Yarım əsrə yaxın bir dövrü əhatə edən dostluq - Çingiz ƏLƏSGƏRLİ

 Vaxtı ilə mənim tələbə dostum olmuş Aydın Ağazadənin bu il, 2025-ci il fevral ayının 20-də 70 illik yubileyidir. Biz hər ikimiz zamanın necə sürətlə keçdiyinin fərqində olmamışıq. Amma yaxşı ki, heç birimiz zamanı boş yerə keçirməmişik. Bu gün hər ikimiz həyatda qazandığımız müəyyən uğurlarımıza sevinə bilərik.

Aydın adı Ağazadə soyadı jurnalistika, televiziya, teatr, kino, hüquq, ədəbiyyat və dramaturgiya aləmində yaxşı tanınır. O, jurnalist kimi peşəkar məqalələrin, yazıçı kimi böyük rəğbətlə qarşılanan ədəbi nümunələrin, ssenaristi olduğu uğurlu filmlərin və səhnədə həllini gözləyən neçə-neçə maraqlı əsərlərin müəllifidir. Dostum bütün bu sahələrdə uğur qazana bilib. İstedadlı insan çalışdığı hər bir sahədə uğur qazana bilər.

Mən Aydın Ağazadənin 60 illik yubileyi münasibəti ilə yazdığım və "525-ci qəzet"də çap etdirdiyim məqaləni "Zəhmət, qürur və fərəhlə yaşanmış illər" adlandırmışdım. ("525-ci qəzet", 20 fevral 2015-ci il). Bu, həqiqətən, belədir. Aydın ömrünün illərini zəhmətlə, qürurla və fərəhlə yaşayıb. Məqalənin sonunda yazmışdım ki, "İnşallah, dostum Aydının sonrakı yubileylərində görüşmək ümidi ilə". Bu görüşü Allah bizə bu gün - Aydın Ağazadənin 70 illik yubileyində qismət etdi. Allah ömür versə, inşallah, onun 80 illik yubiley məqaləsini də mən yazaram.

Aydın dostluğa qiymət verməyi bacaran, onların qədrini çox yaxşı bilən, onlar üçün fədakarlıq etməyi bacaran insandır. Onun istənilən hadisə və mövzuya tam fərqli münasibəti olur. Bu onun savadı, biliyi və hərtərəfli hazırlıqlı olmağından irəli gəlir. O, müsbət xarakterli bir insan olub, hamıya qarşı dözüm nümayiş etdirsə də, özünə qarşı həddindən artıq tələbkardır. Aydın cavan vaxtlarında da belə idi, bu gün də belədir.

Bizim dostluğumuzun tarixi 1977-ci ildən başlayaraq, bu günə qədər davam edir. Bu dostluq, nə az, nə də çox, düz 48 illik bir dövrü əhatə edir. Sağlıq olsa, 2 ildən sonra, dostluğumuzun yarım əsrlik yubileyini qeyd etmək səadətini Allah bizə qismət edər. Yarım əsr bir igidin ömrüdür. Yarım əsr dost olmaq, dostluğu qoruyub-saxlamaq heç də asan iş deyil. Biz bunu bacarmışıq.

 

Bu dostluq Aydının birinci ali təhsil aldığı M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) başlayıb. Biz hər ikimiz bu institutun teatrşünaslıq fakültəsini bitirmişik. Kurs rəhbərimiz Şərq teatr tarixinin bilicisi və ilk tədqiqatçılarından biri olmuş rəhmətlik Mahmud Allahverdiyev idi. Aydın İnstitutda təhsil aldığı illərdə Azərbaycan Televiziyasında işləyirdi. O, 1976-cı ildən 1990-cı ilə qədər Azərbaycan Televiziyasında rejissor assistenti kimi fəaliyyətə başlayıb, zəngin yaradıcılıq yolu keçərək redaktor vəzifəsinə qədər yüksəlib. Aydın televiziyada işlədiyi 14 illik bir dövrdə televiziya və kino sahəsinin sirlərini mükəmməl mənimsəyə bildi. Bu bilgi sonralar ona gərək oldu. O, televiziya filmləri üçün ssenari yazmağa başlayanda, düzü, mən heç təəccüblənmədim, əksinə, sevindim. Çünki ssenari yaradıcılığı ilə hər yerindən duran yox, məhz Aydın kimi kino və televiziya sahəsini mükəmməl bilən şəxslər məşğul olmalıdırlar.

