Ahmet Kayanın "Mahur beste" adlı şərqisi var. Kədərli zamanlarda dinləyib "O mahur beste çalar, Müjganla ben ağlaşırız" sətirləri qarşısında "Müjganla birgə" ağladığım nəğmələrdən biri... Yəqin ki, bir çoxları ağlayıb bu şərqi ilə birlikdə... Kədərini dilə gətirmiş şeiri, nəğməni dua kimi oxuyub, içinə çəkib...
***
Bir gün "Mahur"un yazılma tarixini, hekayəsini, kimə ünvanlandığını - bir sözlə, şərqidəki "Müjgan"ın kim olduğunu öyrənmək istədim. Özlüyümdə bu şeirin "nakam sonluqla bitən bir eşq haqqında" yazıldığına əmin idim.
İnternetdə axtarış edərkən gözləmədiyim bir məlumatla qarşılaşdım. Və bu məlumat şərqini dinləyərkən duyduğum həsrət hissinin üzərinə böyük bir faciə yükünün də əlavə edilməsinə səbəb oldu. Elə həmin gündən daha çox dinlədim "Mahur"u... Həmin gündən həyatımdakı ata, bacı itkisinə ağlayarkən köməyimə gələn ilk şərqiyə çevrildi. Ağladı, ağlatdı...
***
Onu da deyim ki, bu yazını yazmaq üçün bir neçə dəfə cəhd etmiş, lakin qərara gələ bilməmişdim. Hər dəfə nəyi isə yaddan çıxaracağımdan, şeiri oxuyarkən, şərqini dinləyərkən duyduğum hissləri, fikirlərimi dilə gətirə bilməyəcəyimdən ehtiyat edir, yazını qeyri-müəyyən vaxta kimi təxirə salırdım. Nəhayət, həmin gün yetişdi və mən "Müjganla birgə" ağladığım kimi, elə "Müjganla birgə" yazmaq qərarına gəldim.
***
6 may 1972-ci il tarixində Deniz Gezmiş, Hüseyin İnan və Yusuf Aslan adlı üç gənc solçu məhkəmənin qərarı ilə asılaraq edam edilir. Bu edam xəbərini eşidən Türkiyədəki fikir adamları çox sarsılır. Etirazlar səslənir. Attila İlhan isə həmin "Mahur" şeirini yazır...
"12 mart hadisələrindən sonra əzab dolu günlər yaşayırdıq. Bir səhər radioda o ağır xəbəri duyduq: Denizə və digər gənclərə qıyılmış - edam edilmişdi. Karşıyakadan İzmirə keçmək üçün qayığa mindim. Dəniz bulanıqdı. Qapqara göyün altında qəzəbli, çalxalanan... Acı bir küləyin ortasında fikrimdə ilk misra yazıldı... Qayıqda sakit bir guşə tapıb yüksək səslə təkrarladım. Qayıqdan endikdən sonra da sahil boyu bu ilk misraları təkrarlayaraq yürüdüm.
"Bir yangın ormanından püskürmüş genç fidanlardı,
Güneşten ışık yontarlardı sert adamlardı
Hoyrattı gülüşleri aydınlığı çalkalardı
Gittiler akşam olmadan ortalık karardı."
Heç demə, şeirdəki qüssənin, iztirabın səbəbi bu imiş... Nakam qalan üç həyat, nakam qalan talelər, arzular. Sanki onlarla birgə Attila İlhan da edam olunmuşdu, Ahmet Kaya da... biz də...
***
Ahmet Kayanın bəstələdiyi mahnı, özünəməxsus ecazkar səsi şeirlə elə bir vəhdət təşkil edir ki, əsərin sehrindən qurtulmaq olmur. Qəribə bir çılğınlıq yaranır ruhunda. Həyata, ölümə, dünyaya etiraz etmək keçir içindən.
"Bitmez sazların özlemi daha sonra daha sonra..."
Yəqin ki, elə bu səbəbdən də hər dəfə bu səsi dinlədikdə atamı xatırlayıram. Mübariz ruhlu, cəsur, dəliqanlı bir adam idi atam... Amma bu döyüşkən vücudun içində elə incə bir qəlb, bir ruh gizlənmişdi ki... Bu, uşaq kimi sadəlövh, yumşaq ürəkli adam həssaslığını büruzə verməməyə, qəhərini boğmağa çalışsa da, səsi, gözləri "ələ verirdi" onu. Ahmet Kayanın səsində də onu "ələ verən" məqamlar var. Şərqidəki bu misranı səsləndirdiyi an kimi...
"Yalnız kederli yalnızlığımızda sıralı sırasız..."
***
Hələ lisey illərində - on altı yaşında ikən sevdiyi qıza Nazim Hikmətin:
"Çürüksüz ve cam gibi berrak bir kış günü
sımsıkı etini dişlemek sıhhatli, beyaz bir elmanın.
Ey benim sevgilim, karlı bir çam ormanında nefes almanın
bahtiyarlığına benzer seni sevmek" -
şeiri ilə məktub yazdığı üçün həbsə salınan Attila İlhan, ideyaları uğrunda edam olunan gənclərə görə ağlamaqla həyatın nə qədər kədərli, məhzun olduğunu, insanlığın faciələrinin bir-birinə qarşı həm fiziki, həm də mənəvi düşmənçilik səbəbindən yarandığını dilə gətirir.
Yeri gəlmişkən, şeirdəki "Müjgan" qadın adı deyil, "kirpik" mənasını daşıyır. (Elə Azərbaycan şeirində də "müjgan" ifadəsinin məhz kirpik mənasında işləndiyi nümunələr az deyil). "Müjganla ben ağlaşırız", yəni kirpiklərinə qoşulub ağlayır şair, hüznünə ortaq olan kirpiklərinə...
"Şenlik dağıldı bir acı yel kaldı bahçede yalnız
O mahur beste çalar Müjgan'la ben ağlaşırız
Gitti dostlar şölen bitti ne eski heyecan ne hız
Yalnız kederli yalnızlığımızda sıralı sırasız."
***
Attila İlhan əksər şeirlərində kədərlə mübarizənin sintezini yaratmağa çalışmış və buna nail olmuşdur. Bu şeirləri oxuyarkən sanki şairlə birgə uzaq bir yola çıxır, bərabər addımlayırsan. Bu yol kədərdən, ağrı-acıdan xali deyildir. Lakin sonda:
"Görünmez bir mezarlıktır zaman
şairler dolaşır saf saf
tenhalarında şiir söyleyerek
kim duysa, korkudan ölür
-tahrip gücü yüksek-
saatlı bir bombadır patlar
an gelir
Attil? İlhan ölür."
"An gelir Attila İlhan ölür..." Həmin an uzaqda deyil, aramızdadı, içimizdədi, bizimlədi, bizdədi... An gələcək və biz öləcəyik. Öləcəyik, amma insanlıq qalacaq, dostluq, yoldaşlıq, sevgi, sədaqət qalacaq... şeirlər qalacaq, şərqilər qalacaq. Həyatda heç nə birdəfəlik yox olmur, sadəcə, formasını dəyişir. Bəlkə daha sadə, bəlkə daha mürəkkəb, ya da mükəmməl olur.
***
Gecə... Yağış... Masa üzərində vərəq, qələm, telefonda Ahmet Kayanın - "O mahur beste çalar, Müjganla ben ağlaşırız" oxuyan mübariz səsi. Könlümdə fırtınalar... yaza bilmədiyim şeirlərin ağrısı... Yağış... Yağış...
Xatirə NURGÜL
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!