və bu məqamda çox tarixi bir an yaşayıram; Rasim Balayev də dəhlizdə bizə qoşulur. Təsəvvür edin, dəhlizdə sağ tərəfimdə Rasim Balayev, Rafiq Əzimov dayanıb, solumda Şəfiqə Məmmədova həmin tamaşada Hökümə Qurbanova ilə tərəf-müqabili olduğu səhnəciyi danışır. Şəfiqə xanım sanki obrazı təkrar yaşayır. Deyir: "Rafiq, mizan belədir. Səhnədə bu hissədən gəlirəm. Hökümə xanım burda əyləşib" - Şəfiqə Məmmədova əlindəki çantanı döşəməyə qoyur, əli ilə yerləri təyin edir. Rasim Balayev hansı tamaşadan söhbət getdiyini soruşur. Hamılıqla "Aytmatovun Ana Tarla"sı deyirik. Rasim müəllim başı ilə təsdiqləyir. Şəfiqə xanım obrazdadır. Elə bil həmin ildə, həmin zalda, həmin səhnədədir. Üçümüz də diqqətlə onu dinləyirik. Şəfiqə xanım obrazın alt qatlarına enib. İlahi, ürəyimdə dillənirəm ki, "Kaş ki, kənardan bir kamera olaydı, bu məqamı lentə alaydı". Mən indi tarixi məqamın düz ortasındayam. Yəqin ki, uzun müddət bu ovqat, bu səhnə məni tərk etməyəcək. Mən və bəlkə də əksəriyyətimiz Şəfiqə Məmmədovanı "Azdrama"nın səhnəsində görməmişik. Ancaq Şəfiqə Məmmədova səhnəciyi o qədər dəqiqliklə ifadə edirdi ki, elə bildim, 1964-cü ildə, elə zaldayam, həmin o səhnəciyi canlı izləyirəm. Bir cümlə sözü vardı həmin məqamda. O cümləni o vaxt necə demişdisə, indi də eyni ilə o cür ifadə etdi. Asta, həzin və pafossuz... Rasim Balayev və Rafiq Əzimov Şəfiqə Məmmədovanı böyük bir maraqla izləyirdilər. Mən isə onların hər üçünün reaksiyasını yadımda saxlayırdım. Çox dəhşətli görüntü idi. Həmin gün səhərə qədər bu ovqat məni tərk etmədi. Bundan öncə Cahangir Novruzovla 3 saatlıq çəkiliş etdiyim gün də eləydi. Eyforiyadan səhər 5-ə kimi gözümə yuxu getməmişdi...
"Kino İttifaq"dan çıxanda, gördüm Şəfiqə xanım da arxamca gəlir. Deyir: Vasif, çıxırsan sən də?" Deyirəm: "Bəli, Şəfiqə xanım. Gəlin birlikdə gedək." Dedi: "Konservatoriyaya gedirəm. Yol yoldaşı olaq". İnanırsınız, yolboyu bizim söhbətlərimiz bitib-tükənmədi. Şəfiqə xanımda bir alicənablığı qeyd etmək istəyirəm. "Şəxsi Əşyalar" layihəsini hamınız bilirsiniz ki, iki-üç dəyərli insanın, dostun dəstəyi nəticəsində çəkirəm. Şəfiqə xanım da bunu biləndə, dedi: "Allah o insanlardan razı olsun. Nə gözəl iş görürlər. Mən onlara təşəkkür edirəm." Bu çox böyüklükdür, e." Şəfiqə Məmmədova verilişə sponsorluq edən tanımadığı adamlara minnətdarlıq edir ki, onlar mənim layihəmə dəstək olurlar. Çünki bu dövrdə mədəniyyət layihəsinə dəstək olan adamlar barmaq sayısı qədərdir. Bu, Şəfiqə Məmmədovanın həm də bir insan kimi böyüklüyünün sübutudur.
