Zaman, məkan, dəb anlayışına
sığmayan dəyərlər
Bu cür yeri gələndə düşündürən, yeri gələndə güldürən, yeri gələndə heyrətləndirən, yeri gələndə qəzəbləndirən, yeri gələndə şənləndirən hay-küylü tamaşalar sənət sevgisindən, peşəkarlıqdan, tamaşaçıya hörmətdən doğur. Qarşımızdakı şəxsə(lərə) hörmət isə özümüzə hörmətdən qaynaqlanır. Hər şey çox sadədir: tamaşanın ictimai baxış və premyeraqabağı mərhələsində quruluşçu rejissor quruluş verdiyinə mütləq iki dəfə baxmalıdır: bir dəfə rejissor kimi, ikinci dəfə tamaşaçı kimi. Ki, teatr mütəxəssisləri və teatrallar bu tamaşaya baxanda fikirlərinə və ya dillərinə bu qeyd gəlməsin...
Şəki şirinliyi, Siciliya mühafizəkarlığı və ingilis təmkini
Bu dəfə bəhs etdiyimiz tamaşanı seyr edərkən olduğu kimi - ağlımızdan keçmədi ki, kaş ki, rejissor hazır tamaşasına həm quruluş verən şəxs kimi, həm də tamaşaçı kimi baxaydı. Və Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı layiqli davranış nümayiş etdirdi - yaranmasının 145 illik yubileyinin əlamətdarlığını Uilyam Şekspirin "Heç nədən hay-küy" komediyasının yeni quruluşu ilə doğrultduğu və dolğunlaşdırdığı üçün tənqidi qeydlərdən sığortalandı.
Mirzə İbrahimovun usta tərcüməsində Şekspirin komediyası Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimlinin quruluşunda tamaşaçıya həm əsəri bir daha (birinci dəfə də ola bilər) mütaliə etdirdi, həm əsərdəki hadisələrin baş verdiyi zamanı, məkanı, xarakterləri, ab-havanı canlandırdı, eyni zamanda Şəki teatrının estetikasını qoruyub saxladı və ən əsası, rejissor dəsti-xəttinə sahiblik etməyi bacardı. Uğurlu tamaşanın bütün meyarlarının gözlənildiyi ilk dəqiqələrdən görünüb-duyuldu. Bir də çox ciddi rejissor nəzəri hiss edildi. Bütün bunların sayəsində "Heç nədən hay-küy" komediyasının hər bir personajının eyni dərəcədə həm klassik, həm də özünəməxsus təqdimatını, oyununu, canlandırma tərzini gördük.
Şekspirin qələminin maraqlı təzahürlərindən biri olan ("dahi" kəlməsini bilərəkdən işlətmirəm - bu mövzuda çox işləndiyinə və "görünən dağa bələdçi nə lazım?" həqiqətindən çıxış edərək) orta əsrlər İtaliyasının geyim və davranış mədəniyyəti, əxlaq və mənəviyyat səciyyəsi, əks cinslər, dostlar, rəfiqələr, qohumlar arasında qurulan münasibətlərin detalları Şəki teatrının peşəkar truppasının təqdimatında orijinal yanaşma ilə klassik səhnə yozumunu ustalıqla birləşdirib.
