C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı öz keşməkeşli fəailiyyəti dövründə irili-xırdalı uğurları ilə məni həmişə maraqlandırıb və sevindirib. Öz tarixi yurdundan qaçqın düşəndən üzü bəri bildiyiniz kimi, Bakı şəhərində məskunlaşıb.
Mənim bu teatrla tanışlığım teatrın illər öncəki baş rejissoru, rəhmətlik Elmira xanım Məlikovanın hazırladığı H.Cavidin "Maral" tamaşası ilə başlayıb. Öz məkanı olmayan, "Sarabski adına klub"da məskunlaşan teatr, tamaşanı "Aktyorlar evi"ndəki səhnədə nümayiş etdirmişdi. Ustadım - rəhmətlik Vaqif İbrahimoğlu səbəb olmuşdu o tamaşanı izləməyə. Elmira xanımın gözlənilməz və maraqlı quruluşu, bədii yükü və məzmunu o qədər də zəngin olmayan ədəbi materialdan hazırlanmış tamaşası teatr ictimaiyyətini əməlli-başlı təəccübləndirmişdi - o cümlədən də bəndənizi. Sabahı günü İrəvan teatrının yaradıcı heyəti "Yuğ" Teatrının qonağı oldu və tamaşa haqqında maraqlı və məzmunlu müzakirə keçirildi. O gündən bu teatra qarşı məndə bir doğmalıq və məhrəmlik duyğusu yarandı.
Səbəbkarlara Allah qəni-qəni rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun!..
Həyat elə gətirdi ki, günlərin bir günü bəndəniz də bu teatrla yaradıcı əməkdaşlığa başlamalı oldu. İftixarın "Dan yeri söküləndə" əsərini bu əzmkar və istedadlı yaradıcı kollektivlə tamaşaya hazırlamalı oldum. Bu mənim böyük səhnədə ilk addımım idi. Mən "Yuğ" Teatrında böyümüş və formalaşmışdım, klassik və realist teatr məktəbi məni qətiyyən maraqlandırmırdı və mən sərbəst düşüncəli və öz məzmun və formamı qarşımda duran material vasitəsi ilə realizə etməli idim, materialın mütəhərrikliyi və keyfiyyəti isə çox önəmli idi. Bildiyiniz kimi, istedadlı əsərlər öz ruhunu qorumaqla bərabər, müxtəlif forma və məzmuna açıq olmalı və müxtəlif məna və məzmun daşımaq iqtidarında olmalıdır. Bu, yaradıcı insanın ən etibar edə biləcəyi və qaynaqlanacağı yeganə mənbədir. Xoşbəxtlikdən İftixarın "Dan yeri söküləndə" əsəri məhz istedadlı insanın ruhundan və sərbəst təxəyyülündən yaranmış istedadlı ədəbi material idi. Mən bunun tamaşa hazırlığı prosesində dəfələrlə şahidi oldum. Üstəlik, ləyaqətli və istedadlı aktyor heyəti ilə bunu həyata keçirmək, bütün şəraitsizliyə və çətinliyə baxmayaraq, ayrıca bir ləzzət və zövq idi. Mən o tamaşa hazırlığı dövründə neçə-neçə maraqlı, peşəkar və yaradıcılıqda sərhəd tanımayan insanlarla tanış oldum. Təəssüflər ki, onların bəziləri dünyasını dəyişiblər. Ruhları şad olsun!..
Bax beləcə, mən İrəvan teatrına mənən bağlandım və sonralar dəfələrlə yaradıcı əməkdaşlıq etdim. Düşünürəm ki, mənim bu teatrla, belə sərbəst düşüncə ilə yaradıcı əməkdaşlığımın təməlini Elmira xanım və ustadım V.İbrahimoğlu qoymasaydı - Elmira xanım o cığırı açmasaydı, V.İbrahimoğlu mənə İftixarın "Dan yeri söküləndə" əsərini hazırlamağı tövsiyə etməsəydi, mən düz 20 ildən bəri davam edən dostluğu və doğmalığı yaşamazdım. Bir daha ruhları şad olsun!..
