"Dördüncü divar" qarşısında Tural Xəlilzadədir - Layihə

“Ədəbiyyat qəzeti”nin "Dördüncü divar" layihəsinin budəfəki qonağı İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru və rejissor assistenti Tural Xəlilzadədir.

- Tural, mən bilirəm ki, sən musiqiçi ailəsində doğulmusan. Hal-hazırda da musiqi ilə məşğul olursan. Bəs niyə musiqi sahəsini yox, teatrı seçdin?

- Haqlısan, ailəmiz musiqiçi ailəsidir. Atam Tahir Xəlilov öz dövrünün ən yaxşı xanəndələrindən biri olub, böyük sənətkarlarımız Qulu Əsgərovun və İslam Rzayevin tələbəsi olub. Eləcə də qardaşım Xəyal Xəlilzadə gənc bəstəkar və müğənnidir. Yəni uşaqlıqdan evimizdən həmişə musiqi sədaları eşidilib. Sözün düzü, ilk vaxtlar peşəkar səviyyədə musiqi ilə məşğul olmaq üçün can atmırdım. Çünki hüquqşünas olmağı arzulayırdım. Amma iş elə gətirdi ki, artıq altıncı, yeddinci sinifdə yavaş-yavaş özüm də pianoda, gitarada, zərb alətlərində musiqilər ifa etməyə başladım.

İxtisasım musiqili teatr rejissorudur. Teatra gəlişim musiqidən yaransa da, ədəbiyyatı və teatrı sevməyim burada həlledici rol oynadı. Üç sahənin birləşməsinin təzahürü olan teatr sahəsinə istiqamətləndim.

- Teatrda neçə ildir fəaliyyət göstərirsən?

- Aktyor kimi üç ildir ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrında səhnəyə çıxıram. Bir ildən çox müddətdə isə rejissor assistenti kimi də fəaliyyət göstərirəm. Və teatrın yeganə rejissor assistenti olduğumdan demək olar ki, bütün tamaşalarda rejissor assistentliyi, bəzi tamaşalarda isə ikinci rejissor kimi çalışıram.

- Səhv etmirəmsə, teatrdan əvvəl musiqi qrupunuz da olub. Bir neçə ölkələrdə çıxışlar da etmisiniz.

- Təvazökarlıqdan kənar da olsa, deyim ki, mən də həyatını musiqiyə sərf edən, bağlayan insanlardanam. Özümün xeyli sayda şeirlərim, hekayələrim və bəstələrim var. On ildir ki, gitara üzrə dərs deyirəm. Üç yüzə yaxın tələbəm var. İndi onlar özləri dərs deyirlər, müxtəlif ölkədaxili festivallarda iştırak edirlər. Çox vaxtı onlarla hardasa rastlaşanda, görüşəndə xatırlamaqda çətinlik çəkirəm. Amma elə tələbələrim var ki, indi də mənə müraciət edəndə nə kömək lazımdırsa, edirəm. Qaldı ki, qrupla bağlı sualınıza. Məktəb illərindən müxtəlif rok qrularla çalışımışam. Sonuncu rok qrupumuz "5.59" da isə basgitarda və bek vokallarda ifa edirdim. Albom da çıxarmışıq, xarici ölkələrdə çıxışlar etmişik. Amma son illər vaxt sarıdan xeyli əziyyət çəkirəm. Boş vaxtım demək olar ki, olmur. İmkan tapan kimi isə mütaliə ilə məşğul oluram, musiqi dinləyirəm, yeni çıxan filmləri və tamaşaları izləyirəm. Yəni qrupla məşğul olmaq üçün lazım olan vaxt sözün açığı məhduddur.

- Rejissor olmaq çətindir, ya aktyor?

- Ümumiyyətlə, sənətin hər bir sahəsi çətindir. Mənə bəzən tələbələrim sual verirlər ki, müəllim, hansı alətdə ifa etmək çətindir? Mən onlara deyirəm ki, asan ifa olunan alət yoxdur. Hətta kənardan sadə görsənən nağara alətinin belə öz xırdalıqları var. Yəni hər sənətin də öz spesifik xüsusiyyətləri, incəlikləri vardır. Ona görə də deyə bilmərik ki, bu sənət asandır, digəri isə çətin. Əgər sənətinin peşəkarısansa, onunla ciddi məşğul olursansa, o sənət də sənə çətin gələcək. İxtisasım aktyorluq olmasa da, ifa etdiyim rollarda rejissorluğumun təbii ki, çox köməyi olur. Və verilən tapşırığı dəqiq yerinə yetirməyə çalışıram.

- Ümumiyyətlə, hal-hazırda rejissorların aktyorlarla iş prosesi nə dərəcədə qənaətbəxşdir?

