Koki Mitaninin(yə) ustad dərsi - Samirə BEHBUDQIZI

Bu əsərin "YUĞ" Dovlət Teatrında tamaşaya qoyulacağını biləndə pyesi təkrar mütaliə etdim və səhnə versiyasını təsəvvürümə gətirdim - dünyagörüşü etibarılə əks qütblərdə dayanan iki şəxsin sarkazmlı yumorla başlayan ünsiyyəti tədricən nəinki yaradıcılıq əməkdaşlığına, hətta dostluğa çevrilir, əlbəttə, doğuluşundan yumor hissi olmayan, uşaq ikən bu hissi onda heç kimin tərbiyə etmədiyi birinə belə bir keyfiyyəti sonradan tam mənası ilə aşılamaq qeyri-mümkündür, o, sadəcə, gülməli olana biganə qalmaq cəhətindən qurtulur, əvvəl vulqar hesab etdiyi komik situasiyalara əsərin sonunda özü "müəlliflik" edir.

 

Müasir yapon dramaturqu, yazıçısı, ssenariçisi, kinorejissoru, komediya aktyoru Koki Mitaninin "Gülüş akademiyası" pyesi əlbəttə ki, sadə komediya və ələlxüsus da adi pyes deyil - əvvəla, süjet başdan-ayağa qarşısındakı insana və özünə istehzadan yoğrulub. Ən vacib cəhət isə pyesin dilinin, kompozisiyasının çox rəvan, harmonik olmasıdır. Pyesin iki personajından birinin, dramaturqun dediyi kimi, "pyes hekayə deyil, roman deyil ki, onu mütaliə edərkən tam duyasan, pyes gərək tamaşaya qoyulsun ki, onu anlayasan" fikri əlbəttə ki, Müfəttişə təsir edib komediyasının tamaşaya qoyulması üçün icazə almaq manevridir. Hər hansi pyesin mətninin oxunaqlığı və ya belə demək mümkünsə, frazeoloji-linqvistik cazibədarlığı ilk dialoqdan özünü büruzə verir. Əlbəttə, əgər bu cəhətlər pyesdə varsa. Məsələn, haqqında bəhs etdiyimiz "Gülüş akademiyası" pyesində olduğu kimi; bu pyesi heç bir dəyişiklik, hər hansı əlavə etmədən, sırf dramaturji təhkiyə və ədəbi ismarışın özündən qaynaqlanaraq çox uğurla tamaşaya qoymaq olar. Dramaturq-Müfəttiş qarşıdurması, ünsiyyəti, dostluğu komediya pyesi müəllifinin əsərini truppa dramaturqu olduğu "Gülüş akademiyası" teatrının səhnəsində tamaşaya qoyulmasından ötrü icazə almaq intizarı ilə başlayır. Və bu intizar, bu nigarançılıq yeddi gün davam edir. Müfəttış hər dəfə dəyişiklik, düzəliş etmək şərti qoyur. Dramaturq da onun tələb etdiklərinin hamısını əlyazmasına tətbiq edir, amma "əlim sözümə baxmır", deyərək öz bildiyi kimi. Gümrah Ömər də Koki Mitaninin "Gülüş akademiyası" pyesi əsasında qurduğu tamaşaya öz bildiyi kimi quruluş verib - Rünoske Akutaqavanın "Keşişin Burnu" , Haruki Murakaminin "Zombi", Sadako Sasakinin "Quş" hekayələrindən, Matsuo Basyonun, Orxan Vəlinin, Camal Sürəyyanın və Cəlil Cavanşirin Haykularından istifadə edərək. Adını "Master-klass" qoyub tamaşanın, janrını da psixodelik buffonada deyə müəyyənləşdirib. Həm də iki yox, üç personajın iştirakı ilə: Dramaturqla (Elgün Həmidov) Müfəttiş (Amid Qasımov) qarşıdurması, anlaşması Meduzanın (Mətanət Abbas) iştirakilə baş verir. "Master-klass" tamaşasında Gümrah Ömər aktyorlara tam sərbəstlik verib, o dərəcədə sərbəstlik ki, tamaşanı aktyorların benefisi adlandırmaq olar. Və dərhal qeyd edim ki, sərbəstlik hüququndan digər tərəf-müqabillərindən əvvəl daha fəal şəkildə istifadə edən Mətanət Abbas oldu. Bu, müəyyən mənada antik mifologiyanın təmsilçisi kimi yapon dramaturqunun süjetinə Meduza obrazının çoxşaxəliliyindən irəli gəlir o, həm Dramaturqun ilham pərisidir, həm onun pyesinin əlyazma vərəqidir, həm də tamaşada istifadə edilən əsərlərdəki obrazlardır. Aktrisanın binasız, minimum şəraitli teatrın səhnəsində ustalıqla quraşdırılmış dekorasiyalar arasında üzəri yapon heroqlifləri ilə işlənmiş (tamaşanın rəssamı Umay Həsənovadır) ağ donda çıxdığı ilk dəqiqələrdən tamaşanın hələ yalnız ikinci nümayişi olmasından irəli gələ biləcək hər hansı kiçicik belə qeyri-bitkinlik qətiyyən müşahidə edilmədi. Dramaturqla Müfəttiş rollarının ifaçıları isə personajlarının "dərisinə" cüzi yubanma ilə "doldular". Beləliklə, "YUĞ"un üç aktyoru master-klassı reallaşdırdılar - həm bir-birinə ustad dərsi keçdilər, həm də bəzi səhnələrdə mono ustadlıq nümayiş etdirdilər. Pyes içində pyes quruldu, tamaşa içində tamaşa oynanıldı. Tamaşanın janrı özünü tam doğrultdu - oyaqkən yuxu görüldü, yuxugörmə ilə reallıq bir-birilə çulğaşdı, ağıl, dərrakə, düşüncə itilənməsi baş tutdu, aktyor oyununun ağlasığmaz dərəcəyə yaxın təzahürləri bərqərar oldu. Sanki həm Koki Mitani özü "YUĞ"da olmasa da, master-klass keçdi və həm də "yuğ"çular Koki Mitaniyə ustad dərsi nümayiş etdirdilər.  