Onun ssenarisi əsasında 2004-cü ildə Azərbaycan Televiziyasında ilk dəfə olaraq "Sonuncu şahid" dördseriyalı bədii televiziya filmi çəkildi. Bu, Azərbaycan televiziyasında serial sahəsində ilk qaranquş sayıla bilər. Bu serialı mərhum rejissorumuz, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə çəkmişdi. Film həmin dövr üçün yenilik hesab edilərək, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdı.

Aydın publisistika, nəsr və ssenari yaradıcılığı ilə bərabər, həmçinin dramaturgiya sahəsi ilə də məşğul olaraq, "Baş tutmayan elçilik", "Dahi", "O dünyada görüşərik", "Qəhrəman sorağında", "Məhəbbət olmayanda" dram əsərlərini yazdı. Bu dramlarla tanış olan biri kimi deməliyəm ki, bu əsərlər maraqlı süjet xətti, obraz mükəmməlliyi, daxili hərəkətverici qüvvəsi, dramatik ehtirası, daxili və zahiri hərəkət vəhdətinin mükəmməlliyi baxımından maraq doğurur.

"Baş tutmayan elçilik" əsəri özünün novellavari süjet xətti, hadisələrin ardıcıllığı boyu daim artan mütləq gərginliyi, konfliktin gözlənilməz məqamları, hadisələrin düzüm mexanikasına görə maraqlı və ibrətamizdir. Əsərin adından göründüyü kimi, gözlənilən elçilik baş tutmur. Baş tutmayan elçiliyin səbəb və nəticələri dramatik hadisələrin çözümündə araşdırılır.

"Dahi" əsəri Aydının növbəti əsəridir. Əsər bəşəriyyəti xilas etməyə can atan bir azərbaycanlı alimin həyat və elmi kəşfindən bəhs edir. Bəşəriyyəti xilas etməyi qarşısına məqsəd qoyan alim, həyatını belə təhlükəyə atmaqdan çəkinmir.

Onun növbəti əsəri "O dünyada görüşərik" adlanır. Bu əsərdə də insan ömrünün faniliyindən, insani münasibətlərindən və əbədi məhəbbətdən bəhs edilir.

Aydının "Qəhrəman sorağında" əsərində də fərqli süjet xətti ilə qarşılaşırıq. Əsərdə dramaturq öz yazdığı əsəri üçün qəhrəman axtarır. O, düşdüyü bütün vəziyyətlərdə rastlaşdığı insanları əsərinin qəhrəmanına bənzədir. Dram əsəri maraqlı və eyni zamanda gözlənilməz sonluqla bitir.

Onun "Məhəbbət olmayanda" əsəri də, adından göründüyü kimi, insan həyatında məhəbbətin vacibliyinə olan inamdır. Məhəbbət istənilən yaşda insan həyatına gələ bilər. Bədbəxt o kəsdir ki, həyatında məhəbbət olmasın.

Bu dram əsərlərinin hər biri öz səhnə həllini gözləyir. İnanıram ki, onun bircə səhnə əsərinə müraciət edən rejissorlarımız, yeni bir dramatik düşüncə tərzi ilə qarşılaşdıqlarını etiraf etməli olacaqlar.

Aydın sonralar televiziyadan mətbuat sahəsinə keçərək, müxtəlif mətbu orqanlarında çalışaraq, yazdığı məqalələrlə çox qısa müddətdə yüksək peşəkarlıq nümayiş etdirdi. "Ədalət" qəzetində redaktor müavini, "Azərbaycan" qəzetində hüquq şöbəsinin müdiri, "Hüquqşünas" qəzetində baş redaktor vəzifələrində çalışdı. O, qəzetlərdə işlədiyi dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi dövlət quruculuğu prosesini məqalələrində dolğun şəkildə canlandırıb, ictimaiyyətə çatdırırdı. O, ulu öndərin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərinin alovlu təbliğatçısına çevrilmişdi. Onun yazdığı məqalələr dövlət siyasətinə və milli maraqlara xidmət edirdi.