- Rejissor əsəri analiz edir. Əsərin ideya xəttini, obrazların ali məqsədlərini, konfliktləri tapıb kompozisiyasını təyin edir. Yəni rejissor aktyorla fərdi formada elə işləməlidir ki, qaranlıq qalan məqam olmasın. Digər tərəfdən mən həmişə deyirəm ki, aktyor özü həm də yarı rejissordu. Hər bir aktyor öz rolu üzərində çalışarkən sırf rejissor nə deyibsə, onunla məhdudlaşmamalıdır. Əgər rejissor bütöv tamaşa haqqında düşünürsə, aktyor öz rolu üzərində düşünməyi, axtarışlar etməyi bacarmalıdı.

- Stanislavski tələbəlik illərinin ilk günlərində dərsdən evə gedib məşq edərkən yastığı Dezdamona, özünü isə Otello zənn edərək yastığı didib tökürmüş. Səndə evdə rolu məşq edərkən belə situasiyalar yaranmır?

- Evdə, təbii ki, məşq edirəm. Amma o cür həyəcanlandığım, özümü rola qapdırdığım məqamlar yadıma gəlmir (gülür). Aktyorluq sənəti bir çox tərəflərdən gedib psixologiya sahəsinə çıxır. Çünki aktyorluq həm də hal, ovqat oyunudur. Texniki olaraq, mimikalardan istifadə edərkən, nəyi qabartmaq, nəyi azaltmaq lazımdır düşüncəsi ilə güzgü qarşısında məşq edirəm. Hardasa müəyyən qədər qabarıqlıq olmalıdır. Teatr sənəti qabarıqlığı sevir. Çünki tamaşaçı müəyyən məsafədən aktyora baxır. Səhnədə film deyil axı hər şeyi iri planda təqdim edəsən. Hər bir aktyorun öz fərdi məşq prosesi olur. Əsas məsələ odur ki, aktyor yaradacağı obrazın kimliyin dərindən bilsin və onlara oxşar insanları həyatda müşahidə etməyi bacarsın. Nəzəriyyə hər bir peşədə əhəmiyyət kəsb edir. Amma misal üçün, əyyaş rolu üçün aktyor mütləq əyyaşı müşahidə etməli onun xarakterik xüsusiyyətlərini kəşf etməlisən.

- Kimləri mütaliə edirsən?

- İşdən evə gələndən sonra mütləq şəkildə çalışıram ki, ədəbiyyata vaxt ayırım. İşim və peşəm teatrla bağlı olduğundan gündəlik oxu qrafikində daha çox XX əsr dramaturgiyasına üstünlük verirəm. Moris Meterlinkin, Artur Millerin, Harold Pinterin dram əsərlərini çox sevirəm. Harold Pinter bildiyiniz kimi "absurd teatr"ın yaradıcılarından biridir. Pinterin əsərləri o qədər də irihəcmli deyil, amma fikir yükü baxımından dərindir. Misal üçün, pyes qırx əlli səhifədirsə, onun analizi yüz səhifədir. Sonra elə haqqında danışdığımız yazıçının "Evə qayıdış" pyesi var. Həmin pyesdə yüz on üç pauzadan istifadə olunub. Hər bir pauza isə danışır... Adlarını çəkdiyim bu müəlliflərin bir neçə dram əsərləri var ki, rejissor kimi gələcəkdə həmin əsərləri səhnələşdirməyi düşünürəm.

- Kinoya münasibətin də maraqlıdır.

- Vaxt baxımından, təbii ki, çox imkan tapıb baxa bilmirəm. Amma lirik psixoloji janrlı filmlər daha çox diqqətimi cəlb edir. "Qu Quşu yuvası üzərindən uçuş", "Forrest Qamp", "Şouşenkdən qaçış", "Pianoçu", "Apokalipsis" və s. filmlər sevdiyim filmlər siyahısındadı.

- Hal-hazırda hansı əsərlər üzərində işləyirsən?

- Bu yaxınlarda Cəfər Cabbarlının "Vəfalı Səriyyə" pyesi əsasında hazırlanmış tamaşamızı təhvil verdik. Hidayətin "Ömürdən uzun gecə" tamaşası üzərində isə məşqlərimiz davam edir. Hər iki tamaşanın premyerası gözlənir. Hər iki tamaşada aktyor və ikinci rejissor kimi, "Vəfalı Səriyyə" tamaşasında isə musiqi tərtibatçısı kimi iştirak edirəm. Ola bilsin ki, fevral ayında Xalid Hüseyinin romanı əsasında hazırlanmış "Min möhtəşəm" tamaşasını yenidən səhnədə oynadıq.

22 yanvarda isə Qırğızıstan yazıçısı Mar Baciyevin "Sonuncu reys" pyesi əsasında hazırlanmış "Ömür qatarı" tamaşasının premyerası oldu. Qeyd edim ki, tamaşa izləyicilərimiz tərəfindən çox yaxşı qarşılandı.  Tamaşanın quruluşçu rejissoru teatrımızın baş rejissoru əməkdar artist Sərvər Əliyevdir. Fürsətdən istifadə edib teatrımızın direktoru İftixar Piryevə və baş rejissorumuz Sərvər Əliyev də başda olmaqla bütün kollektivimizə uğurlar arzu edirəm.

Söhbətləşdi: Samirə ƏŞRƏF


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!