Yarım əsrin səhnə həyatı - İlqar FƏHMİ

İlqar FƏHMİ

Cənnət Səlimova - 85

 

Uşaq vaxtı məktəbdən bizi teatr tamaşalarına çox aparırdılar. Lakin teatrla canlı tanışlığım çətinliklərlə dolu 90-cı illərin ortalarına təsadüf edir. 

Və teatrı həm zahirdən, həm də daxildən tanımağım eyni vaxta təsadüf elədi. Bu teatr Cənnət Səlimovanın rəhbərlik etdiyi Bakı Kamera Teatrı idi. Teatrın aparıcı aktyorları olan Nofəl Vəliyev, Şövqi Hüseynov, Leyli Vəliyeva, İlqar Cahangir, Gülər Nəbiyeva ilə dostluğumun tarixçəsi də məhz həmin illərdə başlamışdı.

Kamera teatrının kiçik səhnəsində tamaşaçıların zövqünü oxşayan tamaşaların hansı çətinliklərlə, sıxıntılarla hazırlandıqlarının canlı şahidi idim. Həmin illərdə ümumən ölkədə vəziyyət çox qarışıq idi. Yaşlı nəslin xatirindədi ki, keçid dövrünün ən böyük zərbəsi məhz ziyalı təbəqəyə - təhsil işçilərinə, sənət adamlarına dəymişdi. İnsanların bəzən bu gündən sabaha belə inamı, ümidi qalmırdı. Kamera teatrında çalışan gənclərin də əksəriyyəti maddi cəhətdən sıxıntılar içində yaşayan, gündəlik məişət sıxıntıları ilə mübarizə aparan sənətçilərimiz idi. Lakin bütün bunlara baxmayaraq, həyatını sənətə - səhnəyə, teatra həsr edən insanlar bütün çətinliklərə rəğmən, teatrı yaşatmağa, yeni-yeni  gözəl sənət əsərləri yaratmağa davam edirdilər. Tamaşaçılara yüksək mənəvi zövq verməyə çalışan aktyor çox gözəl bilirdi ki, tamaşadakı qəhrəmanların əzabları, iztirabları bitəcək və ardıyca onun özünün məişət problemləri, sıxıntıları, əzabları başlayacaq. Elə vaxt olurdu ki, səhnədə gözəl bir komediyada tamaşaçıların sönük ruhuna bir az pozitiv işıq səpələməyə çalışan aktyor bilirdi ki, tamaşa bitəndən sonra, onun getməyə yeri olmayacaq. Bu gün də teatrdakı balaca qrim otağında rekvizitlərin arasında yatacaq...

 

Buna rəğmən heç kim ruhdan düşmürdü, hamı çalışırdı, yaşayırdı, yaradırdı, çünki o teatrın Cənnət Səlimova kimi bir enerji mənbəyi vardı. Bəli, o vaxtlar artıq Azərbaycan teatrının tanınmış simalarından olan Xalq artisti Cənnət Səlimova sadəcə, teatr direktoru, bədii rəhbər və rejissor deyildi. O həm də bu gənc kollektivin mənəvi anası idi. Cənnət xanım olan yerdə ruhdan düşmək, bədbinləşmək, içindəki işığı tərk etmək olmazdı. Teatrın heyəti ən çətin məqamda məhz onun üstünə cumurdular, az qala, öz həyatlarındakı şəxsi problemlərin belə, həllində Cənnət xanım onlara bacardıqca dəstək olmağa çalışırdı.  

Həmin illərdə sənətə fədakarlıqla xidmət etməyin nümunəsini görürdüm Bakı Kamera teatrında. O teatrda heç kim şan-şöhrət, var-dövlət, hansısa fəxri adlar-filan düşünmürdü. Kollektiv yalnız bir yanğıyla yaşayırdı - bu kiçik teatrı ölkənin ən böyük enerji mənbələrindən birinə çevirmək; saxta pafosdan, süni təntənədən uzaq, realist, psixoloji tamaşalarla, özünəməxsus spesifik yumor hissi olan komediyalarla sanki tamaşaçıların içindəki gərginliyi aradan qaldırmağa, ruh verməyə, həyatda qalmaq, yaşamaq uğrunda mübarizəyə sövq etməyə çalışırdı. Həm Cənnət xanımın, həm də onun uzunillik yaxın dostu və həmkarı İrina Perlovanın tamaşalarında həmişə qəribə bir işıq, qəribə bir enerji olardı. Nə qədər ağır, nə qədər gərgin, dramatik tamaşalar qoysaydılar belə, heç vaxt tamaşaçını ruhdan salmazdılar, əksinə, ən ağır, gərgin durumda da, sonun işıqlı olacağına bir ümid yaradardılar. 

 

 

 
 

Bakı Kamera Teatrında baxdığım ilk tamaşa Cənnət xanımın səhnəyə qoyduğu Qriqori Qorinin "IV Kin" tamaşası idi. Bir aktyorun həyatından bəhs edən bu tamaşa elə bil mənə teatrın həm üzünü, həm də astarını göstərmiş oldu.

