Unudulmayanlar - İlham Rəhimli - İlham RƏHİMLİ

Milli peşəkar teatrımızın inkişafında qüdrətli sənətkarlarla yanaşı, adları geniş oxucu kütləsinə az məlum olan fədailərin də xidmətləri çoxdur. Professor İlham Rəhimlinin bu sənətkarların yaradıcılığından qısaca bəhs edən silsiləsindən birincisini təqdim edirik.

İlham RƏHİMLİ

Birinci yazı

Mirzə Muxtar Məmmədov
(1841-1929)               

Milli səhnəmizin  ilk peşəkar aktyorlarından biridir. Realist  aktyor  məktəbinin inkişafında xuüsusi xidmətləri var.  Əslində səhnə xidmətlərini əsas peşəsi  müəllimlikdən ayırmayıb. Bununla belə, aktyorluğun ilkin nəzəri-estetik, bədii-təcrübi səciyyələrinin təşəkkülünə səbəb olub. Əlli ildən çox sərasər ömrünün ən parlaq dövrünü xalqın maariflənməsinə sərf edib. Bu yolda hər cür əzablara mətanətlə sinə gərib və həyatının mənasını  xalqın mənəvi təkamülündə, təfəkkürlərin trəqqisində tapıb.

Mirzə Muxtar Ələskər oğlu Məmmədov (Məhəmmədzadə) 1841-ci ildə Şuşa şəhərində anadan olub. Bəzi mənbələrdə onun təvəllüdü 1859-cu il göstərilir. Muxtar Məmmədov əvvəlcə mədrəsədə, iki il sonra, on bir yaşından türk-rus mütərəqqi məktəbində təhsil alıb. Fars və rus  dillərini mükəmməl öyrənib. Yeniyetmə yaşlarından şəhərdə  poeziya xiridarı və lirik şeirlər, qəzəllər müəllifi kimi tanınıb. Şeirlərini əsasən Aazərbaycan türkcəsində və bəzən farsca yazıb. Şuşada fəaliyyət göstərən Xarrat Qulunun muğam məclislərində yaxından iştirak edib. "Segah", "Mahur hindi", "Qacar bayatısı" muğamlarını şövqlə oxuyub.

Şuşa şəhərində xalq oyun-tamaşalarını təşkil edən, məsxərə və vodevillərə səhnə həyatı verən Qarabağ ziyalıları arasında adı həmişə hörmətlə çəkilib və uca tutulub. Buna görə ona hörmət əlaməti olaraq "Mirzə" deyə müraciət ediblər. Mirzə Muxtar iyirmi  iki yaşından  Şuşada müəllimliklə məşğul olub. 1870-ci ildə Novruz bayramı münasibətilə "Qaravəlli" tamaşası hazırlayıb və oyun camaatın çox xoşuna gəlib. Bundan sonra o bütün bayramlara məsxərəli oyunlar hazırlayıb. 1874-cü ildə Şuşada Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasını tamaşaya hazırlayıb. Komediya Şuşadakı rus əsgərlərin qışlamasında (kazarmasında)  göstərilib. Aktyor  bu  barədə  "Övraqi-nəfisə" jurnalının 1919-cu  ildə  nəşr  olunmuş  2-ci  sayında  yazır:  "O vəqtdə  mətbəə-filan  olmadığından qələm  ilə  otuz  beş  elan  yazdım  payladım  cəmaətə. Axşam tamaşaçılarından  bəziləri: "şəriətə zidd bir şey bulsaq, vay halına" deyərək məni hədələyirdilər... Bərəkət versin ki, dinə müxalif bir şey bulmayıb razı getdilər. İştə o zamandan bəri Qafqasiyanın başqa şəhərlərinə səfər edib, tamaşalar göstərmişəm. O cümlədən İrəvanda, Gəncədə, Tiflisdə, Vladiqafqazda və Dərbənddə...".