Yolboyu Şəfiqə xanımla birgə gedirik. Nizami Kinoteatrının arxasına keçəndə bir nəfər uzaq məsafədən"Vasif, Vasif", - deyərək məni səslədi. Papağı qulaqlarına kimi keçirdiyi üçün uzaqdan tanımadım. Ancaq bir cümləsi qulağımda ilişib qaldı: "Vasif, o xanım Cəbiş müəllimin arvadıdır? Hə?" Bilmədim Şəfiqə xanım bu sözü eşitdi, ya yox, ancaq mən ehmalca başımla təsdiq etdim. Bu məqamda həyat yoldaşımın mənə ilişməsi də yadıma düşdü. Bütün günü əlimdə çanta olduğu üçün evə çantalı gələndə mənə ironiya ilə "Cəbiş müəllim" deyə müraciət edir. Axşam evdə deyirəm, "həmişə Cəbiş müəllim deyirsən. Bu gün həqiqətən də, "Cəbiş müəllimin həyat yoldaşı ilə bərabər yol yoldaşı olmuşam. Özümü onun yanıda əsl Cəbiş müəllim kimi hiss etdim." Gülür...
Konservatoriyanın önündə Şəfiqə Məmmədova əli ilə ovcumu sıxıb deyir: "Vasif, burda sağollaşmalı olacağıq, ancaq mütləq, nə zaman istəsən gəl, söhbətlərimizi edək." Gülümsünür. Sağollaşırıq. Ancaq onun çox qəribə bir yeriş tərzi var. Mən bu yerişi "Ad günü", "Bizim Cəbiş müəllim" filmlərində də müşahidə etmişəm. O yerişin bənzəri yoxdur. O yerişi izah edə bilmirəm. O yeriş təkcə Şəfiqə Məmmədovaya məxsusdur. "Yeriş" demişkən, Şəfiqə xanım "Ad günü" filmində küçə ilə yeriş səhnəsindən danışdı. Deyir: "Rasim müəllimə dedim ki, nə edirsiniz-edin, mən bir dəfə o cür yeriyəcəm və siz onu gərək bir dubla da çəkəsiniz. O ikinci dəfə alınmayacaq. Bir dəfə..." Elə də oldu, Rasim Ocaqov o səhnəni bir dubla çəkmişdi. Eləcə də "İstintaq" filminin finalı. Mətbəxdə Şəfiqə Məmmədova və Kalyaqinin səhnəsi. Təsəvvür edirsiniz, bu səhnə improvizə idi. Belə bir səhnə ssenaridə yox idi. İmrpovizə! Bir dubla çəkilib. Şəfiqə Məmmədova və Aleksandr Kalyaqin o mimikaları cəmi bir dəfə ediblər. Bildiniz də, Kalyaqin dişləri ilə Şəfiqə xanımın əlində olan qovluğu dartışdırır, Şəfiqə xanım da ona sığal çəkən formada şillə vurur. Möhtəşəm səhnə idi və bu möhtəşəm epizod improvizə imiş. Heyrət...
Beləcə bu özünəməxsus yerişi olan gözəl aktrisa dahi Üzeyir Hacıbəyovun heykəlinə sarı yol aldı. Yəni ki, Konservatoriyaya. Ancaq söhbətlərinin dadı hələ də damağımda ilişib qalıb...