Bir müddət keçəndən sonra Aydın Ağazadə hüquq sahəsində təhsilini artırmaq qərarına gələrək, ikinci ali hüquq təhsili aldı. O, ikinci ali təhsilini alandan sonra, uzun müddət Ədliyyə Nazirliyi sistemində ictimaiyyətlə əlaqə şöbəsinə rəhbərlik etdi. Aydın bu məsul vəzifədə də yüksək peşəkarlıq nümayiş etdirərək, baş ədliyyə müşaviri vəzifəsinə qədər yüksəldi.

Onun hüquq və digər sahələrə həsr olunmuş bir neçə kitabı çap olunub. "Həsən Əliyev-hakim və insan" (1997), "Cəllad aman istəyir" (2001), "Əbədi Selcan" (2007), "Sabun köpüyü" (2009), "Türkün böyük lideri" (2017) kitabları oxucular tərəfindən maraqla qarşılandı.

"Həsən Əliyev-hakim və insan" əsəri maraqla oxunur. Dostum bu əsərdə hakim Həsən Əliyevin insani keyfiyyətlərini və hakim kimi peşəkarlığını üzə çıxarmağı bacarıb.

Kitabda Azərbaycanın görkəmli hüquqşünası mərhum Həsən Əliyevin həyat və fəaliyyəti haqqında dostlarının, həmkarlarının və tələbələrinin ürək sözləri, xatirələri toplanmışdır.

Aydın ləyaqətli insan haqqında kitab yazıb, onun xatirəsini əbədiləşdirərək, gələcək nəsillərə ünvanlamışdır. Gənclər belə mükəmməl şəxsiyyətləri, mətin kişiləri tanıyıb, onlara bənzəməyə çalışmalıdılar.

Aydın Ağazadənin "Cəllad aman istəyir" kitabı hüquqşünas Vilayət Zahirova həsr olunmuşdur. Kitab kriminal aləmdən, hüquq-mühafizə orqanları işçilərinin fədakarlığından, onların vətənə sədaqətindən, düşmənə olan barışmaz mövqeyindən bəhs edir. Əvvəlki kitabda olduğu kimi, bu əsərdə də cümlələrin bədii bütövlüyü, sözlərin yerində dəqiq deyilişi, maraqlı yazı üslubu, gözlənilməz məqamların maraqlı təsviri oxucunu cəlb edir.

Əsl ziyalını və yazıçını mühitin ona doğru müdaxiləsinə cavab reaksiyası fərqləndirir. Onlar digər insanlardan onunla seçilir ki, ətraflarında baş verən hadisələrə passiv müşahidəçi mövqeyindən çıxış edərək biganəlik, laqeydlik göstərmirlər. Aydında əsl vətəndaş, ziyalı, alım, publisist, yazıçı və dramaturq üçün zəruri olan keyfiyyətlərdən cəmiyyətimiz xəbərdardır. O, sözün əsl mənasında məslək adamıdır, onun siyasi baxışları hər zaman aydın və sabitdir.

Aydının növbəti kitabı "Əbədi Selcan" adlanır. Qeyd etməliyəm ki, Selcan Aydının böyük nəvəsinin adıdır. Romanda Selcanla Oqtayın hamıya örnək ola biləcək məhəbbət macərası fonunda, cəmiyyətimizdə olan cinayətkar ünsürlərə qarşı mübarizlik, dəyanət və cəsarət göstərən gənclərimizin ümumiləşdirilmiş obrazı yaradılıb. Əsər boyu oxucu ülvi məhəbbətlə sevməyi bacaran, lakin lazım gələrsə, ədalətin bərpa olunması naminə şəxsi səadətindən belə keçməyə hazır olan əqidəli gənclərimizlə tanış oluruq. Əsər müasir dövrümüzdə çoxlarının inanmadığı möhtəşəm məhəbbət abidəsidir. Əsərdə oxuyuruq: "Bu dünyada heç nə əbədi deyilmiş, təkcə məhəbbətdən savayı. Səndən ayrıldığım yeddi il bu həqiqəti mənə bir daha dərk etdirdi".

Aydının növbəti əsəri "Sabun köpüyü" povestidir. Bu əsərdə də həyatın fani olmağından, insani münasibətlərdən və əbədi məhəbbətdən söhbət açılır.