Şekspirin ən sevimli qadın obrazı
Şekspirin bu komediyası haqqında ayrıca olaraq subyektiv qavrayışımı bir neçə kəlmədə ifadə etməyi lazım bilirəm. Əsərinin janrını "komediya" deyə müəyyənləşdirib ədib (janr demişkən, tamaşa hər hansı janr təyini ilə konkretləşdirilməyib). "Heç nədən hay-küy" adı əlbəttə ki, komik tərzi-halı tam mənada ifadə edə bilər. Amma məlum olduğu kimi, süjetə görə "heç nə" adlandırılanın başqa bir tərəfi heç də "heç nə" deyil - iki gənc, Rəşid Mirzəzadənin oynadığı Klavdio ilə tamaşadakı adı Diana olan Hero (Aytac İsmayılzadə) bir-birinə vurulub və evlənməyə hazırlaşırlar. Lakin hər zaman olduğu kimi bir araqarışdıran, bir bədxah, bir fitnəkar (konkret halda Pərviz İsmayılovun oynadığı Don Xuan) tapılaraq məsum və gözəl Dianaya yüngülxasiyyət, xəyanətkar qadın kimi ağlasığmaz damğa vurur. Bu iftira nə qədər ağlasığmaz olsa da, Klavdionun ağlına batır, Diananı kilsədəki nikah mərasimində hamının qarşısında rüsvay edir və tamaşaçı dərhal Klavdionun Diananın sevgisinə, güvəninə layiq olmadığını özlüyündə qət edir. Təbii ki, süjetin bu hissəsi dramatik, yaxud faciəvi janrlı əsərdə baş versəydi, gedişat və final tamamilə başqa cür olacaqdı; məsələn, ən azı, Hero-Diananın fitnəkarlığın qurbanı olduğu aşkarlanandan sonra qız Klavdionun üzrxahlığını, yenidən evlənmək təklifi etməsini qəbul etməyəcəkdi və bu tamamilə təbii reaksiya olardı - ailə qurmaq istədiyi xanıma inanmayan, ona güvənməyən kişini sevməkdə davam edib, onunla nikaha girmək ayrı bir ağlasığmazlıqdır, çünki Klavdionun belə nataraz, təmkindən, dərrakədən uzaq davranışı gələcəkdə də baş verə bilər. Sekspirin bu pyesi qadın-kişi münasibətlərinə yeni, daha mütərəqqi baxışın, çox xəfif və çox sərrast istehzanın təzahürüdür, bu açıq-aşkar özünü büruzə verir. Hero-Diananın əmisi qızı Beatriçenin (Arzu Mustafayeva) dedi-qoduya aldanan, ləyaqətsiz davranışına görə Klavdionu öldürmək istəməsi, lakin bunun kişi işi olmasından təəssuflənməsi, uzun müddət atmacalarla, deyişmələrlə ünsiyyətdə olduğu Benedikt (Xəyal Salahov) Klavdio yaxın dostu olmasına baxmayaraq bu işi boynuna götürməsi - bütün bu situasiya qadının hər zaman hər bir işdə günahkar olması təfəkkürünün hökm sürdüyü cəmiyyətdə, ozü də Siciliya kimi mühafizəkar bir məkanın cəmiyyətində tamamilə yeni nəfəs təsiri bağışlayır. Hero-Diananın atası, Beatriçenin əmisi Leonato (Əməkdar artist Xanlar Həşimzadə) narahatdır ki, Beatriçenin əks cinsə üz verməməsi onun heç zaman ailə qurmaması ilə nəticələnə bilər. Benedikt isə evlənməyi axmaqlıq sayır. Buna görə də Don Pedro (Əməkdar artist Rəhim Qocayev) ilə Leonato (Əməkdar artist Xanlar Həşimzadə) guya təsadüfən Beatriçenin qulağına Benediktin onu sevdiyini, Benediktin qulağına isə eyni xeyirxah fəndgirliklə Beatriçenin ona vurulduğunu çatdırırlar. Onlar da sanki himə bənd imişlər - bir-birini anlayan, duyan və ən əsası, bir-birinə hörmət edən cütlüyə çevrilirlər, çünki Hero-Diana-Klavdio cütlüyündə olduğu kimi, Benedikt Beatriçeyə sadəcə vurulmayıb, onun daxili aləmini görməyi bacarıb, Beatriçenin şəxsiyyət olduğunu arxa plana atmamağa dərrakəsi çatıb, başqa sözlə, sevilməyə layiq bir cəngavər olduğunu isbatlayıb. Məhz bu keyfiyyətləri ona imkan vermir ki, dostu Klavdiodan fərqli olaraq kimlərinsə danışdıqlarına əsaslanıb Hero-Diananın məsumluğuna şübhə ilə yanaşsın. Şekspir bu komediyasında Beatriçenin simasında tamamilə yeni qadın obrazı yaradıb və təsadufi deyil ki, məhz Beatriçe-Benedikt xətti bir neçə on ildir ki, teatr və kino rejissorlarının ayrıca diqqət mərkəzindədir. Hətta şübhə yeri qalmır ki, Beatriçe Şekspirin ən sevimli qadın obrazı imiş.
Bizim isə diqqət mərkəzimizdə və növbəti sevimli tamaşalarımızdan biri bu əsərin hələ ki sonuncu quruluşu olan Şəki teatrının tamaşasıdır. Tamaşada teatrın bütün üç yaş nəslinə mənsub aktyorları iştirak edirlər. Amma yaş fərqi qətiyyən hiss olunmur - hər bir aktyor ona həvalə edilmiş personaja rejissorun və özünün baxış nöqtələrindən baxıb optimal bucaq taparaq canlandırır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!