Sevindirici haldır ki, teatrın rəhbəri İftixar Piriyev də məhz bu cür azad və sərbəst yaradıcı münasibətə, repertuarlarında modern üslubda tamaşalar hazırlanmasında maraqlı idi. Mən bunu öz təcrübəmdən söyləyə bilərəm (İftixar "Dan yeri söküləndə" 2005, Kamal Abdulla "Unutmağa kimsə yoxdur" 2009, Kamal Abdulla "Səsimdən yapış" 2014, Hidayət "İrəvanda yanan çıraq" 2024). Düşünürəm ki, məhz belə də olmalıdır, çünki köhnə düşüncə yerində saymaqdan başqa bir şey deyil, sərbəst və müasir düşüncə isə hər zaman yeni istiqamətləri aramağa və sınaqdan keçirməyə meyillidir. Bu da teatrı daxilən təzələməyin və stimullaşdırmağın ən yaxşı üsuludur.
İrəvan Teatrı mənim tanıdığım dövrdən bəri, zaman-zaman istedadlı və maraqlı əsərlərə müraciət edib. Baxmayaraq ki, yenə də teatrın tamaşa oynamaq üçün öz məkanı yoxdur. Ancaq bu əzmkar və ləyaqətli kollektiv şəraitsizlikdə işləyib və digər teatrların səhnələrində tamaşa oynayırlar. Bu şəraitsizlikdə işləmək dəfələrlə mənim də qismətimə düşüb. Buna baxmayaraq, kollektivdə yaradıcı əhval ruhiyyə, yeni layihələrin həyata keçirilməsinə maraq yüksək olub. Təbii ki, İftixar Piriyevin əməyi və zəhməti danılmazdır. Onun rəhbərliyi sayəsində maraqlı və istedadlı insanlar kollektivə cəlb olunub, yaradıcı potensialı zənginləşdirib. İftixar Piriyev istedadlı və işinin peşəkarıdır. İftixar yaradıcı insan olaraq məhsuldardır, onun dramaturgiyası mənim üçün maraqlıdır. Mövzu aktuallığı, dil ifadə vasitələrinin zənginliyi və gözlənilməz həlli ustalıq və peşəkarlıqla icra olunub. İxtisasca peşəkar aktyor olan İftixar, "səhnə" nədir, oradan hansı mesajları vermək lazımdır, aktyor necə atmosferdə olmaq istərdi, bu kimi sənət və peşəmizə lazımlı olan mətləbləri öz qanı və ruhu ilə duyan sənətkardır, onun dramaturgiyada bu meyarlarla məqsədini realizə etməsi təbii haldır...
Ən təəccüblüsü odur ki, günlərin bir günü Akademik Gənc Tamaşaçılar Teatrının səhnəsində premyerası baş tutan İmir Məmmədlinin "Qadın" əsərinin əsasında "Siluet" adı ilə hazırlanmış maraqlı və gözlənilməz tamaşanı izlədik. Tamaşanın quruluşçu rejissorluğu İftixar Piriyevə məxsus idi.
Bildiyiniz kimi, dram rejissoru ayrıca bir peşə növüdür. Biz dəfələrlə aktyorların tamaşa hazırladığının şahidi olmuşuq. Bunu özü-özlüyündə təqdirəlayiq hal hesab etmək olar. Zaman-zaman aktyorun səhnədə yox, zaldan yaradıcılıq cəhdini həyata keçirməsi, təbii ki, onun səhnə fəaliyyətində konseptual əsaslandırılmış yaradıcı aktda bulunması üçün çox faydalıdır. Peşəkarlığını cilalamaqda, şəxsiyyətini zənginləşdirməkdə, yaradıcılığının amacını və istiqamətini müəyyənləşdirməkdə müstəsna rol oynayır. Bu tamaşa isə müstəsna və istisna bir hadisə idi.
