"Gil" - özü-özünü yoğuran tamaşa - Samirə BEHBUDQIZI

Məhəmməd Füzulinin 530 illiyinə daha bir ithaf

Söz sərrafı Məhəmməd Füzuli və pantomim teatrı... İlk baxışda, birinci qavramada, ötəri yanaşmada bu tandem, əlbəttə ki, uyarsız, uyğunsuz, hətta bir-birinə zidd görünə bilər. O mənada ki, Füzulini Pantomim teatrının səhnəsinə gətirmək mütləq qaydada sözlü tamaşa təsəvvürü yarada bilər. Əlbəttə, bu təsəvvürün illər əvvəl Pantomim teatrının repertuarını bəzəyən, teatrın yaradıcısı və bədii rəhbəri Bəxtiyar Xanızadənin quruluşunda, Pərviz Məmmədrzayevlə Nargilə Qəribovanın ifasında "Leyli və Məcnun" pantomim-baletindən bixəbər kəslərdə yaranmaq ehtimalı böyükdür. Təbii ki, Sözü, Kəlməni, konkret halda, Füzulinin ədəbi-bədii mirasını tamamilə sözsüz olaraq, sırf pantomim tamaşası şəklində və məzmununda da hazırlamaq mümkündür. Və bu variant Məhəmməd Füzuli yaradıcılığına fərqli, tam layiqli töhfə ola bilər.

 

Lakin Dövlət Pantomim Teatrının dahi söz ustadı Məhəmməd Füzulinin 530 illik yubileyinə ithaf olaraq qurduğu yeni tamaşanın yaradıcı heyəti sözdən imtina etməməyi üstün tutdu. Və binası hələ də tamaşa hazırlamaq və onu oynamaqdan ötrü müvafiq məkan halına gətirilməyən teatrın repertuarına yeni "Gil" tamaşası əlavə edildi. Teatrın aktyoru Bəhruz Vaqifoğlu növbəti dəfə rejissorluq edərək, Pərviz Seyidlinin Məhəmməd Füzulinin həyat və yaradıcılığı kontekstində insanın ətraf mühitlə ünsiyyəti, dialoqu alınmayan məqamlarda öz təbiətinə tənqidi nəzər salıb davranış tövrünü, danışıq tərzini, baxış bucaqlarını yenidən "yoğurmaq" məqsədilə məzmun və ideyalı əsərinə quruluş verib. Qeyd edilməlidir ki, həm də ifaçısı olduğu bu mono-tamaşasında B.Vaqifoğlu bütün bacarığını səfərbər edib. Bir də, bir az əvvəlki sözümə qüvvət olaraq o qeyd edilməlidir ki, "Gil" tamaşasının dekorasiya (tamaşanın rəssamı Xəyyam Səmədovdur) və xoreoqrafiya həlli (tamaşanın xoreoqrafı Elnur İsmayılovdur) xüsusilə yadda qaldı. Tamaşa mükəmməlliyə yetmək, kamilliyə çatmaq iddiasında olan, yaxud əməlisaleh bir Allah bəndəsi kimi bunun zəruriliyini anlayan bəşər övladı haqqında balladadır. Məhəmməd Füzulinin obrazı burda müstəsna nümunə kimi çıxış edir. "Nümunə" kəlməsi təqdim edilən yaradıcılıq işində iki məna yükü daşıyır, hətta - auditoriyaya təqdim edilən nümunə və yaradıcı heyət üçün nümunə, başqa sözlə, örnək. Müəllif Pərviz Seyidli üçün, akademik Məmməd Cəfərin təbirincə desək, "eşq və idrak şairi" Məhəmməd Füzulinin söz taxt-tacından "ustalıq" adlı cəvahirata toxunmaq, əsl ləlin nə olduğunu görüb-duymaq, quruluşçu rejissor və ifaçı Bəhruz Vaqifoğlu üçün Məhəmməd Füzulinin dünyanı dərketmə zirvəsini tanımaq, ora boylanıb xaliqin əşrəfi - insanın öz üzərində böyüyüb boy atmasını öz boyuna biçmək, teatrsevərlər, Füzuli vurğunları üçün bu vaxta qədər oxuduqlarını, öyrəndiklərini yeni yanaşmada bir daha içlərindən keçirmək imkanıdır bu tamaşanın mövzusu.     

 

Füzulinin istər rəngkarlıqda, istərsə də, heykəltəraşlıqda, necə deyərlər, gözümüz açılandan, ağlımız nəsə kəsməyə başlayandan bəri görüb-tanıdığımız obrazı ahıl yaşlı nurani, dərin-dərin düşüncələrə qərq olmuş bir şəxs surətidir. Pantomim teatrının "Gil" tamaşasında Məhəmməd Füzulini gənc aktyor və rejissor Bəhruz Vaqifoğlunun ifasında görürük. Bununla uzun illər ərzində hər birimizin öyrəşdiyi, alışdığı, isinişdiyi ahıl Füzuli obrazı qəlibi sındırılıb.   

Bilirik ki, Füzuli poeziyasının, fikir "karvanı"nın sarvanı ilahi eşqdir. "Gil" tamaşasının ideyasını konkret ifadə etsək, ismarışını qısaca çatdırsaq, Füzulinin timsalında hər bir müstəsna fəhm sahibinin, əməlisaleh bəndənin Allah-təalanın əta etdiyi cana, bədənə, beynə, o candakı, o bədəndəki biliyə, bacarığa, istedada qayğıkeşliklə yanaşmaq, özünü realizə imkanlarını vaxtında görüb, dəyərləndirib, o imkanlarda vaqe olmaq, var olmaq, özünə, işinə, peşəsinə sadiq qalmaq, bütün bunların isə daim təkmilliyə, mükəmməlliyə can atmadan, buna varmadan mümkünsüz olduğunu anladan həyat fəlsəfəsinin əyaniləşməsi, vizuallaşmasıdır. Məhəmməd Füzulinin daim ahıl yaşlı insan kimi təsviri onun özünü artıq gil kimi yoğurub başa çatdırdığı, can atdığı kamilliyə yetdiyi dönəminin dünyasını dəyişəndən yüz illər sonra heykəllərində və kətan üzərindəki təsvirlərində canlanmasıdır, yaxud canlanması imiş. 

Hər bir teatr quruluşu, tamaşası, səhnə əsəri hər dəfə oynanıldıqca "yoğrulur", daha yatımlı, daha qavrayışlı, daha anlaşıqlı, daha ifadəli olur. Hər halda, normalda belə olmalıdır. Dövlət Pantomim Teatrının "Gil" tamaşası bu mənada yoğrulmaq imkan, hüquq və şəraitindən bir az daha artıq istifadə etməyə, yaxşı mənada məhkumdur - bu hökmü tamaşa özü-özü üçün çıxarıb: "özünü görmək üçün başqa gözlərə baxmalıyam, özümü yenidən tapmaq ümidi ilə, özümü yenidən yoğurmaq həvəsilə başqa gözlərə boylanmalıyam..." "O gözlərdə daşla çilik-çilik olmuş min yerə bölünmüş "mən"lərin içərisindən hansının əsl "mən" olduğunu, yaxud heç birinin "mən" olmadığını yəqinləşdirənə qədər...

 

 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!