Onun aktyorluğunun ilkin mərhələsi (1873-1883) məhz Şuşa dövrünə aiddir. Müəllimlik fəaliyyətinə də burada başlamışdır. 1883-cü ildə Mirzə Muxtar Gəncəyə köçərək burada müəllimlik etmiş və sonra Tiflisə gedərək xüsusi gimnaziyada təhsil almaqla bərabər türk-rus ilkin məktəbində dərs demişdir. Təbii ki, səhnə vurğunu hər iki şəhərdə, xüsusən Tiflisdə yerli həvəskarlar dəstəsində aktyorluğunu davam etdirmişdir.

1899-cu ildə Bakıya köçüb. Müəllimlik işinə düzəldikdən sonra şəhərin teatr həvəskarları ilə tanış olub. Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasının hazırlanmasında yaxından iştirak edib və Məcnunun atası Əbül Qeys rolunu ifa edib. Muğam dəstgahlarını və ifaçılığını dərindən bilən sənətkar ayrı-ayrı ifaçılarla xüsusi məşğələlər keçib. Bakı dövrü Mirzə Muxtar Məmmədovun yaradıcılığının üçüncü, əsas və daha əhatəli mərhələsi kimi formalaşıb. Aktyor burada həmçinin "İkiinci müsəlman dram cəmiyyəti", "Həmiyyət", "Nicat", "Səfa", Hüseynqulu Sarabskinin "Opera artistləri dəstəsi",  "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti", Abbasmirzə Şərifzadənin yaratdığı "Müsəlman artistləri ittifaqı" teatr truppalarında aktyorluq edib.

İfa etdiyi əsas rollar: Üzeyir bəy Hacıbəylinin əsərlərində Vəzir  ("Şah Abbas və Xurşid banu"), Səməngən şahı  ("Rüstəm və Söhrab"), İsfahan şahı, Şeyx Nurani və Keşiş  ("Əsli və Kərəm"), həmçinin Hacı və Vasiq  ("Aşıq Qərib", Zülfüqar Hacıbəyli), Səfər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Zabit, Şiruyə və Baş möbid ("Dəmirçi  Gavə", Şəmsəddin Sami), İbrahim ("Qəzavat", Sergey Lanskoy), Keşiş ("Qaçaqlar", Fridrix Şiller), Könüllü əsgər, Əkbər şah Hindu ("Vətən" və "Qara bəla", Namiq Kamal), Kaysarov ("Napoleon müharibəsi və yaxud Moskva yanğını", Baxmetov), Zabit ("Tariq ibn Ziyad", Əbdülhəq Hamid), Müəllim ("Xan-xan", Haşım bəy Vəzirov), Möbid ("Ənuşirəvni adil", Əbdürrəsul Şərifzadə), Şeyx Əhməd ("Ölülər", Cəlil Məmmədquluzadə), Mirzə Qoşunəli və Mirzə  Bayram ("Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Əhməd Rza ("Sultan Əbdülhəmidin xəli", Mehdi bəy Hacınski), Molla Sübhan ("Ədirnə fəthi", Cəfər Cabbarlı), Cəfər xan ("Şamdan bəy" və "Nadar şah", Nəriman Nərimanov).

Mirzə  Muxtar  Məmmədovun  1929-cu  il yanvar ayının 16-da  Bakıda  vəfat  etdiyi bildirilir. Bəzi mənbələrdə onun 1930-cu ildə, bir qismi isə 1928-ci ildə dünyasını dəyişdiyi  qeyd olunur. Lakin onun ölümü haqqında çıxan qəzet məlumatlarından sənətkarın 1929-cu ildə vəfat etdiyi məlum olur.