Belə ki, əsər bədii material olaraq yaradıcılıq üçün ədəbi bir bəhanə idi. Bu, ən vacib məsələ idi. Çünki tamaşanın müəllifi olan rejissor, əsərin müəllifinin konseptual dünyagörüşünün basqısından azad olmuşdur. Onun ruhunu və mövzusunu qorumaqla, öz konseptual dünyagörüşünə adaptə etmiş, öz niyyətini bəyan etmək və yeni gerçəklik yaratmaq fürsətini qazanmışdır. Düşünürəm ki, bu teatrın yaradıcılıq hüquqlarını qorumaq baxımından da çox vacib məsələdir. Bu həm də yaradıcı etika məsələsidir. Bu cür yanaşmadan yazarların incik düşməsi də, məncə, əbəsdir. Zatən, əsərin paradiqması enerji mənbəyi kimi gələcək tamaşanın mahiyyətini və keyfiyyətini müəyyənləşdirən bir məsələdir. Bu isə, elə bir zatdır ki, burada o enerji, ya var, ya da yoxdur. Şükürlər olsun ki, İmir Məmmədlinin əsərində bu mənada hər şey qaydasında idi. Başqa cür də ola bilməzdi, çünki İmir Məmmədli istedadlı qələm sahibidir. O, öz yaradıcılığını ruhunun hökmü olaraq həyata keçirənlərdəndir. Əsərin qayəsi aktual və canlı problemdən qaynaqlanmışdır. Məhz rejissor bu məqamı duyaraq, haqlı olaraq əsəri, öz məzmun və formasında gerçəkləşdirmişdir. Çağdaş teatr prosesində olduğu kimi, forma və üslubundan asılı olmayaraq istənilən əsər, mütləq məzmunsuz forma kimi qəbul olunmalı və onu tamaşaya çevirəcək yaradıcı şəxs öz məzmun və formasında realizə etməlidir. Təbii olaraq, ərsəyə gələcək məhsul məntiqli, ifadəli və təsirlilik meyarlarına cavab verməlidir. "Siluet" tamaşası da bu mənada istisna deyildi. İxtisasca peşəkar rejissor olmayan bir yaradıcı insanın bu azadlıq və müstəqillik duyğusunun haradan qaynaqlandığı, təbii ki, təəccübləndirməyə bilməzdi. Belə xoş təəccüblərə teatr arealımızda rastlaşmaq olduqca sevindirici olardı, konservativ düşüncəyə və icraçılıq meyillərinin azalması əhatəmizi ilıq bir atmosferə çevirərdi. "Mən səndən istedadlyam, mən səndən peşəkaram" kimi lazımsız təkəbbürləri azaltmış olardı. Təbii ki, bu bir arzudur, gerçəkliksə bambaşqa... Deməli, ortaya bir həqiqət çıxır, yaradıcılıq peşəkarlıqdan öncə, şəxsiyyət və ruh məsələsidir. Əgər bunlar dominantdırsa, o, özünü realizə etmək üçün bir yol, bir üsul tapacaq. Yetər ki, bu işdə öz prinsiplərin, öz meyarların olsun. İftixar da bu tamaşaya bir şeir kimi yanaşıb, onun ruhu, ovqatı, forması, məzmunu, hədəfi bütöv bir varlıq kimidir. Nə xoş ki, biz bu bütöv varlığın şahidi olduq. Poeziya, dramaturgiya və aktyor sənəti ilə peşəkarcasına məşğul olan İftixar bu tamaşanı peşəkarlıqla ərsəyə gətirməyi bacardı. Bunlar, təbii ki, ruhun və düşüncənin sinkritekliyində mümkün ola biləcək məsələlərdir. Başqa sözlə, qeyri-səlislik meyarıdır. Rəhmətlik Lütfi Zadənin "Qeyri-səlis çoxluqlar" nəzəriyyəsi bu yaradıcı aksiyanın baş tutmasının mahiyyətini təşkil etmişdir. Qeyri-səlis məntiq təkcə sənətkarın yaradıcılığını əsaslandırmır, həm də şəxsiyyət kimi inam və israrını stimullaşdıran, ən önəmli təkan verən amildir. Bu tamaşanın zərif və bir bütöv kimi ərsəyə gəlməsi, həm də Lütfi Zadə ruhunun hikmətindəndir. Müasir dünyamızda qeyri-səlis məntiqə söykənmədən həyata keçirilən istənilən yaradıcılıq aktı, keçmişdə eşələnmək kimi faydasız və səmərəsiz bir işdir...
