Feyerbax kimdir?
"...Çox qısa zamanda aydın olur ki, o, yamsılamanın ustasıdır: duruşunu qəfil dəyişərək bircə hərəkətlə hansısa müəyyən bir şəxsiyyəti canlandırmaq bacarığına malikdir. Lakin aradabir cəsarətli təkəbbürə keçən diribaşlıq arxasında bilaaram depressiya vəziyyəti hiss olunur: bu, pəncərəsiz boş otaqda özünü itirmiş bir kəsdir".
Tankred Dorstun öz pyesinə yazdığı bu ilk remarkalardan biri əsərin qayəsini, aktyor Feyerbax obrazının səciyyəsini tam açıb izah edən bir mətndir. Bu və ya digər əsərin məna yükünə onun müəllifinin tərcümeyi-halı və əsərin qələmə alındığı dövr, sözsüz ki, təsir edir. Dorst alman ordusunun əsgəri olaraq 17 yaşından 22 yaşına qədər Britaniya və Amerika hərbi əsirliyində olub. 1947-ci ildə əsirlikdən qurtulanda onun doğulub böyüdüyü Almaniyanın ərazisi artıq sovet-sosialist quruluşuna aid imiş. "Mən Feyerbaxam" on beş şəkilli pyesini isə 1986-cı ildə yazıb - sovet-sosialist quruluşunun laxlamağa başladığı bir vaxtda. Bu məqamlar pyesin ruhuna və personajların xarakterinə təbii ki, təsir edib.
Aktyor Feyerbax ömrü boyu emosional, ruhi tarazlığın nə olduğunu bilməyib. O, aktyorluq sənətini fanatikcəsinə seçib-sevib. Fanatizm isə istər işgüzar, istər şəxsi və məişət həyatında ən ziyanlı vərdişlərdən biridir. Nəyisə, kimisə sevmək gözəldir və bunsuz mümkün deyil. Amma hər bir nəsnədə olduğu kimi, burada da ifrata varma, həddini aşma, başqa sözlə, fanatizm baş verdikdə fəlakət qaçılmaz olur. Feyerbaxın da əsas problemi fanatizmdir. Onun fanatizmi o həddə çatıb ki, tərəf-müqabillərilə mübarizə ona azlıq edir, özünün sənət seçimi ilə də mübarizəyə başlayır. Hamısı da ona görə ki, Feyerbax öz peşəsini, aktyorluq sənətini dinə-imana çevirib, rejissoru isə Allah sanır. Bu çox sərt bir sınaqdır. Və Feyerbax bu sınaqda məğlub olur. Halbuki tale ona qalib olmaq şansı vermişdi - yeddi il ruhi-əsəb dispanserində müalicə olunandan sonra yolunu böyük səhnədən salmışdı ki, fəaliyyətini sağlam ruhla davam etdirsin. Lakin təəssüf ki, növbəti dəfə təsdiq edilir ki, əsəb hüceyrələri bərpa edilmir...və...Feyerbax sözün həm müstəqim, həm də məcazi mənalarında uçuruma yuvarlanır...fanatikcəsinə sevdiyi səhnənin uçurumuna...
Şövqi Hüseynovun Feyerbaxı
Aktyorun aktyor rolunda çıxış etməsi, aktyor obrazını canlandırması, onun həm şəxsiyyətinin, həm də aktyorluğunun cildinə girməsi, şübhəsiz, maraqlı br təzahürdür. Şübhəsiz ki, bu həm də həmin aktyor üçün bir fürsətdir, daha doğrusu, iki fürsət: istedad və bacarığını bütünlüklə nümayiş etdirmək və teatr aləmində nüfuz sahibi olanlara müsbət və mənfi ruhlu ürək sözlərini söyləmək. Şövqi Hüseynovun "Mən Feyerbaxam" tamaşası sadəcə, bədii mətnin səhnəyə köçürülməsindən çox uzaqdır. Hətta deyərdim ki, Şövqi Hüseynov quruluş və ifa prosesində əsərin həmmüəllifiinə çevrilib. Deyə bilərsiniz ki, hər bir bacarıqlı rejissor hər bir uğurlu tamaşası ilə həmmüəllifə çevrilir. Bəli, elədir ki, var. Amma hərdən elə tamaşalar da qoyulur ki, səhnə əsərini quran (bəhs etdiyimiz halda həm də canlandıran) səhnə xadimi təkcə tərzi-hərəkətin deyil, nitqin də ikinci müəllifinə çevrilir, bu və ya digər bədii mətn ikinci yox, tamamilə yeni nəfəs qazanır. Şövqi Hüseynovun "Mən Feyerbaxam" tamaşası ilk növbədə, yaxud ən azı məhz bu cəhəti ilə diqqətəlayiqdir - onun yozumunda "Mən Feyerbaxam" pyesinin sətiraltı və sətirarası mətləbləri oxunur, o mətləblərə müvafiq quruluş verilir, fabulaya uyğun faktura qazanır və təqdim edilir. Şövqi Hüseynov qəhrəmanını sevir, onu anlayır, onun halına yanır, Feyerbax olmağın yükünü çiyinlərinə götürüb sonadək daşıyır.
Tankred Dorstun "Mən Feyerbaxam" pyesinin orijinal mətnində üç personaj iştirak edir: aktyor Feyerbax, Rejissorun Assistenti və Qadın. Dövlət Milli Gənc Tamaşaçılar Teatrının "Mən Feyerbaxam" səhnə əsərində Assistentlə hansısa tamaşa üçün axtarılan itin sahibəsi olan Qadın ixtisar ediliblər, daha doğrusu, Assistent qismən istisna edilib, çünki Feyerbax-Şövqi Hüseynovun Assistentlə mükaliməsi saxlanılıb, sadəcə, tamaşaçı Assistenti nə görür, nə də eşidir, səhnədəki Feyerbax üzünü zalın ən ucqar, məchul nöqtəsinə tutaraq Assistentlə danışır. Feyerbaxın Assistentin qarşısında canlandırdığı səhnələr, monoloqlar pyesdəkindən bir qədər fərqlidir və bu yalnız əsərin yeni səhnə versiyasının xeyrinə işləyir. Tamaşadakı hadisələr də pyesdə olduğu kimi səhnədə və böyük teatrın tamaşaçı zalında baş verir. Gənc Tamaşaçılar Teatrı bu səhnə əsərini teatrallara elə səhnədəcə təqdim edir, tamaşaçı oturacaqları səhnədə düzülür və Feyerbax-Şövqi Hüseynov özünün mono kamera tamaşasını yaşamağa başlayır. "Mən Feyerbaxam" pyesi tapmacadır. Oxucu və tamaşaçı bu tapmacanı adi məntiqlə tapa bilməz. Buna görə də epiloqa baxmaq hövsələsizliyi də istisna edilir. Mütaliə və ya tamaşa edən şəxs səbirlə əhvalatın gedişatını izləyir. Sonadək. Şövqi Hüseynovun tamaşasında o, həm mütaliə edəndir, həm tamaşaçıdır, həm quruluş verib səhnə əsəri, tamaşa qurandır, həm də qurduğunu bir aktyor olaraq təqdim edəndir. Mono-tamaşa bu aktyorun özünü ən rahat hiss edib, istedad və bacarığını ən dolğun forma və məzmunda ifadə etdiyi bir tərzdir. Və "Mən Feyerbaxam" mono-tamaşası Şövqi Hüseynovun yaradıcılığının bu cəhətini ən parlaq, ən qabarıq şəkildə göstərən teatr hadisəsi hesab edilə bilər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!