Daha sonra "Bəyaz gecələr", "Don Rafael Tranbonçu", "Ruh", "Məkkə yolu", "Xırs Quldurbasan", "Ezop", "Kabuslar"  və sair tamaşalara baxdım. O tamaşalardan sonra təşkil olunan müzakirələr zamanı, ölkənin məşhur sənət adamlarıyla tanış oldum, özüm də hiss eləmədən sənət mühitinin içinə daxil oldum. Elə həmin ərəfələrdə Cənnət xanımın təkidlərilə yazı fəaliyyətinə də başladım. Ondan əvvəl yalnız əruz sahəsində fəaliyyət göstərsəm də, Kamera teatrı üçün tamaşalardakı mahnılara mətnlər, kiçik səhnəciklər yazırdım, tərcümələr edirdim. Nəhayət, doxsanıncı illərin sonunda Cənnət xanım minimalist bir müzikl yazmağı təklif elədi. Müziklin ideyası bir rus yazıçısının hekayəsindən götürülsə də, pyes bütünlükdə yenidən yazıldı, çoxlu mahnı mətnləri əlavə edildi və gözəl bəstəkarımız Oqtay Kazımi işə cəlb olundu, müziklin musiqilərini yazdı və beləcə "İtlər və ya Axırıncı qatar" tamaşası yazıldı. İlk dəfə məhz həmin tamaşada öz adımı teatr tamaşasının afişasında gördüm. Gözəl hisslər idi. 

 

Ümümilikdə, mənə elə gəlir ki doxsanıncı illərin sonu, ikimininci illərin əvvəlində Azərbaycanda teatr mühiti indikinə nisbətən daha diri idi. O cür maddi sıxıntılara, ölkənin çətin durumuna rəğmən məhz teatr sahəsi çox dinamik fəaliyyətdə idi. Bakıda çoxlu teatrlar vardı - müstəqillik dönəmində yaranan kiçik teatrlar sanki böyük teatrlarla  ayaqlaşmağa çalışır, fərqli və yeni tamaşalar sürətlə bir-birini əvəz edir, maraqlı eksperimentlər həyata keçirilirdi. Əsas dövlət teatrlarımızla paralel, Bakı Kamera Teatrı, Gənclər Teatrı, Yuğ Teatrı, Pantomima Teatrı, Bələdiyyə Teatrı və başqa teatrlar  ustad sənətkarlarımızın rəhbərliyi altında aktiv fəaliyyətdə idi, Bakıda hər il müxtəlif səpkili teatr festivalları keçirilirdi. Bu qaynayan teatr mühitinin içində Cənnət Səlimovanın rəhbərlik etdiyi Bakı Kamera Teatrının öz xüsusi yeri var idi. 

 

 

 

Teatrı yaradanda Cənnət xanım artıq ölkə teatrlarında onlarla tamaşa səhnələşdirmişdi, həm Musiqili Komediya Teatrında, həm Rus Dram Teatrında, həm Opera və Balet Teatrında tamaşaları gedirdi, əhəmiyyətli dövlət tədbirlərinin əksəriyyətini məhz Cənnət Səlimova səhnələşdirirdi. Mədəniyyət və İncəsənət Universitetində də dərs deyirdi. 

Lakin hiss edirdim ki, məhz Bakı Kamera Teatrı onun üçün sənət baxımından daha əhəmiyyətli idi. O, burada sərbəst və rahat idi. Uzun illər içində yığılıb qalan və reallaşdıra bilmədiyi bədii priyomomları, maraqlı ideya və düşüncələri məhz burada reallaşdıra bilirdi. Çünki burada onun başının üstündə senzor yox idi, teatrın əsas heyəti də onun özünün ali məktəbdə yetişdirdiyi tələbələr idi. 

 

Sonradan Cənnət Səlimova Dövlət Gənc Tamaşaçılar Teatrının bədii rəhbəri təyin olundu. Kollektivi ilə birlikdə bu teatra gəldi, uzun illər burada da maraqlı tamaşalar ərsəyə gətirdi. Gənc tamaşaçılar teatrında da birgə işimiz oldu - Mirzə Cəlilin "Dəli yığıncağı" pyesinin adaptasiyasını işlədik və tamam fərqli ideya yükü olan bir tamaşa ərsəyə gəldi. 

Cənnət xanımın həyat və yaradıcılığı haqqında yazılar çox yazılıb, sənətşünaslarımız onun rejissor fəaliyyətini dərindən araşdırıb, analiz ediblər. 

 

Bu ay Xalq artisti Cənnət Səlimovanın 85 yaşı tamam olur. Amma bu gün də, o, teatrda fəaliyyətini davam etdirir, ürəyi yenə də sənət eşqi ilə döyünür. 

Mən həm öz adımdan, həm Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi adından Cənnət xanımı bu yubiley münasibətilə təbrik edirəm. Arzu edirəm ki ürəyindəki sənət eşqi, teatr sevdası heç vaxt sönməsin, yaşasın-yaratsın, səhnəmizə yenə də gözəl tamaşalar bəxş eləsin!

 

 

 
 
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!