Adilə NƏZƏROVA
Ədəbiyyatımız tarixi hadisələrə həmişə diqqətlə yanaşıb. Son illərdə isə bu diqqət xüsusilə geniş vüsətlidir. Azərbaycanın Qarabağ zəfəri haqda böyük bir ədəbi axınla yazılan əsərlər ədəbiyyatın bütün janrları üzrə gündəminin əsas mövzusuna çevrilib. Təsvir edilən hadisələrin öz dövründə necə meydana gəlməsi, cəmiyyətin bu hadisələri necə qəbul etməsi həm dünənin, həm də bu günün qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Qeyd edək ki, adətən bu tip əsərlərdə ideya sənətdən irəli çıxaraq öz prioritetlərini diktə edir.
"Axirətdən gələn səs" kimi dövrü əks etdirən əsərlər günün qəhrəmanlıq salnaməsini yaradanlardandır. Bu və bu kimi əsərlər böyük sənətə ciddi töhfələr verməsə də, tarixin müxtəlif sahələri üçün informativ baxımdan qiymətlidir. Özüm yazdığım bu qəhrəmanlıq dramını özüm dəyərləndirmək niyyətində deyiləm, əlbəttə. Əsər 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edən minlərlə qəhrəman oğullarımızdan biri şəhid mayor Vüsal Vəliyevin həyat və döyüş hekayəsidir. Bütövlükdə şanlı zəfərimizin şəhid və qazilərini tərənnüm edən, tamaşaya qoyulan ilk əsərlərdən və bu mövzuda ilk teatr tamaşasıdır. Əsərin ssenarisi əsasında C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında bədii rəhbər və rejissor İftixar Piriyevin "Səs" qeyri-səlis təbəddülat janrında səhnələşdirdiyi rejissor tamaşasına diqqət çəkməyə çalışacağam.
Əvvəla, baxaq ki, XXI əsrdə dünyanın bütün türkləri üçün mühüm tarixi hadisə sayılan bu zəfərin və bütövlükdə müharibə mövzusunun səhnə interpretasiyası nə dərəcədə uğurludur? İkincisi, izləyənlər bu tamaşaya niyə bu qədər maraq göstərdilər, bu qədər bəyəndilər?
Birinci sualın cavabını bir-iki cümlə ilə vermək olar: müharibənin çox vaxt anlaşılmaz, üstüörtülü tərəfləri var. Müharibələr sanki bir az da mənəviyyatla bağlı savaşdır (bu barədə sonra). Teatr isə mənəviyyatımızın hüdudlarını genişləndirir.
İkinci sualın cavabı isə yuxarıda nisbətən var. Bu mövzuda ilk tamaşa olduğu üçün, yaxın keçmişin emosional atmosferi, qanlı və şanlı tarixin dili ilə danışdığı, tamaşaçıların əksəriyyətini müharibənin bilavasitə iştirakçıları təşkil etdiyi üçün hər kəsin maraq və diqqətini çəkdi. Bəyənilməsi isə sırf aktyorların aylarla tər tökdüyü məşqlərinin, zəhmətlərinin hesabına idi. Onlar öz rollarına elə hakim idilər ki, hadisələri real həyatda yaşayırmış kimi ağlayır, gülür, həyəcanlanır, yerinə və məqamına görə çevik, ya da sadəcə, susqun, üzüntülü hərəkətlər sərgiləyirdilər.
Əsərdəki "Səs" baş qəhrəmanlardan biri olan İncinin Vüsalın ona evlənmə təklif etdiyi anda qulağına uzaqdan gələn səs idi. O səs sanki "Axirətdən gələn səs" idi. O səs müharibənin səsi idi - atəş səsləri və Vüsalın "İnciiii" deyə çağırışı, çox-çox uzaqdan gələn, getdikcə itən səs idi, sonra isə tamaşada bu səsin anlamı genişləndi. Bu "Səs" müharibənin səsi ilə yanaşı, illərdir torpaqlarımızı zəbt, xalqımıza işğal zülmü yaşadan ermənilərin, onların havadarlarının, tamaşada qoyulduğu kimi, it kimi hürən səsləri idi; bu səs bozqurdun səsi, haqqın, ədalətin, himnimizin səsi idi; xalqımızın, birliyimizin səsi, şəhidlərimizin mübarək ruhlarının səsi idi və sonda Zəfərimizin səsi oldu.
Tamaşada xarıbülbül və köpək rəmzlərindən istifadə tamaşaya avanqard tərz vermişdi. Bu isə rejissor işinin yeni, müasir texniki və sənət inkişaflarının işığında özünəməxsus dizayn aləmləri yaratmağı ilə izah olunur. Rejissor İftixar Piriyev qısa vaxt ərzində deyilməsi və ya göstərilməsi son dərəcə çətin olan səhnə təcəssümatlarını konseptual dillə ifadə etməyə, xəyalları, düşüncələri, istəkləri şəkil və rəmzlərin dili ilə, hətta telefon əlaqələrini telepatiya və ya uzaqduyum (məlum olan beş hiss orqanının köməyi olmadan insanlar arasında məlumat ötürülməsi) ilə canlandırmağa çalışmış və buna uğurla nail olmuşdur. Eyni zamanda əldə olan imkanlarla dekor elementləri olaraq sellofan örtüklərin arxasında rampalar və pilləkənlərlə dizayn edilən səhnə, yeri gəldikcə aktyorların səhnənin kənarına çıxması, dekorasiyasız yerdə - tamaşaçılara daha yaxın, aktyor-tamaşaçı ünsiyyətini reallaşdıran məqamlar teatrın avanqardlığını əks etdirirdi.
