V.Şekspir “Kral Lir” - İFTİXAR

(Siyasi faciə) (Rejissor yanaşması)

Vaxtilə nəhəng gücə malik, uzun illər ölkəsinin nizamlı və firavan yaşamasının təminatı olan Lir birdən-birə ətrafın gözləmədiyi, ağlından belə keçirmədiyi qərar qəbul edir: ölkəni və onun idarəçiliyini, öz qızları və onların ailəsini varis elan edərək 3 bərabər hissəyə bölür... 

 Lirin ən yaxın sərkərdəsi olan Qraf Kent bölgünün artıq icra edildiyini Qraf Qlosterdən xəbər tutur.

İlk baxışdan bütün qərar məntiqli və kralın şəxsi addımları kimi görünür. Təbii ki, illərdir ən güclü və ağıllı hökmdar daha böyük lütf edib. Kral, təbii olaraq qocalıb, ətrafı isə ona sonsuz sadiqdir. Kral, Kentin təkidlərinə baxmayaraq verdiyi qərarı geri götürmür.

Bu qərar və baş verən hadisə saray adamlarının, əsasən də, kralın öz qızlarının iki cəbhəyə bölünməsinə səbəb olur. Mübahisə yaranan təntənəli mərasimin sonu kralın kiçik qızının və qraf Kentin saraydan qovulması, 3 pay ərazilərin isə iki paya dəyişdirilərək üçüncüsünün  böyük bacıların arasında bölünməsi ilə nəticələnir...

Qraf Kent başa düşür ki, ciddi təxribat baş tutub. Saraydan qovulsa da, başqa qiyafədə dönüb kralın ən yaxınında olmaq, bu təxribatı açaraq ifşa etmək qərarına gəlir.  Əslində qanuni kralın, faktiki olaraq gizli devrilməsi baş tutub. 

 

Kentin məxfi saraya qayıtmasına kralın təlxəyi gizli köməklik edir.  

Məhz bu arada, Qraf Qlosterin (faktiki baş nazirin) qeyri-rəsmi nikahdan olan oğlu Edmund meydanda görünür. Əvvəlcə öz qanuni qardaşını təxribatla aradan götürən Edmund daha sonra, iştahı böyüyərək daha böyük iddialara meyil edir, sonralar, hətta demək olar ki, "KRAL" pilləsinin bir addımlığına çatır.  

Hadisələr sırasında çevrilişdə müxtəlif pozisiyalarda iştirak edənlərin (Qonerilya və Albani, Reqana və Kornuol, Qraf Qloster, Edmund, Osvald) bir cəbhədə, onların ifşası, edilən çevrilişin və qanuni Kralın geri dönməsində maraqlı olan, qovulan, qətl edilmək üçün izlənilənlər (Kent, Kordeliya, Edqar, sonradan saraydan qaçan təlxək və Fransa kralı) digər cəbhədə kəskin mübarizəyə daxil olurlar.

Bu hadisələr sırasında artıq yaşlanmış, həyatı boyu ədalətli olduğunu düşünmüş, güclü ölkə qurmuş, ətrafının həqiqət meyarlarına sahiblənməsinə əmin olmuş Kralın, tədricən, etdiklərinin adi yumurta qabığına bənzər örtük olduğunu anlayır. Ən doğmalarının belə hökm sahibinə çevrildikdə, ən yaxınını belə öz maraqlarına qurban verməsini görür. Hər şeyin nisbi olduğunu, nə qədər yetişdirsən də, nə qədər çalışsan da, başqa insanın vicdan meyarlarına güman etməyin necə iflas  düşüncə olduğunu görür.

Ən yüksək tərbiyə alan, qönçə təravətli qızları belə, ən dəhşətli təhlükəyə çevrilə bilir. Maraq, hökm etmək, şəxsi ədalət meyarlarını yaratmaq, şəxsi motivlərin qisas zəminini qurmaq, ən kövrək simadan dəhşətli monstra dönə bilir.

Kral bütün həyatında, hökm etdiyi zamanında görmədiklərini, tacının parçalandığı dövründə böyük təmizlənmə yolu keçir. Şekspirin yaratdığı mühit: nəhəng göy gurultusu, yağış, koma, libasdan imtina, üzüntülər, son nəticədə böyük itki, qoca insanın ömrü böyu görə bilmədiyini qısa zaman kəsiyində anladır. 

Kent yüksək əyarlı peşəkardır, təhlükəsizlik, alt cərəyanlar, təxribatların kökünə varan biridir. O, iki bacı (Qonerilya və Reqana) və onların ərlərinin (Hersoq Albani və Kornuol) arasında olan ədavəti aşkarlayır. 

Qanlı, kəskin ədavət hadisələri sırasında bir cəbhədən digərinə keçənlər (Qraf Qloster, Hersoq Albani), qurban gedənlər olur. Kent, Kordeliya və Fransa kralı ilə birləşə bilir, Edqar vasitəsi ilə Hersoq Albanini öz tərəfinə çəkə bilir. Edmundun kral iddiasının əvvəl möhkəmlənməsini təmin edir, sonra isə onun zərərsizləşməsinə müvəffəq olur. 

Dramaturji xətdə, bu gün belə son dərəcə aktual və müasir olan münasibət formaları mövcuddur. 

Təbii ki, istənilən əməliyyatda yanlışlıqlar, ehtiyatsızlıqlar və itkilər olur. Bu sırada da, Qraf Qlosterin kor edilməsi və Kordeliyanın sadə ehtiyatsızlıq üzündən həyatını itirməsi ilə nəticələnir.

Qanuni olmaq, yoxsa, qeyri-qanuni də olsa, yaşamaq haqqı...

Bu hadisələr sırasında biz iki qeyri-qanuni dünyaya gəlmiş insan faktorunu görürük. Bir Edmund, o birisi isə qraf Kent. Zatən, əsas konfliktin iki əks qütbündə dayanan, amma fərqli seçim və qərarlar verən iki can, iki beyin.

Eyni zamanda rəsmi nikah övladları və seçimlərində fərqli olaraq özlərini yandıranlar da bu konstruksiyanın içində mövcuddur. 

Saraydan qovulan Kent bütün təxribatlara qalib gəlir. Qanuni hakimiyyət bərpa olur, artıq Kral öz taxtına qayıda bilər. Yol açıqdır, yetər ki, kral yenidən taxtına otursun. Lirin tacı təhlükədən azaddır. Amma böyük qurbanlar verən, böyük dərs alan kral qucağında qızının qətlə yetirlimiş cəsədi ilə meydana gəlir. Uzun ömür yaşamış, kral olmuş, ədalətli olmağa çalışmış, insanlar yetişdirmiş, ilk baxşdan müdrik addım atmış insan sanki özü bir Allah olmuş. Hadisələrdə lazımsız qocaya qədər kiçilən, bütün libaslarından imtina edən insan görürük. O da sanki, Nizami Gəncəvinin "Yeddi Gözəl" poemasındakı Şah Bəhrama çevrilir və onun kimi əbədiyyətə qovuşmağı seçir.

Tamaşa,  konkret zamana və məkana bağlı deyil. Geyimləri klassik olsa da, dövri yükə taxılmayıb, müasir rənglər və ştrixlər var. Dekorları ağır deyil, eyni zamanda sadə olsa da, əzəmətlidir. Mövzu və hadisələr sırası həmişə aktualdır və bu yanaşma yenidir.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!