 

Əbülfət Vəli
(1867-29.11.1918)

Milli teatr sənətimizin səhnə fəaliyyətini özünə yaradıcılıq və həyat yolu seçən ilk peşəkar aktyor Əbülfət Vəlidir (Vəliyev). Həyatı haqqında məlumat çox az olan Əbülfət Vəlinin yaşını Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" pyesinin yazılma tarixi əsasında müəyyənləşdirən teatrşünas İnqilab Kərimovun qənaətləri inandırıcı və hələlik əlimizdə yeganə istinad dəlilidir. Xatırladım ki, Əbdürrəhim bəy Haqverdiyev "Ac həriflər" məzhəkəsində Hüseyn Ərəblinski ilə Əbülfət Vəlinin obrazlarını yaradıb və əsərini də məhz onlara ithaf edib.

Zəhmətkeş səhnə fədaisi Əbülfət Vəli Bakıda realnı məktəbdə oxuyub. Səhnəyə 1880-ci illərin ortalarında gəlib. On doqquzuncu əsrin son iyirmi ilində teatr turuppalarında fəal çalışan, Sultan Məcid Qənizadə və Həbib bəy Mahmudbəyovla birgə teatr prosesini canlandıran Nəcəfqulu Vəliyevin kiçik qardaşıdır. Onlar əslən Şuşadandırlar. Özü Balaxanıda Mirzə Ələkbər Sabirlə birlikdə müəllimlik edib. Buna görə də əsasən müəllimlər Həbib bəy Mahmudbəyovun və Sultan Məcid Qənizadənin hazırladıqları həvəskar tamaşalarında həm kiçik, həm epizod, həm də əsas rolları oynayıb. Sonralar özünün, eləcə də sənətkar dostu Cahangir Zeynalovun quruluş verdikləri tamaşalarda da çıxış edib. İyirminci əsrdə "Müsəlman artistləri cəmiyyəti", "Nicat", "Həmiyyət", "Səfa" teatr truppalarında aktyor və rejissor kimi çalışıb. Hüseyn Ərəblinskinin quruluş verdiyi əksər tamaşalarda məsul müdir Əbülfət Vəli olub. Onun qastrol təşkil etməkdə, truppanı bir qayə ətrafında birləşdirməkdə xüsusi bacarıq və səriştəsi vardı.

Azərbaycan aktyorlarının bir dəstəsi Əbülfət Vəlinin rəhbərliyi ilə İrəvan, Tiflis, Batum, Suxumi, İstanbul, Sevastopol, Yalta, Aşqabad, Mahaçqala şəhərlərində qastrolda olub. O, bir neçə dəfə Üzeyir bəy Hacıbəyli ilə, Süleyman Sani Axundovla, Mehdi bəy Hacınski ilə birgə "Nicat" Cəmiyyətində ədəbiyyat və teatr komissiyasının üzvü seçilib.

İfa etdiyi əsas rollar: Mirzə Fətəli Axundzadənin komediyalarının tamaşalarında Murov, Xəlil yüzbaşı ("Hacı Qara"), Hatəmxan ağa ("Müsyö Jordan və dərviş Məstəlişah"), Nəcəf bəy Vəzirovun əsərlərində Cahangir bəy, Rüstəm bəy və Fəxrəddin ("Müsibəti-Fəxrəddin"), məzhəkələrində Dəli Şirin ("Daldan atılan daş topuğa dəyər"), Şahmar bəy ("Ev tərbiyəsinin bir şəkli"), Nəriman Nərimanovun tarixi faciəsində Sərbaz, Şah Təhmas, Saleh bəy, Cavad xan, Ədhəm xan, Cahangir bəy, Sərbaz, Əbdürrəhim bəy ("Nadir şah"), dramlarında Dayı ("Bahadır və Sona"), Niyaz bəy ("Dilin bəlası"), Əbdürrəhim bəy Haqverdiyevin faciələrində Həkim, Heydər bəy və Hacı Səməd ağa ("Bəxtsiz cavan"), Murtəzaqulu xan, Mustafa xan və İkinci İrakli ("Ağa Məhəmməd şah Qacar"), Əbdül ("Dağılan tifaq"), həmçinin Həsən bəy ("Köhnə Türkiyə",Rza Zaki Lətifbəyov)  Sultan, Ömər ibn As və Əbu Übeyd ("Ərmənusə", Yusif Talıbzadə), Gavə ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Sidqi bəy,  Xəlil bəy ("Vətən" və "Bəxtsiz bala", Namiq Kamal), Natiq ("Cövdət bəy", Məhəmməd Ehsan), Əbu Diyab ("Əmir Əbül Üla", Hüseyn Bədrəddin və Məhəmməd Rüfət),  Qoca Moor və Şveytser ("Qaçaqlar", Fridrix Şiller), Ata  ("Yəhudilər", Yevqeni Çirikov), Ömər ibn As və Həsən ("Əl Mənsur", Henrix Heyne), Dağıstan qəhrəmanı  ("Qafqaz çiçəkləri", Rudolf Botşald), Potap ("Əvvəlinci şərabçı", Lev Tolstoy), Cənnətəli ("Zorən təbib", Jan Batist Molyer), Dobçinski ("Müfəttiş", Nikolay Qoqol), Məşədi Kərim ("Pulsuzluq", İvan Turgenev. Ceyhun Hacıbəylinin təbdili).