Çox istəyirəm ki, Şəfiqə Məmmədova üçün, ya kitab, ya veriliş edim. Ötən il onunla şəhərin mərkəzində, "Kino İttifaq"a yaxın ərazidə təsadüfən rastlaşdıq. Ayaqüstü, bəlkə də bir 20 dəqiqə söhbət elədik. Kitab məsələsini şiddətlə tövsiyə etdim. Çünki onda qatı açılmamış xatirələr var. Şəfiqə Məmmədova uzun paltoda idi. Yenə də obrazvari hərəkətlərlə mənə bir əhvalat danışdı. Dedi: "Vasif, o kitab səncə, lazımdır?" Dedim: "Bəli, mütləq lazımdır, Şəfiqə xanım. İnanın, siz hamı üçün həmişə maraqlı aktrisasınız". Dedi: "Sənə bir hadisə danışacam və bu məni sarsıdıb." Dedim: "Buyurun". Deyir: "Bir tanınmış aktrisamız haqqında kitab çıxmışdı. Özü bu kitabın çıxmasına çox maraqlı idi. Kitaba maraqlı bir ad da qoymuşdu. Bir dəfə küçə ilə gəlirəm. Gözümə zibil yeşikləri önünə düzülən xeyli kitab sataşdı. Soyuq və küləkli hava idi. Yavaşca zibil yeşiklərinə sarı gəldim, yerə səpələnən kitablara baxdım. Təsəvvür elə, bir topa kitabların üstündə həmin o aktrisaya həsr edilən kitab da vardı və külək onun səhifələrini açıb-bağlayırdı. Mənə o qədər pis təsir etdi ki, bu səhnə. Mən çox pis sarsıldım. Özümə gələ bilmədim. Əgər mən özümü dəyərli aktrisa hesab edirəmsə və mənə də həsr edilən kitablar bir gün zibil yeşiklərinə atılacaqsa, ondansa bu kitab heç çıxmasa yaxşıdır. Düz deyirəm, Vasif?" Şəfiqə Məmmədova bu həyat epizodunu mənə danışanda yerimdə quruyub qalmışdım, doluxsunub onu diqqətlə dinləyirdim. Sakitcə dedim: "Şəfiqə xanım, əslində çox haqlısınız. Siz elə bir şey danışdınız ki, adam dəhşətə gəlir və görüntü təsadüfən sizin rastınıza çıxıb. Təəssüf ki, ölkədə zibilliyə kitab atan adamlar da var. Mən başa düşürəm, bu situasiyadan sonra əlbəttə, adam heç nə etmək istəməz. Ancaq siz yenə də bu haqda düşünün. İnanın, bu lazımdır." Gülümsədi dedi ki: "Gəl, zamana buraxaq..."
Sonda istəyirəm, bir vacib məqamı da əlavə edim. Otaqda söhbət etdiyimiz zaman deyirəm: "Şəfiqə xanım, sizdə boy, gözəl səs və qəribə şarm var". Şəfiqə Məmmədova dərhal müdaxilə edir: "Boy, səs o başqa, amma şarm deyil bu. Bu başqa bir şeydir. Səhnədə mən başqa cür oluram. Mən mütləq şəkildə həmin tamaşada tərəf-müqabillərimə vurulmalıyam. Mən bunu səhnədə yaşamalıyam ki, inandırıcı olsun. Bu olmasa, alınmayacaq. Sən bunu yaşamalısan. Bir də qeyd edim, dediyin şarm deyil, bunun adı nəsə sirdir, sehrdir. Bu nəsə başqa bir şeydir. Mən bunu izah edə bilmirəm..." Şəfiqə Məmmədova uzun müddətdir filmlərdə, tamaşalarda olmasa da, ancaq günlərin bir günü yaxşı bir ssenariyə çəkilmək arzusundadır. Deyirəm: "Şəfiqə xanım, fikir verirsiniz, Eldar Ryazanov son filmlərində qocaman sənətkarları bir yerə toplamışdı. Axecakovanı, Qaftı, Qurçenkonu və s. Elə yaxşı olardı ki, sizi, Şükufə xanımı, Gülzar xanımı, Rasim Balayevi, Cahangir Novruzovu bir arada görmək". Şəfiqə Məmmədova bu məqamda da dərhal müdaxilə edir: "Ay sağ ol, bax, mən də razıyam belə bir şeyə. Rasimi, məni, Cahangiri nə bilim, bütün həyatda olan sənətkarları yığsınlar bir araya. Niyə də çəkilməyək?! Yaxşı ssenari lazımdır, vəssalam, Ssenariii!" Bəli, otaq söhbətlərimizin sonu özümüz də fikirləşmədən Alfred Hiçkokun: ..."Yaxşı film yaratmaq üçün bizə üç şey gərəkdir - ssenari, ssenari və bir də ssenari..." fikirləri ilə bitir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!