Tamaşa boyu pərdə dəyişməsə də, əsər iki hadisə - iki məqamda yaşanır. Birinci, mayor Vüsal Vəliyevin ailəsi, sevdiyi qızla görüşü, nişan mərasimi və anidən savaşın başlaması ilə orduya çağırılması səhnəsidir.
Tamaşanın ikinci əsas tərəfi isə cəbhə bölgəsidir. Və bundan sonra Vüsal Vəliyevin ailəsinin də cəbhə bölgəsində, yəni ruhən, qəlbən hadisələrin içində olduğunu göstərir. Bu isə onların timsalında bütün Azərbaycan ailələrinin qəlbinin Qarabağda döyünməsinin, dolayısı yolla, xalq-ordu-dövlət birliyinin yumruq kimi birləşməsinin göstəricisidir. Tamaşada Vüsal Vəliyev həm özü şücaət göstərir, həm də döyüş yoldaşlarının qəhrəmanlıqlarının şahidi olur. Düşmənin hər cür üstünlüyünə qarşı duruş gətirən, ölümü gözə alıb müharibəni gələcək nəsillərə miras kimi buraxmamağa and içən igidlərlə birlikdə qürurla vuruşan qəhrəmanımız imkan tapdıqda ata-anası, qardaşı, nişanlısı ilə danışır. Bu əlaqə tamaşada mətndə yazıldığı kimi telefonla deyil, yuxarıda da qeyd etdiyimiz kimi, telepatik, ya da xəyali əlaqə ilə yaradılır. Bu, rejissorun Azərbaycan teatrında ilk dəfə rast gəlinən qeyri-səlis təbəddülat (dəyişiklik) janrından istifadə etməsilə baş tutur. Aydındır ki, bu cür dəyişdirmələr son dərəcə vacib yeniliklərdir, sözün həqiqi mənasında, təkcə gəlişigözəl deyil, tamaşanı öz mahiyyətini saxlamaqla modern və daha düşündürücü əks etdirir.
Tamaşada diqqətçəkən məqamlardan biri cəsarəti, qəhrəmanlığı dillərə dastan olan Milli Qəhrəmanımız Mübariz İbrahimovun kölgə görüntüsü ilə Azərbaycanın igid oğullarını əsir torpaqları işğaldan qurtarmağa çağırışı, inamlı olaraq Zəfərə səsləyişi idi:
Ey Vətən! Həmişə başını dik tut,
Çaylar məcrasına düşüb axacaq,
Mübariz köçdüsə, yoxluğun unut,
Hələ Mübarizlər çox doğulacaq.
Bu səs də o "SƏS"lərdən idi və səhnə olduqca təsirli idi.
Tamaşada adı çəkilməyən, üstrütbəli hərbçilərin ümimiləşdirilmiş obrazında həyatda namərdcəsinə siyasətin toruna salınan Polad Həşimov həqiqətən, tora salınaraq vurulur. Burada da rejissorun qeyri-səlis təbəddülatdan istifadəsini görürük.
Sona yaxın erməni hərbçisini bir anlıq sanki N.Paşinyanın obrazında görürük və o, bəzi çərənləmələrdən sonra "Qarabağ Ermənistanındır, nöqtə" deyən anda Ali Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır. Nida" "Səs"i eşidilir. Zalda alqışlar səslənir. "N.Paşinyan" qısılaraq səhnədən qaçır.
Yuxarıda müharibənin həm də mənəviyyatla bağlı savaş olduğunu vurğulamışdıq. Bəzən liderlərin mənəviyyatla bağlı ifadə etdiyi cümlələr ölkələrarası haqlı savaşı tətikləyir... Və teatrın mənəviyyatımızın hüdudlarını genişləndirməsi gerçəyini İftixar Piriyev o məqamları tamaşaya gətirməklə sübut etdi.
Məlumdur ki, tamaşanı uğurlu və baxımlı edən əsas amillərdən biri də həmin əsəri yaradan müəllifin bədii anlayışıdır. Vüsal Vəliyevin şəhadətilə ruhunun səmalardan (pərdə arxasından, siluet olaraq) "Səs"ini dinləyirik.
Mən bir öldüm, anacan, amma min bir dirildim,
Yolumdan gedənlərlə Qələbəni gətirdim.
Əsgərimdədir daim ruhum, canım və tənim,
Vardır, var olacaqdır, yurdum, elim, Vətənim!
Tamaşanın sonunda şəhid generalın anası ağır və təmkinli duruşu ilə səhnəyə çıxır. Cəmi üç misra söyləyir: "Şəhidlər Vətənin yaraşığıdır. / İndi Qarabağdan doğan Günəş də, / Sizin varlığınızın qarşılığıdır." Şəhid mayor Vüsal Vəliyevin son istəyini yerinə yetirən qardaşı Elyar, ardınca digər bütün iştirakçılar ananın əlini öpür.
Azərbaycanın Dövlət Himni - birlik marşı aktyorlar və tamaşaçılar tərəfindən birgə oxunur; kədər, sevinc, qürur dolu qarışıq hisslər buraxan tamaşa sona yetir.
Fikirlərimi ümumiləşdirərək deyə bilərəm ki, dinamik şəkildə bir-birini əvəzləyən hadisələrdən həm Qarabağ müharibəsinin, həm də əsərin qəhrəmanı haqqında xeyli məlumat əldə etmək olur. "Səs" 44 günlük Vətən müharibəsinə dövrün baxışına, ictimai mühitin marağına və xüsusilə də, Azərbaycan əsgərinin şücaətinə, şəhid valideynlərinin dəyanətinə işıq salır. Azərbaycan teatrına belə dəyərli bir tamaşa qazandırdığı üçün həm müəllif, həm də tamaşaçı olaraq hörmətli İftixar müəllimə təşəkkür edirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!