Rejissor kimi də ciddi fəaliyyət göstərən Əbülfət Vəli dramaturqlardan Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Nəriman Nərimanovun "Nadir şah", Nəcəf bəy Vəzirovun "Daldan atılan daş topuğa dəyər", "Müsibəti-Fəxrəddin", "Hacı Qəmbər", Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", "Dağılan tifaq", Qulamrza Şərifzadənin "Molla Nəsrəddin", Rza Zaki Lətifbəyovun "Köhnə Türkiyə", Sultan Məcid Qənizadənin "Dursunəli və ballıbadı", Üzeyir bəy Hacıbəylinin "Məşədi İbad" əsərlərinə səhnə quruluşu verib.

1911-ci ildə müvəqqəti olaraq "Nicat" Cəmiyyətinin teatr truppasından ayrılmış Əbülfət Vəli "Mirat" ("Güzgü") dram dərnəyi yaradıb. O, burada da müxtəlif əsərləri, əsasən kiçikhəcmli pyesləri tamaşaya hazırlayıb. Həmin il Əbülfət Vəli güzəranının çətinliyindən səhnəni atıb Daşkəndə getmək istəyib. Ancaq bu cəhdi alınmadığına görə dəstə bağlayıb və Qafqazın müsəlmanlar yaşayan bölgələrinə qastrola çıxıb.

Əbülfət Vəli 1918-ci ildə daşnak ermənilərin Bakını talan edib viran qoyduğu günlərdə şəhəri tərk etməyib. Bir müddət sonra ciddi maddi çətinliklərlə üzləşdiyinə görə Göyçay rayonuna gedib. 1918-ci il noyabr ayının 29-da miskin şəkildə dünyasını dəyişib.

 

Məhəmməd Əlvəndi
(1872-1918)

Milli teatrımızın həvəskarlıqdan peşəkarlığa keçid mərhələlərində dəyərli xidmətləri olan səhnə xadimlərindən biri Məhəmməd Əlvəndidir. Onun soyadı Məlikovdur, Əlvəndi səhnə təxəllüsüdür. O, 1872-ci ildə Şamaxıda qulluqçu ailəsində doğulub. Məhəmməd Azərbaycan və rus dillərində mükəmməl savad alıb. Şamaxı şəhərində ziyalılarla sıx ünsiyyətdə olub. Şəhərin mədəni-kütləvi tədbirlərində, maarifçilik müsamirələrində yaxından iştirak edib. Mütaliəyə ciddi maraq göstərib. Şamaxıdakı qiraətxananın fəal üzvlərindən idi, eyni zamanda şəhərin şeir məclislərində də iştirak edib.