"Türkün böyük lideri" əsərində dostum Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarının həyat və siyasi fəaliyyətini qələmə alıb. Aydın bu əsəri yazarkən "525-ci qəzet"in Türkiyə təmsilçisi idi. Qardaş ölkədə Ərdoğan cənabları haqqında kifayət qədər material toplayaraq, maraqlı bir əsər yazmış və kitabı Türkiyə prezidentinə şəxsən təqdim etmişdir.

Bütün bunları sadalamaqda məqsədim başqadır. Aydın hansı sahədə, hansı vəzifədə işləməyindən asılı olmayaraq həmişə öz üzərində işləyən, zəhmətsevər, səmimi, qayğıkeş bir insandır. Onunla olan dostluğumuz elə əvvəlki dostluqdur. İllər bizim dostluğumuza xələl gətirə bilməyib.

Artıq bir neçə ildir ki, Aydın təqaüdə çıxıb. Nə yaxşı ki, dövlətimiz tərəfindən onun əməyi və xidməti layiqincə qiymətləndirilib. O, 2020-ci il Mətbuat günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülmüşdür.

İnsan ömründə 70 yaş elə bir zirvədir ki, bir çoxlarına bu yüksəkliyə çatmaq qismət olmur. Bu, ulu Tanrının heç də hər kəsə qismət etmədiyi lütfüdür. Görünür, Aydın Allahın sevdiyi bəndələrindəndir. Bu yazını yaza-yaza düşünürəm ki, Aydın niyə də Böyük Yaradanının sevdiyi bəndə olmasın? Aydın hər zaman əqidəsinə sadiq qalan, sözündə, əməlində dönməz olan, yaşam tərzi və davranışı ilə hamıya, xüsusən, gənclərə nümunə olmağı bacaran, qəlbində Allah sevgisi olan bir insandır. O, vətənini, millətini sonsuz məhəbbətlə sevən, ölkəmizin hər bir uğuruna qəlbən sevinən bir şəxsdir. Aydın ömrünün 70-ci ilində də yüksək yaradıcı təfəkkürə və təxəyyülə, yüksək intellektə, gəncliyində olduğu kimi, çılğın təbiətə, dərin analitik düşüncəyə malik biridir. Aydın həyatda nə qazanıbsa, öz zəhməti, istedadı, xarakteri və bacarığı ilə qazanıb.

O, yazdığı məqalələrdə, ssenarilərdə, nəsr və dram əsərlərində insanlar arasında olan sədaqəti, məhəbbəti və digər yüksək insani keyfiyyətləri təbliğ edir. O, vətənimizin xoş gələcəyinə, insanlarımızın firavan yaşayışına, ölkəmizin gələcək uğurlarına inanan bir insandır. Aydın Qarabağ işğalda olduğu dövrdə hər zaman vətən torpaqlarının azad olunacağına qəlbən inanırdı. Başqa cür ola da bilməzdi. Bu, ölkə rəhbərinin daxili və xarici siyasətinə və Ali Baş Komandanın hərbi bacarığına olan inam idi.

Yaxşı xatırlayıram, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə mən Aydınla, demək olar ki, hər gün telefonla danışırdım. Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə Milli Ordumuzun vətən torpaqlarını qarış-qarış düşməndən azad etmələrinin qələbə sevincini yaşayırdıq. Vətən torpağının hər bir qarışının işğaldan azad olunması ona dünyaları bəxş edirdi.

Aydın yaxşı dost, yaxşı ata, yaxşı ailə başçısı, yaxşı babadır. Gözünün ağı-qarası olan bircə qızının və iki nəvəsinin qazandığı uğurlar onun qəlbini dağa döndərir.

Bu yazımda Aydın Ağazadənin ömür və yaradıcılıq yoluna qısa ekskurs etməyə çalışdım. 70 yaşlı tələbəlik dostuma həyatda möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və çoxşaxəli yaradıcılığında uğurlar arzulayıram.

Mən dostuma 60 illik yubileyi üçün yazdığım məqalənin son cümləsini 70 illik yubiley məqaləsində də təkrar etmək istəyirəm:

"İnşallah, dostum Aydının sonrakı yubileylərində görüşmək ümidi ilə"...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!