Teatr incəsənətin ən qədim növlərindən biri olmasına baxmayaraq, həmişə aktual qalacaq. O səbəbdən ki, bu sənət növü canlıdır və canlı musiqi ifası kimi, canlı aktyorun duyğularını - səhnədə indi - bu anda yaşanan duyğularını heç bir vasitə, heç bir cihaz əvəz edə bilməz. Təbii ki, kino sənəti də böyük sənət növlərindəndir, 100 ildən bir az artıq ömrünü yaşayır. Sözsüz ki, kino öz məzmununa teatrın bir çox elementlərini ala bildi, möhtəşəm sənət növünə çevrildi, amma bütün möhtəşəmliyinə rəğmən teatr möcüzəsinin əsas xüsusiyyətini əvəzləyə bilmədi. Teatr ta qədimlərdən bu günümüzə qədər gəlib çatıb. Amma onun qədim olmasına baxmayaraq, bütün innovativ cərəyanlara reaksiya verməsi mütləqdir. Yəni, bu peşə ilə məşğul olan insanlar günümüzdə olan bütün yeniliklərə, dəyişikliklərə hazır olmalıdır. İftixar Piriyevin İ.Məmmədlinin "Qadın" monopyesi əsasında qurduğu "Siluet" tamaşası XXI əsrin teatrıdır... Faktdır ki, məhz müasir səhnə həlli və dəqiq yozum, bu görülən işin uğurunu təmin etdi. Bugünkü dünyada artıq heç nə dəqiq deyil. Bugünkü dünyada nə yaxşı, nə pis, nə gözəl, nə eybəcər, nə ağ, nə qara üzdə göründüyü kimi mövcud deyil, onlar hamısı bir şərti ifadə formasında yaşamağa davam edirlər. Minillər boyunca bu məlumdur, amma sənət ifadələrinin bir mərhələsində bu məqamlar kəskin qütblərə bölünmüş, konkret formalara qəliblənmiş, mütləq həqiqətə dönmüşdür - yaxşı-pis, müsbət-mənfi; konfliktlər məhz bu müstəvidə araşdırılır, bu bucaqlardan baxılırdı, bir çox hallada bu gün də davam edə bilir. İftixar Piriyevin "Siluet"ində isə müasir dünyamız başqa bucaqdan açılır.
Baxmayaraq ki, çox sadə bir əhvalatdır: sıradan bir qadının həyatının bir mərhələsini əhatə edir, amma buna baxmayaraq, sanki bir damcının okeanda olması, bu damcının okeanın bütün inqredientlərini, bütün maddələrini əks elətdirməsi ifadəsindədir. Bugünkü innovativ dünyada - bütün coğrafi (tək coğrafi deyil) sərhədlərin silinmiş olduğu dünyada bir insanın həqiqətən tək bir can mövcudluğu fakt deyil və hətta mübahisə olunandır. "Siluet" məkanına düşərkən bunlar aydınlaşır. Özümüzdən başqa iç dünyamız, daxilimizin paralel dünyaları, ümumiyyətlə, kainatda bizim fərd olaraq, ruh olaraq, can olaraq mövcudluğumuzun paralelləri bu tamaşada təcəssüm olunub və düşünürəm ki, əhvalatın sadə ifadə forması da məhz bu mürəkkəb bucaqdan baxıldığı üçün, son dərəcə uğurlu bir işdir. Tapıntılar, əlbəttə ki, alqışa layiqdir, təqdirəlayiqdir. Bundan əlavə, mənə maraqlı görünən həm də o idi ki, İftixar Piriyev artıq bir Ustadır, illərini, həyatını bu peşəyə, bu profilə sərf elədiyi üçün artıq bu müstəvidə o, Ustad pilləsinə yetişib və onun ustalığı məhz bu ifadədə, həm də rənglərdə özünü tapıb; bizim qəhrəmanımız orda nəinki öz mövcudluğunda tək deyil, öz daxili rənglərində də artıq vizuallaşmış daxili dünyasının, zehninin, düşüncəsinin rənglərində də fərqlidir. Maraqlısı da odur ki, rejissor tərəfindən ən kəskin rənglər seçilib bu ruh ifadəsində, bununla da ən aktual rənglərə çevrilib bu ruh ifadəsi. O, başqa rəngləri də əks elətdirə bilərdi bir rəssam olaraq, amma bir qadının dünyasını bu ifadədə, məhz bu rənglərdə görməsi mənə bu peşədə artıq yaşayan bir insan kimi son dərəcə maraqlı göründü, tamamlanmış tapıntı oldu. Aktyor ifadəsinə, aktyor ifalarına da diqqət eləmək istərdim. Bu müstəvidə düşünürəm ki, onların - üç xanımın (X.Məmmədova, P.Dadaşova, G.Əliyeva) bir-birindən ziddiyyətli, fərqli olmaları ilə bərabər, onlar həqiqətən də sanki bir insana çevrilmişdilər və bir insandan müxtəlif ruhlara parçalanıb yenidən bir insana qayıtmağı bacarırdılar. Çox maraqlı tapıntılardan biri də əhvalatda əks cinsin, kişinin mövcudluğudur. Artıq bütün zamanların ən kəskin konfliktinə çevrilən gender məsələsinə Ustadın yarızarafat, bəzən satirik yanaşması tamaşaçını sanki ayıldır. Kişi (Ə.Nurullayevin ifasında) nəhəng, güclü görünür, arzuolunandır, eyni zamanda bütün problemlərə də səbəb odur. Kişi daim kölgədə mövcuddur və onun kölgə olaraq görünən tərəfindən, biz yaranan oyunlara istər-istəməz gülməyə başlayırıq. Bu zaman həqiqi düşüncələr tamaşaçıya aşkarlanır: insanın sərf elədiyi duyğuların, vacib, zəruri, dözülməz sandıqlarının, kim bilir, bəlkə də kökündə bir gülünclük, məzmunsuzluq, mənasızlıq anlamında motivləri dayanır. Kəskin iti bucaqlı, ücbucaq məkanda mövcud olan onlar (təbii ki, biz insanlar), vaxtaşırı kölgəyə dönürlər, üzə çıxırlar və yenə də kölgəyə çəkilirlər. Vaxtaşırı çərçivədən çıxmağa müvəffəq olurlar, çoxalıb azalırlar, rənglərə bürünürlər, tənhalığa, acizliyə qapanaraq yenə çərçivədə olmağı seçirlər. Hər halda, Ustanın - Ustadın interpretasiyasında bu oxunur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!