Bir az da tamaşanın özü haqqında...
Tamaşanın tərtibatı dekor yox, moduldur. O, tamaşanın ümumi konsepsiyasına xidmət etməklə, zaman və məkan içində hadisələrə uyğun olaraq öz çoxfunksiyalılığını büruzə verərək təxəyyülümüzdəki virtual məkan yaratmaq iqtidarındadır. Çünki konkret olmayan məkan vəziyyət və situasiyaya görə lazımi ortamı və xəyali məkanı yaratmaq potensiyası daşıyır. Məhz bu tamaşada bu prinsiplərə riayət olunub. Bu mənada, musiqi tərtibatının bəzi məqamları məzmunlu struktur daşıyıcıları olduğu üçün, alternativ düşüncə və ovqatı məhdudlaşdıran amil kimi qeyd etmək olar. Ancaq tamaşada istifadə olunan "Ağlama, canım, gözüm" mahnısı (Söz, musiqi İ.Piriyev, ifaçı Ruhiyyə Eyvazova) musiqi tərtibatının konkretliyini yumşaltmaqla özü tamaşanın gedişatında qeyri-səlis hadisə yaradaraq, tamaşanın ruhsal niyyətini açıqlayan vasitəyə çevrildi.
Tamaşada inamlı və plastik ifaçılıq qabiliyyəti gənc aktrisaların (Güney Əliyeva, Xədicə Məmmədova və Pərvin Dadaşova) simasında özəl forma yaradıcılığı kimi qəbul oluna bilər və tamaşanın zərif, nisgilli partiturasına xidmət etməklə, özəl bir harmoniya və atmosfer yaranmasına səbəb olmuşdur. İfaçıların səhnə ünsiyyəti canlı freskalar kimi alqoritmik mozaika xarakteri daşımaqla, tamaşanın mövzu aktuallığını səngiməyə qoymurdu. Bunu, həm də, rejissor və aktyor tandeminin önəmli hadisəsi hesab etmək olar.
Kişi personajının ifası (Əmrulla Nurullayev) kölgə elementi kimi tamaşanın ideya və strukturu ilə bağlanır və bizim öz təxəyyülümüzdəki personajın meydana gəlməsinə şərait yaradır. Bu çox uğurlu və doğru yanaşma prinsipidir. Çünki tamaşa bizim təxəyyülümüzü aktivləşdirməli və içimizdəki intim dünyamızı aktuallaşdırmalıdır. Bu baş vermirsə o tamaşanın bizimlə heç bir bağlılığı yoxdur demək. Yalnız gördüyümüzü görürüksə, bu bizi tamaşanın irrasional və mistik ovqatına daxil olmağa qoymayan vacib əngəldir. Səhnə sənəti ilə məşğul olan hər bir kəs öncədən belə tələdən xəbərdar olmalıdır. Bu tamaşada isə elə qüsurlar olduqca az idi və o da, bütövü qavramağa və duymağa əngəl törətmir. Arzuolunandır ki, bu mövzu və estetika italyan qutusunda yox, intim və özəl bir məkanda gerçəkləşsin.
Düşünürəm ki, İftixarın bu nümunəsi teatr cameəmizi yaradıcılığa düzgün yanaşmağa çağırır. Yorulmayasınız, İrəvan Teatrı!.. Əllərinizə, ürəyinizə sağlıq, İftixar Piriyev!.. Yeni istiqamətləriniz kutlu olsun və həmişə yeniliyə doğru irəli!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!