Gənc yaşlarından Bakıya gələn Məhəmməd Əlvəndi (Məlikov) müxtəlif hüquq işləri idarəsində çalışıb. Eyni zamanda teatra ciddi rəğbət bəsləyib. Səhnəyə ilk dəfə 1890-cı ildə çıxıb. Səhnə sənətinin Azərbaycanın rayonlarında geniş yayılması üçün Hüseyn Ərəblinski, Əbülfət Vəli ilə çiyin-çiyinə və ciddi səylə fəaliyyət göstərib. Bakıda mövcud olan müxtəlif teatr truppalarının, əsasən, "Nicat" mədəni-maarif Cəmiyyəti nəzdindəki teatr dəstəsinin tamaşalarında yaddaqalan rollar ifa edib. "Müsəlman dram artistləri", "Səfa", "Müdiriyyət" teatr truppalarının hazırladıqları səhnə əsərlərində də iştirak edib. Cahangir Zeynalovun "Ev teatrı"nın fəal üzvlərindən olan Əlvəndi teatr tamaşalarının hazırlanıb göstərilməsinin müəyyən təşkilati işlərində də səriştəli idi.

Məhəmməd Əlvəndinin milli dramaturgiyamızın nümunələrində ifa etdiyi rollar: Heydər bəy və Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Əşrəf bəy və Rüstəm ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Xəlil bəy ("Bəxtsiz bala", Səkinə Axundzadə), Mürtəzaqulu xan və Sadıq xan ("Ağa Məhəmməd şah Qacar", Əbdürrəhim bəy Haqverdiyev), Hümbət bəy ("Yaxşılığa yamanlıq", İsgəndər bəy Məlikov), Marks ("Ərmənusə", Yusif Talıbzadə), Mika ("Xalid ibn Valid", Yusif Talıbzadə), Şah Təhmas ("Nadir şah Əfşar", Nəriman Nərimanov), Hümbət bəy ("Dursunəli və ballıbadı", Sultan Məcid Qənizadə), Firuzən ("Səd ibn Vəqqas", Mirzə Məmməd Axundzadə).

Tərcümə əsərlərinin tamaşalarında ifa etdiyi əsas rollar: Yaqo ("Otello", Uilyam Şekspir), Təbib İlyas ("Zorən təbib", Jan Batist Molyer), Qriqoryev və Müstəntiq ("Qəzavat, yaxud hürriyyət uğrunda", S. Lanskoy), Qəhtan ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Ərəb və Məsud ("Əmir Əbül Üla", Hüseyn Bədrəddin və Məhəmməd Rüfət), Podkolosin, Osip ("Evlənmə" və "Müfəttiş", Nikolay Qoqol), Həsən ("Əl Mənsur", Henrix Heyne), Herman ("Qaçaqlar", Fridrix Şiller), Firuzən ("Səd ibn Vəqqas", Mirzə Məhəmməd Axundovun iqtibası. Pyesin adı "Səd Vəqqas", "Səd ibn Vəqqas, yaxud ərəblərin iranlılarla müharibəsi" kimi də yazılıb).

Məhəmməd Əlvəndi müəyyən tamaşalarda romantik aktyor məktəbinin estetik səciyyələrindən istifadə etsə də, realist oyun üslubuna daha çox meyil göstərib. Səhnə sərbəstliyi, yöndaşlarına diqqətli olması ilə seçilib.

Məhəmməd Əlvəndi 1918-ci ildə ermənilərin Bakı şəhərində törətdikləri qanlı vəhşiliklərdən möhkəm sarsılıb. Sənət dostları məcburiyyət qarşısında qalaraq Hacıtərxana, Volqa çayı boyunda türkdilli xalqların yaşadıqları şəhərlərə qastrola gediblər. Lakin Əlvəndi  dostlarının təkidinə baxmayaraq, onlarla qastrol səfərinə çıxmayıb. Maddi vəziyyətdən çətinlik çəkən sənət fədaisi səfalət içində dünyasını dəyişib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!