 

Koki Mitaninin "Gülüş akademiyası" pyesi dəfələrlə müxtəlif ölkələrin teatrlarında tamaşaya qoyulub. Məlumatım olduğu qədər, quruluşların əksəriyyəti pyesin orijinal mətnini olduğu kimi saxlayıb; Rusiya teatrlarından biri personajların canlandırılmasını aktyorlara deyil, aktrisalara həvalə etsə də. "Gülüş akademiyası"nın bu qədər əlavələrlə səhnə həyatı qazanması nadir hallardandır. "YUĞ"un "Master-klass" tamaşası həm Koki Mitaninin təfəkkür və təhkiyəsini, həm "YUĞ"un psixosof poetikasını əks etdirdi, həm də psixodelik buffonada janrının parlaq nümunəsi kimi yadda qaldı. Tamaşaya gedib baxmaq həvəsinə düşəcək oxucularımıza ərz edim ki, bu, yekun təəssüratdır. Və buna gəlib yetişənə qədər "Master-klass" psixodelik buffonadası boyunca tamaşaçı olaraq fikrinizdən yəqin ki, belə fikirlər keçəcək: "bu pyesə bu dərəcədə müdaxilə nəyə lazim idi?", "pyesin orijinal mətni bitkin, ideyası aydındırsa, başqa əsərlərdən parçaları əlavə edib tamaşa qurmağa nə ehtiyac var idi?"... Az qala pyesdəki Müfəttiş kimi hiss edəcəksiniz özünüzu. Lakin tamaşa bitir, siz teatrın indiki halında zal adlandırılan otağını tərk edirsiniz və təəssüratlarınız artıq sırf "YUĞ" teatrına köklənmiş, məhz bu teatrın estetikasından qaynaqlanan çalarlar qazanır, artıq düşünməyə başlayırsınız ki, bu pyesi bu şəkildə, bu məzmunda da qoymaq olarmış və nə yaxşı ki, bu baş verdi, mən də izləyicisi oldum. Zatən, "YUĞ"un tamaşaları ilə həmişə belə olur - bu teatrda təəssürat anlayışının qanadı iki deyil, daha çoxdur... Bir də yapon ədəbiyyatı "YUĞ"un səhnələmə estetikası ilə çox gözəl səsləşir, üstəlik, baş hərfləri də eynidir: "y". Yaratmaq feilinin tərzi-halına işarə kimi, yəni...

 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!